Чингиз Айтматов – Ağ gəmi (страница 6)
Oğlan durbini gözündən çəkdi, qəmli-qəmli başını aşağı saldı.
“İndi biz evə necə qayıdacağıq? – astadan o, çantaya dedi. – Bütün günahlar məndə və səfeh buzovdadır. Bir də səndədir, ay durbin. Sən daim məni ağ gəmiyə baxmağa çağırırsan. Sənin də təqsirin var”.
Oğlan ətrafına boylandı. Hər tərəf dağlar, qayalıq, daşlıq, meşəlik idi. Hündürdən – buzlaqdan irmaqlar bərq vuraraq səssiz-səmirsiz üzüaşağı axırdı, yalnız burada, aşağıda suyun səsi açılır, sanki əbədi olaraq, susmadan çayda hey zümzümə eləmək üçün dilə gəlirdi. Dağlar isə çox nəhəng idi və göz işlədikcə uzanıb gedirdi. Oğlan bala bu dəm özünü çox kiçik, tənha, unudulmuş hiss edirdi. Burada bir o idi, bir də dağlar, hər yanda dağlar, uca dağlar.
Günəş göl tərəfdə qürub edirdi. Havanın istisi azalmışdı. Şərq yamaclara ilk, qısa kölgələr düşmüşdü. Günəş indi get-gedə aşağı enəcək, kölgələr isə sürünüb aşağı, dağın dibinə düşəcəkdi. Bax günün bu çağında, adətən, İssık-göldə ağ gəmi peyda olurdu.
Oğlan durbini göz yetişən ən uzaq yerə yönəltdi və nəfəsini dərib dayandı. Odur ey! Ani olaraq hər şey yaddan çıxdı; orada, irəlidə İssık-göl gömgöy ləpələri arasında gəmi peyda olmuşdu. Üzür! Bax, odur ey! Qatarlanmış borulu, uzun, nəhəng, gözəl gəmi. O, dümdüz, birbaşa irəli gedirdi. Oğlan tələsik köynəyinin ətəyi ilə şüşəni silib bir daha okulyarı düzəltdi. Gəmi daha aydın göründü. İndi onun mavilikdə necə yırğalandığını, arxasınca necə şəffaf köpüklü iz buraxdığını sezmək olurdu. Oğlan gözünü çəkmədən, heyrətlə ağ gəmiyə baxırdı. Əgər iqtidarı olsaydı, ağ gəmidən xahiş edərdi ki, lap yaxına üzüb gəlsin, elə gəlsin ki, içindəki adamları da görmək mümkün olsun. Lakin gəmi bundan xəbərsiz idi. O, yavaş-yavaş, əzəmətlə öz yoluna davam edirdi, haradan gəldiyi, hara getdiyi bəlli deyildi.
Gəmi çox üzdü, oğlan isə ona baxa-baxa xeyli fikirləşdi ki, dönüb balıq olacaq, çayla üzüb ağ gəminin yanına gedəcək…
Günlərin birində, ilk dəfə Qarovul dağından İssık-gölün göy sinəsində ağ gəmini görərkən onun ürəyi bu gözəllikdən cuşa gəlmişdi, dərhal onda belə qənaət yaranmışdı ki, onun İssık-göl matrosu olan atası məhz bu ağ gəmidə üzür. Və oğlan buna inanmışdı, özü də ona görə ki ürəyi bunu çox istəyirdi.
O nə atasını, nə də anasını xatırlayırdı. Onları bir dəfə də görməmişdi. Onlardan heç biri bir dəfə də olsun ona baş çəkməmişdi. Ancaq oğlan yəqin bilirdi: atası İssık-göldə matros işləyir, anası isə atasından ayrılandan sonra oğlunu babanın yanında qoyub şəhərə gedib. Elə o gedən olub. Dağların o üzünə, göldən o tərəfə, o biri dağların da arxasındakı uzaq şəhərə gedib.
