18+
реклама
18+
Бургер менюБургер меню

Азиза Джафарзаде – Tanıdıqlarım və sevdiklərim xatirələrimdə (страница 2)

18

Həyatımda Səməd Vurğun kimi nurani, xeyirxah, gözəl insan görməmişəm, desəm, yanılmaram. Onun təklifilə Yazıçılar İttifaqına üzv qəbul olunmuşam. İlk kitabımın çapdan çıxması xəbərini də müjdə kimi Səməd Vurğun mənə çatdırıb.

Bir dəfə ölümcül xəstələnmişdim. Hiss edirdim ki, sonumdur. Rəhmətlik Ənvər Əlibəyli qonşumuz idi, bunu Səmədə çatdırdı. Səməd eşidib bərk həyəcanlanmışdı. O zaman Ədəbiyyat Fondunun sədri Kabakov deyilən bir rus idi. Səməd hirslənib demişdi: “Kabakov Moskvada pürrəngi çay içir, Əzizə isə burada ölür”. O, təcili 500 manat pul və öz maşını ilə doktor Veysovu yanıma göndərdi. Məni xəstəxanaya apardılar, ölümdən qurtardım.

Səməd Vurğunla heç yol yoldaşı olmusunuzmu?

Bəli! Doktorluq dissertasiyamın mövzusunu Moskvada təsdiq etdirib Bakıya qayıdırdım. Təyyarədə Səmədi də gördüm, yanaşı oturduq. Çox yorğun idi. Və birdən, “Qız, bir bayatı de” (çoxlu bayatı, qoşma, təcnis əzbərlədiyimi bilirdi) – deyə mənə müraciət etdi. O dediyim bayatı indi də yadımdadır:

Süsənbər suda səni,

Saxlasın Xuda səni.

Əlacım ona qalıb,

Görüm yuxuda səni.

Səməd Vurğun dedi ki, cinas kəlmələri işlətmək şeirdə böyük məharət tələb edir. Üç söz tapmışam, bunları mütləq şeirdə işlədəcəyəm: ürək dayandı, ürəkdə yandı, ürək də yandı.

Bir sözlə, Bakıya qədər şeirləşdik.

Bəs Mehdi Hüseyni necə xatırlayırsınız?

Mehdi Hüseyn şəxsiyyət idi həm yazıçı, həm də insan kimi. Yaradıcılığı ilə insanlığı arasında uçurum yox idi. Son dərəcə zabitəli və ciddi, həm də mehriban və qayğıkeş idi. Olurdu ki, aramızda nəsə xırda bir inciklik və anlaşılmazlıq baş versin, amma tez sovuşub keçirdi.

Bir dəfə (deyəsən, 46-47-ci illər idi. O, kinostudiyanın direktoru, mənsə ssenari şöbəsinin müdiriydim) məni çağırıb dedi ki, qız, yanında pulun varsa, mənə bir otuz manat ver. Onda vəziyyət çox ağır idi. Çıxarıb verdim. Dedi ki, evə gedirəm, qoy Fatma (yoldaşı) bilməsin, cibimdə pul yoxdur.

Mən – onun qələm yoldaşı eybi yox, amma həyat yoldaşı bunu bilməməlidir. Kişi qeyrəti buna yol vermirdi.

Ötən illərə boylananda daha kimlər yadınıza düşür?

Vallah, elə günüm olmur, Süleyman Rüstəmi, Rəsul Rzanı, Əbülhəsəni, Sabit Rəhmanı, Mir Cəlalı, Mirzə İbrahimovu xatırlamayım. Bu şəxsiyyətlər XX əsr Azərbaycan ədəbiyyatının sönməyən ulduzlarıdır.

Rəsul Rza romanlarım haqqında məqalələr yazıb, böyük məhəbbətlə təbliğ edib. Əbülhəsən həm gözəl yazıçı, həm də duzlu-məzəli bir kişiydi. “Əzzim, əzzim” kəlməsi dilindən düşməzdi. Çox təəssüf eləyirəm ki, onun da 90 illik yubileyini keçirmək kimsənin yadına düşmədi.

BİR AÇIQLAMA: Əzizə Cəfərzadə çağdaş Azərbaycan nəsrində öz yeri, mövqeyi olan yazıçıdır. O, “Aləmdə səsim var mənim”, “Yad et məni”, “Vətənə qayıt”, “Sabir”, “Bakı-1501”, “Zərrintac”, “Cəlaliyyə” tarixi romanlarının müəllifidir. Bu romanlar Azərbaycan xalqının tarixini, adət-ənənələrini, məişətini öyrənmək, dərk etmək baxımından böyük əhəmiyyətə malikdir. Əzizə xanımın “Gülüstandan öncə” romanı da yenicə nəşr edilib. Bu roman da tarixi səpgidədir. Yazıçı mötəbər tarixi mənbələr əsasında sübut edir ki, Azərbaycanın iki yerə parçalanması 1813 və 1828-ci illər müqavilələrindən əvvəl 1805-ci ildə Kürəkçay sahilində İbrahimxəlil xanla Zaqafqaziyadakı rus ordusunun baş komandanı Sisianov arasındakı müqavilədən başlanıb. Ruslar ayrı-ayrı Azərbaycan xanlarını, beləcə, bir-birindən təcrid edərək onları rütbələrlə şirnikləndirmiş, nəticədə, böyük Vətən içəridən parçalanmaya məruz qalmışdı.

