Чингиз Айтматов – Seçilmiş əsərləri (страница 11)
Kənar planetdə yaşayanlar əlaqəni dərinləşdirmək, yaxınlaşmaq mənasında çox fəal tərəf-müqabil çıxdılar.
Onların cəhdilə əlaqələrimiz tezliklə yeni-yeni məzmunla daha da zənginləşdi. Bir azdan bizə məlum oldu ki, onlar hərəkəti işıq sürətinə bərabər olan uçan aparatlara malikdirlər. Bunları və bundan başqa şeyləri də biz əvvəlcə riyazi və kimyəvi düsturlar vasitəsilə fikir mübadiləsi aparmaq imkanından istifadə etmək yolu ilə öyrəndik, sonra onlar bizə bildirdilər ki, danışmağı da bacarırlar. Məlum oldu ki, Yer sakinləri Yerin cazibə qüvvəsini yenib kosmosa çıxaraq orada stabil yaşamağa başlayandan sonra onlar neçə ildir ki, Qalaktikanın dərinliyini dinləməyə imkan verən güclü audastronomik aparatların köməyilə bizim dillərimizi də öyrənmişlər. Yerlə kosmos arasında gedən müntəzəm radio danışıqlarını tutaraq bizim sözlərin, cümlələrin mənasını müqayisə və təhlil yolu ilə özləri üçün müəyyənləşdirməyə nail olublar. Onlar fikirlərini bizə ingilis və rus dillərində izah etməyə cəhd göstərəndə biz buna özümüz əmin olduq. Bu, bizim üçün daha bir ağlasığmaz, heyrətamiz kəşf idi…
İndi isə əsas məsələ haqqında. Biz cəsarət edib Yerdənkənar sivilizasiyası olan bu planetə getmək qərarına gəldik. Meşəlidöş – onların planetinin adını özümüz üçün, təxminən, belə müəyyən eləmişik. Meşəlidöşlülər özləri bizi dəvət elədilər, bu, onların ideyasıdır. Biz də ağılla götür-qoy eləyəndən sonra razılığa gəldik. Onlar bizi başa saldılar ki, sürəti işıq sürətinə bərabər olan uçuş aparatları bizim orbital stansiyamıza iyirmi altı-iyirmi yeddi saata çatacaq, meşəlidöşlülər boyun oldular ki, eynilə həmin vaxtda da istəyən kimi bizi geri qaytarsınlar. Kosmik gəmimizlə birləşmək haqqındakı suallarımıza da cavab verdilər, bu, problem deyil, çünki meşəlidöşlülərin aparatlarında elə bir keyfiyyət var ki, şəklindən və konstruksiyasından asılı olmayaraq, istənilən predmetlə hermetik birləşə bilir. Görünür, bu birləşmədə nəsə elektromaqnit xüsusiyyəti var. Biz qərara gəldik ki, onların uçan aparatlarının bizim açıq kosmosa çıxdığımız ağızlıqla birləşməsi yaxşı olar, elə bu yolla orbital stansiyadan olanların yanına keçə bilərdik. Biz elə həmin yolla da geri qayıtmaq niyyətindəyik, əlbəttə, Meşəlidöşə olan səyahətimiz uğurla başa çatarsa…
Beləliklə, biz “Paritet”də öz məktubumuzu deyəkmi, izahatımızı, açıq məktubumuzu, müraciətnaməmizi deyəkmi qoyub gedirik… Söhbət bunun adında deyil… Biz nə elədiyimizi kifayət qədər ayıqlıqla qiymətləndirir, üzərimizə necə ağır məsuliyyət yükü götürdüyümüzü başa düşürük. Onu da başa düşürük ki, bəşəriyyətə belə nadirdən də nadir xidmət göstərmək üçün tale məhz bizə imkan yaratmışdır, biz bundan daha da yüksək bir şey təsəvvürümüzə gətirə bilmirik…
Lakin bizə ən çox əzab verən vəzifə, bağlılıq, borcluluq hissini, ən nəhayət, intizam hissini yenmək idi. O şeyi ki bizim hər birimizdə çoxdanın ənənələri, qanunları və ictimaiyyətin əxlaq normaları tərbiyə edib. Biz “Paritet”i tərk edərkən sizi Biridamərkin rəhbərliyini və ümumiyyətlə, Yer üzündə yaşayanları heç bir şəkildə razılaşdırmamağımızı Yerdəki ictimai həyat qaydalarına etinasızlıq hesab etməyin. Biz buna məcbur idik, çünki təsəvvür etmək çətin deyil ki, xokkey oyununda vurulan hər artıq qolu, az qala, siyasi qələbə hesab edən və öz dövlət quruluşunun üstünlüyü kimi qələmə verən qüvvələr baş qaldırsaydı, necə bir əhvali-ruhiyyə yaranacaqdı, nə kimi ziddiyyətlər, ehtiraslar alovlanacaqdı. Əfsus, biz Yerdəki vəziyyətə çox yaxşı bələdik! Kim zəmanət verə bilər ki, yerdənkənar sivilizasiya ilə əlaqə yaratmaq imkanı Yer sakinlərinin arasında yeni dünya qırğını düşməsinə səbəb olmayacaq?
