18+
реклама
18+
Бургер менюБургер меню

Cəlal Bərgüşad – Sıyrılmış qılınc (страница 5)

18

Xəlifə Harunun baxışları güzgü önündə cilvələnən xanımın əndamını səyahətə çıxmışdı. Harun elə bil onu birinci dəfə idi görürdü. Sanki zifaf gecəsi idi.

«Fətəbərəküllah əhsənül xaliqin!»

Xəlifə çox sevdiyi bu kəlamı dodaqaltı pıçıldayıb ayağa qalxdı və şən halda məlaikəyə yaxınlaşdı. O, üsulluca, titrək barmaqları ilə xanımının təzəcə belinə bağladığı zümrüd qaşlı kəmərini açdı…

«Əfv edin məni, xanım! Nə buyruğunuz var, əməl olunacaq!» Xəlifəni məstedici qadın nəfəsi oxşadı.

Onların gözündə zər-xaralı ipək yorğan-döşək yenidən bəxtəvər oldu. Zübeydə xatun ürəyində dedi: «Əhsən sənə Ruhiyyə! Baş məşşatəlik sənə yaraşır. Məni elə bəzəyibsən ki! Əvəzi çatar». Məlaikənin zərlə nəqşlənmiş dırnaqları xəlifənin kürəyində közərirdi. Xəlifə xəyalən məşuqəsi Qərənfillə Zübeydə xatunun gözəlliyini müqayisə edirdi. Gah üstünlüyü məşuqəsinə, gah da xanımına verirdi. Hər halda onun yanında indi Zübeydə xatun idi. Xəlifəyə elə gəlirdi ki, günəş özü belə bu afətin gözəlliyinə həsəd aparır.

– Fətəbərəküllah əhsənül xaliqin! Ya rəbb, görəsən yer üzündə qadından gözəl məxluq varmı? Qadının sərvəti «qarət» olunarkən üzə çıxır, zinəti üzə çıxır. Gələcəyin hökmdarı qadının bətnində günəşə dönür… Gözəlim, söz verirəm, mənim taxt-tacımın sahibi sənin bətnində günəşə dönən Əmin olacaq. Odur mənim vəliəhdim! Doğru sözdür ki: «Qardaş qardaşın, ancaq süd payına şərik ola bilər. halbuki onların südü də ayrı olub.

Zübeydə xatun xoşbəxt idi, səadət duyğuları onu çulğamışdı. Dinmirdi, zərif burnunu hərdən Harunun qabarmış sinəsinə toxundururdu. Nəhayət o:

– Ey mənim taleyim – dedi – deyirlər: «Nə qədər qulun, o qədər qənimin!» Məni gözü götürməyən çoxdur. Onlar sənin bu ədalətli sözlərini eşitsələr paxıllıqdan partlayarlar.

Zübeydə xatun bilmirdi xəlifəyə necə dil-ağız eləsin, bir qadın kimi onun zövqünü necə oxşasın!.. Bu anda gözlənilmədən qapı tıqqıldadı. Nadir hadisə idi, xəlifə şaşqın halda qollarını Zübeydə xatundan çəkdi. Sakitlikdə Harunun ürək döyüntüləri eşidildi. Xəlifə ayağa qalxdı, məlaikə isə dikəlib yerin içində oturdu. Belə bir vaxtda xəlifəni narahat edən kim ola bilərdi?! Ölümündən qorxmurdumu həmin kəs?

Xəlifə hirsləndi:

– Bu fərraşlar harda qırılıblar görəsən?!

Qapıya tərəf getdi və qapı arxasından anasının səsini eşitdi:

– Namünasib vaxtda gəlmişəm, oğul! Qasid qırmızı lələkli məktub gətirib. Bədbəxtlik üz verib. Xəzərlər Dərbəndə hücum ediblər. Hökmün nədir?

Xəlifə qapının bəri üzündən dedi:

– Səbrin olsun, ana! Dünya dağılmaz. Gələrəm, məşvərət eləyərik.

Xəlifənin kefi pozulsa da Zübeydə xatunun ağuşuna qayıtdı. Xanım soruşdu:

– Nə hadisə baş verib?

– Xəzərlər Dərbəndə hücum ediblər.

Zübeydə xatun:

– Aaah! – dedi.

Xəlifə onu sakitləşdirdi:

– Qəm eləmə – dedi – mən hələ ölməmişəm ki, Dərbənd əldən gedə!..

