Чингиз Гасан Гусейнов – Seçilmiş Əsərləri (страница 10)
Şən anların yadımdadır. Amma daxilən qəm-qüssəliydin. Narahat idin. Tarixin gedişindən, həyat hadisələrindən şikayətli idin.
Nə idi sənə xoş gəlməyən? Səni qəzəbləndirən? Səni coşduran? Rahatlığını qovan? Ən yaxın dostların sənə deyərdilər: sus! Özünü xataya salarsan! İzin-tozun qalmaz! Yurdlu-yuvalı itib-batarsan!..
Deyirdilər gəzəyənsən. hər şəhərdə yarın, hər diyarda barın. Öz ocağını öz əli ilə söndürənlərdənsən. Nə bir evin, nə bir daxman, nə bir koman. Harada gecələdin, orda evin. Harda isindin, orda ocağın. Bir oğlunun adı – Hamlet, o birinin adı Otello. Bir qızının adı Esmeralda, o biri qızının adı Cülyetta… Məşhur ədiblərin məşhur qəhrəmanları… Bir-birini görməyən övladlar.
Nə idi səni şəhərdən şəhərə, obadan obaya qovan? Neçə yolun damarını qırıb niyə mənzilinə yetişə bilmirdin?
Soruşmaq istəyirdim: “Ömrün boyu sən nə isə axtarırdın, Bəbir dayı. Axtardığın nə idi? Axtardığını tapa bildinmi?.. Niyə rahatlıqdan qaçır, lövbərsiz gəmidə üzürdün? Nə bir körpüyə yan alır, nə bir körfəzə sığınırdın. Axtardığını tapdınmı, Bəbir/dayı? Qəbrin hardadır, soruşdum.
Biri dedi: filan şəhərdə. O birisi dedi: filan kənddə…
Açarsız qapılar…
MAHNI
Mən idarədə ləngidim – üzvü olduğum ev bölgüsü komisyonunun növbəti yığıncağı çağırılmışdı: bu günlərdə idarəmizdə ev paylanacaqdı. Arvadım, telefonla axşama, tələbəlik çağında olduğu kimi, mənə metronun qabağında görüş təyin etdi və işdən çıxıb, piyada, özü dediyi kimi, yayın xoş havasını uda-uda, üzüaşağı Mərkəzi Univermağa, oğlumuz üçün qış paltosu almağa yollandıq. Oğlum keçən bir ilin içərisində paltosunu tamam-kamal dağıtmış, üstəlik yaz və yay aylarında düz dörd barmaq böyümüşdü.
Sözün qısası, evə çatanda günəş çoxdan batmışdı, göydə tək-tük ulduz işıldayırdı. Kürkə bürünmüş, ağır-ağır yeriyən liftçi qadın bizi səslədi:
– Harda qalmısınız, ay bəxtəvərlər?
Arvadım:
– Nə olub ki? – soruşdu.
Fikirləşdim: bəlkə oğlumuzdan bir xəbər var: oğlumun məktəb dostu onu iki günüyə öz general babasının bağına dəvət etmişdi.
– Gözəl-göyçək oğlanlar gözlərini yolunuza dikib sizi xeyli gözlədilər, gəlib çıxmadınız.
Təklikdən təngə gəlmiş liftçi qadın mənə baxmadan, arvadıma xoş xəbər verirmiş kimi, sevinə-sevinə:
– Biri-birindən gözəl, biri-birindən qəşəng. Biri ucaboy, o birisi sən boyda. Biri meşin yarımpaltoda, o birisi çiyni poqonlu kiteldə. – Qarı bic-bic gülümsünüb, sınayıcı baxışını gözümün düz içinə zillədi, üzümdə istənilən dəyişiklik görməyib: – İkisi də səni soruşdu, gözəlim! – dedi.
Mən nə hayda, qapıçı nə hayda!.. Mən üzümə sərin su çiləyib rahatlanmaq, təzə dəmlənmiş tünd çay içmək arzusunda idim, söhbətə həsrətli qapıçının fikri isə qəlbimdə neçə ildən bəri dərin yuxuya getmiş qısqanclığı oyatmaqdı.
Sözün müxtəsəri, bizi gözləyib gedənlər yaxın tanışlarımız idi: meşin yarımpaltolu hər il yayda dincəldiyimiz bağ yiyəsinin oğlu, hərbi geyimli isə arvadımın məktəb yoldaşı. Təsadüfə bax ki, ikisinin də adı İvan idi. Bağ tanışımızı Vanya, köhnə yoldaşımızı isə İvan çağırırdıq. Elə hazırlaşmışdıq çayımızı içək, qapının zəngi çalındı. Gələn Vanya idi. Qızılı ipək saçları işıldayırdı, elə bil başında lampa yandırmışdılar. Mən yemək otağımızın açıq qapısından süfrəni göstərdim.
– Xoşbəxtsən, Vanya, – dedim, – qayınanan səni sevəcək.
– Arvadı sevsə kifayətdir, – deyə arvadım qayınanasız ərinə, yəni mənə mənalı-mənalı baxdı. Sözlərini mən, təbii ki, öz xeyrimə yozdum.
