Астрид Линдгрен – Mio, mənim Miom (страница 2)
Dənizin sahilində ağ daşdan tikilmiş möhtəşəm bir qəsr ucalırdı, biz orada yerə endik. Sahilboyu kimsə bizə tərəf qaçırdı. Bu, kralın özü idi. Ona bir dəfə baxan kimi başa düşdüm ki, bu kral mənim atamdır. Buna zərrə qədər də şübhə etmirdim. Atam əllərini geniş açdı və mən onun ağuşuna atıldım…
Bircə Edlya xala atamı görsəydi! O çox yaraşıqlıdır, qızıldan toxunmuş, qiymətli daşlarla bəzədilmiş paltarı par-par yanır! O, Benkanın atasına bənzəyirdi, amma ondan da qəşəng idi. Heyif ki, Edlya xala atamı görmür. O saat başa düşərdi ki, atam yoldan keçənin biri deyil.
Amma Edlya xalanın sözündə həqiqət də vardı. Mən anadan olanda anam ölmüşdü. Mənim yerimi atam krala xəbər vermək axmaq yetimxana işçilərinin ağlına haradan gələydi? O məni düz doqquz ildi ki, axtarırmış. Axır ki, tapıldığım üçün sevincimin həddi-hüdudu yox idi.
Mən artıq çoxdandır ki, Uzaq-uzaq ölkədə yaşayıram. Günlərim şən keçir. Hər axşam atam otağıma gəlir, birlikdə planer düzəldir, söhbətləşirik. Mən böyüyüb boy atıram, üzüm gülür. Kral atam mənim nə qədər uzandığımı bilmək üçün hər ay mətbəxin qapısında işarə qoyur.
– Nə yaman uzanmısan, Mio, mənim Miom, – biz hər təzə işarə qoyanda deyir. – Mio, mənim Miom, düz doqquz il səni axtarmışam, – səsi elə şirin və mehribandır ki!
Demə, mənim adım Busse-zad deyilmiş. Gör ha! Busse mənim əsl adım deyilmiş, Uplandsqatan küçəsindəki həyatım kimi. İndi hər şey öz yerini tapıb, mən atamı sevirəm, o da məni çox istəyir.
Benka hər şeyi bilsəydi, nə yaxşı olardı! Gərək bir məktub yazıb şüşənin içinə qoyum, sonra da onu Uzaq-uzaq ölkənin sahillərini yuyan göy dənizə atım. Günlərin birində Benka ata-anasıyla Vaksholmdakı bağ evinə gedəcək, dənizdə çiməndə üzən şüşə görəcək. Nə maraqlı olar, başıma gələn bütün möcüzələrdən xəbər tutsa. Polisin növbətçi şöbəsinə zəng vurub məlumat verə bilər ki, adı əslində Mio olan Bo Vilhelm Ulson Uzaq-uzaq ölkədə təhlükəsiz yerdədir, atasının qəsrində ömrü xoş keçir.
QIZILGÜLLƏR İÇİNDƏ
Düzdür, Benkaya necə yazacağımı bilmirəm. Mənim başıma gələn macəralar dünyada heç kimin başına gəlməyib. Bunları ifadə edən bir söz axtardım, amma tapa bilmədim. Bəlkə, belə yazım: başıma ən qeyri-adi hadisələr gəlib. Amma Benka onsuz da Uzaq-uzaq ölkədə necə yaşadığımı bilməyəcək. Əgər ona atam, kralın qızılgül bağı, yeni dostum Yum-Yum, qəşəng atım Miramis və Ən Uzaq ölkədən olan zalım cəngavər Kato haqqında danışmaq fikrinə düşsəydim, ən azı on şüşə qab göndərməli olardım. Yox, başıma gələnlərin hamısını danışmaq qeyri-mümkündür.
Elə birinci gün atam məni bağa apardı. Axşam düşürdü, külək əsir, ağacların yarpağını tərpədirdi. Bağa çatanda ecazkar musiqi eşitdik. Elə bil minlərlə büllur zınqırov birdən cingildəyirdi. Musiqi adamın ürəyini titrədirdi.
– Eşidirsən, mənim ağcaqovaqlarım necə oxuyur? – atam soruşdu və əlimdən tutdu. Edlya xalayla Siksten dayı mənim əlimdən tutmazdılar, qabaqlar, ümumiyyətlə, heç kəs mənimlə belə gəzməmişdi. Buna görə də, daha uşaq olmasam da, atam əlimdən tutub aparanda xoşum gəlir.
Bağı hündür daş divar əhatə edirdi. Atam doqqazı açdı, içəri keçdik.
