реклама
Бургер менюБургер меню

Бенджамин Франклин – Bencamin Franklin – avtobiografiyası (страница 4)

18

Mən çox istəyirdim ki, nitqimi yaxşılaşdırım və səhv etmirəmsə, Qrinvudun ingilis qrammatikası əsəri ilə tanış oldum. Kitabın sonunda ritorika və məntiq sənəti haqqında iki oçerki oxudum. Axırıncı oçerkdə Sokrat metodundan bəhs edilirdi. Az sonra isə Ksenofontun9 «Sokrat haqqında xatirələr» kita-bını tapdım ki, orada bu metoddan istifadə etməklə müxtəlif misallar göstərilirdi. Mən bu metoda məf-tun olmuşdum və onun tətbiqinə başladım; artıq nə inkardan istifadə edir, nə də pozitiv arqumentlər gətirməklə məşğul idim, sadəcə, bəzən itaətkarcasına suallar verirdim. Bundan başqa, Şeftsberi və Kollinzi oxuduğumdan, skeptikə çevrilmişdim, – onsuz da bizim dini doktrinalara skeptik yanaşırdım – və belə bir nəticəyə gəlmişdim ki, bu, özüm üçün ən təhlükəsiz, əleyhinə işlətdiyim müsahiblər üçünsə kifayət qədər karıxdırıcı bir metoddur; buna görə bu metoddan ləzzət alırdım, fasiləsiz onu təcrübədən keçirirdim və kifayət qədər ağıllı adamların, nəticəsini əvvəlcədən görə bilməyəcəkləri səhvlər etməsinə nail ola bilirdim; bu zaman onlar çıxılması çətin olan vəziyyətə düşürdülər; bu üsulla nə özümün, nə də müdafiə etdiyim tezisin əsla layiq olmadığı qələbələr qazanırdım.

Bu metoddan bir neçə il istifadə etdim, lakin zaman keçdikcə mübahisə predmeti ola biləcək mövzular haqqında «əlbəttə», «şübhəsiz» kimi sözlər işlətməkdən imtina edərək, fikrimi – «mənə elə gəlir ki, bu məsələ .... cürdür» və ya «.......səbəbdən belə demək olar ki…», «səhv etmirəmsə, onda....» kimi formalardan istifadə etməklə təvazökarcasına bildirmək vərdişini saxladım. Bu vərdiş sonralar, insanları haqlı olduğuma inandırmaq və ya hansısa bir işi etmək üçün onların razılığını almaq lazım gəldikdə, dəfələrlə işimə yaradı. Hər bir söhbətin əsasında digərlərini öyrətmək və ya özün öyrənmək, kiməsə zövq vermək və ya kimisə inandırmaq durursa, mən istərdim ki, yaxşı niyyətli insanlar özlərinin əsaslı dəlillərinin qüvvəsini, danışıqlarına təkəbbürlülük, lovğalıq çalarları verməklə azaltmasınlar; bu danışıq üsulu, demək olar ki, həmişə, dinləyicilərdə nifrət hissinin yaranmasına səbəb olur, onları qərəzkarlığa kökləyir, bir sözlə tamamilə əks nəticələrə gətirib çıxarır. Əgər siz digərlərini öyrətmək istəyirsinizsə, fikrin doqmatik, bir mənalı sərt dillə çatdırılması əks təsirə səbəb ola və sizi axıra qədər dinləməyə maneçilik törədə bilər. Əgər siz başqalarından bilik almaq istəyirsinizsə, özünüzün indiki baxışlarınıza sadiqliyinizi bəyan etməməlisiniz; mübahisələri sevməyən təvazökar və dərrakəli insanlar yəqin ki sizə öz yanlış fikrinizlə qalmağa imkan verəcəklər. Əgər siz öz ədalarınızdan əl çəkməsəniz, çətin ki, dinləyicilərinizə xoş təəssürat bağışlayasınız və ya kimisə inandıra biləsiniz ki, sizə dəstək versin və ya sizinlə həmrəy olsun. Poup haqlı olaraq deyir:

Elə öyrət ki, öyrətdiyin hiss edilməsin, Tanış olmayanısa yaddan çıxmış kimi de.

