18+
реклама
18+
Бургер менюБургер меню

Азиза Джафарзаде – “Gülüstan”dan öncə (страница 3)

18

Sarayda elə gün olmurdu ki, kiminsə bu bəlalı dünyaya gəlməsi Şamaxı qaydası ilə “şəbbəxeyir”lərlə bayram edil-məsin və ya iki həsrət, iki arzu dolu ürəyi birləşdirən toy məclisi qurulmasın. Ya ov ovlamaq, quş quşlamaq olma-sın, dağların, meşələrin büllur havasını ciyərlərə çəkə-çə-kə zümrüd çəmənlikdə kabab süfrəsi açılmasın. Ya da sarayın geniş, dinclik, gözəllik dolu qonaq salonunda şeir, musiqi, rəqs meydanında sənət yarışı getməsin.

Dostlarından, qohumlarından ərki çatan Məhəmməd-səid xan ya Səlim xan, ya bir başqası Mustafa xandan söz düşəndə görərdin ki, gülə-gülə atmacalayırlar:

– Əyşi, onun evində gündə toydu, həftədə bayram. Baaax, şəbbəxeyirdi, sünnətdi, toydu… Ya qızı doğulur, ya oğlu. Ya özünə toy vurdurur, ya oğlunu sünnət elətdi-rir. Ya qızını ərə verir, ya oğluna toy eləyib gəlin gətirir… Başı kefdən, ovdan çal-çağırdan açılmır.

Elə bu gün də beləcə, xan demiş, “çal-çağır, şeir-musiqi” günlərindən biriydi. Bir neçə gün idi ki, xanlıqda bu məclisə hazırlıq gedirdi. Az qala bir toy hazırlığı kimiydi. Xanəndə Zaman Abutalib oğlu öz dəstəsiylə dağlara ün salmışdı, bu gün o, Şur üstündə türk şahzadə-lərindən Səfi təxəllüslü şair Səfiqulu Mirzənin, –Tutdu qəm leşkəri üz gəlməyə hamun-hamun, Qara bayraqlı ələmlər ucu gülgun-gülgun— beytilə başlayan qəzəlini ilk dəfə xanın qulluğunda oxuyacaqdı. Axsaq Hadının rəq-qasə dəstəsi “Zərqələm” – zər qız xanın babasının adıyla bağladığı “Əsgəri” havası üstündə xususi hazırlanırdı. Qızın zər gözəlliyi, zərif yerişi can alırdı.

Sarayın, eləcə də bütün Şirvanın o zamankı məşhur şairi və xanın ən yaxın müsahibi, məsləhətçisi, baş vəzir yerini tutan Kərbəlayı Arif Allahi, bu gün üçün satira şairi Kargər Əhmədi, Noxudludan Gülabi təxəllüslü şair dostunu, xanın katibi Mirzə Məhəmməd Səfaini, xanlığın tarixçisi şair Hacı Mirzə Əliəsgər ibn Hacı İbrahim Kəşfi-ni, xanın şəxsi dilmancı Mirzə Möhsunu yanına çağırıb yeni bir qəzəl beyti demişdi. Hamısından da o qafiyədə, o rədifdə, o mövzuda qəzəl yazıb xan qulluğuna – təntənə-li məclisə hazırlıqlı gəlməyi məsləhət görmüşdü, sonra da ustad Arifi demişdi: “Şair ağzı el ağzıdır”, qardaşlar! Əbəs deməyib bunu babalar. Nəşə, zövqü səfa öz yerində, amma xanın xoş saatında, qəzəlin, ya başqa şeirin bir yerində, ehmalca, eyhamla da olsa el-camaatın bir dərdi varsa, ona işarə eləmək də yaman olmaz. Məsələsinə arif insandır xan, hökmən duyar.

Kovxalar el yaylaqdan qayıdanda öz işlərini görmüş-dülər: Məlçək kovxası arabalarda üzlü baş pendir motal-ları, dərilərnən yağ, xanımlardan Nəfisə sultanın bəyəndi-yi küplər dolusu qovurma ət, yaylaq balı… Qozlu kovxası “qış muşqulatı” yükləmişdi arabalara: günəbaxandan tut-muş (filan xanım xoşlayır) bəkməzə, qovutaçan, Lahıc kovxası taylarla kababa ləzzət verən əla sumaq, əvəlik, nanə, çələmir, kəklikotu; Qəbələ qonağı: qoz-fındıq, şaba-lıd; Qubadan ağ alma, armud; Ağdaş kovxası heyva-nar, Bakıdan kök, möhüc, püskəndə, şirbədüşəndə, zincilfərəc; Pirəkəşküldən xüsusi şirin yemiş qurusu; Təbrizdən ləb-ləbi-kişmiş, darçın, zəncəfil, quluncan, badyan, zirə, raz-yana (Mələkxanım sultanım razyanalı plova aşiqdi), saq-qız (cariyələri də unutmayıblar), cövüz kimi əlvan, xuruş-lara dad verən ədviyyat gətirilmişdi.