Haçansa lap çoxdan mənə Benkayla Vaksholmdakı bağ evinə getməyə icazə vermişdilər. Biz qaya çıxıntısında oturub balıq tuturduq. Günəş batırdı. Səma başdan-başa al-qırmızı rəngə boyanmışdı, su durğun vəziyyətdə idi. İtburnu çiçəkləmişdi, parlaq rəngləri vəhşi qayaların arasından bilinirdi. Çox-çox uzaqlarda, körfəzin o biri başında qu quşu var səsiylə oxuyurdu. Əlbəttə, qu quşunu görmürdüm, ancaq onun mahnısından bütün təbiət gözəlləşirdi. Benkaya heç nə demədim, qorxdum ki, məni ələ salar, hərçənd əmin idim: bundan gözəl dünyada heç nə yoxdur.
Amma onda hələ atamın bağını görməmişdim. O bağın qızılgüllərini, əfsanəvi, möcüzəli bütöv bir qızılgül dənizini, küləyin yırğaladığı ağ inciçiçəklərini görməmişdim. Gümüşü yarpaqlı qovaqlarını görməmişdim. Qovaqların zirvələri düz göyə çatırdı, odur ki axşam düşən kimi ulduzlar onların başında yanırdı. Mən bağda süzən ağ quşları görməmişdim, onların mahnılarına, ağcaqovaqların musiqisinə oxşar heç nə eşitməmişdim. Heç kəs heç zaman mənim atamın bağında görüb-eşitdiyim gözəllikləri görüb-eşitməmişdi. Mən atamın əlini buraxmadan hərəkətsiz dayanmışdım, o mənim yanağımdan çəkib dedi:
– Mio, mənim Miom, bağ xoşuna gəlirmi?
Cavab vermək gücündə deyildim. Məni anlaşılmaz hiss bürümüşdü. Sanki ürəyimdə nisgil var idi, baxmayaraq ki bir damcı da kədərlənmir, əksinə, sevinirdim.
İstəyirdim atama daha tez sığınam ki, həyəcanımı hiss etməsin. Amma bunu eləməyə macal tapmamış o dedi:
– Nə yaxşı ki, sən xoşbəxtsən. Həmişə üzün gülsün, Mio, mənim Miom.
Atam onu çoxdan gözləyən bağbanın yanına getdi, mənsə bağı gəzməyə başladım. Bütün bu gözəlliklər-dən hətta başım gicəllənirdi, elə bil doyunca bal şərbəti içmişdim. Ayaqlarım yerində durmayıb oynayır, qollarıma güc gəlirdi. Kaş Benka yanımda olaydı! Onunla bir gücümüzü sınayardıq. Ürəyim Benkanı yaman istəyirdi.
Yazıq Benka yenə də Teqner parkında qaçır, orada isə indi qaranlıqdır, külək vıyıldayır, yağış yağır. Yəqin, indi mənim yoxa çıxdığımı bilib, məəttəl qalıb ki, görən hara itmişəm. Zavallı Benka! Axı birlikdə günlərimiz şən keçirdi. Kral atamın bağında oynayarkən birdən Benkadan ötrü yaman darıxdım. Əvvəlki həyatımdan çatışmayan bircə o idi. Başqa heç kəsdən ötrü elə də darıxmırdım. Bəlkə, ola bilsin, bircə Lundin xalanı görmək istərdim, axı o mənimlə həmişə mehriban olmuşdu. Amma hər şeydən çox Benkanı xatırlayırdım.
Qızılgüllərin arasındakı əyri-üyrü cığırla fikirli-fikirli sakitcə gedirdim. Birdən başımı qaldırdım. Qarşımda, sizcə, kim dayanmışdı? Benka. Yox, bu, Benka deyildi. Qarşımda bir oğlan uşağı dayanmışdı, eynilə Benkanınkı kimi tünd-şabalıdı saçları, qonur gözləri var idi.
– Kimsən sən? – soruşdum.
– Yum-Yumam, – cavab verdi.
Elə indi gördüm ki, Benkaya o qədər də oxşamır. O, bir az ciddidir, özü də, görünür, Benkadan da mehribandır. Əlbəttə, Benka da mənim kimi mehribandır, amma qədərində, çünki elə hallar olub ki, ikimiz də özümüzdən çıxmışıq, hətta dalaşmışıq da. Bir-birimizə acığımız da tutub, amma sonra barışmışıq. Ancaq Yum-Yumla dalaşmaq hec cür mümkün deyildi.
– Bilirsən mənim adım nədir? – soruşdum ondan. – Elə bilirsən Bussedir? Heç də yox, mənə əvvəllər belə deyirdilər.
