Болеслав Прус – Keçmişdən gələn səslər (страница 5)
Bu gözlənilməz, qıcıqdanmı, ruhi təlatümdənmi, partlayış Anelkanı təsirləndirli. O, mürəbbiyənin əsən arıq əlindən yapışdı və onu öpmək istədi. Lakin panna Valentina kəskin şəkildə əlini çəkdi və kənara sıçradı.
– Siz mənə acıqlanırsınız? – deyə karıxmış qız soruşdu.
– Pis tərbiyə olunman sənin günahın deyil, – deyə mürəbbiyə onun sözünü kəsdi və cəld evə doğru istiqamətləndi.
Incimiş Anelka yenə şabalıd ağacının altındakı skamyaya əyləşdi. Karus onun ayaqları altına uzandı.
“Bu panna Valentina necə də qəribədir, – Anelka özü-özü ilə mühakimə yürüdürdü, – nəyə görəsə, onu hər şey acıqlandırır. Özü heç nəyi sevmir və bizdə yaxşı olmasını da istəmir. Sanki əgər bağımız daha gözəl olsa, ya da muzdurlar sımsıqlarını sallamağa son versələr, ona mane olar… Axı Allah hamını sevməyi tapşırıb… Məgər bütün dünyəvi müdrikliyə çatmaqdansa, bir ağac əkməyin, yaxud, heç olmasa, bir kasıba kömək etməyin böyük xidmət olduğunu ksöndz çoxdanmı söyləyib…”
Sonra o hələ bir neçə il əvvəl onların malikanəsində daha yaxşı yaşanıldığını xatırladı: adamlar daha şən baxırdılar, ev daha yaraşıqlı bəzənmişdi və bağı da qaydasında saxlayırdılar.
Əgər hətta on üç yaşlı qızlar da bunu hiss edirlərsə, dünyada hər şey necə də tez dəyişir!..
Birdən yaxınlıqda, Anelkanın iyirmi addımlığında zəif uşaq səsi eşidildi:
– Çuşa, çuşa, çuşa!
Cavabında şən çoşqa xortultusu eşidildi.
Karusik diqqətini topladı. Anelka dərhal fikirdən ayılaraq, bir tullanışla skamyanın üstünə sıçradı və ətrafa boylandı.
Çəpərin arxasından şəhərə yol keçirdi. Uzaqda, burumları gün şüalarında qığılcım saçan toz pərdəsi arasında araba göründü. Çəpərin yanından kasıb geyimli iki yəhudi gedirdi. Biri boz kətana bükülmüş hansısa böyük bir əşyanı, digəri isə çubuğun üstündə yellənən başmaqlarə aparırdı.
Lap yaxında, düz ağ borulu ağa evi ilə üzbəüz isə, ağacların budaq və əsən yarpaqları arasında kəndli Qaydanın daxması görünürdü. Daxmanın yanında torpağın üstündə kobud kətan köynəkli bir qız əyləşmiş və çörək qabıqları ilə çoşqa yemləyirdi. Sonra onu dizlərinin üstünə götürdü və onunla, itlə oynayırmış kimi, oynamağa başladı.
Bu qeyri-adi görüntü Anelkaya maqnitin dəmirə təsiri kimi təsir etdi. O, skamyanın üstündən yerə sıçradı, təpədən aşağı qaçdı, amma birdən dayandı.
Anelkanın atası bu daxmanın sahibi Qaydanı heç sevmirdi. Nə vaxtsa Qayda malikanədə muzdur kimi xidmət etmiş və sonradan, Anelkanın atasının iddia etdiyi kimi, qanunsuz olaraq, onun mülkiyyətinə keçmiş daxmada yaşamışdı. Buna görə də mülkədar onu heç vaxt malikanəyə işə götürmür, torpağı az olan Qayda isə tez-tez əvvəlki ağasının mülklərində təsərrüfatçılıq edirdi.
Uzun illər boyu mülkədar və kəndli öz aralarında düşmənçilik edirdilər. Səbrini itirmiş mülkədar narahat qonşudan üzülüşməkdən ötrü artıq Qaydanın torpağını almağa hazır idi, amma kəndli bunu eşitmək belə istəmirdi. Qaydanın inəyini, atını, yaxud donuzunu malikanəyə götürmədikləri ay olmurdu. Onda kəndli şikayətlə nahiyəyə yola düşürdü və məhkəmənin hökmü ilə öz heyvanını azad edir, bəzən də satın alırdı. Mülkədar Qaydanın ağa meşəsindən oğurlanan odunu satmaqdan əldə olunmuş pulu ödədiyinə inandırırdı.
Anelka atası ilə Qaydanın münasibətləri barədə tez-tez eşidirdi (daha nələr eşitmirdi) və buna görə də Qaydadan qorxurdu və onun daxmasını sevmirdi.
Ancaq gözünü çoşqa ilə, bu hamının nifrət etdiyi heyvanla oynayan qızdan yayındıra bilmirdi. Anelkaya bu qızın, yəqin, mərhəmətli və bədbəxt olduğu kimi görünürdü. Hər necə olur-olsun, nə isə onu qıza doğru çəkirdi…
Anelka kolları aralayaraq, tələsmədən bağı əhatəyə alan çəpərə yaxınlaşdı. O, köhnə idi, tünd-yaşıl mamırla və hansısa, toxunulmadan dağılıb-tökülmüş boz urla örtülmüşdü. Bir-birindən kiçik məsafədə üzərinə itiuclu tamasalar sırası oturdulmuş uzun köndələnlərin bəndlədiyi yoğun, yuxarısından itilənmiş dirəklər yüksəlirdi. Sanki uzunillik xidmətdən yorulmuş bu tamasalar ya irəli, ya da geri əyilmişdi. Bəzi yerlərdə heç yox idilər, başqa yerlərdə daha parlaq rəng və taxtanın elə də diqqətli olmayan düzəldilməsi çəpərin bu yaxınlarda, amma əvvəlkindən az məsrəflə təmir olunduğuna şahidlik edirdi.
Anelka xanım qız və on üç yaşlı olmasını unudaraq, çəpərdəki dəlikdən keçdi və kətan köynəkli qıza yaxınlaşdı.
Yazıq qız ilk dəqiqədə malikanədən olan və bəzəkli geyinmiş xanım qızdan qorxdu. Ağzını geniş açdı və qaçmağa hazırlaşmış kimi, ayağa sıçradı. Anelka cibindən peçenye çıxardı və qıza göstərib dedi:
– Qorxma. Səni incitmərəm. Bax, sənə nə gətirmişəm! Dadına bax! – Bu sözlərlə peçenyeni qızın ağzına dürtdü. Qız təəccüblü gözlərini Anelkadan endirmədən yedi.
– Yenə götür. Dadlıdır?
– Dadlıdır.
Anelka kötüyün üstünə əyləşdi, isə Qaydanın qızı isə isə çöməltmə oturdu.
– Sənin adın nədir? – deyə Anelka onun yağlı, parlaq-xurmayı saçlarını tumarlayaraq soruşdu.
– Maqda.
– Al, Maqda, yenə peçenye ye. – Anelka belə dedi. – Bu çoşqa sənindirmi? – deyə donuza nəzər salaraq, əlavə etdi, Karusun quyruğundan yapışmağa çalışdığı donuz isə sifətilə ona tərəf dönür və inamsızlıqla xortuldayırdı.
– Atamındır, – qız artıq bir qədər cəsarətlənərək, cavab verdi. – Kaş it onu gəmirməyəydi…
– Karusik, yanıma… Sən isə, Maqda, həmişəmi donuzla oynayırsan?
– Aha. Yaloska artıq böyükdür, Kaska isə keçən il öldü. Çuşa!.. Çuşa!.. Ona da mənimlə olmaq xoşdur, axı o da təkdir! Pan anasını güllələmək əmrini verib, digər çoşqaları isə atam satıb. Bax, yalnız birini saxlayıb.
– Bəs donuzu nəyə görə öldürdülər?
– Biçənəyin korlanmasına görə. Pan onu öz torpağında tutmuşdu.
– Məgər sizin ancaq bir donuzunuz var idi?
– Daha hardan götürək? Axı atam kəndlidir, ona görə də hər şeyimiz azdır.
Bunu deyərək, o, ayağı altına yayılmış çoşqanı tumarladı.
– Donuza çoxmu acıdın?
– Bəs necə! Atam məni döyəndə daha acımalı oldu…
– Səni döydü?..
– Döymədi, saçlarımdan yapışdı və iki dəfə təpik vurdu.
Qız bu barədə tamamilə sakit danışırdı. Anelka hətta ağardı. Bir anlığa xəyalına gətirdi ki, sanki Karusiki öldürüblər və onun özünü də belə amansızlıqla cəzalandırıblar.