Mömün baba bir dəfə həmin şəhərə kartof satmağa getmişdi. Bir həftə xəbər-ətər olmadı, qayıdandan sonra çay içə-içə Bekey xalaya və nənəyə nəql etmişdi ki, öz qızını, yəni oğlanın anasını görüb. O, iri bir fabrikdə toxucu işləyir. Təzə ailə qurub – iki qızı var, uşaq bağçasına verir, həftədə yalnız bir dəfə görə bilir. Böyük bir binada olur, ancaq kiçik mənzilləri var, elə balacadır ki, tərpənmək olmur. Həyətdə isə, bazarda olduğu kimi, heç kəs heç kəsi tanımır. Hamı belə yaşayır – evlərinə girən kimi qapını kilidləyirlər. Həmişə, həbsxana kimi, bağlıda otururlar. Əri də, deyəsən, şoferdir, küçədə avtobusla adam daşıyır. Səhər saat dörddən gedir, gecə keçəndə gəlir. Onun da işi ağırdır. Babanın dediyinə görə, qızı hey ağlayıb, üzr istəyib. Təzə mənzil növbəsinə dayanıblar. Nə vaxt alacaqlar, bilinmir. Alanda, əri icazə versə, oğlunu aparacaq yanına. Qocadan xahiş eləyib ki, hələlik gözləsin. Mömün baba ona deyib ki, xiffət eləməsin. Başlıcası odur ki, əriylə dil tapıb dolansın, qalan şeylər yola gedər. Oğlundan da nigaran olmasın. “Nə qədər canım sağdır, oğlanı heç kəsə verməyəcəyəm, ölərəm – Allaha tapşıraram, fərasəti varsa, bir yana çıxar…” Qocanı dinləyən Bekey xala və nənə hərdən köks ötürür, hətta doluxsunub ağlamsınırdılar da.
Bəli, elə o vaxt, çay süfrəsi arxasındaca onlar oğlanın atasından da söz saldılar. Baba eşidib ki, guya onun keçmiş kürəkəni, oğlanın atası, hansısa bir gəmidə matros işləyir və onun da yeni ailəsi, iki, ya üç uşağı var. Evləri liman körpüsünün yanındadır. Deyilənə görə, içkini atıb. Təzə arvadı isə hər dəfə uşaqları da götürüb onun pişvazına körpüyə çıxır. “Belə çıxır ki, – oğlan fikirləşdi, – onlar ağ gəmini, onun gəmisini qarşılayırlar”.
Gəmi isə üzür, yavaş-yavaş uzaqlaşırdı. Bəyaz, uzun gəmi, borularını tüstülədə-tüstülədə gölün hamar, mavi səthi ilə şütüyürdü, özü də balıq-oğlana dönmüş oğlanın ona sarı üzdüyündən xəbərsizdi.
O elə balığa dönmək istəyirdi ki, bədəni də, quyruğu da, üzgəcləri də, pulcuqları da balığınkı kimi olsun, təkcə başı, nazik boynu, iri pələ qulaqları, cırmaq-cırmaq olmuş burnu isə özününkü olsun. Gözləri də özününkü qalsın. Əlbəttə, onlar indiki kimi olmaqdan başqa, həmçinin balıq gözü kimi də baxa bilsinlər. Oğlanın kirpikləri buzov kirpikləri kimi uzundu, həm də, nədənsə, daim öz-özünə səyriyirdi. Gülcamal deyirdi ki, qızının kirpikləri onunkulara oxşasaydı, onda lap gözəl olardı! Gözəl niyə olsun? Qız, ya oğlan? Çox vacib imiş! Şəxsən ona gözəl gözlər lazım deyil, ona elə gözlər lazımdır ki, suyun altını da görə bilsin.
O, balığa babanın dəhnəsində dönməliydi. Göz qırpımında dönüb olar balıq. Sonra dərhal dəhnədən çaya, birbaşa qıjovlu axına sıçrayar, üzüaşağı üzüb gedərdi. Üzə-üzə hərdənbir atlanıb ətrafa baxar; axı həmişə suyun altı ilə üzmək cansıxıcı olar. O, qırmızı gilli dərin yarğanı, sualtı qayaları, burunları, dağları, meşələri arxada buraxıb iti axan çayla üzüb gedirdi. O, sevimli daşlarından ayrılırdı: əlvida, “Xıxmış dəvə”, əlvida, “Canavar”, əlvida, “Yəhər”, əlvida, “Tank”, məntəqənin yanından keçəndə o sıçrayıb sudan çıxacaq, üzgəci ilə babasına əl eləyəcək: “Əlvida, baba, tezliklə qayıdaram”. Baba bu möcüzədən çaşıb-qalar, nə edəcəyini bilməzdi. Nənə də, Bekey xala da, Gülcamalla qızı da – hamısının ağzı açıla qalardı. Harada görünüb ki, baş insan başı olsun, bədən balıq! O isə üzgəcini havada yellədir: “Əlvida, mən üzüb gedirəm. İssık-gölə, ağ gəminin yanına. Matros atam oradadır”. Baltek, yəqin, sahilboyu götürüləcək. Axı it heç vaxt belə şey görməyib. Əgər Baltek birdən özünü suya atmaq istəsə, o qışqıracaq: “Olmaz, Baltek, olmaz! Batarsan!” Özü isə üzəcək. Asma körpünün burazları altından keçəcək, sonra dar sahillərin arasından adlayaraq qıjıldayan dərənin içi ilə düz İssık-gölə üzüb gedəcək.
