18+
реклама
18+
Бургер менюБургер меню

Джалил Мамедкулизаде – Hekayələr (страница 5)

18

Balaqədəş bu sözləri deyib qurtardı və sonra oturanlara tərəf əyilib yavaşca onların birinə belə dedi:

– Hacı Həsən ağa, heç bir zərrə qədər fikir eləməyin. Siz öləsiniz, saxlaya bilməyəcəklər, hamısını qaytaracaqlar.

Mən burada Balaqədəşdən soruşdum ki, o nəyi deyir "saxlaya bilməyəcəklər" və kim saxlaya bilməyəcək?

Artist rəfiqim mənə belə cavab verdi:

– Molla əmi, bax bu gün ayın neçəsidir?" Bəli, on ikisi deyilmi? Yadında saxla, bax söz burada qalsın (səsini bir qədər alçaltdı). Dostlarımın işini xarab görürəm. İngilislər bərk yapışıblar Çiçerinin23 yaxasından və deyirlər: “Ya borcunu ver, ya çəkil kənara!”

Mən burada gördüm ki, təzə tanışlarım Balaqədəşin sözlərinə elə ürəkdən şadlanırlar ki, guya bunlara bir böyük müjdə xəbəri gətiriblər.

Mən bir söz demədim, səbəb bu ki, bu təzə tanış olduğum adamları indi birinci dəfədir ki, görürdüm.

Balaqədəş genə üzünü oturanlara tərəf tutdu və dedi:

– Tələfxanbəyzadə! Deyəsən, səndə təzə xəbər var! Mən görürəm ki, qəzetə çox diqqətlə baxırsan. Hər nə sözün var, de və Molla əmidən yana arxayın ol. Oxu, görək nə var, nə yox.

Tələfxanbəy oğlu ətrafa baxandan sonra yavaşca məndən soruşdu:

– Molla əmi, bugünkü xəbəri sən eşitmisən?

Dedim:

– Hansı xəbəri?

Dedi:

– Bəs ingilis hökumətinin Moskvaya verdiyi notasından xəbərin yoxdu?

Dedim:

– Xeyr, xəbərim yoxdu.

Tələfxanbəy oğlu genə ətrafına diqqət edəndən sonra cibindən bir əzik qəzet çıxartdı. Baxdım ki, bu həmin Bakıda çıxan "Raboçi"24 qəzetidir.

Balaqədəş Tələfxanbəy oğluna tərəf yavuqlaşıb yavaşca dedi:

– Qorxma, adam-zad yoxdu. Oxu görək, nə xəbər var?

Tələfxanbəy oğlu başladı qəzetin bir yerindən oxumağa. Orada belə yazılmışdı: İngilis parlamanında Lord Kerzondan25 əmələlər26 nümayəndəsi Matruş sual edir ki, aya, hal-hazırda ingilis və Şura münasibəti nə surətdədir? Və Lord Kerzon Matruşa belə cavab verib: "Bir surətdə ki, Şuralar hökuməti çar hökumətinin borcu barəsində müəyyən bir vəziyyətdə bulunmağa yavuqlaşmır, ingilis və Şura münasibətinin də aydınlaşmaq ümidvarlığı hələ çox uzaq görünür".

Əyləşənlərin bir-ikisi sevincək dedi:

– Gördün? A kişi, vallah, çox çəkməyəcək!

Balaqədəş neçə ki həmişə teatr səhnəsində camaatın qabağında mükalimədə olubdur, burada da oturanlara üzünü tutub, şairanə bir halətdə deyirdi:

– Bax, mən vaxt qoymuşam: payızın orta ayına kimidir. Ondan artıq çəkməz.

Hamı yavaşcadan bir səslə dedi:

– İnşallah, inşallah!…

Bir yarım saata qədər burada əyləşdik və axırı bu növ söhbətlərdən sonra bir-birimizə "inşallah" deyə-deyə ayrıldıq.

Bu minvalla həmin dörd əks-inqilabçılarla mən müsahib oldum. Çün bunlar bilirdilər ki, mənim əyalımın27 4 min desyatin sulu yerini hökumət alıbdır, bu səbəbdən məni özlərinə həmdərd qərar verib, heç bir sirri və heç bir təzə xəbəri məndən gizləmirdilər. Və hərdənbir, bulvarda mənə rast gələndə məni çox iltifatla saxlardılar, öz yanlarında əyləşdirərdilər və söhbətə tutardılar.

Mən bunu deyə bilmərəm ki, bu dörd nəfər müsahibin məclisi məndən ötrü o qədər də şirin idi, amma onlarda olan qəribə-qəribə xəbərlərdən də keçə bilmirdim; məsələn: Polşa hökumətinin qoşunu Şuralar torpağını keçib, bir neçə şəhərini alıbdır. İngilis gəmiləri gəlib dayanıb Arxangelski şəhərinə. Antanta hökumətləri müttəfiqən Şuraları əhatə ediblər. Moskvanın özündə çox böyük və pünhan28 daxili qarışıqlıqlar var…

Bir gün genə dostlarım bulvarda məni görüb öz yanlarına dəvət elədilər:

– Hə, Molla əmi, bəlkə, səndə bir təzə xəbərdən zaddan ola?..

Mən dedim ki, qəzetlərdə yazılandan savayı bir şey bilmirəm.

Umudbəyov istədi ki, bir söz desin, amma otərəf-butərəfə baxıb dayandı. Üç-dörd uşqol uşağı oynaşa-oynaşa keçirdilər. Umudbəyov genə ətrafa baxandan sonra məndən soruşdu:

– Bəs Molla əmi, sən bu qəzetləri ki oxuyursan, bəs o yazılardan heç bir işarə çıxartmırsan?

Dedim:

– Bilmirəm, nəyi deyirsən?

Umudbəyov genə cibindən bir əzik qəzet çıxartdı. Haman "Raboçi" qəzeti idi və başladı bir yerindən oxumağa:

– "Azərneft müdiri Serebrovski gedir Amerikaya, oradan təzə ixtira olunmuş buruğ maşınları alıb gətirsin".

Mən dedim ki, bundan mən bir işarə anlamıram. Umudbəyov bir az gülə-gülə məni belə başa saldı:

– Molla əmi, Serebrovski Amerikaya buruğdan ötrü getmir, gedir Bakı neft mədənlərini satsın Amerika milyonçusu Rokfellerə.

Qalan üç nəfər müsahib də bunu təsdiq elədilər və məndən soruşdular:

– Ağlın nə kəsir?

Dedim:

– Ağlım bir şey kəsmir.

Bəxtlərindən şikayətçi dörd nəfər müsahiblərimlə axırıncı görüşməyimiz yadımdan çıxmır.

Bir gün gəzə-gəzə mən də bulvara və artist rəfiqim Balaqədəş də bulvara çıxdıq. Biz orta xiyabanda görüşüb birbaş gəzdik və istədik, əyləşək burada. Uzaqdan gördük ki, politikaşünas həriflər haman dalda yerdə genə əyləşib söhbətdədirlər. Balaqədəş qah-qahla gülə-gülə məni genə onlara tərəf çəkməyə başladı və mən həvəslə tabe oldum və getdik. Həmişəki kimi xoş-beş… Əyləşdik.

Bugünkü təzə xəbər də bu idi ki, əvvəla, Lord Kerzon Çiçerinə genə təzə bir ultimatum verib və ikinci xəbər də bu idi ki, ingilis hərbi gəmiləri Batumun qabağında üzməkdədir və güman aparmaq olar ki, Batumu bu gün-sabah topa tutalar və əhali də qaçar osmanlı torpağına.

Bir qədər də bu növ danışıqlardan sonra mən durdum ayağa, Balaqədəş də mənə baxdı və hər ikimiz qalanlarla xudahafiz elədik və burada Hacı Həsən ağa mənim əlimi sıxanda belə dedi:

– Eh, Allah kərimdir, bəlkə də, qaytardılar.