Xəlifə uzanıb qolunu balışın altında çarpazlamışdı. Xanımı da yanında idi. Qızıl və gümüş məcməyilərdə ətirli meyvələr onları közləyirdi. Büllur sürahilərdə Kütrəbbul11 şərabı qızarırdı. Üzərində aşiqanə şeirlər həkk edilmiş qızıl piyalələr meylə dolu idi. Xəlifə qalxıb ortasında heyvan və quş şəkli olan nəfis Şamaxı xalısının üstündə asta-asta gəzişir, xanımının təklifini gözləyirdi. Xalının kənarlarında Azərbaycan mənzərələri rəsm edilmişdi. Birdən bunlara baxıb Harun hirsləndi: «Lənətə gəlmiş atəşpərəstlər yenə dinc dayanmırlar! Bu kafirlər bilmirəm xilafətdən nə istəyirlər? Anam deyəndən sonra Əbu İmrana çaparla məktub göndərmişəm. Bəs o, Donbagöz nə üçün iğtişaşların qarşısını almır? Yəqin Şəhrək oğlu Cavidana gücü çatmır. Yox, Cavidanı asdırmasam mənə bu yataq otağında da dinclik olmayacaq!.. Hələ xəzərlər!» Xəlifə Harun narahatlığı özündən qovmağa çalışdı. Dolu qızıl qədəhi götürüb, xanımına yanaşdı:

– Yuxun gəlir?.. Mənim mələyim, gör bu piyalənin üstündə nə yazılıb? Əbu Nüvvasın kəlamlarıdır, oxu səsini eşidim.

Zübeydə xatun şeiri şirin ərəb ləhcəsi ilə oxudu:

İstəyirəm meyxoş olam, İstəyirəm sərxoş olam. İstəyirəm allah özü, Mənə bəxşiş, ənam versin. Əllərimdə daşan badə Bir gözəlin dodağını Bax beləcə əmən görsün.

– Mənim mələyim, şeir xoşuna gəldimi?

– Əlbət ki…

– Mənim mələyim, həyat nəşədir. Mən, həyatda nəşədən qiymətli bir sərvət tanımıram. Kefcil Cəmşidin12 icad etdiyi bu al şərabdan sənin şərəfinə beş ritl13 içsəm də «az oldu» deyərdim. Bir bax, bu da Kütrəbbul şərabı! Şair Əbu Nüvvas deyir ki, Kütrəbbul şərabı qədim yunan allahlarının çox sevdikləri Nektar və Falern şərablarından da gözəldir. Bundan sonra mən dilimə Muğan şərabı vurmaram! Onu qoy atəşpərəstlərin özləri içsinlər. Pəh-pəh… Kütrəbbül şərabının rənginə tamaşa qıl! Ətri bihuş edir adamı. Şairlər haqlıdır. Cəmşidin şərab qədəhinə «Cami-cəm» adı verməkdə. Bilmirəm Məhəmməd peyğəmbər nəyə görə müsəlmanları bu gözəl nemətdən məhrum eləyib? Əgər mən…

– Ya əmirəlmömin, nə danışırsan? – deyə Zübeydə xatun incik halda əlini məcməyilərdəki meyvələrin üstünə qoydu. – Sənin Məhəmməd peyğəmbərdə nə işin?! Yoxsa sən də mötəzililərlə14 birləşib müqəddəs quranın ayələrini dəyişdirmək fikrinə düşmüsən? Onsuz da düşmənimiz əməvilər haqqımızda nalayiq şayiələr yayır. Bizim ölümümüzü istəyirlər… Hökmdarım, Qurandır səni qoruyan. Möhkəm tut ondan. Yadda saxla ki, baş vəzir Cəfər kimi qorxulu düşmənin var. Xürrəmiləri üstümüzə qızışdıran da bəlkə odur. Biz xürrəmilərlə hesab çəkməliyik, əməvilərlə yox!

– Mənim mələyim, indi mən ancaq sənin barəndə duşunürəm. Sən mənim gözümdə Süheyl15 ulduzundan qəşəngsən. Sübh açılan kimi bu görüşümüz şərəfinə çoxlu qul azad edəcəyəm.

Zübeydə xatun bu iltifat, qədr-qiymət müqabilində başını Harunun köksünə endirdi. Bədənnüma güzgüdə iki kölgə qovuşdu və sonra bu kölgələr ayrıldılar. Elə bil badam ləpəsi iki bölündü.

…Artıq Bağdad səmasındakı ulduzlar yoxa çıxmışdı. Saray bağında quşlar cibbildəşirdi. Səhər günəşinin şəfəqləri pəncərənin yaşıl pərdələri arasından süzülüb Zübeydə xatunun pərişan saçlarına dolmuşdu. Xanım gül ətirli yatağında yuxuya getmişdi. Harunun qırmızı saqqalı köksündə alov dilimini xatırladırdı. Yatmış Harun hərdən yuxuda əl-qol atıb öz-özünə danışırdı: «Vəzir, bu nə qara xəbərdir?! Xəzərlər mənimmi «Azad şəhərim»ə – Dərbəndimə hücum ediblər?! Mən azğınlara öz gücümü göstərərəm! Necə?! Atəşgahlarda xürrəmilər yenə od yandırırlar?! Mən onların da o günəşini əbədi söndürərəm!»

Xəlifə gah yuxuda Dərbəndə basqın edən xəzərlərin, gah da üsyançı xürrəmilərin qollarını zəncirlədib «ölüm ağacları»ndan asdırırdı. Birdən necə oldusa xəlifənin qolu zərblə Zübeydə xatuna toxundu… Hər ikisi hövlnak yuxudan qalxdı: «Bismillah!» Xəlifənin sədaqətli Qarapişiyi yataq otağının qapısını kəsdirmişdi. Pişik sahibinin səsini eşidib hərdən miyoldayır, hərdən qapını cırmaqlayırdı.

Altun sarayında şeypurlar çalındı, təbillər vuruldu. Bu – əyanları namaza səslədi. Bağdad məscidlərindən boğuq azan səsləri eşidildi. İşrət dumanları Harunun başından çəkilib gedirdi, gecə ikən anasını eşidib tədbir görmədiyinə peşman oldu: «Necə yəni düşmən yenə üstümüzə qılınc çəkir?! Azğın xəzərlər hücum edib Dərbəndi tuturlar, hə?! Zübeydə xatunun cehizi Azərbaycanı qarət edib talayırlar, hə?! Onun adamlarını əsir alıb Xaqana aparırlar, hə?! Doğrudanmı?!»

III

«AZAD ŞƏHƏR»İN QARA SƏHƏRİ

Fəlakətə düşən adam qorxmaz, yalnız məchulluq qorxuludur.

Azərbaycanın şimal obalarında, kəndlərində çayların kükrəyən, daşların çiçəklə örtülən vaxtı idi. Çöllərdə torağaylar, alacəhrələr hey ötürdü. Zərli kəpənəklər bir-birini qovmaqda idi. Lakin baharın bu gül-çiçəkli çağında, elə bil, ulu Hörmüz Sərətan bürcünə əsir düşmüşdü. Dərbənddə, sanki sübh açılmağa qorxurdu. Yaralıların naləsi… Xilafətin «Azad şəhər»i Dərbəndi Harun belə görsəydi başına hava gələrdi. Bəlkə də o gecəki qızıl qədəhə Kütrəbbul şərabı yox, zəhər süzərdi. Xəzər türkləri qorxu-hürkü bilmirdilər. Onlar şəhərin gözəllik və mərdlik simvolu olan şir heykəllərini harda görsələr çilikləyib küçələrə tökürdülər. Göyün üzünü tüstü dumanı bürümüşdü. Neft və taxıl anbarlarından alov qalxırdı. Xaqan, vaxtilə Əməvi və Abbasi xəlifələrinin Dərbənddə tikdirdiyi möhtəşəm, müqəddəs «allah evləri»ni hörmətdən salmaq üçün heç nədən çəkinmirdi. Xaqan məscidləri qəsdən at tövləsinə döndərmişdi. Fələstin, Dəməşq, Xəzər məscidlərindən ayğır kişnərtisi eşidilirdi. Həmməs, Qeysəriyyə, Cəzair və Mosul məscidləri isə qarət malları ilə dolu idi. Xəzərlərin belə nadan hərəkətləri onlara qarşı nifrəti artırırdı.

Küçə və meydançaları, bazarları, limanları üfunət qoxusu bürüməkdə idi. Çoxları burda yurd salmasına peşman olmuşdu. Lakin artıq gec idi. Hər cür işgəncəyə, əzab-əziyyətə dözməkdən başqa əlac qalmamışdı. Şəhərin bütün dəmir darvazaları xəzərlərin əlinə keçmişdir. Əsir alınan şəhər əhalisi Babül mühacir,16 Babül cəhad,17 Babül xüms18 və Babül cəgir19 darvazalarının ağzına gətirilirdi. Əsir dəstələri yerə yatmış dumanı andırırdı. Babül məktub20 və Babül Əlqəmə21 darvazalarının girəcəyində isə xəzərlər əsirləri siyahıya alırdılar.

Xəlifə Harunun Dərbənddə baş məlaikə Zübeydə xatunun adına saldırdığı xiyabanlarda qan su yerinə axırdı: Orda-burda «ölüm ağacları»ndan asılmış zirehli cəsədləri dənizdən əsən külək yellədirdi.

Cuma məscidi daha hüznlü görünürdü. Ondan bir az aşağıda tacirlərin naləsi limanı bürümüşdü. Xəzərlər tacirlərin qarət olunmuş mallarını gəmilərdən quruya daşıyır, öküz arabalarına və dəvələrə yükləyirdilər.