Xanın dostlarından, qudalarından Muğanlı Məhəm-mədsəid xana, Şəki, Qarabağ, Bakı şeir pərəstişkarı rəfiq-lərinə xəbər verilmişdi.

Bu gün baharın 45-ci günündə məclis hazırdı. Böyük salon toy mağarı kimi bəzənmişdi. Havalar sərin keçdi-yindən sübhdən otağa közərmiş kömür dolu manqallar qoyulmuş, otaq bir qədər isidiləndən sonra, qonaqlar gə-lənə yaxın manqallar götürülmüşdü.

Məclisə kənardan gələn qonaqlar dünən atdan, dəvə-dən, arabadan enib, xüsusi otaqlarda istirahət edirdilər. Nökərlər tez-tez qonaq otağına girib-çıxır, səliqə-sahman yaradır, ipək, tirmə, məxmər, xalça üzlüklü döşəkçələr, dirsəkaltılar, söykənəcəklər qoyur, qəlyanları sahmanla-yırdılar. Öz işinin ustası aşbazlar təzəcə kəsilmiş quzuları gözdən keçirib, quzuplov, turacplov, kəklikplovlar üçün düyü süzür, dəmə vurub xuruş hazırlığına nəzarət edirdi-lər.

Məclisə hamıdan əvvəl Tağı bəylə Kərbəlayı Arif Al-lahi, onlarla dabanbasma Mirzə Möhsün, Mirzə Məhəm-məd Səfai, Kargər Əhməd, şair Gülabi gəldi. Qonşu otaq-larda xanəndə və rəqqasə dəstələri əmrə müntəzir gözlə-yirdilər.

Bir-birinin ardınca xanın yaxın qohumları: bacısı Kafiyə sultanın əri, xanın əmisi oğlu və daimi rəqibi Qa-sım xan, kiçik əmisi Ağarəzi bəy, qardaşları İsmayıl bəy, Haşım xan, Cəfər bəy, Abdulla bəy, Mehdi bəy, müdərris-lər, bəylər, ağalar və digər qonaqlar otağa daxil olub, hər kəs öz yerini tutdu. Məclisin arəstə olmasına lap az qal-mış xanlar içəri daxil oldular: Mustafa xan, Məhəm-mədsəid xan Muğanlı, Qasım xan…

Mustafa xan belə məclislər üçün münasib olan gen-bol qəba geymiş, çiyninə xəz əzəmi salmışdı. Başındakı hündür dəri papağın önə enən hissəsində üzü yuxarı iki durna teli üzərinə qiymətli daş-qaşlar nəsb olunmuş qızıl sancaq sancılmışdı. Yaşına görə bircə dən düşməyən sıx qaşları qəbzə-qəbzəyə çatılmış qoşa xəncər kimi burnu-nun üstündəki dərin qırışdan başlayıb gicgahlarınacan uzanmışdı. Boz birçəkləri və ağarmaqda olan saqqalıyla təzad təşkil edən bu sıx, uzun və qara qaşlar onun siması-na yaşına görə bir qədər gənclik ifadəsi verirdi. Bığları da bozarmışdı. Qismən qalın və qırmızı dodaqları bu bığlar-la uyuşmasa da, ehtiras üçün, busə üçün, mehriban, bə-zən də hökmlü sözlər söyləmək üçün, əmrlər vermək üçün yaranmışdı. Uca qamətini yorğunluq və yaşadığı il-lər belə əyə bilməyib, vüqarlı baxışlarının əzəmətini artı-rırdı. Bu əzəmət, bu vüqar sözsüz də, əmrsiz də qarşısın-dakılara itaət, ehtiram təlqin edirdi.

Hamı ayağa qalxdı. Əllər sinədə üst-üstə birləşdi:

– Səlamül-əleyküm.

– Və Əleyküməs-salam.

– Allah xana ömür versin.

– Həmişə belə məclislərdə görüşək.

– Xanzadələrin toy məclisində.

– İnşallah!

– Allah deyən olsun!

Xanlar yuxarı başda, Kərbəlayı Arif Allahi ilə Mirzə Möhsünün arasında qoyulmuş üç döşəkçəyə tərəf irəlilə-yə-irəliləyə sağdan, soldan baş əyib salamlaşan, xeyir-du-alı ağzını xeyirə açanlara təbəssümlə, əl hərəkətiylə, Şir-vanda dəb olan qaş-göz işarəsiylə cavab verirdilər:

– Sizinlə belə…

– Ömrünüz uzun…

– Sənin də balalarınçün…

– Amin!

