Азиз Несин – Hekayələr (страница 7)
– Təkin bəy…
Tanışolma mərasimi qurtaranda müdir:
– Təkin bəy sizin şöbədə işləyəcək, – dedi. – Mən indi təsərrüfat müdirinə tapşırıq verərəm.
Mən istər-istəməz:
– Nə işdə çalışacaq? – deyə soruşdum.
Müdir qıpqırmızı oldu və:
– Mən sonra sizə deyərəm, – dedi.
O, cavan oğlana tərəf döndü, boş bir stulu göstərərək:
– Siz hələlik buyurub burada əyləşin, – dedi. – Mən sizin üçün stol gətirdərəm.
Müdir çıxıb getdi. Hamımız gözucu Təkin bəy adlanan bu cavana baxırdıq. O, ayağını bir-birinin üstünə aşırmışdı, qolunu stoluma söykəyərək siqaretini tüstülədirdi.
Mən bir daha ona:
– Xoş gəlmisiniz, oğlum! – dedim.
– Çox sağ olun! – deyə cavab verdi.
Otaqdakılar da cavan oğlanı xoş qarşıladılar. Sonra ortaya sükut çökdü. Az sonra cavan oğlan:
– Siz burada nə işlə məşğul olursunuz? – deyə soruşdu.
– Bura ikinci şöbədir. Biz buraya göndərilən məktublara cavab verir, göstərilən işləri görürük.
Cavan oğlanın nə iş gördüyümüzü başa düşdüyünü deyə bilmərəm, amma o:
– Cansıxıcı işdir, – dedi.
– Cansıxıcı olsa da, nə etmək olar?! Borcumuz onu yerinə yetirməkdir.
Az sonra kuryer gəldi və mənə:
– Müdir sizi çağırır, – dedi.
Müdirin qapısını döyərək içəri girdim.
– O cavan oğlanın kim olduğunu bilirsənmi?
– Bilmirəm, – dedim.
– Amanın günüdür, ehtiyatlı olun. O, Fişgetdin bəyin qardaşı oğludur.
– Hə?.. – təəccübdən ağzım açıla qaldı.
– Bu gün səhər Fişgetdin bəy mənə zəng etdi. “Qardaşım oğlunu yanınıza göndərirəm. Ona münasib bir iş verin”, – dedi. İki saat sonra bu oğlan gəldi. “Əmim sizə zəng etmişdi?” – deyə soruşdu. “Bəli” dedim, amma cavan oğlanın təhər-töhürü xoşuma gəlmədi. “Necə iş istəyirsiniz?” – deyə soruşdum. O: “Bu məsələni əmimlə razılaşdırın”, – dedi. Nə bacardığını bilmirdim ki, ona görə də iş verəydim. Üzdən 20 yaşı ancaq olardı. “Əsgərlikdə olmusunuzmu?” – deyə soruşdum. “Əlbəttə!” cavabını verdi. Təhsilini soruşdum. Məlum oldu ki, ali təhsillidir. “Diplomunuzu, hərbi biletinizi və pasportunuzu gətirin, münasib bir iş verək!” – dedim. Nahardan sonra istədiklərimin hamısını gətirdi.
İndi mən başqa şöbəyə göndərsəm, yoldaşlar onu yola verə bilməzlər. Başımıza əngəl açılar. Sən, necə də olsa, təcrübəli adamsan. Amanın günüdür, heç bir şikayətə yol vermə. Onu birtəhər yola verin getsin.
– Baş üstə. Ona nə kimi iş verməliyik?
– Vallah, heç özüm də bilmirəm. Bax da… nə iş olsa, verərsən. Çox işlətməsən də olar.
Qayıdıb şöbəyə gəldim. Gördüm ki, Təkin bəy üçün üstü şüşəli bir stolla bir kreslo gətiriblər. Mən hələ ömrümdə elə bir stol arxasında oturmamışdım. “Mən axı bu cavan oğlana nə iş verim?” – deyə düşündüm. Sonra şkafdan qovluq çıxarıb:
– Təkin bəy, – dedim, – vaxt tapdıqca bu materialların surətini çıxarın.