İssık-göl isə əməlli-başlı dənizdir. İssık-gölün sinəsi ilə üzəcək, bu dalğa mənim, o dalğa sənin, nəhayət, gəlib ağ gəmiyə qovuşacaq. “Salam, ağ gəmi, mənəm ey! – o, gəmiyə belə deyəcək. – Həmişə durbinlə sənə baxan mən idim”. Gəmidəki adamlar heyrətlənər, möcüzəyə baxmaq üçün axışıb gələrlər. O zaman o öz matros atasına deyəcək: “Salam, ata, mən sənin oğlunam. Mən üzüb sənin yanına gəlmişəm”. – “Sən haradan mənim oğlum oldun? Sən yarıbalıq-yarıinsansan!” – “Sən məni yanına, gəmiyə qaldır, mən dönüb sənin oğlun olaram”. – “Qəribədir! Yaxşı, gəl görək”. Atası tor atıb, onu sudan çıxaracaq, göyərtəyə qaldıracaq. Orada o dönüb olacaq özü. Sonra isə, sonra…
Sonra ağ gəmi üzüb yoluna davam edəcək. Oğlan atasına bildiklərinin hamısını və başına gələnləri danışacaq. Qoynunda yaşadığı dağlar haqqında, həmin o daşlar barədə, çay və meşə qoruğu barədə, balıq kimi gözüaçıq üzməyi öyrəndiyi baba dəhnəsi haqqında…
Əlbəttə, Mömün babanın yanında günlərinin necə keçdiyi barədə də danışacaq. Qoy atası güman eləməsin ki, əgər ləqəbini Qıvraq Mömün qoyublarsa, deməli, o, pis adam olar. Babanın tayı-bərabəri yoxdur, babaların ən yaxşısıdır. O heç biclik bilmir, buna görə də hamı ona gülür. Orozqul əmi isə hələ bir qoca kişinin üstünə çımxırır da! Hətta adamların yanında da babanın üstünə qışqırdığı olub. Baba isə öz haqqını tələb eləmək əvəzinə bunları Orozqula keçir, hətta onun əvəzinə meşədə işləyir, onun təsərrüfat işlərini görür. Hə, orada nə iş var axı? Orozqul əmi sərxoş gələndə, hə, o vicdansızın üzünə tüpürmək əvəzinə baba onun qabağına yüyürür, atdan düşürdür, evə aparıb çarpayıya uzandırır, üşüməsin, başı ağrımasın deyə üstünü kürklə örtür, atın isə yəhərini alır, qaşovlayır və yem verir. Bunun hamısını ona görə eləyir ki, Bekey xala sonsuzdur. Niyə belə eləyir, ata? Belə yaxşı olmaz – doğmaq istəyirsən, doğ, istəmirsən, lazım deyil. Orozqul əmi Bekey xalanı döyəndə babanın yazığı gəlir. Babanın özünü döysə, ondan yaxşı olardı. Bekey xala qışqıranda o elə əzab çəkir, elə əzab çəkir ki. Əlindən nə gəlir? Qızına kömək etmək istəyəndə nənə qoymur: “Sən qarışma, – deyir, – özləri ayırd edərlər. Qoca kişisən, sənin nə işin var? Sənin arvadın ha deyil, qaxıl otur yerində”. – “Axı qız mənimkidir!” Nənə isə: “Uzaqda yaşasan, qonşu olmasaydın, eviniz yan-yana olmasaydı, nə edərdin? Hər dəfə onları aralaşdırmaq üçün oradan bura at qovacaqdın? Bundan sonra sənin qızını kim evində saxlayardı!”
Nənə deyirəm ha, o sən görən nənə deyil. Ata, yəqin, heç sən onu tanımırsan da. Başqa nənədir. Mən balaca olanda doğma nənəm öldü. Sonra bu nənə gəldi. Bizdə havadan baş çıxarmaq olmur axı – gah aydın, gah da dumanlı olur, gah yağış yağır, gah da dolu. Nənə də belədir, dəymədüşərdi, baş açmaq olmur. Gah mehribandır, gah qəzəbli, gah da heç nə ondandır, nə bundan. Hirslənəndə bizi cana gətirir. Babamla mən susuruq. Qarı deyir ki, yadı nə qədər yedirt, içirt, ondan xeyir görməzsən. Ata, mən axı yad deyiləm. Mən həmişə babamla bir yerdə olmuşam. O özü yaddır, sonradan bizim yanımıza gəlib. Üstəlik, hələ məni yad adlandırır.