Yer üzündə siyasi mübarizədən kənarda qalmaq çətindir, bəlkə də, heç mümkün deyil. Ancaq Yer kürəsinin avtomobil çarxı böyüklükdə göründüyü uzaq kosmosda qaldığımız uzun günlər və həftələr ərzində ürək ağrısı və əlacsız təəssüflə fikirləşirik ki, cəmiyyəti çılğınlığa, ümidsizliyə sürükləyən, bəzi ölkələri atom bombasına əl atmağa sövq eləyən indiki enerji böhranı böyük texniki problemlərdən başqa bir şey deyil, bu ölkələrin bir-biri ilə dil tapıb razılığa gəlməsi daha vacib məsələdir…
Biz Yer məxluqatının onsuz da təhlükəli vəziyyətini nəzərə alıb, onu bir daha kəskinləşdirməmək və mürəkkəbləşdirməmək naminə bu misli görünməmiş məsuliyyəti boynumuza götürməyə cəsarət etdik və qərara gəldik ki, Yerdənkənar ağıl sahiblərinin qarşısında bütün bəşər övladı adından çıxış edək. Biz ümid edir və daxili bir inamla duyuruq ki, öhdəmizə düşən bu könüllü vəzifəni layiqincə yerinə yetirəcəyik.
Nəhayət, sonuncu. Düşüncələrimiz, şübhə və tərəddüdlərimizlə yanaşı, fikir çəkirdik ki, “Demiurq” proqramına – bu böyük başlanğıca, bəşəriyyətin geokosmik tarixində uzun illər qarşılıqlı inamsızlıq əzabı çəkmiş ölkələrimizin siyasi “qabarmalar” və “çəkilmələr” şəraitində etdikləri əməkdaşlığın nəticəsinə xələl gəlməsin. Şükür ki, ağıl çətinliklərə qalib gəldi, biz də ümumi işimizə vicdanla, öz gücümüz və qabiliyyətimiz daxilində xidmət eləyirdik. Lakin birini o biriylə müqayisə edib, “Demiurq” proqramını yuxarıda qeyd etdiyimiz səbəblərə görə çətinliklər qarşısında qoymamaq üçün, özümüz qət elədik – biz “Paritet”i müvəqqəti tərk edirik, bu şərtlə ki, qayıdanbaş Meşəlidöş planetinə girməyimizin nəticələri haqqında bəşəriyyətə məlumat verək. Əgər biz birdəfəlik yoxa çıxsaq və ya rəhbərlik bizi “Paritet”də öz işimizə davam etməyə layiq bilməsə, bizi başqaları ilə əvəz eləmək çətin deyil, lazım olsa, elə oğullar tapılar ki, bizdən də yaxşı işləyərlər.
Biz məchul bir yerə gedirik. Bizi ora sövq edən bilik həvəsi, bir də insanın əbədi arzusu başqa aləmlərdə özünə bənzər ağıllı canlılar tapıb, ağılı ağılla qovuşdurmaq istəyidir. Lakin hələ heç kim bilmir, başqa dünyanın sivilizasiya təcrübəsi bəşəriyyətə nə gətirəcək xeyir, ya şər?
Biz çalışacağıq ki, qiymət verməkdə qərəzsiz olaq. Əgər hiss eləsək ki, bu kəşfimizdə bizim Yer üçün nəsə təhlükəli, nəsə dağıdıcı bir şey var, o vaxt biz and içirik ki, Yerə üz verə biləcək fəlakətin qarşısını almaq üçün öz müqəddəratımızı öz bildiyimiz kimi həll edək…
Biz vidalaşırıq. Biz illüminatordan Yerə kənardan baxırıq. Fəzanın qara ənginliklərində o, parlaq brilyant kimi bərq vurur. Yer kürəsi özünün misli görünməmiş, müstəsna maviliyi ilə gözəldir. Buradan körpə başı kimi görünür. Hərçənd ki, bunun Yer üzündə belə olmadığını yaxşı bilirik, amma, nədənsə, buradan bizə elə gəlir ki, dünyada yaşayan bütün adamlar bizim bacı və qardaşlarımızdır, özümüzü onlarsız təsəvvür eləyə bilmirik…
Biz Yer kürəsi ilə vidalaşırıq. Bir neçə saatdan sonra “Tramplin” orbitini tərk edəcəyik, o vaxt Yer gözümüzdən itəcək. Başqa planet sahibləri meşəlidöşlülər artıq yoldadır. Bizim orbitə yaxınlaşırlar. Bir azdan burada olacaqlar. Bir neçə saatdan sonra, lap az qalıb. Gözləyirik.
