Чингиз Гасан Гусейнов – Seçilmiş Əsərləri (страница 2)
Azadın coşmasındanmı, Kürənə möhkəm ilişdirib qəzəb tikanını ürəyindən çəkib çıxartdığındanmı, nədənsə, Ədalət birdən-birə soyudu, sakitləşdi: atına yaxınlaşıb yoldan qırağa çəkdi, Azada dönüb amiranə:
– Onda keç qabağa! – dedi.
Azad Ədalətin yanından ötüb keçəndə Kürənin diksindiyini hiss elədi.
Azad qabağa düşdü. Ədalət atını tez-tez qamçılayır, dincəlməyə macal vermirdi, Kürən də qamçı zərbələrini eşidib, addımlarını yeyinləşdirirdi. Hərdən Ədalət yaxınlaşıb qamçısını Kürənə endirirdi, yorğun at qorxusundan yerindən götürülüb qaçırdı. Azad dinmir, Ədaləti düşünürdü: “Qəlbində gör nə qədər kin var! Kürəni necə vururdu!.. Bəs necə olsun? Axı tələsməliyik!.. Eh, analitik, analitik!..”
Ay yavaş-yavaş saralmağa başlayanda atlılar qoşa çadır yerləşən dağa çatdılar. Dolu xurcunlar, yəhərlər atların belindən götürüldü. Ocaq qalandı, çaydan qaynadı, çay dəmləndi. Süfrəyə qənd, pendir, çörək gəldi.
Geoloqlar iştahla yeyirdilər.
Azad əlini çörəyə uzatmadı – bərk yorulmuşdu, iştahı qaçmışdı. Təpəyə baxdı. Kürən at təpədə hərəkətsiz durub iri gözlərini yerə dikmişdi. Qaralan göyün fonunda atın silueti aydın görünürdü. Göy, təpə və at nəhəng şəkli xatırladırdı.
Kürən at sanki dərin fikrə getmişdi. Gəlib-keçdiyi eniş-yoxuşlarımı düşünürdü?
ƏRİYƏN HEYKƏL
Hər gün səhər tezdən oyanıb sinə dolusu təmiz hava udanda fikirləşirəm ki, bu bağı götürməkdə çox ağıllı iş görmüşəm. Bağı ilk dəfə payızda görəndə, düzü, tərəddüd etdim. Xali bir yer idi. Sarı, yumşaq qum yabanı tikanlıq altında itib-batmışdı.
Meynələrin kösöyə bənzər qapqara, qupquru qolları göyə qalxmışdı, uclarında iki-üç solğun, büzüşmüş yarpaq göyərirdi; torpaqdan qida almayan yarpaqları gün yandırıb-qurudur, külək qoparırdı.
İyirmi-otuz il qabaq bu bağlarda nələr yoxmuş: ağ şanı, dərbəndi, pişraz, qara şanı…
Payıma iki, qonşumun payına isə üç əncir ağacı düşmüşdü. Daha nardan, gilasdan, hətta tutdan danışmıram, heç birisi yox idi.
Sahəmdə quyu vardı. Kor quyu idi. Qonşumla köməkləşib adam çağırdıq, elə ilk günlərdə o qədər də dərin olmayan quyunun gözünü təmizlətdik. Suyu az idi – gündə on-iyirmi vedrə.
Payız və qış aylarının şənbə və bazar günlərində bağa gələndə qonşumu əlləşən görərdim. Mən sahəmi hələ təmizləyib qurtarmamışdım, onun bağının qumu isə tikanlardan tərtəmiz təmizlənmişdi. O da, mən də özümüzə birotaqlı, sement səkili ev tikdirdik. Quyumuza yaxın iri çarhovuz düzəltdik. Çəpər də çəkdik ki, külək qumumuzu aparmasın.
Yazın əvvəllərində bağa köçdük.
Səhər hantellərimi götürüb ayaqyalın sement səkiyə çıxıram, məşq edirəm: əllər yuxarı, əllər qabağa, sağa-sola; qıçlarımı bükmədən əyilirəm, hantellər yerə toxunur. Ağ ciyərlər genişlənir, qan təzələnir, bədən cavanlaşır. Qum səhərə yaxın düşmüş şehdən nəmdir: ayaq basdıqca ləpir yeri qalır, yaş, nazik qum qabığı sökülür, sapsarı quru qum üzə çıxır – quyuya yaxınlaşıram.
İlk günlər qonşum da obaşdan oyanıb mənim hərəkətlərimi izləyir, necə məşq elədiyimə diqqətlə baxırdı. Quyudan suyu çəkəndə nəzərlərini bədənimdə hiss edirdim. Baxır və hey papiros çəkirdi. Düzü, ac qarına papiros çəkməyi xoşlamıram. Ye, sonra çək, ləzzət versin. Nə isə… Qonşum baxır, mən də qollarıma güc verib əzələlərimi oynada-oynada vedrəni quyudan çəkirdim, suyunu vedrəmə töküb, əlüzyuyanımızı soyuq su ilə doldururdum. Qolsuz köynəyimi çıxardıb qurşağacan yuyuna-yuyuna gözaltı qonşuma baxıb, onun hətta bir qədər yaxın gəldiyini görürdüm. Buna təəccüb də eləmirdim: müxtəlif bədənlərə baxıb öyrənmək qonşumun peşəsidir. Elə bağı alan günün səhəri arvadım mənə demişdi ki, qonşumuz şəhərimizdə tanınmış heykəldüzəldəndir, yəni heykəltəraşdır, nə bilim medalları, diplomları var.
Qonşum səkisində özünə balaca bir iş yeri ayırmışdı, iri stolun üstünə şokolad yağına oxşar plastilin yığmışdı, nə isə düzəldirdi. Əvvəl üç qalın plastilin sütunları ucaldı, sonra sütunları fəhlə fiqurları əvəz etdi: üç fəhlə, çiyinlərində də ağır boru. Addımlarını inamla ataraq gedirdilər. Borudan möhkəm yapışmışdılar. Çiyin, boyun və bədən əzələlərini plastilin hələ özündə gizlətmiş, fəhlələrin üzləri də hələ çəkilməmişdi.
Dəsmalla bədənimi qızaranacan silib qurudanda ləzzət alıram, soyuq quyu suyundan donmuş kürəyim, qollarım və sinəm isinir.
Şəhərdə bu yaxınlarda təzə evə köçmüşəm, iki gözlü ayrıca mənzildir, pis tikməyiblər, amma di gəl ki, çox alçaqdır: əllərimi hantellə qaldırmaq istəyirəm, az qala tavana toxunuram, qorxuram ev uçar, içəri keçəndə də başımı əyirəm ki, qapıya dəyməsin. Balkonu da var, bapbalaca, nə samovara od sala bilirsən, nə də manqal qoyursan. Sözüm manqalda yox, samovardadır. Köməkçim Ziya deyir, usta, elektrik samovarı al. Deyirəm, avam olma, ağzının ləzzətini bil! Odur ey, mən qurulananacan samovar qaynayır, ətrafı xoş ətir bürüyür. Qonşum deyir, səhər iştahı olmur. Deyirəm, hantellərimi verim, iştahın gəlsin. Gülür.
– Ay Əlislam, gecikirsən ha!..
Arvadımın səsidir.
Elektrik qatarının fitini eşidib, azca sonra özünü görürəm – şəhərə tələsir. Mən də çay içib qalxıram, qatarım on beş dəqiqədən sonra gələcək. Arvad pencəyimin cibinə qəzetə bükülü pendir-çörək qoyur. Mən qonşumun bağından keçib kəsmə yolla “Gilaslı” stansiyasına doğru addımlayıram.
Neçə gündür plastilin fəhlələri eyni vəziyyətdə görüb işə gedirdim: üzlər hələ də naməlum, əzələlər görünməz idi. Bir axşam qonşum mənə dedi ki, evi xoşuna gəlmir, öz layihəsi üzrə yaxşı bir ev tikdirmək fikrindədir. Demə, başı layihəyə qarışmışdı. Xahişi də oldu. Dedi:
– Usta, qorxuram işlədiyim heykəl əl-ayağa dolaşa, yerə düşə əzilə. İstəyirəm stolla bərabər sizə tərəf aparam, qoy hələlik səkinizdə qalsın.
Köməkləşib stolu evimizə sarı çəkdik. Plastilin fəhlələr sanki stola yapışmışdılar, möhkəm durmuşdular. Mən dal-dalı gedirdim, fəhlələrin hələ çəkilməmiş kor üzləri məndəydi. Mənə canlı görünürdülər. Qəribədir: elə bil mən yoldaşlarımla birgə borudan yapışıb onu buruğa sarı aparırdım. Plastilin fəhlələrə baxdıqca, borunun ağırlığını çiynimdə və qollarımda hiss edirdim. Bəlkə bu, quyunun dibinə salınan sonuncu borudur? Fəhlələri biz aparmırıq, onlar özləri yeriyirlər, bu boru mütləq neft yatağına çatacaq, neft gətirəcək. Mənim briqadamın boruları isə hey yerin qəlbinə sancılır, xeyli getmişik, lakin nəzərdə tutulan dərinliyə hələ çatmamışıq.
Daş qurtardıqca, yük maşınları daş gətirirdi.
Səki xeyli genişləndi, köhnə, mənim evimlə ekiz yaranmış evin yerində hündür, möhkəm, iri pəncərəli üçotaqlı ev yüksəlməyə başladı. Qonşumun gözəl zövqü vardı: ev mənə təzə bəyi xatırladırdı – ucaboy, ağ bənizli, incə, lakin sağlam bədənli. Bizim ətrafımızdakı evlərin damları nədənsə yastıdır, qonşumun evinin damı üçbucaq şəklindədir, üstü də qırmızı kirəmitli; həm damdı, həm də ikinci mərtəbə. İmkan tapıb mən də evimin yastı damını şiş bucaqlı, qırmızı kirəmitli damla əvəz edəcəyəm.
Stol və heykəl qonşumun genişlənmiş səkisində öz yerini tutdu.
Bir gün gördüm ki, qonşum çarhovuzunu söküb. Bu cür nəhəng, gözəl evin yanında köhnə çarhovuz, köməkçim Ziya demişkən, olduqca primitiv görünürdü, yəni çox balaca idi, təzə evə yaraşmırdı, bağın səliqəsini pozurdu. Səliqə deyəndə, çarhovuzda mən elə bir eyib görmürdüm, lakin belə binanın qabağında gərək yaraşıqlı, iri, dərin, dəryaçanı xatırladan çarhovuz tikiləydi. Məncə, qonşum bu cür düşünürdü. İnanmıram ki, köhnə çarhovuzu pisləyəydi, axı balaca da olsa, qonşuma az xeyri dəyməmişdi, onun suyu ilə cavan meynələr, firqəndə olanda, gilas və qaysı tingləri bolluca suvarılmışdı.
Səhərlər məşq edəndə gah tikilən çarhovuza baxırdım, gah da heykələ. Plastilin fəhlələr lal-dinməz durub ağır borunu çiyinlərində saxlayırdılar – nə borunu yerə sala bilir, nə də buruğa çatırdılar.
İki günə çarhovuz hazır oldu. Bir axşam mədəndən evə qayıdanda çarhovuzu su ilə dolu gördüm – sudaşıyan maşınlar doldurmuşdu.
Qonşum məni çarhovuzuna baxmağa çağırdı. Yamanca dərin və geniş idi, istəyirsən tullan, istəyirsən üz.
– Mübarəkdir!
– Su istəsən, qurbandır.
– Firqəndəni qurtarmışam, payın çox olsun!
– Sabahdan təzə işə başlayıram. Usta, bu bağı ki görürsən, gərək ona can-başla qulluq edəsən. Bağınkı da quyudur. Quyusuz bağ bağ deyil.
– Düz buyurursan, qonşu.
– Sən də, usta, asudə nəfəs alarsan, özün görürsən ki, sənin quyun ikimizə bəs eləmir.
Qonşum ağıllı söz dedi: quyusuz bağ bağ deyil.
Bağıma keçəndə gözüm səkidəki stola sataşdı: plastilin fəhlələr ağ əski ilə örtülmüşdü. Nədənsə üşüdüm. Ağ əski görəndə qanım qaralır. Nə isə… Qonşum heykəli toz-torpaqdan qorumaq üçün örtmüşdü, plastilin zay ola bilərdi.
Quyu da qazıldı.
Qonşumun qorxusu əriyib yox oldu: qorxurdu şor su çıxa, xoşbəxtlikdən şirin su çıxdı. Quyu motorla işləyirdi. Su çarhovuza, oradan da borularla meyvəliklərə, bolluca su istəyən ağaclara tərəf axırdı.
Səhər qonşumun bağından keçirdim ki, kəsmə yolla vaxtında elektrik qatarına çatım, böyürdən zırpı bir it üstümə atıldı. Tez qırağa çəkildim. İt, zəncir onu boğsa da, dik qalxıb qəzəblə mənə hürürdü. Qulağı kəsik qoyun iti idi.
Yoluma davam etdim.
Axşam qayıdanda it yenə mənə boğuq səslə o ki var hürdü. “Bircə itimiz çatışmırdı, – düşündüm. – Səsdən qulağımız batacaq”.
Bakı bağlarının çoxu hündür daş hasarla əhatə olunub. Belə hasarları görəndə ürəyim sıxılır. Uzaqları görməsəm, darıxıram. Düzü, üfüqlərə doyunca baxmaq üçün mən bu bağı götürdüm. Səhər tezdən durub günəşin üfüqdən boylanmasına baxanda, uzaqlarda, lap uzaqlarda bizim mədənin sıx buruqlarını, evimin dal tərəfinə keçib səhər gümüşü, axşam isə göyün rəngindən azca fərqlənən tünd mavi dənizi görəndə elə fərəhlənirəm ki!..