Чингиз Айтматов – Dəniz kənarı ilə qaçan alabaş (страница 3)
Dəniz Kiriski heyrətə saldı. O belə bir mənzərə görəcəyini ağlına gətirmirdi. Hər yan yalnız su və yüngül, əlçatmaz bəyaz buludlar dolaşan səmadan ibarət idi. Burada nə qış bilinirdi, nə də yay, nə dərə vardı, nə də təpə. Dünyanı başdan-başa su bürümüşdü.
Qayıq dalğalara baş vura-vura gedirdi. Bol ov intizarında olan oğlan üçün bu səfərə yollanmaq maraqlı və fərəhli idi. Ancaq o, ətrafda – suyun altında və üstündə gördüyü, müşahidə etdiyi hər şeyi bu dəfə ani olaraq, etinasız surətdə dərk edirdi, çünki onun qəlbi başqa təəssüratlar həsrətilə döyünürdü. Onun bircə istəyi vardı – adalara çatmaq! Tezliklə işə başlamaq!
Lakin az sonra oğlan özünü o yerə qoymasa da, əhvalı yavaş-yavaş dəyişməyə başladı. Onlar torpaqdan uzaqlaşdıqca, xüsusən Alabaş birdən-birə gözdən itdikdən sonra o, dənizdən doğan dumanlı bir qorxu duymağa başladı və özünün bütünlüklə dənizdən asılı olduğunu, böyük təbii qüvvə qarşısında özünün son dərəcə aciz və son dərəcə köməksiz olduğunu hiss etdi.
Onun üçün bu yeni bir duyğu idi. Yalnız dənizin ağuşunda ikən o başa düşdü ki, yamaclarında qayğısız-qorxusuz oynadığı, başına dırmanaraq dənizə tamaşa etdiyi Alabaş onun üçün nə qədər əziz imiş. O, indi başa düşürdü ki, Alabaş nə qədər güclü, xeyirxah, yenilməz və qüdrətli imiş.
İndi o, quru ilə dəniz arasındakı fərqi başa düşdü. Torpağın üstündə olanda torpaq haqqında düşünmürsən. Dənizdə isə daim dəniz haqqında düşünürsən. Bu kəşf oğlanı duruxdurdu. Dənizin adamı onun haqqında daim düşünməyə vadar etməsində nə isə bir əsrarəngizlik, təkidlilik, amiranəlik gizlənmişdi…
Lakin böyüklər özünə əmin görünürdülər. Əmrayin və Mılğun yenə də əvvəlki qayda ilə avar çəkir, müntəzəm təkanlarla qayığa asan və sərbəst hərəkət vermək üçün kürəkləri bacardıqca qaldırıb uzaqdan çalır, başlarını aşağı əyərək eyni anda yığılır, eyni anda da düzəlirdilər. Kirisk onların çiyinlərinin necə qalxıb-endiyini görürdü. Onlar çox nadir hallarda bir-biri ilə kəlmə kəsirdilər. Ata, doğrudur, hərdən dönüb arxaya baxır, oğluna bığaltı gülümsəyirdi, sanki “Hə, necəsən?..” soruşurdu.
Kirisk iki dəfə gah Mılğunla, gah da atası ilə qoşa avar çəkmək istədi. Avarçılar həvəslə kürəklərdən birini ona verdilər ki, o da bir az işləsin. O, kürəyi iki əli ilə hərlətsə də, çox davam gətirə bilmədi: qayıq onun üçün həddən artıq ağır, kürək isə böyük idi. Amma buna görə heç kim onu məzəmmət etmədi. Avarçəkənlər yenə kürəkləri əllərinə alıb səssizcə işləməyə da-vam etdilər.
Ancaq Alabaş birdən-birə gözdən itdikdə hamı eyni anda hərəkətə gəldi. Atası dedi:
– Alabaş getdi evə!
– Hə, getdi, – deyə Mılğun təsdiqlədi.
Qoca Orqan da o tərəfə baxıb:
– Doğrudan? Hə, deyəsən, gedib, – dedi. – Belədirsə, deməli, işimiz yaxşı gedir. Sonra üzünü oğlana tutub bic-bic: – E-hey, Kirisk, – dedi, – sən, bəlkə, Alabaşı çağırasan? Bəlkə, qayıdar, hə?
Hamı güldü, Kirisk də güldü. Sonra o, bir anlıq fikrə gedib bərkdən dedi:
– Geriyə dönmək lazımdır, onda o qayıdar!
Orqan gülümsəyərək:
– Nə tez geri qayıtmaq istədin! – dedi. – Yaxşısı budur, gəl işlə məşğul olaq. Keç yanıma. Dənizə boş-boşuna tamaşa etdiyin bəsdir.