Onilliyi təzəcə qurtarıb zavodda işləyən cavan dostumuz xeyli həyəcanlı görünürdü. O, təbiətən zarafatcıl və səmimi oğlan idi. Qapımızdan girəndə həmişə sözü-sözə calayırdı. İndi isə dillənmirdi. Meşin gödəkcəsini asıb oturandan sonra, çox müşkül bir məsələ barədə xahiş edirmiş kimi, yalvarışlı səslə soruşdu:
– Sabah axşam bizə qonaq gələrsinizmi?
– Niyə gəlmirik? – deyib mən Vanyanın təzə kostyumuna, ağ ipək köynəyinə və nadir hallarda boynuna taxdığı qalstukuna baxdım. – Yoxsa qayınana söhbəti lap yerinə düşüb?
Vanya öz aləmində idi. Mənim sözlərimi, deyəsən, heç eşitmədi, daxildə hansı güclü bir fikrin isə odunda yanıb alovlanan gözlərini gah mənim, gah da arvadımın üzündə gəzdirib, eyni sualı başqa cür təkrar etdi:
– Sabah axşam məni əsgərliyə ötürməyə gələrsinizmi?
– Necə? – arvadım ona baxdı. – Səni əsgərliyə? Ola bilməz!
– Niyə olmur? Maşallah, dağ boydadır, cərgədə birinci duracaq!
Vanya susurdu.
Arvadım narahat idi.
– Bəs zavod?.. Anan nə deyir?.. Axı, sənin əsgərlik vaxtın nə tez yetişdi?.. Bəs deyirdin instituta girəcəyəm?
Vanya onun suallarını eşitmirdi.
Bir azdan sonra ayağa qalxdı.
– Deməli, gələcəksiniz.
– Mütləq, mütləq, Vanya.
– Onda icazənizlə… hələ bir-iki yerə də dəyməliyəm.
Arvadım hey ona baxır, hələ də inana bilmirdi ki, ata-ananın təkcə, istəkli oğlu əsgər gedəcək. Bəlkə əsgərlik məsələsinə ana gözü ilə baxırdı, ona görə inanmaq istəmirdi? Üç il nədir ki, bir də görəcəksən gəlib keçdi… Vanyanın gözləri yol çəkirdi. Deyəsən, mən səhv etməmişdim: o, nədənsə narahatdı, həyəcanlı idi.
Əlimi onun biləyinə atdım.
– Vanya, düzünü de, niyə birtəhərsən?
O, üzümə baxdı, gülümsündü.
– Nə təhərəm ki?
– Fikirlisən.
Bu dəfə yerə baxdı.
– Ola bilər, – dedi.
– Bəlkə əsgərliyə getmək istəmirsən?
– Əksinə, istəyirəm. Necə deyərlər, Vətənə borcumu verməliyəm.
– Elə isə de görək niyə fikirlisən? Sirr deyil ki?
– Mənim sizdən sirrim ola bilməz. Elə bir şey yoxdur, yeznəm bir az qanımı qaraldıb. Bayaq atamla savaşdı.
– Yeznə?
– Hə də… Mənim üstümdə savaşdılar, – Vanya əlini qapıya atdı. – Atamı da, məni də, üstəlik anamı də təhqir elədi…
Demə o, elə işarəyə bənd imiş; əlini qapıdan çəkib, birdən-birə həyəcanla danışmağa başladı:
– On ildən çoxdur siz gəlib Moskvada bu mənzildə olursunuz, on ildə mən azı on min dəfə bu mənzilə, sizin yanınıza gəlmişəm. Camal qardaş, Maya bacı! Siz məni səkkiz yaşımdan tanıyırsınız, mənim atam-anama da öz ata-analarınız kimi bələdsiniz, deyin görüm, bizdə, lap cüzi də olsa, ikiüzlülük görmüsünüzmü?
– İkiüzlülük?! – Arvadım yenə təəccüblənməli oldu. – Səndə ikiüzlülük?!
– Atamda, anamda, bir də məndə. Görmüsünüzmü?
– Allah eləməsin, Vanya! İkiüzlülük dəhşətli şeydir. Səni də, sənin ata-ananı da biz, hər şeydən əvvəl, elə ona görə sevmişik ki, siz çox səmimi adamlarsınız. Əsl rus təbiətli, açıq ürəkli…
Vanyanın alnına tər gəlmişdi. Saçları ilə bərabər indi sifəti də işıldayırdı.
– Amma, yeznəmin fikrincə, bizim ailədə səmimiyyət deyilən şey yoxdur.
– Çox qəribədir, – deyə Maya onun meşin gödəkcəsinin düyməsini açdı. – Otur, danış, Vanya!
– Yox, getməliyəm, Maya bacı. Sabah özünüz gəlib hər şeyi görərsiniz.
– Nəyi görərik?
– Səmimiliyi və qeyri-səmimiliyi.
– Dumanlı danışırsan, Vanya. Ola bilməzmi ki, deyəsən, görək yeznə sizə niyə o cür ağır ittiham verib?
– Çətindir. Yox, danışa bilmərəm. Gərək özünüz gəlib hər şeyi öz gözünüzlə görəsiniz.
O, xudahafizləşib getmək istəyirdi ki, qapının zəngi çalındı. Gələn İvan idi.
İvan qapı ağzında Vanyanı görüb gülümsündü: