Чингиз Айтматов – Seçilmiş əsərləri (страница 8)
– Belə de… – Yedigey özündən asılı olmayaraq təəccübləndi.
Boranlı Yedigey üçün radio ilə idarə etmək sisteminin özü anlaşılmaz bir şey idi. Onun başa düşdüyünə görə radio uzaq məsafədən efirdə eşidilən söz və səslərdən ibarət idi.
Axı cansız bir şeyi radio ilə necə idarə etmək olar? Əgər gəminin içində adam varsa, bu, başqa məsələ: ona necə göstəriş verərlərsə, elə də eləyər bunu belə-elə, filanı da elə. Yedigey onu düşündürən bu şeyləri soruşmaq istəsə də, amma üz vurmadı, fikirləşdi ki, dəyməz. Nəsə ürəyi heç cür barışa bilmirdi. Ona görə də susdu. Çünki Sabitcan bildiklərini güzəştli bir əda ilə danışırdı. Yəni ki, öz başınız heç nədən çıxmaya-çıxmaya məni avara hesab eləyirsiniz, hələ, üstəlik, o əyyaş yeznəm də hücum çəkib məni boğmaq istəyirdi, amma görürsüz belə şeyləri mən hamınızdan yaxşı bilirəm. “Gözümüz aydın, Yedigey fikirləşdi. Səni havayı yerə oxutmamışıq ki! Gərək, bizim kimi kəmsavadlardan artıq bir şey biləsən, ya yox?!” Boranlı Yedigey bunu da fikirləşdi ki: beləsini rəhbər vəzifəyə irəli çəksələr, hamını qırıb çatar, tabeçiliyində olanların hamısını məcbur edər ki, əllaməlik eləsinlər, eləməsələr, salar gözümçıxdıya. Özü hələ əl buyruqçusudur, amma çalışır ki, heç olmazsa, bu Sarı-Özəkdəsə hamı ağzını açıb ona tamaşa eləsin…
Sabitcan, elə bil, doğrudan da, boranlıları mat qoyub çaşbaş salmaq fikrində idi, təki bacısı və yeznəsilə aralarında baş vermiş rüsvayçılıqdan sonra boranlıların nəzərində qiymətini qaldıra bilsin. Buna görə dünyada baş vermiş ağlagəlməz möcüzələrdən və elmi nailiyyətlərdən danışmağa başladı, hər dəfə də araqdan vurub, şubatla məzələndikcə qızışır, elə şeylər danışırdı ki, yazıq boranlılar, doğrudan da, çaş-baş qalırdılar, bilmirdilər ki, nəyə inansınlar, nəyə yox…
– Siz bir özünüz ağlınıza vurun, – o, gözlüyünü parıldadaraq hamını kamına çəkirmiş kimi, odlu baxışlarla süzürdü, – əslinə qalsa, biz bəşər tarixinin ən xoşbəxt adamlarıyıq. Bax, Yedigey, bizim aramızda ən ağsaqqalı sənsən. Sən, Yedigey, yaxşı bilirsən ki, əvvəllər necə idi, indi necədir! Bunu nəyə görə deyirəm? Keçmişdə insanlar allahlara inanırdılar. Qədim Yunanıstanda, guya, bu allahlar Olimp dağında yaşayırmışlar, onların nəyi Allah idi?! Sarsağın biriydilər. Əllərindən nə gəlirdi? Bir-biriylə düşmənçilik eləməkdə ad çıxartmışdılar, amma adamların həyatını dəyişə bilmirdilər, heç bu barədə fikirləşmirdilər də… Əslində, bu Allahlar heç yerli-dibli olmayıb, hamısı uydurma miflər, nağıllardır. Bizim Allahımız bambaşqa onlar bizimlə yanaşı yaşayırlar, bax, burada, bizim Sarı-Özək torpağımızda, elə bununla da bütün dünya qabağında fəxr eləyirik! Onları bizlərdən heç birimiz nə görürük, nə də tanıyırıq, bu heç lazım da deyil, qanun da buna yol verməz ki, hər yetən şırkınbay-mırkınbaylar onlara əl verib salam desinlər, bəs kefin-əhvalın necədir? Elə əsl Allah da onlardır! Bax elə sən özün, Yedigey, təəccüblənirsən ki, onlar kosmik gəmini radio ilə necə idarə eləyirlər. Halbuki bu heç nədir, keçmiş əhvalatdır! O maşınlar, aparatlar proqram üzrə idarə olunur. Gün gələcək ki, adamlar da radio ilə idarə olunacaq, bu indiki avtomatlar kimi. Başa düşürsünüzmü adamlar, uşaqlardan tutmuş böyüyə kimi, hamı. Artıq bunun üçün elmi əsaslar var. Elm ali mənafe naminə buna da nail olmuşdur.
– Dayan bir görüm, elə tutub ki, ali mənafe naminə, ali mənafe naminə! – Caydaq Ədilbəy onun sözünü kəsdi.
– Sən məni bir əməlli başa sal, nəsə yaxşı başa düşmürəm.
Belə çıxır ki, bizlərdən hər birimiz yanımızda tranzistorsayaq kiçik bir radioqəbuledici gəzdirməliyik, verilən əmrləri eşitmək üçün? Bu, indi hər yerdə var ki?
– Ay məzən olsun! Məgər söhbət bundan gedir? O, boş şeydir, uşaq oyuncağıdır! Heç kim heç nə gəzdirməyəcək. İstəsən, lap lüt-üryan gəz, dolan. Amma gözə görünməyən radio dalğaları biotik adlanan şey daim sənə və sənin şüuruna təsir edəcək.
– Belə de!
– Bəs sən nə bilmişdin! İnsan ancaq mərkəzdən verilən proqram əsasında iş görəcək. Ona elə gələcək ki, guya, sərbəstcə, azad gəzib-dolanır, özü bildiyi kimi, əslində isə, lap nəfəsi də yuxarıdan verilən göstərişə əsasən alır. Hamısı da ciddi qayda üzrə. İstəyir ki, oxuyasan siqnal verəcək, oxuyacaqsan. Oynamağın lazımdır siqnal oynayacaqsan. İşləməyin lazımdır işləyəcəksən, özü də necə işləyəcəksən! Oğurluq, əyrilik, xuliqanlıq, cinayət hamısı unudulub gedəcək, belə şeylər haqqında ancaq köhnə kitabları oxumaq lazım gələcək. Ona görə ki, insan davranışında hər şey nəzərə alınacaq bütün əməlləri, fikirləri, bütün arzuları. Məsələn, deyək ki, bu saat dünya demoqrafik fəlakət qarşısındadır, yəni o qədər doğub-törəyiblər ki, yedizdirmək olmur, ərzaq çatmır. Neyləmək lazımdır? Doğum azaldılmalıdır. Arvadına o vaxt yaxın duracaqsan ki, nə vaxt siqnal verəcəklər, cəmiyyətin mənafeyi naminə…
– Ali mənafeyi? – deyə Caydaq Ədilbəy rişxəndlə düzəliş verdi.
– Tamamilə doğrudur, dövlət mənafeyi hər şeydən üstündür.
– Birdən mən mənafesiz-zadsız istədim ki, arvadla, necə deyim, bir balaca o söz, onda necə?
– Əzizim, Ədilbəy, heç nə çıxmayacaq. Belə şey heç ağlına gəlməyəcək. İstəyir, lap dünya gözəli göstərsinlər heç gözünün ucuyla da baxmayacaqsan. Ona görə ki, sənə bunun əks biotoklarını qoşacaqlar. Belə-belə şeylərin də haqq-hesabını çəkəcəklər. Arxayın ol! Ya da elə hərbi işi götürək. Orada da hər şey komanda ilə olacaq. Oda atıl – atılacaqsan, paraşütlə atlan – göz qırpmayacaqsan, atom minasıyla tankın altına gir, partlat – gözüm üstə, bir göz qırpımında. Soruşsaz ki, niyə belə? Ona görə ki, qorxmazlıq biotokları verilib – vəssalam, deməli, adamda heç bir qorxu-filan olmayacaq… Bax, belə!..
– Ay gopçusan ha! Ay boşboğaz, gör neçə il oxumusan, başına ağıl qoyan olmayıb! – deyə Ədilbəy səmimiyyətlə öz təəccübünü bildirdi.
Oturanlar açıqca qımışıb gülürdülər, yerlərində qurcuxur, başlarını bulayırdılar, yəni yamanca yaxır, amma qulaq asırdılar – gopçuluğuna gopçudur, amma maraqlı, eşidilməmiş şeylər danışır, qoy danışsın, hamı bilirdi ki, araq onu götürüb, əməllicə dəmlənib, şubatla qurtum-qurtum gillətdiyi araq öz işini görüb, qoy nə çərənləyir, çərənləsin, qulağı ağzının dediyinə cavabdeh deyil, haradasa nəsə eşidib, nəyin yalan, nəyin doğru olduğunu haradan biləsən?.. Yedigeyi birdən əməlli-başlı qorxu basdı: “Bizim bu boşboğaz heç də boş yerə çərənləyib qırıldamır, – o, narahatlıqla düşündü, – o, bunu haradasa oxuyub, ya da qulaqucu eşidib, axı bir bəd xəbər eşidən kimi göydə tutur. Bəlkə, dünyada böyük elm sahibi olan adamlar var ki, bizim üstümüzdə allahlıq eləmək iddiasındadırlar…”
Sabitcan ona qulaq asıldığını görüb, elə hey doğrayıb tökürdü. Eynəyinin tərləmiş şüşələri altında qaranlığa düşmüş pişiyin bəbəkləri kimi onun da bəbəkləri genişlənib qaralmışdı, arağı da qurtumlayıb, şubatla məzələnirdi. İndi də əllərini ölçə-ölçə okeanda Bermud üçbucağı deyilən bir şey barəsində goplamağa başladı, guya, o yerdə gəmilər harasa qeyb olur, bu yerdən uçan təyyarələr əlli-ayaqlı yoxa çıxır.
– Bax, bizim vilayətdə birisi xaricə getmək üçün özünü lap həlak eləyirdi. Guya ki, orada yel əsib, qoz tökülüb! Axır ki istədiyinə çatdı, başqalarını sıxışdırıb, uçdu okeanın o tayındakı Uruqvaydı, Paraqvaydı-nədi, ora. Elə o gedən getdi. Bermud üçbucağının üstündən keçəndə təyyarə əlli-ayaqlı yoxa çıxıb! Buna görə də, dostlar, axı nəyə görə kimdənsə xahiş eləyib icazə almalıyıq, kimisə sıxışdırıb kənara atmalıyıq, biz elə Bermud üçbucağı olmasa da keçinərik, öz doğma torpağımızdaca cansağlığı ilə yaşasaq, bəsimizdir. Gəlin öz sağlığımıza içək!
“Yenə də başlandı, – deyə Yedigey özlüyündə söyləndi. – Bu saat öz məşhur kəlamını deyəcək. Başa bəladır. Dilinə dəyən kimi kələfin ucunu itirir!” Necə demişdi, elə də oldu.
– Öz sağlığımıza içək! – deyə Sabitcan təkrar edib, süzülən bulanıq gözlərlə oturanlara baxır, imkanı çatdıqca üzünə ciddi, mənalı görkəm verməyə çalışırdı. Bizim sağlığımız ölkənin ən qiymətli sərvətidir. Deməli, bizim sağlığımız dövlət əhəmiyyətli bir sərvətdir. Bəli, bəli! Biz elə də, sən deyən, sadə adamlar deyilik, dövlət adamlarıyıq! Bir də onu demək istəyirəm ki…
Boranlı Yedigey onun tostunun ardını gözləməyib yerindən dik durub evdən çıxdı. Qaranlıq artırmada nəyə isə ilişib taqqıltı-şappıltı saldı, görünür, ayağı boş vedrəyə, ya da başqa nəyəsə toxunmuşdu. Tələm-tələsik açıq havada qalıb soyumuş kirz çəkmələrini geydi, dilxor və əsəbi halda evlərinə yollandı. “Yazıq Qazanqap! – deyə bığlarını gəmirərək sakitcə öz içində inlədi. Belə də şey olar, nə ölü qanır, nə diri, nə dərd, nə azar!.. Oturub vurur özüyçün, elə bil, qonaqlığa gəlib, heç vecinə deyil! Heç dəxli var deynən, söz tapıb dövlət sağlığı, hər dəfə də içəndə bu oyunu açır başımıza. Allahın köməyilə sabah işi halal-hümmətlə başa vuraq, üçünü verən kimi rədd olub getsin başımızdan, bir də üzünü heç görməyək, kimin nəyinə dərmandır?!”
Amma Caydaq Ədilbəyin evində, sən demə, əməlli-başlıca oturubmuşlar. Gecəni yarı eləmişdilər. Yedigey Sarı-Özək gecəsinin ayazımış havasından sinədolusu ciyərlərinə çəkdi. Sabah havanın da həmişəki kimi aydın, yağmursuz və kifayət qədər isti olacağı gözlənilirdi. Həmişə belədir. Gündüzü isti, gecəsi soyuq, adama titrətmə gəlir. Buna görə də bütün çöllük quraqlıq içindədir bitkilər heç cürə uyğunlaşa bilmir. Gündüz istidə günəşə boylanır, qəddini düzəldir, su istəyir, gecələr də ayaz vurur. Bu səbəbdən də ancaq dözümlüsü baş saxlayır, cürbəcür tikan kolları, çoxlu yovşan, bir də ki yarğan ağzında adda-budda əmələ gələn qarışıq növlü otlar olur ki, bunları da qışa ehtiyat düzəltmək üçün biçirlər. Boranlı Yedigeyin köhnə dostu geoloq Yelizarov bəzən buranı keçmiş nağıl kimi təsvir edib deyirdi ki, buralar nə vaxtsa zəngin ot-ələfi olan otlaq yerləri olubmuş, iqlimi də tamam bambaşqaymış, yağışlar da indikindən azı üç dəfə çox yağarmış, söz yox ki, güzəran da bambaşqa imiş. Sarı-Özəkdə naxırlar, ilxılar, sürülər gəzib… Yəqin, bunlar lap keçmişlərdə olub, bəlkə də, qəddar yadelli tayfa olan juanjuanların buraları tutduqları vaxtlardan da qabaq olub, indi onların heç izi-tozu da qalmayıb tarixdə, təkcə qulaqlarda sədaları qalıb. Yoxsa bu qədər adam Sarı-Özəyə necə yerləşib dolana bilərdi? Yelizarov havayı yerə demirdi ki, Sarı-Özək çöllülərin tarixində unudulmuş bir kitabdır… O, belə hesab eləyirdi ki, heç Ana-Beyit qəbiristanlığı haqqındakı söhbətlər də təsadüfi deyil. Bəzi üzdəniraq alimlər ancaq kağızda yazılanlara tarix deyirlər. Bəs o vaxt hələ kitab-filan yazılmayıbsa, onda necə olsun?