Kirisk qayığın burun tərəfindəki yerini tərk edib qayığın dibindəki əşyaların – maral dərisinə bükülmüş bir cüt vinçester, qarpun6, kəndir yumağı, balaca su çəlləyi, azuqə torbası və daha başqa bağlama və paltarların üstündən adlayaraq qayıq boyunca yeriyib avarçəkənlərin yanından keçdikdə kişi tərini və kəskin tütün qoxusunu duydu. Atası dənizdə olanda onun köhnə kürkünü anasının götürüb qoxlamağı xoşladığı həmin ata paltarının qoxusunu hiss etdi…
– Yanımda əyləş, – Orqan qabarlı əli ilə onun çiyninə toxunaraq yer göstərdi. – Sən, deyəsən, bir az qorxmusan, hə? Əvvəlcə qorxmamışdın, ancaq sonra…
Kirisk pörtdü. Demək, qoca Orqan başa düşüb… Bununla belə, qəti etiraz etdi:
– Yox-yox, atkıçx7, əsla qorxmamışam! Nədən qorxacağam?!
– Axı birinci dəfədir ki, dənizdəsən.
– Nə olsun ki, birinci dəfədir?! – Kirisk təslim olmadı. – Mən heç nədən qorxmuram.
– Onda, əhsən sənə. Amma mən birinci dəfə dənizdə üzməyə başlayanda, çoxdankı əhvalatdır, boynuma alıram ki, bərk qorxmuşdum. Bir də baxanda görmüşdüm ki, sahil görünmür və Alabaş da harasa çıxıb gedib. Ətrafda yalnız dalğalardır. Evə getmək istədim. İstəyirsən, lap Əmrayinlə Mılğundan soruş, gör ilk dəfə dəniz ovuna çıxanda əhvalları necə olub?
Cavabında onlar söhbəti duyurmuş kimi gülümsədilər, sinələrini kürəklərinin üzərinə gərərək başları ilə təsdiq etdilər.
– Mənsə qorxmuram! – Kirisk dediyindən dönmədi.
– Əgər belədirsə, onda əhsən! – Qoca dilləndi. – İndi isə mənə de görüm, Alabaş ha tərəfdə qaldı?
Kirisk gözlənilməz sualdan fikrə getdi, sonra əlini irəli uzadaraq göstərdi:
– Bax, orada!
– Sən əminsən? Elə bil əlin əsir…
Oğlan özünü ələ alıb bu dəfə sağ tərəfi göstərdi:
– Bax, orada!
– Hə, bax indi dəqiq oldu! – deyə Orqan razılaşdı. –Bəs əgər qayıq burnunu bu tərəfə döndərsə, onda Alabaş harada olar?
– Orada!
– Bəs əgər külək bizi o tərəfə döndərsə?
– Onda orada!
– Yaxşı, indi isə de görüm, bunu necə təyin edirsən, axı ətrafda gözə heç nə görünmür, hər yan sudur? İzah edə bilərsənmi? – Orqan soruşdu.
– Mənim başqa gözlərim də var, – deyə Kirisk cavab verdi.
– O nə gözdür elə?
– Bilmirəm. O gözlər, yəqin, mənim qarnımdadır və onlar baxmaya-baxmaya görürlər.
Onun bu cavabı hamını güldürdü.
– O da düzdür, – Orqan dedi. – Belə gözlər var. Ancaq onlar qarında yox, başda olur.
– Mənimsə qarnımdadır. – Kirisk belə bir gözün başda olması ilə artıq razılaşmış olsa da, öz dediyində durdu.
Bir müddət keçdikdən sonra qoca Kiriski yenidən imtahana çəkdi və bu dəfə onun dənizin səmtlərini yadda saxlamağı bacardığına tam əmin oldu. Burnunun altında mızıldandı:
– Hə, qarnındakı gözlər pis deyil.
Tərifdən xoşallanmış Kirisk özlüyündə Alabaşın yerini müəyyən etməyə davam edirdi. O, Alabaşı gö-zünün önünə gətirərək onu əhatə edən başqa kiçik dağlar haqqında fikirləşməyə bilmir və qeyri-ixtiyari olaraq evlərini yadına salırdı. Onun gözünün qabağına sahil boyu uzanan dağlar arasında balaca bir vadi gəlirdi. Meşə kənarındakı o vadidə isə çayın sahilində yerləşmiş köçəri düşərgəsindən səslər gəlirdi, tonqalların tüstüsü havaya qalxırdı. Anası ilə bacısı Psulk da or-daydı. Anası, yəqin ki, onun, atasının və dənizdə olan ovçuların hamısının fikrini çəkir. Amma qorxur ki, cinlər onun fikirlərini başa düşərlər, onun qorxduğundan agah olarlar. Onun haqqında fikirləşən başqa bir adam varsa da, bu, şübhəsiz, Muzlukdur. Muzluk, ola bilsin ki, indi Psulkun yanına oynamağa gəlib.