O, iztirablarına görə zavallını mükafatlandırmaq tələbatı hiss etdi, amma necə? Onun öz pulu olsaydı, Maqdaya donuz və gözəl paltar bağışlayardı, ancaq indi… o nə etsin?
Bu yerdə Maqdanın dörd gözlə onun boynuna sarınmış göy lentə baxdığını qeydə aldı. Anelka fikirləşmədən tez onu açdı və Maqdanın boynuna bağladı.
– Indi sən eynilə mənim kimi geyinmisən.
Maqda özünü yalnız göy lentin deyil, qırmızı paltarın, ağ corabların və hündür botinlərin də sahibi kimi təsəvvür edərək, ucadan güldü.
– Budur, yenə ye, – Anelka ikinci peçenyeni ona uzadaraq, belə dedi.
– Bunu sabah yeyərəm. Çox şirindir.
– Bu isə səni döydüklərinə görədir…– Anelka onu öpdü.
Ancaq Anelkanın ali mükafat saydığı öpüş Maqdada heç bir təəssürat doğrmadı. O, peçenyeni ovcunda sıxaraq, indi əsl xanım qıza oxşadığını fikirləşməklə, dəqiqəbaşı göy lentə baxırdı.
Bu vaxt döngədən təkər taqqıltısı eşidildi və yolda toz buruldu. Gözəl kolyaska sürətlə daxmaya yaxınlaşdı. Anelka nə isə dərk etməyə macal tapınca , ekipaj daxmanın yanında dayandı.
– Atacan! – Anelka qışqırdı və ekipaja doğru cumdu.
Ancaq atası Anelkanı daha əvvəl görmüşdü və buna görə də onu öpmədi, ciddi şəkildə dedi:
– Panna Anelya yollarda qaçır! .. Necə də gözəldir!.. Burda neynirsən?
Qorxmuş Anelka susdu.
– Əcəb də sənə yaxşı nəzarət edirlər! Özünü əla aparırsan, sözüm yoxdur! Yollarda yüyürür və hansısa natəmiz qız və donuzla birlikdə tozda eşələnirsən! Evə yola düş! Tezliklə qayıdacağ və onda səninlə danışacağam. Atanı belə güclü incitməyə qadir olduğunu heç vaxt fikirləşməzdim!
Qorxudan daşa dönmüş Anelkanı geridə qoyaraq, kolyaska onun verdiyi işarə ilə tərpəndi.
“Səninlə danışacağam!” Ilahi, nə isə olacaq…
Maqda daxmanın astanasına yüyürdü və ordan dalınca Karusikin götürüldüyü və uzaqlaşan kolyaskanın ardınca narahatlıqla baxdı.
– Əlvida, Maqda! – Anelka əl yelləyərək, belə dedi. – Yəqin, bura gəldiyimə görə möhkəmcə danlanacam.
O, hasara tərəf qaçdı, dəlikdən keçdi və tez kolluqda qeyb oldu. Karusik onun ardınca cumdu, Maqda isə onların dalınca hərəkət etdi.
O “möhkəmcə danlanmağ”ın nə demək olduğunu əla başa düşür və ən azından, yeni rəfiqəsinə nə olacağını öyrənmək istəyirdi. Ehtiyatla hasara yaxınlaşdı və barmağını dodaqlarına sıxaraq, gah dinşədi, gah da ehtiyatla bağa nəzər saldı. Amma ora daxil olmağa cəsarəti çatmırdı.
Bu məqamda daxmanın qarşısında iri boylu, ayağı yalın, sinəsi açıq köynəkdə olan bir kişi peyda oldu. O hər iki əlini qoltuğuna soxaraq, dayanmış və gah gözdən itən ekipaj tərəfə, gah arxasında Anelkanın yox olduğu parkın barısına, gah da malikanənin dam və borularına baxırdı.
– Pan uşağı, – deyə mızıldandı. Daha bir qədər dayanaraq, daxmaya qayıtdı.
Anelka çırpınan ürəyilə evə yaxınlaşdı. Bu gün onun tam iki məyusluğu olmuşdu: birincisi, bu qədər gec-gec gördüyü atasını acıqlandırmışdı, ikincisi, mürəbbiyənin kefini möhkəmcə pozmuşdu.
Atası ilə danışıqdan yaxşı heç nə çıxmayacaq! Panna Valentina, yəqin, onunla bir olacaq, anası daha güclü xəstələnəcək…