Азиза Джафарзаде – Bir səsin faciəsi (страница 2)
– A-a-az sən get öz işinə, işüvü-gücüvü gör. Nöyşün var bu küçüknən? Qoysanam bu at belində getmiş qalıb bizdə.
Ürəyi əssə də, balasından ayrı dözmək mümkün olmasa da, Reyhandan ayrı dura bilməsə də, Gülsənəm məcbur idi. Xanımın sözündən çıxa bilməzdi. Özü qulluqçuların arasında haradasa, imarətdən, xanımın otaqlarından aralı yatıb-dururdu. Ona qulluqçulardan bəxtəvərlik verən də vardı. “Reyhanın sağ əli yetimçələrimin başına” deyən də vardı. “Bəxtəvər xanımın yediyindən yeyir, geydiyindən geyir, qucağında da yatır. Böyüyəcək, səni də bəyənməyəcək, bizi də…” “Hə, elədi. Xanım ondan doyub yanbızına bir təpik vurub nökər-naib içinə qovandadı tamaşa…” Gülsənəm bu sözləri cavabsız qoyurdu. Amma ürəyi orada qalırdı. Orada qalırdı… Orada… O görünən binada. İş-güc başından aşsa da, bilirdi ki, yeməyi də var, bilirdi ki, büzüşüb Şahnisə xanımın dizləri dibində başını xanımın doqquz dənə üstdən-üst geydiyi gen tumanın bir balağına söykəyib yatıb. Şirin-şirin, mışıl-mışıl yatıb. Amma genə də canı orada qalırdı. Təkcə gecələr… Reyhanı götürüb aparar, qucaqlar, cavan gəlin məməsinin üstünə basar, Bəxtiyarın, talesiz Baxtıkəmin iyini, ətrini ondan alardı. Nə qədər ağır idi bu. Çox ağır idi. Gülsənəm Baxtıkəmin dərdini ancaq Reyhanın gözlərini görəndə, şəvə saçlı başını sinəsinə sıxanda unudurdu. Yox!!! Unutmurdu. Onda da unutmurdu. Amma təsəlli tapırdı. Bir azacıq təskinlik tapırdı ki, heç olmasa, bircə yadigar qalıb onu qarsalayan o sevgidən.
Salman ağa oğlu Səfərin bütün arzularını yerinə yetirirdi. Heyvanatda at qisminə olan maraq və həvəsini bilirdi. Odur ki, Qarabağdan sorağını aldığı məşhur “xanlıq” atlardan birini oğlu üçün almaq istədi. Amma Salman ağaya dedilər ki, “Xanlıq atları” satılmır, onları ancaq qohum-əqrabaya, xanların qohumlarına, yaxud məşhur şəxslərə hədiyyə verirlər. Ona görə də Salman ağa çox böyük çətinliklə də olsa, Qarabağa gedib xan övladlarına qonaq oldu. Neynədi, neynəmədi, bilmirik, amma oradan “Göyərçin” adlı boz, mavi, qara xallı gözəl bir atla qayıtdı. İki göz də gərək satın alaydın bu ata tamaşa eləməyə. Oğlan atın həvəsinə o qədər çalışırdı ki! Özü yedirir, özü çimdirir, özü qaşovlayır, özü tumarlayır, başlıcası üstünə bir an da olsa, heç kimin minməsinə razı olmur, suya da özü aparır, özü sürürdü. Nökərlərə etibar eləmirdi. Cibinə tökdüyü kişmişdən, bəzən ləbləbidən… Ata az qala gözünün yağını yedizdirirdi. O zaman cavan oğlanlar dəbdə olan al, yaşıl, abı məxmərdən çuxalar geyərdilər. İllah da dövlətli balaları, çuxaların dövrəsinə, kənarlarına, ətəyinə, qolağzına, yaxasına, belinə bafta tikdirərdilər. Cavanlar at üstündə par-par yanardılar. Amma boz, qara xallı “Göyərçin” gələndən sonra Səfər özünə boz mahuddan çuxa tikdirdi. Çuxanın ətəyini, yaxasını, qollarının qolçaqlarını gümüşü baftayla bəzətdirdi. Boz gümüşü Buxara dərisindən papaq tikdirdi. Atın yəhər-yüyəninə bəs deyincə gümüş nəsb elətdirdi. Bu libasda, bu yəhər-əsbabla atı minib uzaqdan görünəndə, elə bil gümüş heykəl gəlirdi. Günəş altında gümüş kimi parıldayan heykəl. Günəş altında gümüş yanırdı, min bir rəng çalırdı, göz qamaşdırırdı. Amma ürək oxşayırdı, eyni zamanda qəlb yandırıb-yaxırdı. Bu ərimiş gümüşdən tökülmüş boz heykəl Cavad