Əzizə xanım həm də klassik ədəbiyyat bilicisi və araşdırıcısıdır. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani – Sünbülüstan”, “Hər budaqdan bir yarpaq” və s. kitablar gərgin zəhmətinin bəhrəsidir. Mən onun ictimai fəaliyyətindən də söz aça bilərəm. Əzizə xanım uzun müddət Azərbaycan Qadınlar Cəmiyyətinin sədri olub, neçə xarici ölkədə Azərbaycanı təmsil edib.

– Əzizə xanım, son illərdə Sabiri, Mirzə Cəlili inkar eləyənlər tapılıb. Sübut eləmək istəyirlər ki, Sabir və Mirzə Cəlil bu xalqın milli ruhunu ayağa qaldırmaqdansa, ona qəhrəmanlıq “dozası” aşılamaqdansa, mənliyini təhqir edib, alçaldıblar. Gərək bu sənətkarlar tənqid və ifşa yolunu tutmayaydılar, qəhrəmanlıq himnləri, fəxriyyələr qələmə alaydılar.

Bu, ən azı nadanlıqdır. Sabir də, Mirzə Cəlil də əsrin o başından bu başına va hətta gələcəyimizə də işıq saçan dahilərdir. Onlar milləti sevmək və ayağa qaldırmaq üçün tənqid, islah yolunu seçmişdilər. Yeri gəlmişkən, deyim ki, inkarçılıq bütün dövrlərdə olub, istər ictimai-siyasi sahədə, istərsə də mənəviyyat aləmində. İranda olanda mənə dedilər ki, sizdən bir alim gəlmişdi, Cəfər Cabbarlını inkar edirdi. Dəhşətli deyilmi? Məsəl var, deyir, şeytan səndən əl çəkir, sən əl çəkmirsən.

Əgər tənqidə qalsa, onda gərək ruslar Qoqolu ədəbiyyatdan çıxdaş edəydilər. O millət ki özünün eyiblərini görür, bunu aşkara çıxarır, deməli, qüvvətli millətdir. Lakin son illərdəki açıq-saçıq, bir-birinin şəxsiyyətini, mənliyini ayağa salan “tənqid”lə əsl, sağlam tənqid arasında zəmin-asiman fərq var. Əsl tənqid intibah ruhunda olur ayıldır, ayağa qaldırır. Onda sən mənliyini dərk edirsən, mübarizəyə səfərbər olursan.

Əzizə xanım, ötən ilin son bazar günü – dekabrın 29-da 75 yaşınız tamam oldu. Bir qədər geciksək də, sizi “Panorama” qəzetinin bütün oxucuları adından təbrik edirəm. Allah Sizin bu müdriklik yaşınızın üstünə bir bu qədər də yaş artırsın. Qoy sonuncu sualı da verim: Siz xalqımızın güvənc yeri olan yazıçılarımızdansınız. Necə bilirsiniz, bu çətin, ağır günlər çoxmu davam edəcək?

Təbrikə görə çox sağ olun! Mən də bu məmləkətin bir övladı, bir ana kimi əldə etdiyimiz müstəqilliyə ürəkdən sevinirəm. Bu müstəqilliyi illər boyu gözləmişəm. Biz onu qorumalıyıq. Şəxsən mən gələcəyə ümidlə baxıram. Əgər bircə gün, lap bircə saat bu inam qırılsa, yaşamaram.

Bakı, 8 yanvar 1997

Qırx ilə bərabər dörd il2

Yenə də açıldı xatiratımın

Baharı andıran gül dodaqları…

Çoxdan, hələ II Dünya müharibəsindən əvvəl gözəl müəllim və insan, əsl sənətkar aktyor Kazım Ziyanın Xalq şairi Süleyman Rüstəmdən mənə – biz tələbələrinə əzbərlətdirdiyi “Xatiratım” şeirindən bu misralar yaxınlarda yenə yadıma düşmüşdü. Təsadüf elə gətirdi ki, həmin vaxt mənə zəng elədilər. Dedilər ki, Ağsu rayonu haqqında kitab buraxacağıq və siz də orada Çaparlı sovetliyində işləmisiniz, xatırladığınız bir şey varsa, mütləq yazın.

