реклама
Бургер менюБургер меню

Астрид Линдгрен – Uzuncorab Peppi (страница 3)

18

Peppi başını yuxarı qaldırıb budaqda hələ də asılı qalmış, qorxusundan cınqırını çıxarmayan Benqtə dedi:

– Bəlkə, saçlarımın rəngindən, ayaqqabılarımın böyüklüyündən yenə də nəsə demək istəyirsən? Hələ ki burdayam, döşə gəlsin, utanma.

Lakin Benqtin ağzını açmağa belə halı qalmamışdı. Peppi tələsmədən dəmir qutunu və çarxı yerdən götürüb Tommi və Annika ilə evlərinə yollandı.

Öz villalarına çatanda Peppi dedi:

– Əzizlərim, heç bilirsiniz mən necə təəssüflənirəm: mən iki qiyamət şey tapdım, amma siz heç nə tapma-mısınız. Həvəsdən düşməyin, bir az da axtarın. Tommi, bəlkə, sən bax o böyük ağacın oyuğuna baxasan? Di-lektorlar belə ağacları yoxlamamış ötüb-keçməzlər.

Tommi dedi ki, onsuz da nə özü, nə də bacısı dəyərli bir şey tapa bilməyəcəklər. İndi ki Peppi xahiş edir, o axtarar və əlini oyuğa saldı.

– Bu nədir belə? – Tommi təəccüblə qışqırdı və oyuqdan meşin üzlü, yaraşıqlı cib dəftərçəsi və balaca gümüşü karandaş çıxartdı. – Möcüzədir! – Tommi öz tapdığına maraqla baxırdı.

– Gördün! İndi gördün ki, dünyada dilektor olmaqdan yaxşı iş yoxdur. Annika, indi də sən o kötüyün altını eşələ. Adətən, qoca kötüklərin altından əla şeylər tapmaq olur.

Peppinin məsləhətinə əməl edən Annika kötüyün altından qırmızı mərcan boyunbağı tapdı. Təəccübdən ağızları açıla qalmış bacı-qardaş qərara gəldilər ki, bundan sonra həmişə dilektor olacaqlar. Birdən Peppinin yadına düşdü ki, bu gün səhərə yaxın yuxulamışdı və o, dərhal yatmaq istədi.

– Xahiş edirəm, mənimlə yataq otağına gedək, üstümü yorğanla əməlli-başlı basdırın.

Peppi çarpayısının qırağında oturub ayaqqabılarını çıxartmağa başlayanda fikirli-fikirli dedi:

– Yaramaz Benqt! Qayıqda gəzmək istəyinə bir bax!

– Nifrətlə çımxırdı. – Onun dərsini gələn dəfə verərəm!

Tommi ədəblə soruşdu:

– Peppi, doğrudan, sənin ayaqqabıların niyə belə iridir?

– Elə rahatdır, – Peppi yatağına uzandı. O, ayaqlarını balışın üstünə qoyub, başını yorğanın altında gizlədib yatmağa vərdiş etmişdi.

– Qvatemalada hamı belə yatır. Məncə, bu, yeganə doğru və düzgün yatmaq üsuludur. Belə yatmaq çox rahatdır. Siz laylaysız yuxulaya bilirsiniz? Mən mütləq özümə laylay çalmalıyam, yoxsa gözlərimə yuxu getməz.

Bir saniyə keçməmişdi ki, Tommi və Annika yorğanın altından anlaşılmaz qəribə səslər eşitdilər. Peppi özünə laylay çalırdı. Uşaqlar onu narahat etməmək üçün barmaqlarının ucunda qapıya tərəf getdilər. Otaqdan çıxanda bir daha geri dönüb balışın üstündə ancaq Peppinin ayaqlarını gördülər.

III. Peppi məktəbə gedir

Tommi və Annika məktəbdə oxuyurdular. Hər gün səhər saat səkkizdə çantalarını götürür, əl-ələ verib yola düzəlirdilər.

Bu zaman Peppi ya cənab Nilsonu geyindirib bəzəyir, ya at minir, ya da idman edirdi. Sonra Peppi rahatca mətbəxdə oturub iri fincanda qəhvə içər və pendirlə bir neçə dilim çörək yeyərdi.

Tommi ilə Annika məktəbə gedəndə həsrətlə “Toyuq” villasına baxardılar. Çünki məktəbə getmək istəmirdilər, bütün günü Peppi ilə oynamaq arzusunda idilər.

Bir gün yenə Tommi və Annika dərslərini hazırlayıb Peppinin yanına gəlmişdilər. Onlar Peppini dilə tutmağa başladılar. Tommi bic-bic Peppiyə baxıb dedi:

– Sən heç təsəvvür edə bilmirsən ki, bizim necə qiyamət müəllimimiz var!

– Heç bilmirsən bizim sinif necə maraqlıdır, – Annika da onun sözünə qüvvət verdi. – Mən bir gün məktəbə getməsəm, dəli olaram!

Tommi yenidən sözə başladı:

– Özü də orda çox oturmaq lazım deyil. Ancaq saat ikiyədək.

Annika yenə qardaşının sözünə qüvvət verdi:

– Ancaq saat ikiyədək, başa düşürsənmi, gözünü açıb-yumunca budur, zəng çalınır. Bundan başqa, tətillər olur: Milad, pasxa, yay…

Peppi fikrə getdi, lakin əvvəlki kimi susurdu. Birdən o, ciddiyyətlə dedi:

– Bu, böyük ədalətsizlikdir. Mən bununla heç cür razılaşa bilmərəm.

– Nə ədalətsizlikdir? – Tommi təəccübləndi.

