Болеслав Прус – Keçmişdən gələn səslər (страница 17)
Vicdanlı qadının pozğuna qarşı belə ikrah partlayışından sonra isə özü üçün onunla aparmaq lazım gələn təsirli və hətta sarsıdıcı mübarizə mənzərəsini, zəiflik anlarını və son qüvvələrini toplayaraq, nail olduğu qələbəni çəkirdi. Panna Valentina belə arzulayırdı və mübarizə, məğlubiyyətlər və qələbələr yanğısındaydı. Bədbəxtlikdən, görünür, (artıq pul işlərindən danışmayaraq), nahar, istirahət, siqarlar pan Yanı daha çox məşğul edirdi və elm kahininə mübarizə, qadın zəifliyinin aşkara çıxması və zəfərlər üçün heç bir əsas vermirdi.
Panna Valentina belə xülyaların təsiri altında özünü yetəri qədər qəribə aparırdı. Bəzi günlərdə nahar üçün çölə çıxmırdı. Bir dəfə şam vaxtı öz gözəlliklərini böyük mis samovarın arxasında inadla qapayırdı. Tez-tez bütün gecəni səhərə kimi işığını söndürmürdü və kimisə köməyə çağırıb-çağırmamaq sualını ciddi şəkildə fikirləşirdi. Bütün bunları pan Yanın biganəlik və susqunluğu arxasında iyrənc niyyətlərin gizləndiyinə səmimi inamla edirdi və öz kasıb təxəyyülünü işə salaraq, onun hücumunun mümkün nəticələrini tapmağa çalışırdı. Hücumun olacağına son quruşlarına lotoreya bileti alaraq, ən iri uduşun ona çatacağına inanan kasıb çəkməçi qədər qaynar şəkildə inanırdı.
“Bu necə olmaya bilər?” – deyə fikirləşirdi.
Bu arada pan Yan mülkün əlindən sürüşüb çıxdığı nəticəsinə gələrək, hər halda, Anelkanı mürəbbiyədən məhrum etməmək qərarına gəldi. O, üç aya görə ödənməmiş maaşı tezliklə alacağını və irəlidə ona səliqə ilə ödəyəcəklərini, sonra da, həyatlarındakı mümkün dəyişikliklərə və hətta müvəqqəti çətinliklərə baxmayaraq, Anelkanı buraxmamağı xahiş etməyi panna Valentinaya izah etmək niyyətində idi.
Məhz Anelka Qayda ilə danışmaqdan ötrü parkın çərəri arxasına qaçdığı vaxt panna Valentina ona hansısa yeni dərs verməyi fikirləşdi və onu axtarmağa getdi. O, nohuru dolandı, şabalıd ağacının altına baxdı və nəhayət, şagirdini ucadan çağırmağa başladı:
– Anelka! Anelka!
Anelka aşkara çıxmadı, amma onun əvəzinə təəccüblənmiş mürəbbiyənin baxışları qarşısında pan Yan peyda oldu. Ona tərəf rəvan yerişlə, adətən, borclunun vaxtında ödəyə bilməyəcəyini, yaxud yeni borc barəsində xahiş bildirməsindən əvvəl gələn salamlayıcı və melanxolik təbəssümlə gəlirdi.
Lakin panna Valentina bu təbəssümü tamamən başqa cür anlayaraq, möhkəm qorxdu. Ətrafa nəzər saldı: onlar pan Yanla birlikdə bağın baxımsız küncündə, nohurun üstündə tək idilər.
Mürəbbiyə titrədi. Sifətində həmişəkindən kəskin şəkildə irəli çıxan əzələləri nəzərə çarpdı. O, bu pozğun üstünə atılarsa, ölmək qərarına gəldi . Yox, əgər onun ayaqlarına düşsə, necə eləsin? Hələ bunu bilmirdi.
– Panna Valentina, – deyə pan Yan səsinə melodiklik verməyə çalışaraq, başladı – artıq bir neçə gündür ki, sizinlə danışmağa təsadüf axtarıram…
– Bu mənə məlumdur! – mürəbbiyə məhvedici şəkildə ona baxaraq, ucadan və xırıltı ilə hay verdi.
– Məlumdur? – deyə pan Yan soruşdu və panna Valentinaya damarlarındakı qanını donduran baxış ataraq, yaxına addımladı.
– Yaxınlaşmayın! Sizə qadağan edirəm…
– O niyə? – deyə pan Yan fasilə ilə soruşdu.