mahalının gah bu, gah başqa yerində görünür, görənləri sevindirir, qəlbləri fərəhləndirirdi. Salman ağanın, Şahnisə xanımın ona baxmaqdan doymaq bilməyən ürəkləri əsirdi. “Allah əsirgəsin, yaman gözlərə şiş batsın, bəd nəzərdən uzaq olsun” deyə üzərlik üzərlik dalıycan yandırırdılar. Səfər boz atdan enəndə təkcə “Göyərçin” ağasının – Səfərin deyil, “Göyərçin”in özünün də başına üzərlik dolandırırdılar. Qurban sadağa gedirdilər. Nəzər duası yazdırıb boynundan asırdılar. Bununla da, ürəkləri soyumurdu. Gümüş işləməli yəhərin tapqırına da Mirmahmud ağaya dua yazdırıb bağlamışdılar. Bir sözlə, Səfər də, “Göyərçin” də dildən düşmürdü, ağızlarda nağıla dönmüşdü, göz qabağından getmirdi. Çox cavan ürəkləri titrədirdi. Qızların ürəyi əsirdi. Tanınmış ailələrin qızları, bəlkə də, pərdə dalından, pəncərə qapısı arasından Səfəri izləyir, bir zaman həmin bu gümüşdən tökülmüş heykələ bənzəyən atlının atına minib gəlin gedəcəyini gözləyirdi. Bu indi beləydi. Amma o zaman, o zaman Səfər hələ uşaqdı. Amma uşaq da olsa, kişi sayılırdı. Necə deyərlər, “tərəkəmənin uşağı əli tuburğı2 tutan gündən kişidi”. Səfəri də elə kişi kimi böyüdürdülər. Gələcək ağa, mülk-madar sahibi kimi.
Onu bir az mollaxanada oxutmuşdular. Bir az tüfəng təlimi almışdı. Bütün bu təlimlərdən bircə at – minici təlimi ürəyinə yatırdı. Balacalığından at belində böyüyürdü. Şahnisə xanımın əvvəllər həyəcanı, narahatlığı sonralar Səfərin at belində gəlişini, gedişini görəndən sonra azaldı. Oğlanın günləri cıdırda, dostları ilə çapış yarışlarında, ovda keçirdi. Amma hər halda hərdən-hərdən evdə, ana dizinin dibində oturduğu dəqiqələr, nağıllı, tapmacalı saatlar da olurdu. Belə saatlardan biri də, hə… Elə məsələ burdan başlayır. Şahnisə xanımın ilk gündən “pişik balası” adlandırdığı Reyhan, Şahnisənin qayğılarıyla, yaxşı yemək-içməklə tezliklə koppuş bir qıza çevrildi. Ağ maya, balaca kündə, pişik balasının oynatdığı ağ iplik yumağı… Nökər-naib də, qulluqçular da Şahnisə xanımın diliylə ona “pişik balası” deyirdilər. Reyhan adı unudulmuşdu. Bircə Gülsənəm gəlinin ürəyində Baxtıkəmin diliylə qız Reyhan çağrılırdı. Yalnız ana Gülsənəmin ürəyində. Qulluqçu ürəyini eşidən kimdi? Kim eşidib ana ürəyini? Ana ürəyindən keçənləri, arzuları, alqışları kim eşidib? Harda eşidib? Ananın bütün ümidləri balanın boya-başa çatmasına bağlıdır. Ana deyir bunu:
Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Böyü, boya-başa çat,
Kölgəndə mən dolanım.
Əlbəttə, Gülsənəm yaxşı bilirdi ki, qız uşağının nə kölgəsi olacaq? Oğlan deyildi ki. Qız uşağının kölgəsində dolana bilməyəcək Gülsənəm. Düşmən çəpəri deyildi qız, baş qaxıncı, dərd-sər ocağı, duz yüküydü. Amma yenə də, yenə də bu kölgənin böyüyüb boya-başa çatması, bəlkə də, Allah gətirdi, xoşbəxt olması ümidiylə yaşayırdı ana. Ürəyinin bütün arzuları bununla bağlıydı. Qıza “pişik balası” deyənləri içində qınayırdı da: “Gül kimi adı var, amma”… Daha “amma”dan o yana gedə bilmirdi. Heç kəsə də etiraz edə bilmirdi. Çünki bu adı, bu ləqəbi Şahnisə xanım özü taxmışdı qıza. Gülsənəm qulluqçulardan bircəsinə etiraz etsəydi, qorxurdu ki, xanıma çatdırarlar. “Anası xanımın xoşu gəlmir pişik balası deməyimizdən” deyərdilər. Xanım da hirslənər, həm uşağı gözdən salar, həm də ananın öz günü qaralardı.
Qulluqçular qızın koppuş yanaqlarından öpür, arada xəlvətə salıb çimdikləyirdilər. Qız cikkə çəkirdi. Reyhanın səsini eşidən Şahnisə xanım otağın qapısına çıxırdı:
– A-a-a-az, o pişik balası niyə miyoldayır?
– Nə bilim, ay xanım?! Pişik dili bilmirəm axı.
– Nəbilər sənə qənim olsun, necə yanı nə bilim? Uşaq durduğu yerdə ağlamaz ki?
Şahnisə xanımın istəkli qulluqçusu pıqqıldayırdı:
– Ba-a-aşuva dönüm, dərdin mənim bu sağ gözümə gəlsin, xanım, pişik balası uşaq nöş oldu? Özün soruşursan, nöşün miyolduyur, mən də deyirəm ki, pişik dili bilmirəm dayna.
Şahnisə xanım da gülürdü, amma yenə də qızı yanına gətizdirib əlinə şirindən-zaddan bir şey verir, çimdikdən qızarmış yanağını sığallayıb ovundururdu.
Ba-a-ax, elə bu zamandan Səfər bir də gözünü açıb gördü ki, anası bir “pişik balası”ynan oynayır. Və özünün də bu qızla, bu koppuş, güləş qızla oynamaq həvəsi artdı. Oynamaq həvəsi oyandığını duydu özündə. Səfər at minməkdan, tüfəng məşqi keçirməkdən yorulub evə dönəndə, kişi əyləncələrindən qayıdanda “pişik balası”yla oynamağa başladı. Əvvəllər Şahnisə xanım bu əyləncəyə heç fikir vermirdi. Oğlunun öz gözü qabağında daha çox olmağına həvəsiyir, sevinirdi də. Lakin aylar, illər keçdikcə “pişik balası” Reyhan, Baxtıkəmin bircə yadigarı Reyhan, Gülsənəmin bütün ümidlərinin əvvəli və axırı Reyhan böyüdükcə, səkkiz-doqquz yaşına çata-çatmaya artıq yetişmiş qız həddinə can atan, Günəşə ucalan sərv kimi boy atmağa başladıqca, Şahnisə xanımın daxilində hansısa, hələ ad verə bilmədiyi bir hiss baş qaldırdı. Qızdan cəmi üç-dörd yaş böyük olmasına baxmayaraq Səfər özü də boya verdikcə onların ikisini bir yerdə görən Şahnisə xanımın içində nəsə çevrilirdi. Odur ki, günlərin birində Şahnisə xanım Reyhanı birdəfəlik anası yaşayan qulluqçular otağına göndərdi, taxtdan saldı! Artıq Şahnisə xanımın pişiyi yox, Gülsənəm ananın Reyhanıydı.
Səfər mənasını dərindən dərk etməsə də, bu hissin nə olduğunu anlamasa da, qız üçün darıxırdı.
Hərdən-hərdən dal həyətdə qıza rast gələndə ona sataşırdı:
– Ay pişik balası, niyə day gəlmirsən xanımuvun yanına?
Qız qıpqırmızı kəsilirdi. Başını aşağı dikib başındakı yaylığın ucunu didişdirə-didişdirə mızıldanırdı:
– Anam qoymur…
– Neyşə? Neynəmişik anova?
– Heç bir şey.
– A-a-a-a… Onda gəl də.
– Xanım da razı olmur.
– Mənim anam?
Sual cavabsız qalırdı. Əlbəttə, Reyhan Şahnisə xanımın dalınca danışa bilməzdi. Susurdu… Və… Dərhal da qaçırdı. Nökərlərin, qulluqçuların olduğu otağa qaçırdı. Ürəyi çırpına-çırpına. Quş kimi… Quş kimi… Sərçə balası kimi çırpınırdı. Yadına gəlirdi ki, balaca olanda qışda Səfər qarın üstündə cələ qurardı. Ac sərçələr Səfərin cələ qabağına tökdüyü dənə cumardılar, Səfər onlardan, cələyə düşən sərçələrdən birini tutub Reyhana verərdi: