Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 29)
Sara. Bilirsənmi, Bəhram, mal bəhəməhal, heç olmasa da mənim üçün təfavüt etmir. Lakin bilirsənmi, Gülnisə mənə ərə getməyi təklif edir. Amma sənə yox, bir qeyrisinə.
Bəhram. Mənə də evlənməyi təklif edirlər, amma sənə yox, bir qeyrisinə.
Sara. Bəhram, belə də zülm olar? Mənə deyirlər ki, guya bu evdə qulluqçu kimi saxlanmışam…
Bəhram. Bəli! Sara! Mənə də nökər deyirlər, haqları da var. Zira, hər şey Gülnisənin adınadır.
Sara. Mənə təklif edirlər ki, milyoner Hüseyn Ağanın oğluna gedim, zira Bəhram yoxsuldur, deyirlər.
Bəhram. Mənə də təklif edirlər ki, Pərini alım.
Saranın üzü dəyişir.
Sara. Kimi? Pərinimi? Pərini?
Bəhram. Bəli, Pərini alım, yoxsa bu evdən çıxım. İndi bilmirəm nə eləyim.
Sara. Bəhram! Əmioğlu, özün bilirsən ki, mənim dünyada bir kimsəm yoxdur. Mən yalnız sənin vücudunla fəxr edirəm. İndi hər nə cür edərsənsə, mən də sənə tabe olmağa hazıram. Bəhram! Bilirəm indi sənin heç bir şeyin yoxdur. Unutma, mən günlərlə ac qalmağa da hazıram. Hərgah səni bu evdən qovmaqla təhdid edirlərsə, eybi yoxdur. Sən ac, mən də ac, gedək bir guşeyi-xəlvətdə əl-ələ verib işləyək, yaşayaq. Səadət pulda deyil, mənim səadətim səninlə olmaqdadır.
Bəhram. Doğru deyirsən, əmiqızı! Maldan əlin çıxarsa, canın sağ olsun. Onlar səni atdılarsa, mən varam. Sən mənim şəmimsən və mən pərvanə kimi daima dövrəndə fırlanmağa hazıram.
Sara. Ah, əmioğlu, vallah, sənin məhəbbətin və sən olmasan, mən bir dəqiqə dünyada qala bilmərəm. Mən ancaq sənin üçün yaşayıram.
Əbdül
Sara. Bəhram! Sən bilirsən ki, mən bir ürəyiaçıq, sadəlövh adamam, amma bunların bu hərəkətini görəndə bədgüman oluram ki, bəlkə atamı da Gülnisə zəhərləmişdir ki, pulları özünə götürüb, Pərini də sənə versin.
Bəhram. Mən də bir qədər şübhə edirəm, ancaq bir az səbir etmək lazımdır. Qəm çəkmə. Sara, sən dur get, rahat yat, Allah kərimdir.
Sara. Sağ ol, Bəhram, Allah səni mənə çox görməsin, məni köməksiz qoymasın.
Bəhram
Pəri daxil olur.
Pəri
Bəhram. Bəli! Fikir edirəm, necə olsun, qəzaya məğlub olmayım.
Pəri. Qəza səni sıxıntı altına aldığını hiss edirsənmi?
Bəhram. Bəli, qəzaya məğlub olmaq istəyirəm. Fəqət qəzanın sıxıntısından deyil, peşman olmuş ürəyimin və yaxud azmış olduğunu dərk edən həyatımın sıxıntısından.
Pəri. Bəhram! Saranın gözəlliyinə aldanırsansa, sənə divanə deməzlərmi? Bax, mən Saradan gözəl deyiləmmi və əlavə…
Bəhram. Pəri! Qızlarda vəfa olmaz. Ələlxüsus zəngin qızlarında. Mən bir dəfə ürəyimi bir tərəfə çevirmişdim, döndərdim. Qorxuram digər bir tərəfə çevirərəmsə, bir bivəfalığa təsadüf edib ürəyimi çevirə bilməyəm və çevirməyə səy edərəmsə, əbədilik sındıram.
Pəri. Bax, bir neçə gün bundan əvvəl sən özün dedin ki: “Bir şəm ki, haqdan yana, heç bad ilə sönməz”. Mən onu etiraf edirəm, fəqət sən o şəmin nə tərəfə yandığında və kimin üçün yandığında səhv etmişsən.
Bəhram
Pəri. Ox, Bəhram, bilirəm indi sən məni qınayacaqsan ki, gərək oğlan qıza aşiq olsun, nəinki qız oğlana. Amma bilirsənmi ki, sən nə qədər gözəl və cazibədarsan! Hərgah səni bir yabançı görərsə, bir insan adı ilə deyil, mütləqa bir mələk adı ilə çağıracaq.
Bəhram. Qondarmalarına6 müqabil təşəkkürlər edirəm, Pəri!
Pəri. O! Yox, mən qondarmıram! Hər səni görən insan birinci baxışda söyləyəcək ki, nəqqaşi-təbiət öz məharətini büruzə vermək üçün illərcə çalışıb bir gözəl vücud yetirib ki, o da Bəhramdır.
Bəhram. Mənim adımla özünü təsvir edirsən, zənn edirəm.
Pəri. Zənnində səhv edirsən! Zira, mən dediyim kimi və sən zənn etdiyin kimi olsaydım, sən mənim məhəbbətimdə iştirak etmiş olardın.
Bəhram. Cəsarət etmirəm.
Pəri. Sevəcək adam qorxmaz.
Bəhram. Qorxuram, fəqət kimsədən yox, səndən!
Pəri. Mən ki, sənə məhəbbətimi aşkar söyləyirəm. Daha nə tərəddüd!
Bəhram. Doğrudur, aşkar deyirsən. Amma qadın ürəyi bir ildırıma bənzər. İnsanlar heç vaxt ildırıma güvənməzlər, zira ziyası sabit deyil, bir saniyədə bütün cahanı işıqlandırıb, yenə tez sönər. Elə də qadınlar ürəyində məhəbbət sabit olmaz.
Pəri. Doğru deyildir. Sən bir dəfə, Saradan əl çəkdim, səni sevirəm kəlməsini mənə söyləsən, mənim həyatım illər uzunu sənə tapşırılmış olar. Təkrar edirəm: dediyinlə xəta edirsən.
Bəhram. Mən, mən, mən Saradan əl çəkib səni istəyirəm.
Pəri
Bəhram. Yox, yox! Mənim səni öpməyə şərən ixtiyarım yoxdur.
Pəri. Özün məktəb görmüş cavansan, məhəbbət səhnəsində ülviyyət dolaşarmı? Mən sənə ixtiyar verirəm.
Bəhram. Ah, özümü nə təhlükəli bir dolaba saldım. Danışdıqca sanki bir qüvvə məni ona doğru cəzb edir. Şeytanlarmı mənim ürəyimdə qüvvətlənib məni bədbəxt, köməksiz Saraya xəyanət etməyə təşviq edirlər? O! Yox! Unutmamışam! Mən Saranı sevirəm!
Pəri. Bəhram! Nə qaçırsan? Bu gündən sonra mən özümü sənin ixtiyarına verdiyim kimi, sən də özünü mənim ixtiyarıma verməlisən. Vaxta ki sən məni sevdiyini söylədin, o halda mən sənə ixtiyar verirəm, öp!
Bəhram
Pəri. Məhəbbətin qanun zəncirindən mübərra7 olduğunu bilmirsən?
Bəhram. Mən onu insaniyyətdən də uzaq bilirəm.
Pəri. Məhəbbət insaniyyət özü deməkdir, zənn edirəm.
Bəhram. Fəqət insaniyyət xəyanət demək deyil.
Pəri. Elə isə, mən sizi öpüm…
Bəhram. Qanun qarşısında bütün bəşəriyyət bərabər olmalıdır.
Pəri. Eybi yoxdur, Bəhram! Fəqət sən ki, məni sevirsən, ona qarşı sübut olaraq səndən bir dilək diləyəcəyəm.
Bəhram. Həmin müamilədə mən bulunmaq istərdim.
Pəri. İzn verərsənmi ki, Saranı bu evdən başqa bir evə köçürək?
Bəhram. Ox… Mən qorxulu bir lətifəyə başladım. Deyəsən, həyatım mənə xəyanət etmək istəyir. Yox, mənim ürəyimdə başqa dürlü hisslər oyanır və get-gedə qüvvətlənir
Pəri
Bəhram. Ox! Sənin sualını tamamilə unutmuşam. Bir növ başım ağrıyır. Gözlərim də qaralan kimi olur.
Pəri. Doktor çağırtdırımmı?
Bəhram. İstəməz! İstəməz! Tez keçər, zənn edirəm.
Pəri. Elə isə, mən gedim, sən bir az rahat ol.
Bəhram. Sanki bir neçə ildə üzünə baxmaq istəmədiyim Pəri deyil, bir qüvveyi-cazibə kəsb etmişdir. Doğrudan da nə qədər siması gözəlləşmiş, nə qədər əxlaqı həlimləşmiş! Həqiqətən sevilməyə layiq bir qız olmuşdur. Danışdıqca insanın ürəyini əzir, oxşayır. Sanki bir şey mənə ürəyimdən: – Əhd əsiri olma, insan hürr yaranıb və daimi surətdə hürr olmalıdır, – deyir
Gülnisə daxil olur.