18+
реклама
18+
Бургер менюБургер меню

Джалил Мамедкулизаде – Seçilmiş əsərləri (страница 13)

18

Övrət bir söz demədi. Durdu ayağa, bir ah çəkdi, genə bir fınxırdı və dizliyinin qırağıynan burnunu silib, gəldi kürsünün yanına, bir neçə quru lavaş götürüb, yığdı sol əlinin üstə və aparıb çömbəldi qapının ağzında və başladı çörəkləri sulamağı.

Məhəmmədhəsən əmi:

– İnşallah, indi gələrlər, – deyib durdu ayağa və başmaqlarını geyib, gəldi durdu arvadının yanında.

İzzət çörək sulamaqdan qurtaran kimi Məhəmmədhəsən kürkünü götürüb çıxdı eşiyə və bir az keçdi, gəldi və qapının ağzında çömbəlib, başladı dəstəmaz almaqlığı. Əvvəl əllərini yudu, sonra üzünü və sonra qollarını. Hər bir suyu tökəndə deyirdi: “Bismillah”. Dəstəmazı qurtarıb və məs çəkib, gəldi bir taxçadan möhür tapıb, qoydu palazın üstə və başladı namazı.

İzzət də genə gedib bucaqda oturub, çənəsini qoymuşdu dizlərinin üstə. Məhəmmədhəsən əmi azanı və iqaməni oxuyub, keçdi həmdə və qülhüvəllahı zikr eləyib, istəyirdi əyilsin rükua, birdən qapı açıldı və Əhməd zəif və naxoş kimi girdi içəri. Məhəmmədhəsən əmi əvvəl hər iki əllərini göyə qalxızıb, bərk “allahü-əkbər” – dedi. İzzət sevincək qalxdı yerindən və çağırdı:

– Əhməd!

Əhməd evə girən kimi naxoş adamlar kimi divara dayanıb alçaq səs ilə dedi:

– Vay, ana!

Məhəmmədhəsən əmi səbr eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. Ər və övrət hərəsi Əhmədin bir qolundan yapışıb, biri deyir: “Bala, niyə elə eliyirsən?”, o birisi deyir: “Bala, haran ağrıyır?”

İzzət deyir:

– Qadan alım, Əhməd, niyə oturmursan?

Məhəmmədhəsən deyir:

– Bala, bə eşşək necə oldu?

Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi, İzzət uca səs ilə onun üstə çığırıb başladı yamanı:

– Ay eşşək verənin atası tünbətün düşsün! Ay eşşək satanın atasına lənət! Ay o eşşəyi görüm ilan vursun! Mənim balam burda az qalır ki, ölsün, hələ durub eşşək əhvalatı salır ortalığa.

Məhəmmədhəsən əmi bir söz demədi. Əhməd də divara dayanıb, gah “vay” deyir, gah “ox” deyir. Axırı güclə və artıq yalvarmaqlıq ilə və o üzündən-bu üzündən öpməklik ilə İzzət Əhmədin qolundan yapışıb, gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın.

Bir qədər dincəlib Əhməd, Məhəmmədhəsən əminin və İzzətin təvəqqəsinə görə başladı şəhərə gedib gəlməkliyinin əhvalatını nağıl eləməkliyi. Başladı əvvəl yorulub yol üstə neçə yerlərdə oturmaqlığından və sonra necə gəldi şəhərə və karvansaraçı ilə dava eləməkliyindən. Sonra genə şəhərdə o yanı-bu yanı gəzib, Xudayar bəyi axtarmaqlığından və axırı genə yorula-yorula, yolun üstə bəlkə on-on beş yerdə otura-otura gəlib Danabaş kəndinə çıxmaqlığından.

Əhməd nağıl eliyə-eliyə hər bir söz arasında bir and içirdi. Bir söz deyirdi, bir deyirdi “vallah”; bir söz deyirdi, bir deyirdi: “imam Hüseyn haqqı”; bir söz deyirdi, bir deyirdi: “imam Rza haqqı”, “cənab əmirin Zülfüqarı haqqı”. Əhmədin nağlı qurtardı və üzünü tutdu anasına:

– Ana, nə bişirmisən?

– Bala, bir zad yoxdu, elə yavan çörəkdi… Əgər istiyirsən, qatıq da var, gətirim.

– Hi-hi-hi, mən qatıq yemirəm. Niyə, bir az aş bişirəydin da!

– Bala, nə bilim, elə bu qalmaqal lap başımızı qatdı. Qoydu ki, görək nə qayırırıq? Neylək, bu gün qatıq ye, sabah inşallah, əlbəttə sənə aş bişirərəm.

İzzət bir qədər çörək və qatıq gətirib, qoydu oğlunun qabağına. Oğlan başladı yeməyə. Ər və övrət durdular namaza.

Məhəmmədhəsən əmi namazı övrətindən tez qurtarıb, gəldi oturdu oğlunun yanında və başladı onun kefini və halını soruşmağı. Oğlan başını aşağı salıb, ancaq yeməyə məşğul idi. Məhəmmədhəsən əmi oğlandan cavab almayıb genə soruşurdu.

– Bala, şəhərdə nə var, nə yox?

Əhməd deyəsən istədi bir söz desin, amma çünki ordları dolu idi xörəknən, mümkün eliyə bilmədi cavab versin. İzzət namazdan qurtarıb üzünü tutdu ərinə səmt və tərhnən22 ona başladı nəsihət eləməyi ki, uşağa əziyyət verməsin.

Məhəmmədhəsən əmi nəsihəti qəbul edib, çəkildi kənara və təsbehi götürüb başladı çevirməyi. Çevirə-çevirə alçaqdan bir dua vird eləyirdi. İzzət durdu ayağa və yavaş-yavaş çadirşəbini atıb kürsünün üstə, bir neçə sulanmış çörək də gətirib qoydu ortalığa və ərini çağırdı ki, yavıq çəkilib çörək yesin. Məhəmmədhəsən əmi genə övrətinin sözünə baxıb, çəkildi dəstərxanın başına. Əhməd qatığı yeyib, qabı lap təmizləmişdi. Məhəmmədhəsən əmi qabı çəkdi qabağına və istədi çörəyini batırsın qatığa. Əhməd başladı hırıldamağa. Məhəmmədhəsən əmi özü də oğluna baxıb başladı gülməyi. Amma İzzət üzünü turşudub yapışdı məzəmmətin ucundan:

– Ay yazıq, səndə ar-namus harda idi? Mən sənin yerinə olsam, ağlaram ey, nəinki hırıldaram!

– Axı mənə niyə deyirsən, oğluna de da. Mən gülürəm, ya o gülür?

– Niyə, oğluma niyə deyirəm? Sən sabah yox, biri gün ziyarətə gedirsən, ya oğlun gedir? Oğlumun nə vecinə?! Sən gərək fikrə qalasan ki, yoldaşların çıxıb gedib kərbəlayı olacaqlar, amma sən arvad kimi oturacaqsan evdə.

– İnşallah, mən də gedərəm. Mən onlardan kəm deyiləm ki, mən qalım, onlar getsinlər.

İzzət dinmədi, başını saldı aşağı və başladı yeməyə. Əhməd yorğunluq cəhətə oturduğu yerdə yıxıldı yan üstə, atası ona diqqət tutdu ki, çörək ortalıqda olan vaxt adam yatmaz. Əhməd qulaq asmadı.

Məhəmmədhəsən əmi və övrəti çörək üstə idilər. Birdən Əhməd üzüquylu yıxılıb başladı ağlamağı.

– Bala, niyə ağlıyırsan? – Atası bu cür soruşdu.

Əhməd bir cavab verməyib ovunmadı. İzzət Əhmədin yanına sürüşüb, əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə.

– Bala, Əhməd, niyə ağlıyırsan?

Əhməd ağlaya-ağlaya bu cür cavab verdi:

– Mənim eşşəyimi… Vay, vay, vay!.. Mənim eşşəyimi! Mənim eşşəyimi! Mənim eşşəyimi!.. E.. e.. e… Mənim eşşəyimi!..

İzzət genə başını əyib, oğlunu başladı dilə tutmağa.

– Bala, ağlama, ağlama, bala… Eşşək yiyəsinin atası tünbətün düşsün! Niyə eşşəyi verirdi ki, indiyə kimi eşşək çöldə-bacada qaleydi.

– E… e… e… mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi!

İzzət lap hirslənib, üzünü tutdu Məhəmmədhəsən əmiyə səmt və çığıra-çığıra başladı:

– Dur axı get, dur get gör axı eşşək necə oldu? Eşşək gəlməsə, mənim balam yuxu yuxuluyacaq? Dur get gör axı eşşək necə oldu? Gör o Ömər oğlu Ömər eşşəyi neylədi?

– Mən indi hara gedim?

– Sən indi cəhənnəmə get, gora get! Hara gedəcəksən? Get gör bəlkə o köpək gəlib, oturub evində? Bəlkə eşşəyi gətirib? Kim bilsin gətirib ötürüb həyətlərinə. Yəni olar deyirsən elə millətdilər ki, xalqın malını gətirib genə sahibinə tuşralar?23

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.