Qayıq dalğalara ehmalca baş vura-vura öz qaydasınca üzürdü. Nivxlər günortadan sonra birinci adacıq olan Kiçik Əmcəyə çatmağı və orada ova başlamağı nəzərdə tutmuşdular. Sonra onlar qaranlıq çökməmiş ikinci adacığa – Orta Əmcəyə üzməli və sahilində qayığı saxlamaq üçün əlverişli yer olduğuna görə elə orada gecələməli idilər. Səhər tezdən isə yenə də dənizə çıxmalı, birdəfəyə üç iri nerpa tuta bilsələr, yubanmadan geriyə istiqamətlənməli idilər. Aydındır ki, dənizi nə qədər tez tərk etsən, bir o qədər yaxşıdır. Qoca Orqan bütün bunları nəzərə almışdı. Onun köməkçiləri – Əmrayin və Mılğun da Üçəmcəyə birinci dəfə getmirdilər. Özləri hər şeyi əla bilirdilər.
Qoca Orqan dəniz səfərlərinə yalnız ehtiyac üzündən deyil, həm də dəniz onu hər zaman özünə çəkdiyi üçün çıxırdı. Dənizin ənginlikləri qocanı dərin xəyallara daldırırdı. Dənizdə heç nə ona öz aləminə qapılmağa mane olmurdu. Quruda gündəlik qayğılar arasında fikirləşməyə vaxt tapmadığı hər şey haqqında dənizdə yaxşı-yaxşı düşünməyə imkan var idi. Burada heç nə Orqanı böyük düşüncələrdən yayındırmırdı. Burada o özünü dənizə və səmaya yaxın hiss edirdi.
O anlayırdı ki, sonsuz dənizlə müqayisədə qayıqda olan insan heç nədir. Lakin insan düşünür, özü də bununla dəniz və səma böyüklüyü kəsb edir, bununla da, əbədi fəlakətlər müqabilində özünü təsdiq edir; bununla da, o, dünyaların dərinliyi və ucalığı fövqündə dayanır. Elə buna görə də nə qədər ki insan sağdır, o, ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, çünki onun düşüncəsinin həddi-hüdudu yoxdur. O öləndən sonra isə davamını bir başqası düşünəcək, ondan sonra daha bir başqası və bu beləcə davam edəcək.
O başa düşürdü ki, ölüm labüddür. Bilirdi ki, ölümlə hər şey bitəcək. Bununla belə, inanırdı ki, qəlbindəki ən əziz şey – Balıq-qadın haqqındakı ülvi yuxuları ölümündən sonra da onunla birlikdə qalacaq. O öz yuxularını başqasına verə bilməzdi, yuxular verilmir və buna görə də belə hesab edirdi ki, onlar izsiz olaraq yoxa çıxa bilməz… Ulu Balıq-qadın ölməzdir, deməli, onun haqqında olan yuxular da ölməz olmalıdır.
O, dənizdə ikən bu barədə tez-tez düşünərdi. Xeyli susardı, yol yoldaşları ilə heç bir söhbətə qoşulmayaraq öz aləminə qapılardı. O, dənizə baxa-baxa kiməsə müraciətlə yalnız bir şeyi xahiş edərdi: Ulu Balıq-qadın haqqında yuxuları onunla qalsın. Sonra da Balıq-qadınla bağlı yuxularını bir-bir xatırlayardı…
…Çox qədim zamanlarda Alabaş qayasına yaxın olan sahil boyunda üç qardaş yaşayırdı. Böyük qardaş əldən iti idi, hər şeyə vaxt tapırdı, çox səriştəliydi, hər işdə uğur qazanırdı. Bir gün o, maralçı qızına evləndi, maral naxırlarının sahibi oldu və tundraya köçüb getdi. Elə o gedən oldu. Kiçik qardaş ləpirçi və mahir atıcı idi. O, meşə adamlarının qəbiləsindən bir qız aldı, tayqaya çıxıb getdi və bir daha qayıtmadı. Ortancıl qardaş isə anadangəlmə çolaq idi. Yazığın bəxti gətirməmişdi, səhər erkən durar, gec yatardı, amma nə xeyri?! Bu vəziyyətdə o, ov edə bilmirdi. Mahalda heç kim qızını ona ərə vermək istəmədi, qardaşlar onu atıb getdilər və o, mavi dənizin sahilindəcə tək-tənha qaldı. O özünü balıq tutmaqla birtəhər dolandırırdı.