Bu bir neçə söz ki, mən onu biçarə Hacı Həsəndən eşitdim, mənim üçün bir yadigar qaldı və bizlə onların mabeynində29 bir tarix oldu. Və dörd nəfər müsahiblərimizdən ayrılıb, bulvarın orta xiyabanına çönəndən sonra artist rəfiqim Balaqədəş – necə ki, həmişə səhnədə oxuyub oynamağa adət edibdir – öz-özünə çıtmığı tutdu və bir neçə yad adamın gözünün qabağında oxuya-oxuya və çıtmıq çala-çala düşdü oynamağa və oynaya-oynaya belə oxuyurdu:

Bəlkə də, qaytardılar, Bəlkə də, qaytardılar.

Hər ikimiz gülə-gülə bulvardan çıxdıq və Parapet bağında ayrıldıq.

Balaqədəş daldan məni çağırdı, mən buna çönüb baxanda zalım oğlu burada da bir dəfə dedi: "Bəlkə də, qaytardılar". Mən də gülə-gülə getdim mənzilimə.

Daha mənim ümidim kəsilir və mənim kimilər də çoxları daha məyus olub, hərə yavaş-yavaş özünə iş axtarmağa başlayır. Yoxsa, bir vaxt vardı ki, mən də və mənim dörd nəfər həmsöhbətlərim də hər gün və hər saat müntəzir idik və qulağımız səsdə idi ki, bax bu gün-sabah iş bir təhər olacaq ki, mənim əyalımın da 4000 desyatin sulu torpağını özümə qaytaracaqlar və mənim bu dörd nəfər bulvar müsahiblərimin də milyonlara dəyən əmlakını və neft mədənlərini özlərinə qaytaracaqlar.

Gözlədik, gözlədik … axırı bir şey olmadı.

Hər gün görüşüb, danışırdıq, qəzetləri qurtdalayardıq ki, bəlkə, bir işarə tapaq. Avropadan və Türkiyədən gələnlərdən xəbər tutardıq ki, bəlkə, bir tərəfdən gələlər və işləri qaydaya qoyalar. Yoxsa, vallah, insaf və mürüvvətdən kənardır ki, Ağa bəyin, ya Cahangir xanın on min desyatinindən özünə barı min desyatin də verməyələr, ya Musa Nağıyevin30 iki yüz otuz yeddi əla tikilisini əlindən alasan və onun varisinə barı 5-10 ev qaytarıb verməyəsən ki, zəhmətə adətkərdə olmamış o biçarə zəhmət çəkməyə məcbur olmasın və camaat içində xəcalət çəkməsin.

Və müxtəsər, həmin müsahiblərimlə tez-tez görüşüb danışardıq, dərdləşərdik, bir-birimizə ürək-dirək verərdik və həmişə ayrılanda da ümidvarlıqla ayrılardıq ki, inşallah, muradımıza çatarıq və inşallah, şayəd iş elə gətirdi ki, bəlkə, mülk və maaşımızı qaytardılar özümüzə.

"Bəlkə də, qaytardılar". – Bu idi gecə-gündüz bizim dilimizdə əzbər olan sözlər.

İndi də ki, Şura hökuməti öz yerində durub və indi daha mən və mənim sabiqdə dövlətmənd31 dörd nəfər müsahiblərim dəxi hər yandan ümidimizi kəsdik və indi də 4 min desyatin sulu torpağın qədim sahiblərinə qaytarılmağını, 117 tikilinin öz sahibinə qaytarılmağını və 14 paraxodun və neft mədənlərinin köhnə sahiblərinə qaytarılmağını Vahid32 kimi şairlər nəzmə çəkiblər, musiqi bəstəkarları da haman şeirləri notaya düzüb musiqiyə salıblar və hər ziyafət məclisində və hər bir toyda və qonaqlıqda sazəndə və nəvazəndələr33 çalırlar və xanəndələr də oxuyurlar:

Bəlkə də, qaytardılar, Bəlkə də, qaytardılar.

Cavanlar da çırtıq çırtırlar.

Qurbanəlİ bəy