– Nəyini çıxarım?
– Surətini.
– Onu necə edirlər?
Özümü itirdim və üzünə baxdım. Surətçıxarmanın necə edildiyini başa salmağa çalışdım. Boynunu qaşıdı.
“Fişgetdin bəyin qardaşı oğlu olmasaydın, sənə neyləyəcəyimi yaxşı bilərdim. Şükür et ki, elə adamın qohumusan”, – deyə ürəyimdə fikirləşdim.
– Yoldaşlar birinci dəfə üçün kömək edərlər, – dedim.
Qovluğu aldı. Barmaqlarına tüpürə-tüpürə onu bir qədər vərəqlədi. Bir az sonra:
– Mən gedirəm, – dedi.
Səsimi çıxartmadım. Çıxıb getdi. Ertəsi gün saat on ikinin yarısında gəldi, bir az oturub getdi. O gün bir daha gəlmədi. O biri gün isə nahardan sonra gəldi. Əlləri şalvarının cibində, fit çala-çala gəzindi, bir neçə dəfə otağa girib-çıxdı və getdi.
Xeyli vaxt belə ötüb-keçdi. Bir gün iş yoldaşlarımızdan Safiyə xanım:
– Bu Təkin bəy haranı bitirib? – deyə soruşdu.
– Hüquq fakültəsini, – dedim.
Qadın bir az düşünəndən sonra dedi:
– Vallah, o heç orta məktəbi də qurtarmayıb.
Düzü, mən də şübhələnirdim. Çünki o, düz-əməlli yaza da bilmirdi.
Safiyə xanım:
– Mənə elə gəlir ki, – dedi, – o, Fişgetdin bəyin qardaşı oğlu da deyil. Bizim müdiri başa salın. İndi belə şeylər çox olur. Qəzetlərdə oxumursan?
Ağlıma batdı. Gedib bu söhbəti olduğu kimi müdirə söylədim. Müdir:
– Aman, sus! – dedi. – Mən də şübhə edirəm. Mən hələ bu qədər cahil adam görməmişəm. Düzünü öyrənmək üçün nə edək?
– Siz onun diplomunu mənə verin, – dedim. – Gedib öyrənərəm.
Diplomu alıb elə həmin gün hüquq fakültəsinə getdim. Məlum oldu ki, diplom saxtadır. Müdir:
– Amanın günüdür, bir az da gözləyək, – dedi. – Hay-küy salmayaq. O, doğrudan da, Fişgetdin bəyin qardaşı oğludursa, başımız bəlaya düşər.
Aradan yenə bir qədər vaxt keçdi. Şöbəmizdə əcaib hadisələr baş verməyə başladı. O günə qədər otağımızda bir sancaq belə itmədiyi halda, indi pullarımız, bahalı qələmlərimiz oğurlanmağa başladı. Təkin bəyin idarəyə hər gəldiyi gün otağımızda bir şey yox olurdu. Bir gün də Müştaq bəyin təzə paltosu yoxa çıxdı. Kuryeri sıxma-boğmaya saldıq. O isə:
– Mən oğrunun kim olduğunu bilirəm, – dedi, – amma deyə bilmərəm. Başımı bəlaya soxmaq istəmirəm.
– Heç kəsə demərik, – deyə söz verdik.
Kuryer ancaq bundan sonra:
– Hər şeyi oğurlayan Təkin bəydir, – dedi. – Qapıdan neçə dəfə göz qoymuşam. O oğurlayır.
Bundan sonra idarənin inventarları da yoxa çıxmağa başladı. Bir gün də yazı makinası yox olanda gedib vəziyyəti müdirə danışdım.
Müdir:
– Heç səs salma, – dedi. – Aradabir mənim otağıma da gəlir. Nə vaxt gəlirsə, bir şey yoxa çıxır. Dünən də təzə alışqanım getdi.
Qayıdıb otağımıza gəldim. Bircə Fişgetdin bəyin qardaşı oğlu olmadığını öyrənə bilsəydim, ona bir divan tutardım ki!..
Bir gün Müştaq bəy:
– Bu hərif, görəsən, əsgərlik edib? – deyə soruşdu.