– Yaxınlaşmayın! Indi hər şeyə qərar verə bilərəm! – O ucadan quruldayaraq, onların uca səslərindən qorxmuş qurbağaların tullandığı bataqlıqlaşmış nohura baxdı.
– Sizə nə olub, panna Valentina?.. Doğrusu, heç nə başa düşmürəm! – pan Yan tam anlaşılmazlıqla belə dedi.
Mürəbbiyə bu sualda öz qələbəsinin sübutunu gördü, amma qələbə hədsiz tez göründü və onu az sevindirdi. Qan başına vurdu və panna Valentina sanki sadiq Saturninin söyüdlüyün arxasında gizlənərək, onu dinlədiyini xəyal etməklə, ilhamlı nitq irad etdi:
– Hələ mənə nə olduğunu soruşmağa cəsarət də edirsiniz? Bu sizə aydın deyilmi? Siz ədəbli qadın üçün onun şərəfinin nə bildirdiyini başa düşmürsünüz? Sizə nifrətimə bu qədər sübutlardan sonra hələ də məni başa düşmürsünüz?
– Ancaq, icazə verin… fikirləşin, pani…
– Mən yetəri qədər fikirləşmişəm! – mürəbbiyə hirslə onun sözünü kədi. – Siz hətta mənim kimi adam üçün öz borcuna sadiq qalmağın asan olduğunumu güman edirsiniz? Bu, mübarizəsizmi başa gəlir? O, siz necə də səhv edirsiniz! Bunu sizə cəsarətlə deyirəm, çünki mübarizə məni möhkəmlədib. Borcun mühakimə və şüuru qanın səsini boğub, siz isə…
– Panna Valentina, siz çaşırsınız!
– Sizin niyyətləriniz sarıdanmı? Xeyr!
– Amma mən istəyirdim…
– Sizin kefinizlə nə işim var! Mən müstəqil qadınam və özümün…
– Mənə deməyə imkan verin…Yalvarıram…
– Bu hiylə də mənə tanışdır! Siz yüngül qələbəyə ümid etmədiyiniz yerdə onu həmişə işə salırsınız…
– Lənət şeytana… Sizin ağlınıza nə gəlib? Doğrudanmı fikirləşirsiniz ki…
– Sizin yanıma zamanında yazıq Zofyanı evinizdən getməyə məcbur etdiyiniz kimi iyrənc təkliflə gəldiyinizi fikirləşirəm…
– Kifayətdir, əzizim! – pan Yan artıq hirslənərək, onun sözünü kəsdi. – Acıdığınız Zofya, əvvəla, ev qulluqçusu idi…
– Ha-ha! – panna Valentina faciəvi şəkildə güldü. – Bizim dairənin adamları üçün mürəbbiyə ev qulluqçusundan azca yuxarıdır. Siz hamıya elə baxırsınız ki…
Pan Yan tamamilə özündən çıxdı:
– Bağışlayın! Siz Zofyanın gənc və gözəl olduğunu unudursunuz… Sizinlə isə heç də gənclik və gözəllikdən deyil, … qızım barəsində danışmaq istəyirdim.
Panna Valentina hər iki əlilə başından tutdu və sərxoş kimi ləngər vurdu. Bir dəqiqə sonra o yaralı ilan gözlərilə pan Yana nəzər saldı və fışıldadı:
– Mənə at vermənizi xahiş edirəm. Indicə bu evdən gedəcəyəm!
– Lap dünyanın o başına gedin, yolunuz açıq olsun! – deyə son ümidlərindən birinin də belə axmaq şəkildə dağılmasından quduzlaşmış pan Yan qışqırdı.
Bəli, hətta ürəklər yaralayan şöhrətinin də insanın ziyanına işlədiyi hallar olur!
Panna Valentina bağla elə sürətlə qaçırdı ki, kola ilişərək, paltarının büzməsini cırdı. Yuxarı, öz otağına cumaraq, başını qollarının üstünə əydi və hönkürdü.
Vəziyyət dəhşətli idi. Əlbəttə, panna Valentina zorbazoru biabır etmək və qız şərəfini müdafiə etmək istəyirdi, amma hesabını hər şeyin ən ləyaqətli və nəcib şəkildə baş verəcəyinə götürmüşdü. Yoldançıxarana davranışının nə qədər mənəviyyatsız olduğunu və onu hansı uçuruma itələmək istədiyini izah edərək, ciddi qaydalar qadını olduğunu və borc yolundan çıxanlardan olmadığını sübut edərək, sonunda … bağışlamaq niyyətində idi.