– Dörd aydan sonra Milad günləri olacaq və sizin Milad tətilləri başlanacaq. Bəs mənim üçün nə başlanacaq? – Peppi ağlamsındı. – Mən günü sabahdan məktəbə gedəcəyəm.

Tommi və Annika sevinclərindən əl çaldılar.

– Ura! Ura! Deməli, biz sabah düz səkkizdə səni qapımızın ağzında gözləyəcəyik.

Peppi dedi:

–Yox. Saat səkkiz mənim üçün tezdir. Bir də ki mən məktəbə atla gedəcəyəm.

Peppi saat onda atı bağa çıxartdı və yola düşdü. Bir neçə dəqiqədən sonra şəhərin bütün sakinləri özlərini pəncərələrin qabağına atdılar: onlar heyrət dolu gözlərlə belində balaca bir qızcığaz oturmuş yel kimi ötən ata baxırdılar. O çaparaq həyətə girdi, atdan yerə endi və atı ağaca bağladı. Peppi yaxınlaşıb sinfin qapısını elə bərk açdı ki, uşaqlar bu qəfil səsdən yerlərindən sıçradılar. Qız şlyapasını yelləyib ucadan qışqırdı:

– Salam! Güman edirəm ki, mən gecikməmişəm?

Tommi və Annika müəlliməni xəbərdar etmişdilər ki, məktəbə Uzuncorab Peppi adlı təzə bir qız gələcək. Müəllimə onsuz da Peppi barədə eşitmişdi – hamının bir-birindən xəbərdar olduğu bu balaca şəhərdə qız haqqında çox şayiələr dolaşırdı. Müəllimə mehriban və nəcib insan olduğundan məktəb Peppinin xoşuna gəlsin deyə əlindən gələni etməyə hazır idi.

Peppi dəvətsiz-filansız keçib boş skamyada oturdu. Lakin müəllimə onu töhmətləndirmədi, əksinə, çox mehribanlıqla dedi:

– Əziz Peppi məktəbimizə xoş gəlib. Ümidvaram ki, bura sənin xoşuna gələcək və oxuyub çox şey öyrənəcəksən.

– Mən də ümidvaram ki, yaxın günlərdə mənim Milad tətillərim başlanacaq, – Peppi cavab verdi. – Elə ona görə də bura gəlmişəm.

– İndi zəhmət çək, adını bütünlüklə de, səni də şagirdlərin siyahısına yazım.

– Mən Peppilotta Viktualina Rolqardinayam. Atam – Dənizlərin Qənimi, hazırda zənci kralı, kapitan Uzun-corab Efroimdir. Hamı məni Peppi çağırır.

– Aydındır, onda biz də səni Peppi çağırarıq. İndi görək sən nə bilirsən? Hesabdan başlayaq. Peppi, de görüm, yeddi üstəgəl beş neçə eləyər?

Peppi təəccüblə və narazı halda müəlliməyə baxdı:

– Sən boyda adam bunu bilməyəndən sonra mən haradan bilim?

Heyrətdən uşaqların gözləri kəlləsinə çıxdı. Müəllimə isə mülayimcə başa saldı ki, sinifdə belə cavab verməzlər, müəllimə müraciət edəndə “siz” deyərlər və “freken” çağırarlar.

– Xahiş edirəm, bağışlayın, – Peppi pərt oldu. – Mən bunu bilmirdim, bir də belə etmərəm.

– Ümidvaram. Bax sən sualıma cavab vermək istəmədin, mən isə əvəzində həvəslə hesablayaram: yeddi üstəgəl beş edər on iki.

– Buna bir bax a! – Peppi qışqırdı. – Əgər sən özün hesablaya bilirdinsə, onda məndən niyə soruşurdun? Bay, yenə sizə “sən” dedim, bağışlayın.

Peppi qulağından bərk çimdik almaqla özünü cəzalandırdı.

Buna fikir verməyən müəllimə başqa bir sual verdi:

– Peppi, indi de görüm, səkkiz üstəgəl dörd neçə edər?

– Məncə, altmış yeddi, – Peppi cavab verdi.

– Xeyr, səkkiz üstəgəl dörd edər on iki.

– Dostum, bu ki lap ağ oldu! Elə indicə dedin ki, beş üstəgəl yeddi edər on iki. Axı məktəbdə də bir qayda-qanun olmalıdır! Əgər bu hesablamalar səni çox maraqlandırırsa, yerindəcə otur, istədiyin qədər hesabla, biz də həyətə çıxıb qaçdı-tutdu oynayaq… Vay, deyəsən, yenə “sən” dedim. Axırıncı dəfə məni bağışlayın.

Müəllimə dedi ki, bu dəfə də onu bağışlayır, görünür, hesabdan ona hələlik sual vermək lazım deyil, yaxşısı budur, başqa uşaqlardan soruşsun.

– Tommi, bu məsələnin həllini tap: Lizanın yeddi, Akselin doqquz alması vardı. Onların birgə neçə alması vardı?

– Hə, Tommi, hesabla görək, – Peppi birdən sözə qarışdı. – Onu da de görək, onlar almaları kimin bağından dərmişdilər?

Freken yenə özünü eşitməzliyə qoyub Annikadan soruşdu:

– Annika, indi sən cavab ver. Qustav dostları ilə ekskursiyaya çıxır. Ona bir kron yolpulu verirlər. Qayıdanda onun yeddi eresi qalır. Qustav yolda nə qədər xərcləyib?

Peppi yenə dedi:

– Mən isə bilmək istərdim: nə üçün bu oğlan belə bədxərclik edirdi? O bu pula nə almışdı?