– Bilirəm ki, sənin adın Miodur, – Yum-Yum cavab verdi. – Kralımız bütün ölkəyə çaparlar göndərib, onlar da hamıya Mionun qayıtdığını xəbər veriblər.
Bax ha! Atam məni tapanda nə yaman sevinib. Hətta bu barədə krallığının bütün sakinlərinə xəbər verməyi də tapşırıb.
– Bəs sənin atan var, Yum-Yum? – soruşdum, ürəyimdə bərk arzuladım ki, kaş onun da atası olaydı.
– Əlbəttə, var, – Yum-Yum cavab verdi. – Mənim atam kralın bağbanıdır. Gedək evimizi sənə göstərim.
Bunu deyib Yum-Yum əyri-üyrü cığırla bağın ən uzaq guşəsinə tərəf qaçmağa başladı. Orada küləş damlı balaca bir evcik vardı, lap nağıllardakı kimi. Damını və divarlarını qızılgül elə örtmüşdü ki, ev, demək olar, görünmürdü. Pəncərələri taybatay açıq idi, ağ quşlar gah uçub içəri girir, gah da bayıra çıxırdı. Evin yanında skamyalı stol qoyulmuşdu, arxada isə arı pətəkləri görünürdü. Ətrafda gümüşü yarpaqlı qovaq və söyüd ağacları bitmişdi. Mətbəxdən kiminsə səsi gəldi.
– Yum-Yum, şam eləməyi unutmamısan ki? – anasının səsiydi.
O, gülümsəyə-gülümsəyə artırmaya çıxdı. Mən gördüm ki, o, Lundin xalaya çox oxşayır, ancaq bir az cavan idi. Dəyirmi yanaqlarındakı dərin çöküklər Lundin xaladakı kimiydi, özü də lap Lundin xala kimi çənəmdən tutdu.
– Hər vaxtın xeyir, Mio! Yum-Yumla birlikdə şam eləmək istəmirsən?
– Məmnuniyyətlə, – cavab verdim, – əgər sizə əziyyət vermirəmsə.
O dedi ki, onun üçün xoşdur. Yum-Yumla mən evin yanındakı stolun arxasına keçdik, anası isə böyük bir boşqabda kökə, çiyələk mürəbbəsi, süd gətirdi. Biz Yum-Yumla partlayanacan yedik. Axırda bir-birimizə baxıb gülüşdük. Yum-Yumun yanımda olmasına çox sevinirdim.
Birdən ağ bir quş gəldi, dimdiyi ilə mənim boşqabımdan bir parça kökə götürdü, bu bizi daha da əyləndirdi.
Bu zaman gördük ki, kral bizə tərəf gəlir. Atam məni görüb dayandı.
– Mio, mənim Miom, görürəm kefin kökdür, – dedi.
– Ay, bağışlayın! – üzr istədim, fikirləşdim ki, yəqin, Edlya xala, Siksten dayı kimi kralın da kiminsə ucadan gülməyindən xoşu gəlmir.
– Doyunca gülün, – atam cavab verdi. Sonra bağbana tərəf çönüb dedi: – Quşların nəğməsi, ağcaqovaqların səsi xoşuma gəlir, amma hər şeydən çox oğlumun bağımdakı gülüşünü sevirəm.
Birinci dəfə başa düşdüm ki, atamdan qorxmağıma dəyməz. Mən nə iş tuturamsa tutum, o, xeyirxah gözləri ilə mənə baxır, lap elə indi ağ quşlar başına dolandığı an bağbanın çiyninə söykənib durduğu kimi. Bunu başa düşən kimi sevincimdən özümə yer tapmadım, başımı dala atıb dayanmadan elə qəhqəhə çəkdim ki, quşlar da qorxuya düşdülər.
Yəqin, Yum-Yum fikirləşirdi ki, mən hələ də boşqabımdan kökə parçası götürən quşa gülürəm, o da uğunub getdi. Gülüşümüz atama, Yum-Yumun ata-anasına da keçdi. Bilmirəm onlar nəyə gülürdülər, mənsə ürəkdən sevinirdim ki, belə bir xeyirxah atam var.
Yum-Yumla deyib-gülərək bağın içərilərinə qaçdıq və talalarda mayallaq aşmağa, qızılgül kollarının arasında gizlənpaç oynamağa başladıq. Bağda o qədər gizli yer var idi ki, onların onda bir hissəsi Teqner parkında Benkayla mənə artıqlaması ilə bəs edərdi. Daha doğrusu, Benkaya bəs edərdi. Aydın məsələdir ki, mən Teqner parkında gizlənmək üçün yer axtarmalı olmayacağam.