“Heç vaxt sizin sevgiliniz olmaram, – sonda belə demək istəyirdi, – lakin sizə dost və bacı ola bilərəm”.
Utanc və itaətlə dinləməli olduğu bu sözlərdən sonra isə onun evində qalar, Anelka və hətta onun xəstə arvadı ilə daha səylə məşğul olar, gəlir-çıxarı yazıya alar, anbar və mətbəxi idarə edərdi. Əlbəttə, yalnız darıxmış Saturnin Anna xalanın məsləhəti ilə ona təklif edənə qədər.
Bəli, əgər onun işi nəcib insanla olsaydı, belə bir çıxış yolu ola bilərdi. Pan Yan isə əsl əclaf çıxmışdı və onun ən gizli fikirlərini dinləyərək, öz niyyətlərini inkar etməyə qərar vermişdi. Ah, o öz hövsələsizliyinə necə də heyfslənirdi! Təmiz qəlbdən gələn bu səmimiyyət partlayışı onu necə də pis vəziyyətə qoymuşdu! Pan Yana öyüd-nəsihət vermək əvəzinə, əvvəlcə onun nə deyəcəyini dinləmək daha ağıllı olmazdımı? Onun etiraflarına soyuq təbəssüm və istehza ilə cavab vermək daha yaxşı olmazdımı?
Onu gənc və gözəl olmayan adlandrması panna Valentinaya təsir etmirdi. O sarıdan o heç bir illyuziya bəsləmirdi. Lakin pan Yanın onu özü-özünə qoyduğu tələdə tutması onu cinləndirirdi. Qadın kimdəsə təhlükəli yoldançıxaran görə bilər, ancaq onun bunu öyrənməsi xoş deyil, daha xoş olmayanı isə onun təəccüb rolu oynaması, öz iyrənc niyyətlərini inkar etməsidir.
Panna Valentina yuyundu, darandı, üstünə odekolon səpdi və daxili titrəyişini böyük iradə səyilə tutub saxlayaraq, aşağı, pan Yanın arvadının yanına getdi.
Xəstə bu gün həmişəkindən sakit idi və hansısa romanı oxuyurdu. Yanında hündür stulda, həb qutusu ilə oynamaqla, Yuzek əyləşmişdi.
Panna Valentina əlini masaya dirədi və gözlərini aşağı salaraq dedi:
– Mən vidalaşmağa gəldim. Bu gün… indicə sizdən gedirəm.
Xəstə ona baxdı, təəccübdən hətta ağzını araladı, sonra səhifəyə nişan qoydu və bir əlindən əlcəyini çıxardı – pani evdə də əlcək gəzdirmək adətinə malik idi.
– Que dites-vous, mademoiselle (Nə danışırsınız, mademuazel)? – deyə yad səslə soruşdu.
– Bu gün sizdən gedirəm.
– Ancaq bu nədir? Siz məni qorxudursunuz… Nə baş verib? Siz kiminsə xəstəliyi… yaxud ölümü xəbərinimi almısınız? Ya da bəlkə, xidmətçilərdən kimsə sizi incidib?
Bu dəqiqədə Anelka otağa daxil oldu.
– Angelique, as-tu ofense mademoiselle Valentine (Andjelika, sən mademuazel Valentinanı nə iləsə incitmisənmi)? – deyə anası ondan soruşdu.
– Bilmirəm, ana… Panna Valentina məni çağıran kimi, dərhal gəldim, – Anelka özünü itirərək, belə cavab verdi.
– Ah səni, nəzakətsiz qız, – deyə anası hirsləndi. – Demande pardon a mademoisella Valentine (Mademuazel Valentinadan üzr dilə)!
– O heç nədə günahkar deyil! – müəllimə qahmar çıxdı. – Məni bu evdən başqa bir şəxs sıxışdırıb çıxardı…
– Deməli, ərim? Yas?
– Pani! – deyə Valentina gərginliklə səsləndi. Məndən heç nə barədə soruşmayın. Yalvarıram! Mənə sonuncu lütfünüzü göstərin – mənə mümkün qədər tez at vermələri göstərişini verin… Əlvida…
O, ardınca da Anelka çıxdılar.
–Doğrudanmı, bizdən getmək istəyirsiniz? – qız mürəbbiyəni haqlayaraq, heyrətlə soruşdu.