18+
реклама
18+
Бургер менюБургер меню

Джалил Мамедкулизаде – Hekayələr (страница 2)

18

Bir az bir-birimizi cırmaqlayandan və kötəkləyəndən sonra bir də gördüm ki, qoca bir kişinin qucağındayam. Bir nəfər də çarşablı arvad və bir-iki də oğul-uşaq Şirəlini çəkə-çəkə apardılar evlərinə tərəf. Mən istədim, qoca kişinin əlindən dartınıb çıxam, hərifin üstünə hücum edəm, burada mən birdən ayıldım, sakit oldum, kürəyimdə naqafil bir bərk yumruğu hiss edən kimi başımı qalxızdım.

Məni vuran xalamın əri idi. Bundan onun hirsi hələ soyumadı: yumruğunu qalxızmışdı genə yendirsin, qoyub qaçdım evə tərəf.

Xalamın ərini dalımcan gələn görmədim, yəqin ki, o da bazara tərəf getdi. Sonra bildim ki, gəlib evdə məni bazardan gəlmiş görməyib, qayıdıb bazara ki, buzu özü alıb gətirsin.

Utandığımdan azarlının yanına getmədim, ancaq anam uzaqdan məni görəndə bircə bunu dedi:

– A balam, sənin görüm ciyərin yansın, necə ki, yazıq azarlı arvadın ciyərini yandırdın.

Xalam məni çox istərdi, onunçun da sonra mən bildim, anam mənə bu qarğışı eləyəndə xalam anama belə deyib:

– Ay qız, Sara, sən Həzrət Abbas, uşağa elə qarğış eləmə!

Bir neçə gündən sonra xalam vəfat etdi. Mən o günü nə ağladım və nə də dərd elədim, necə ki, cəmi mənim kimi bacıuşağı xalasının ölümünə nə ağlar və nə də dərd edər.

Bununla belə bircə şey yadımdan çıxmadı və indiyə kimi məni gahdan bir narahat etməkdədir.

Nədi o? – Onun adı “buz”dur.

Xüsusən yay fəsilləri ki, bir tərəfdən bizim isti iqlimdə ki, yayın istisinin şiddətindən nəinki xəstələr, bəlkə, salamat adamın da vaxt olur ki, ciyəri yanır.

Və yay fəsli arabalarda daşınan ağ və təmiz duru buz kərpiclərini görəndə xalam yadıma düşür və öz-özümə deyirəm: o xoşbəxt ki, indi onun ürəyi yanır, bu buzu aparıb ona verəcəklər ki, ürəyi sərinlənsin. Və çox-çox daha da xoşbəxt adamlar var ki, bu buzlar onların ləziz yeməkləri və marojnalarına sərf olunur. Amma mənim xalam odlu qızdırmanın içində ürəyi yanmaqda olduğu halda, bircə tikəsinə həsrət qaldı və iki gün sonra ölüb getdi.

Kimin qüsuru ucundan? Mənimmi, ya yox? Kimdədir taxsır? Məndədirmi ki, itlər ilə dalaşmağa məşğul olub, xalamın buzunu odlu torpağın içində əritdim? Ya, bəlkə, günahkar təbiətdir ki, daş kimi bərk bir buzu istidən suya döndərir? Ya bəlkə, günah heç birimizdə deyil?! Ondan ötrü ki, mən tək tərbiyə görməyən on yaşında bir uşağın həmin rəftarı çox təbiidir, necə ki, buzun gün qabağında əriməyi təbiidir.

Məqsəd suallara cavab vermək və belə-belə fənni məsələləri açmaq deyil. Və heç bir məqsəd yoxdur.

Ancaq hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir və eyni zamanda, xalamın “ciyərinin yanmağı” yadıma düşür.

Nə qədər ki uşaq idim, yadıma düşməzdi, elə ki yekəlib ağlım kəsdi, buz əhvalatı mənə hər bir yeri düşəndə dərd olur. Bir tərəfdən də on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qəpiklik buza həsrət qoymağım yadıma düşür.

POÇT QUTUSU

Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi. Həkim axırıncı dəfə xanın naxoş övrətini yoluxub, cavab verdi ki, dəxi naxoşun əhvalı yaxşıdır, belə ki, bir həftəyədək səfərə çıxmaq mümkün olar. Xan çox tələsirdi İrəvana getməyə, çünki xanı orada çox vacib işlər gözləyirdi. Və bir də ki qorxurdu, qar yağa və hava dəxi də soyuya və naxoş üçün yola çıxmaq qeyri-mümkün ola. Xan götürdü qələmi, irəvanlı dostu Cəfər ağaya bu məzmunda bir müxtəsər kağız yazdı:

“Əzizim! Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə. Artıq-artıq təvəqqe edirəm, buyurasan bizim otaqlara fərş8 salıb, əlbəttə-əlbəttə peçləri yandırsınlar ki, otaqların havası pişəzvəqt9 təmizlənsin və isinsin, bəlkə, naxoş üçün orada narahatçılıq üz verməsin. Bu kağızın cavabını mənə teleqraf vasitəsilə yetirəsən. Sən mənə dediyin işlərin hamısını yerbəyer eləmişəm. Xudahafiz!

Sənin xeyirxahın Vəli xan. 12 noyabr”.

Xan kağızı büküb qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb, istədi nökəri çağırsın ki, aparıb salsın poçta, amma tez xanın yadına düşdü ki, nökəri göndərib özgə işə. Bu heyndə qapı döyüldü. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi İtqapan kəndinin əhli Noruzəlidir. Bu şəxs çox vaxt xanın yanına gəlib-gedər və hər gələndə olmaz ki, undan, əriştədən, baldan, yağdan gətirməsin. Bu səfər də Noruzəli əliboş gəlməmişdi; çünki xanı görcək əl ağacını dayadı qapının bucağına və başladı qapının o biri tayını açmağa. Qapını açıb bir yüklü ulağı sürdü həyətə “çoçi-çoçi” deyə-deyə və yükün arasından üç-dörd toyuq-cücəni çığırda-çığırda yerə qoyub, yükü açıb dolu çuvalları saldı yerə və xanın üzünə baxıb, ikiqat əyilib salam verdi. Xan salamı alıb dedi:

– A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?

Noruzəli çuvalların kəndirini aça-aça cavab verdi:

– Bu, nə sözdü, ay xan? Mən ölənə kimi sənə qulam…

Bu sözü deyə-deyə Noruzəli başladı üstünün tozunu silməyə… çünki günortadan bir saat keçirdi və ola bilərdi ki, poçtun vaxtı keçsin, xanın ağlına belə gəldi ki, yazdığı məktubu versin, Noruzəli aparıb salsın poçta.

Xan üzünü tutdu qonağa:

– Noruzəli, poçtxananı tanıyırsan?

Noruzəli cavab verdi:

– Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?

– Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?

– Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katta çox incidir. Əslinə baxsan, bizim bu kattamız özgə tayfadandı; odu ki bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim…

– Hələ bu sözləri sonra deyərsən. Qulaq as, gör nə deyirəm: nəçərnik divanxanasının qabağında bir yekə dam-daş var, qapısının ağzında bir qutu vurulub divara, haman qutu poçt qutusudu. O qutunun bir xırda və uzun qapağı var. Bu saat apar bu kağızı, haman qutunun qapağını qovza10, kağızı sal qutunun içinə, qapağını yatırt və tez qayıt gəl!

Noruzəli hər iki əlini açdı xanın qabağına, qorxa-qorxa kağızı aldı, bir az baxdı xanın üzünə, sonra çəkildi divara səmt və yerə əyilib istədi, kağızı qoysun divarın dibinə. Xan ucadan dilləndi:

– Qoyma ora! Qoyma ora! Kağız çirklənər, tez apar sal qutuya, qoy gəl!

– Xan, başına dönüm, qoy bu ulağın başına torba keçirdim; heyvandı, ac qalmasın, yoldan gəlib.

– Yox, yox… Heç ziyanı yoxdu. Kağızın vaxtı keçir. Torbanı sonra keçirdərsən ulağın başına.

– Di elədə qoy ulağın qıçını bağlayım, yoxsa gedər həyətdə ağacları gəmirər.

– Yox, yox… heç eybi yoxdu, qaç tez, kağızı sal, gəl!

Noruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi:

– Xan, qadanı alım, bu xoruzlar qaldılar burda, heyvandılar, qoyaydın qıçlarını açıb, bir az dən səpəydim bulara. Elə dən də gətirmişəm.

Novruzəli əlini saldı cibindən dən çıxarsın… Xan ucadan səsləndi:

– Yox, yox!.. Qoy hələ qalsın. Qaç, çaparaq kağızı sal poçta!

Noruzəli əl ağacını götürüb başladı uşaq kimi qaçmağa. Sonra bir zad fikirləşib qayıtdı və üzünü tutdu xana:

– Xan, qadanı alım, dəsmalın içində yumurta var, gözdə-qulaqda olun, yoxsa ulağ ağnar, yumurtaları sındırar.

Xan daha ucadan səsləndi:

– Daha uzun danışma. Qaç, kağızı sal, vaxtı keçir.

Noruzəli istədi uzaqlaşsın, xan onun dalınca çığırdı:

– Noruzəli, bilməzsən, kağızı verərsən özgəsinə ha!.. Heç kəsə vermə, heç kəsə göstərmə! Tez sal qutuya, qayıt gəl!

Noruzəli dəxi də ucadan cavab verdi:

– Niyə, mən uşaq deyiləm ki, kağızı özgəsinə verəm! Məni o qədər də xam bilmə. Heç nəçərnik də bu kağızı mənim əlimdən ala bilməz.

Noruzəli bu sözləri deyəndən sonra gözdən itdi… Xan girdi otağa və üzünü arvadına tutub şirin dillə dedi:

– Di hazırlaş, mənim gözümün işığı. Kağız yazdım İrəvana ki, otaqları sazlasınlar. İndi daha gedə bilərik. Maşallah yaxşısan. Həkim özü deyir ki, havanı dəyişmək səndən ötrü lap vacibdi.

Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi:

– Xan, bu ulağ kimindi, bu şeyləri kim gətirib?

Xan cavab verdi:

– Ədə, o şeyləri yerbəyer elə! Onları bizə itqapanlı Noruzəli sovqat gətirib.

Nökər cücələri və yumurtaları apardı aşpazxanaya və ulağı sürüb qatdı tövləyə, qapısını örtdü, sonra gəlib un çuvalının birisinin ağzını açıb, içindəki undan bir çimdik götürüb gətirdi tutdu xanın qabağına və dedi:

– Xan, yaxşı ağ undu.

Xan una baxandan sonra buyurdu nökərə, küçə qapısını bağlasın və çörəyi çəkib gətirsin.

Çörəyin yeyilməyi iki saat çəkdi. Ancaq çörəkdən sonra Noruzəlinin kağızı poçta aparmağı xanın yadına düşdü. Xan nökəri çağırıb soruşdu və nökər cavab verdi ki, hələ kəndli poçtdan qayıtmayıb. Xan Noruzəlinin bu qədər yubanmağına təəccüb elədi və fikrinə gəldi ki, bəlkə, Noruzəli kağızı poçta salıb, özünü verdi bazara, çörəkdən-zaddan alıb yesin və yainki bazarlığı-zadı var, eləsin. Bir saat da keçdi, Noruzəli gəlmədi.

Xan nökəri çağırıb dedi ki, getsin poçta səmt və görsün harada qaldı Noruzəli və nə bais oldu ki, bu qədər yubandı. Yarım saat keçməmiş nökər qayıdıb cavab verdi ki, kəndlini görə bilmədi. Xan çıxdı balkona və bir papiros yandırıb başladı var-gəl eləməyə. Dəxi ona aşkar oldu ki, Noruzəlinin başına bir iş gəldi ki, bu qədər yubandı. Xan bu fikirdə idi, polis yasovolu dayandı qapıya və xanı görcək dedi:

– Xan, pristav buyurur, gələsiniz polsaya11 və kəntdinizə zamın olasınız. Yoxsa zamını olmasan, pristav göndərəcək navaxta12.