Biz öz ailələrimizə məktub qoyacağıq. Sizin hamınızdan artıq dərəcədə xahiş eləyirik, kimin bu işə dəxli olsa, məktublarımızı ünvanına çatdırsın…
P.S. Bizim yerimizə “Paritet”ə kim gələcəksə, onlar üçün məlumat. Növbə jurnalında qəbuledici və verici zolaqda radiodalğasının tezliyini qeyd etmişik, biz bu dalğa vasitəsilə başqa planetlilərlə əlaqə yaratmışıq. Lazım olanda bu kanal vasitəsilə sizinlə əlaqə yaradıb məlumat verəcəyik.
Meşəlidöşlülərlə radio əlaqələrimizdən belə başa düşdük ki, ən münasib və yeganə rabitə vasitəsi orbital stansiyadakı sistemdir. Çünki Yer ətrafındakı qalın ionosfer qatı radiodalğaların qarşısını keçilməz sədd kimi kəsir, onları Yer səthinə çatmağa qoymur.
Bax, bu qədər. Əlvida. Daha vaxtdır.
Müraciət mətni bir-birinə müvafiq olaraq iki dildə – ingiliscə və rusca tərtib olunub.
Paritet-kosmonavt 1-2
Paritet-kosmonavt 2-1
“Paritet” orbital stansiyası.
Üçüncü növbə. 94-cü gün”.
Təyin olunmuş dəqiq vaxtda – Uzaq Şərq vaxtilə saat on birdə “Konvensiya” təyyarədaşıyan gəmisinə bir-birinin ardınca iki reaktiv təyyarə endi, bu təyyarələrdə Amerika və sovet tərəfindən xüsusi səlahiyyətləri olan komissiya gəlmişdi.
Komissiyaların üzvləri ciddi rəsmiyyətlə qarşılandılar. Onlara bildirildi ki, nahara yarım saat vaxt verilir. Nahardan sonra komissiyaların üzvləri kayut-kompaniyada toplaşıb “Paritet” orbital stansiyasında baş vermiş fövqəladə vəziyyətlə əlaqədar olaraq, qapalı müşavirə keçirməliydilər.
Amma müşavirə elə təzəcə başlanmışdı ki, qəflətən dayandırıldı. “Paritet”dəki nəzarətçi-kosmonavtlar 1-2 və 2-1 paritet-kosmonavtların qonşu Qalaktikadakı Meşəlidöş planetindən göndərdikləri ilk xəbər barədə “Konvensiya”dakı Biridamərkə məlumat verirdilər.
IV
Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir…
Dəmiryolunun hər iki tərəfilə Sarı-Özək deyilən ucsuz-bucaqsız boş düzənliklər uzanıb gedir…
Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə müəyyən edilir.
Qatarlar isə qərbdən şərqə, şərqdən də qərbə gedirdi…
Nə deyirsən de, dədə-baba Nayman qəbiristanlığı Ana-Beyit, hər halda, əl uzatmaqla çatası yer deyil otuz verstlik yolu Sarı-Özəklə çölləmə, kəsəsinə getməlisən, həm də gərək zəndini itirməyəsən.
Boranlı Yedigey o gün tezdən oyandı. Əslində, heç düz-əməlli yatmamışdı da. Sübhə yaxın bir az mürgüləyib gözünün acısını almışdı. Ona qədər isə mərhum Qazanqapın cənazəsini hazırlamışdı. Ümumiyyətlə, adətə görə, bu iş dəfn günü görülməliydi, meyit yerdən götürülməzdən azca əvvəl ölənin evində cənazə qabağında namaza dayanmalıydılar. İndi isə bu işlərin hamısını axşamdan görürlər ki, səhər tezdən ləngimədən yola çıxsınlar. Meyiti yumaq üçün Caydaq Ədilbəyin ilıq su gətirməyi nəzərə alınmazsa, lazım olan işlərin hamısını Yedigey özü eləmişdi.