Onun digər məsləhətləri də var:

Qətiyyətli, amma hiss ediləcək təvazökarlıqla danış.

Fikrimcə, bunu daha az uyğun gələn sətirə bir-ləşdirilmiş dıgər sətirlə birləşdirmək olardı:

Təvazökarlığın qıtlığı – ağlın qıtlığının göstə-ricisidir.

Digər sətrin niyə daha az uyğun gəldiyini soruşsanız

Nəzakətsiz sözləri heç nə ilə bağışlamaq olmaz,

Çünki təvazökarlığın qıtlığı – ağlın qıtlığının göstəricisidir iqtibasını gətirəcəyəm.

Məgər ağlın azlığı (bu məsələdə adamın bəxti gətirməyibsə) təvazökarlığın azlığı üçün müəyyən üzr deyil? Bu sətirləri belə oxumaq daha düzgün olmazdımı:

Nəzakətsiz sözlərə yalnız təvazökarliğin qıtlığının – ağlın azlığının göstəricisi olması ilə bəraət qazandırmaq olar.

Lakin bu məsələdə son qərarı daha səriştəli şəxslər verə bilər.

Qardaşım 1720 və ya 1721-ci ildə qəzet nəşr etməyə başladı. Bu, Amerikada çıxmağa başlayan ikinci qəzet idi və «Nyu-İnqlend kurant» adlanırdı. Onun yeganə sələfinin adı «Boston nyus-letter» idi. Yadımdadır, bəzi dostları qardaşımı bu işdən əl çəkməyə çağırırdılar. Hesab edirdilər ki, bu ümidsiz bir işdir, belə ki, Amerika üçün bir qəzet tamamilə kifayətdir. Hazırda, yəni 1771-ci ildə, onların sayı iyirmi beşdən az deyil. O, hər halda, bu işə başladı; mən növbəti nömrəni yığıb çapa verdikdən sonra qəzetləri abunəçilərə çatdırmalı idim. Onun tanışları arasında istedadlı adamlar çox idi və onlar əyləncə xatirinə onun qəzeti üçün kiçik əsərlər yazırdılar ki, bu da qəzetin nüfuzunun və ona tələbatın artmasına səbəb olurdu. Bu centlmenlər tez-tez bizə baş çəkir-dilər. Onların əsərlərinin uğurları haqqında eşidəndən sonra, səbirsizliklə özümü bu sahədə sınamaq istə-yirdim. Lakin hələ balaca olduğumdan qorxurdum ki, qardaşım öz qəzetində müəllifi olduğum yaradı-cılıq nümunələrini çap etməsin. Bu səbəbdən də, xəttimi dəyişərək yazdığım anonim əsəri gecə ikən xəlvəti mətbəənin qapısının altına qoydum. Səhər əsər «tapıldı» və həmişəki kimi mətbəəyə gələn dostların mühakiməsinə verildi. Onlar mənim yanımdaca yazımı təhlil etdilər və onların tərifindən böyük ləzzət aldım; onlar yazının müəllifini tapmağa cəhd edərək, ağlı və alimliyi ilə seçilənlərin hamısını sadaladılar. İndi hesab edirəm ki, münsiflər sarıdan bəxtim gətirmişdi və onlar fikirləşdiyim qədər də böyük bilici deyildilər. Belə başlanğıcdan ruhlanaraq, daha bir neçə əsər yazıb, eyni üsulla çapa göndərdim və onlar da təqdir edildi. Sirrimi bu növ əsərlər yazmağa olan xırda təbim tükənənə qədər saxladım; həqiqəti açandan sonra isə qardaşımın tanışları mənimlə bir qədər daha artıq hesablaşmağa başladılar.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.