Xanlar yuxarı başa keçib əyləşdilər. Ortadakı kimxa döşəyin üstündə Mustafa xan, sağında Kərbəlayı Arif Al-lahinin yanında Məhəmmədsəid xan Muğanlı, solunda Mirzə Möhsünlə yanaşı əmoğlu Qasım xan əyləşdi.

İlk öncə məclisi açmaq üçün xanın işarəsilə şair Kərbəlayı Arif Allahi sözə başladı:

– Necə ki, aqillər buyurublar, Şamaxı şəhəri qəribə dahilərə tərbiyə beşiyi olduğundan, misilsiz alimlər və şairlər və fəzilətli, ədəb və kamal sahibi insanları öz nazəndə, behişt misallı ağuşunda bəsləyib ərseyi-dünya-ya gətirmişdir. Belə ədibi-əcib üləmadan birinə həqir bən-dəniz Sansal1 qalasının xərabələrini ziyarət edəndə rast gəldim. O ərənimizə cənabın buyurduğu gözəl rəvayət-lərdən birini danışdı. Bu günlərdə xatırladım və xan həzrətlərinin izniylə qulluğunuza ərz etmək istəyirəm.

Məhəmmədsəid xan ağsaqqal mövqeyindən dilləndi:

– Buyur, buyur, şair… Elə ona yığışmışıq.

Mustafa xan da cavabı gecikdirmədi:

– Buyuracaqsan, Kərbəlayı… izindi.

Şairin süd bəyazı üzünə zəif qızartı çökdü. Əlini təzə-cə dən düşmüş saqqalına çəkib sözə başladı:

– Deyirlər ki, Həzrəti-Davud Əleyhüssalamın zama-nında bir gün Ağıl, Elm və Səhhət arasında mübahisə düşdü. Ağıl dedi: “İnsana ən gərəkli şey Ağıldır. Ağıl ol-masa, insan özünü idarə edə bilməyən gicəsula bir məx-luqa çevrilər”. Elm dedi: “Sən nə danışırsan? İnsana ən gərəkli şey Elmdir, bilikdir. Elm—bilik olmasa, adam tək-cə ağılla neyləyə bilər? Ağlı Ağıl edən bilikdir—Elmdir”. Səhhət mübahisəyə qarışdı: “Yox… hər ikiniz səhv edirsiz. İnsana mən hamıdan çox lazımam. Səhhət olmasa, Ağıl da, Elm də insanın nəyinə gərəkdi?” Mübahisə uzandı. Axırda davanı kəsmək üçün nəbilər nəbisi Həzrəti-Davud Əleyhissalamın qulluğuna üz tutdular. Hər üçü öz fikrini nəbiyə söylədi. Davud əleyhissalam mübahisəyə belə ye-kun vurdu, dedi: “Ey Ağıl, sən insana gərəksən, doğru-dur. Amma o zamanacan ki, tamah sənə qalib gəlməyə. Tamah ki, sənə üstün gəldi, ağıl zay olur”.

Məhəmmədsəid xan gülümsəyərək – “Ulular əbəs de-məyib ki, “Artıq tamah baş yarar”. Ağıl da yarılan başda qala bilməz, – dedi.

Kərbəlayı Arif qoca xanın müdaxiləsindən incimədi, hörmətlə onun sözünü bitirməsini gözlədi, sonra söhbəti-nə davam etdi:

– Bəli, qurbanın olum, doğrudur. Sonra Davud pey-ğəmbər üzünü Elmə çevirdi, dedi: “Bəli… Elm, sən də lazımsan insana. Amma o vaxtacan ki həsəd, paxıllıq sənə üstün gəlməyə! Elə ki, paxıllıq sənə qalib oldu, elm, fəzilət itib bitir, ağıl da başdan uçur. Alim – zalimə çevrilir”. Sonra da peyğəmbər Səhhətə üz tutdu: “Ey Səhhət, sən, şübhəsiz, insana lazımsan. Sənsiz həyatın mənası yoxdur. Lakin o zamana kimi ki, adam səni itirməyə. Səni cavan-lıqdan qoruya ki, qoca vaxtında zarıncıya çevrilməyə. Be-lə vaxtda Ağıl da, Elm da yardıma gələ bilməz”.

Kərbəlayı Arif məclisə göz gəzdirib sözünü belə qur-tardı:

– Cənab xanlar, ağalar! Şamaxıda ərsəyə gəlmiş hü-kəma, üləma, şüəra həmişə çalışıb ki, insan bu üç qiymətli şeyi itirməsin, qazansın. Və öz şeirlərilə məhz belə insanların tərbiyəsinə xidmət etməklə şərəfyab olublar. Odur ki, məmləkətimiz abad, rəiyyətimiz firavandır. Ruhi qida mənbəyi məscidlər, elm ocağı mədrəsələr, səhhət üçün zəruri olan hamamlar, şəfaxanalar tikdirir imkanı olanlarımız. Keçənlər rəhmətlə, qalanlar məhəbbət və hörmətlə yad olunur.