Yəni unutmuşam ki, xatırlayam da? Çaparlıda acılı-şirinli elə günlərim olub ki! Vəsfə gəlməz. Şair olsaydım, poema həsr edərdim o günlərə…

Yaxşı yadımdadır. Müharibə başlanandan bir az sonra qızları da səfərbərliyə almağa başladılar. Amma kəndlərdə və elə şəhərlərin özündə kişi müəllimlər müharibəyə yollandıqlarından məktəblərdə müəllim çatışmırdı. Odur ki, qızların içərisindən nisbətən müəllimliyə yararlı, savadlı olanları əsgərliyə aparmır, kənd məktəblərinə təyin edirdilər. Mənim baxtıma da Kürdəmir rayonu düşdü. Ora yollandım. Əlbəttə, anam məni tək buraxmayacaqdı.

Kürdəmirdə Maarif şöbəsində məni ömrümdə adını eşitmədiyim Çaparlı sovetliyi yeddiillik məktəbinə rus dili müəllimi təyin etdilər. Rus dilini o zaman yaxşı bilirdim. Məktəbdə isə müəllim yox imiş. O zaman Kürdəmirdə anamın Ağalarbəyli və Curuxluda Əlyarbəyovlar ailəsindən qohumları yaşayırdı. Onlar məni Çaparlıya apardılar. Çaparlı kəndi Kürdəmirə baxırdı. Hələ Ağsu rayonu təşkil olunmamışdı. Beləliklə, 1942-1943-cü dərs ilində sentyabrın birindən başlayaraq Kürdəmir rayonu Çaparlı yediillik məktəbində rus dili müəllimi kimi fəaliyyətə başladım. 1943-cü ildən – Ağsu rayonu təşkil olunandan sonra Kürdəmirlə əlaqəmiz kəsildi. Daha maaş, hansısa maarif işi, məktəbin tələbatı, iclas və s. üçün Kürdəmirə getməli olmurdum. Çünki gələn kimi məni dərs hissə müdiri, az sonra isə məktəbin direktoru təyin etdilər. Hər ay Kürdəmirə getmək zəhmətindən azad oldum. Amma hər halda Çaparlı kəndindən Ağsuya getmək özü də mənimçün çətinlik yaradırdı. Axı onda nə maşın, nə avtobus, nə trolleybus, nə də tramvay vardı. Bazar günləri bütün qadınlar bazara pay-piyada gedirdilər. Hərəsi o ağır, o aclıq illərində balalarının boğazından kəsib yığdığı beş yumurtanı, yarım girvənkə yağı… eh… Yada salanda və indi torpaqlarımızın əlimizdən çıxdığı bu illərdə o dolu bazarları görəndə gözlərim dolur. Ay yazıq arvadlar! Ərlər müharibədə, qardaşlar, atalar, oğullar gedib. Evin, uşaqların, bütün təsərrüfatın qayğıları anaların çiynində, hələ pambıq yığımı!.. Kimin həddi vardı ki, xəstələnə, ölüsünə üç, yeddi saxlaya? Toy üzü görmədim Çaparlıda. Pambıq yığımına biz müəllimlər də uşaqlarla birlikdə gedirdik. Cəhənnəm əzabı çəkirdi analar, qız-gəlinlər. Obaşdan durub lap kiçiklərçün yeməyə bir şey hazırlayır, balaca bağlamasına bir az şor-çörək qoyub tarlaya qaçır, yalnız hava qaralanda, itlə qurd seçilmədən deyərlər, o vaxt işdən qayıdardılar. Çörəklərini tarlanın çökəklərinin qırağına, arxın üstünə süfrə açıb yeyirdilər. Xırda körpəsi olanlar qundağı arxın qırağında, ya da çökəklərin birində uzandırar, “yatırdar”. O zamanlar Çaparlıda bircə ağac da yox idi, kölgəsinə uşaq qoyasan. Ağlayanda südsüz döşünün kitrəsini uşağa əmizdirir, ac körpə anasının damarlarından qanı sorurdu, elə bil. Qaranlıqda qayıdanda kəndin gözəlləri, elə təmizlik, səliqə sevən qadınların hamısı başlarını ya ayranla (Eh… ayran olanda uşaqlara dovğa bişirirdilər), daha çox gilabı çoğan3 – nə tapsalar, bir aftafa su qızdırıb başlarını yuyur, ev-eşiyi yığışdırmağı unutmurdular. “Yorğunam” deyən, yorğunluğa baxan kimdi? Pambıq vətənin xilasıyçün bir nömrəli plan hesab olunurdu. Təkcə bunlar olsaydı, nə vardı ki? Bəs vergilər? İndi inanmazlar, amma toyuğun oldu-olmadı, yumurta, qoyunun oldu-olmadı, yun, qaramal heyvanın var-yox, ət, inəyin oldu-olmadı, yağ vergisi verməliydin. Bəzən bu vergiləri yığmağa biz müəllimləri də cəlb edirdilər. Yunu olmayan döşəyini boşaldırdı. “Təki orada balalarımızçün yaxşı olsun”, – deyirdi hamı. Tank kalonlarına hər rayon, hər sədr, hər kənd tank almalıydı, bunun da pulunu çox vaxt biz müəllimlər yığırdıq. Əlbəttə, raykomun göstərişi, təklifi və tələbiylə. “Yox” demək az qala “hitlerçi” olmağa bərabərdi.