реклама
Бургер менюБургер меню

Астрид Линдгрен – Balaca və Karlson (страница 6)

18

– Balaca, dayan bir, əlimə düşərsən!

– Hər halda, məni heç kəs görmədi! – Balaca qapının o biri üzündən cavab verdi və yenidən qəhqəhə səsi eşidildi.

Əgər Betan qəzəbli olmasa idi, bilərdi ki, gülən iki nəfərdir.

Karlson mərc gəlir

Bir dəfə Balaca məktəbdən hirsli qayıtdı. Alnında şiş var idi. Anası mətbəxdə iş görürdü. Ana şişi görəndə çox məyus oldu. Oğlunu qucaqlayıb soruşdu:

– Yazıq Balaca, alnına nə olub?

Balaca qaşqabaqla cavab verdi:

– Krister mənə daş atdı. Bunu Qunilla da gördü.

Kristerlə Qunilla Balacanın dostları idilər. Onlar Balaca ilə bir küçədə yaşayır, onunla bir sinifdə oxuyurdular.

– Krister sənə daş atdı? Nə yaramaz oğlandır o! – ana əsəbiləşdi. – Nə üçün mənə o saat demədin?

Balaca çiyinlərini çəkdi:

– Xeyri nə idi? Sən ki daş ata bilmirsən. Sənin atdığın daş heç anbarın divarına da gedib çatmaz.

– Ay başıboş! Sən elə bilirsən ki, mən Kristerə daş atacaqdım?

– Bəs daha nə atacaqdın? Məncə, daşdan başqa bir şey yoxdur ki, ona atasan, ən yaxşısı elə daşdır.

Ana köksünü ötürdü. Aydın oldu ki, yeri düşəndə təkcə Krister daş atmır, Balaca da atır. Bu məsələdə onun sevimli oğlu heç də başqasından geri qalmır. Heç belə qəşəng göy gözlərin sahibi də dalaşqan olar?

– Məgər davasız keçinmək olmazdı ki? Bilirsən, Balaca, xoşluqla hər işi yoluna qoymaq olar. Yer üzündə həll edilə bilməyən bir şey yoxdur. Sadəcə, oturub danışmaq, götür-qoy etmək lazımdır.

– Yox, ana, düz deyil; məsələn, mən elə dünən belə bir iş üstündə Kristerlə dalaşmışdım…

Ana dedi:

– Çox nahaq yerə. Siz mübahisəni yumruqla yox, sözlə həll edə bilərdiniz.

Balaca mətbəxdəki stolun yanında oturub ağrıyan başını tutmuşdu.

– Doğrudan, səncə, belədir? – o, incik nəzərlərini anasına yönəltdi. – Krister mənə dedi: «Mən səni əzişdirə bilərəm». Elə beləcə də dedi. Mən də cavabında söylədim:

«Yox, əzişdirə bilməzsən». İndi de görüm, biz bu mübahisəni sözlə həll edə bilərdikmi?

Ana cavab tapa bilmədi. Ona görə də sülhpərvər söhbətini kəsməli oldu.

Balaca hələ də qaşqabağını töküb oturmuşdu. Ana cəld ona bir stəkan isti şokolad və isti qoğal verdi.

Balaca qoğalı çox sevirdi. Hələ pilləkənlə qalxarkən evlərindən gələn ləzzətli qoğal ətrini duymuşdu. Ananın üstü qıpqırmızı qızarmış qoğalları adama ləzzət verirdi.

O, minnətdarlıqla qoğaldan bir dişləm aldı.

Balaca yemək yeyərkən ana onun alnındakı şişə plastır yapışdırdı. Sonra ağrıyan yerini ehmalca öpüb soruşdu:

– Kristerlə sənin aranda bu gün nə olmuşdu ki?

– Kristerlə Qunilla elə hey deyirdilər ki, damda yaşayan Karlsonu mən uydurmuşam. Belə şey ola bilməz.

Ana ehtiyatla soruşdu:

– Nədir ki, məgər elə deyil?

Balaca qəzəblə anasına baxıb soruşdu:

– Deməli, sən də mənim sözlərimə inanmırsan? Mən Karlsondan soruşdum ki, uydurmasan, ya yox?..

Ana maraqla xəbər aldı:

– Bəs Karlson nə cavab verdi?

– O dedi ki, əgər uydurma olsa idi, bu, dünyanın ən gözəl uydurması sayılardı. Lakin məsələ ondadır ki, o uydurulmayıb, – Balaca bir qoğal da götürdü. – Karlson deyir ki, əksinə, Kristerlə Qunilla uydurmadır. O deyir:

«Onlar nadir uydurmadırlar». Mən də belə hesab edirəm.

Ana heç nə demədi, başa düşdü ki, Balacanın təsəvvürünü puç etmək mümkün deyil.

Nəhayət, ana dedi:

– Mənə elə gəlir ki, Krister və Qunilla ilə yaxından dostluq etməlisən. Karlsonu isə unutmalısan.

– Niyə? Axı Karlson mənə daş atmır.

Bunu deyib Balaca əlini alnındakı şişə çəkdi. Birdən nəsə xatırladı, üzünə təbəssüm yayıldı. Yenidən dilləndi:

– Ana, az qala unudacaqdım, axı mən bu gün ilk dəfə Karlsonun evini görəcəyəm!

Bunu dediyinə o saat peşman oldu. Belə şeyləri anaya söyləmək axmaqlıq idi!

Ancaq Balacanın bu sözü də anaya uydurma gəldiyi üçün o, etinasızlıqla dedi:

– Yəqin, bu sənin üçün çox maraqlı olar, eləmi?

Əgər ana Balacanın sözünü axıra kimi başa düşmüş olsa idi, bu qədər sakit danışmazdı. Təkcə Karlsonun harada yaşadığını düşünmək kifayət idi.

Balaca stolun arxasından qalxanda kefi xeyli kökəlmişdi. Həyatından da həddən artıq razı idi. Alnındakı şiş daha ağrıtmırdı. Dadlı qoğalın ləzzəti damağından getməmişdi. Günəş işığı mətbəxin pəncərəsindən içəri dolmuşdu. Dama-dama önlük taxmış ana elə qəşəng idi ki. Bir sözlə, kefikök olmamaq üçün heç bir səbəb yox idi!

Balaca anasına yanaşdı, onun əlini öpüb dedi:

– Anacan, səni elə sevirəm ki!

Ana dedi:

– Çox şadam.

– Doğru deyirəm… Mən səni sevirəm, çünki sən çox gözəlsən.

Sonra Balaca öz otağına gedib Karlsonu gözləməyə başladı. Axı onlar bu gün birlikdə dama çıxmalı idilər. Əgər Karlson Kristerin dediyi kimi uydurma idisə, onda Balaca çətin ki oraya çıxa bilərdi.

Karlson Balacaya demişdi:

– Mən təqribən üçdə, yaxud dörddə, ya beşdə gələcəyəm, ancaq hər halda, altıdan tez olmayacaq.

Balaca heç cür müəyyən edə bilmədi ki, Karlson saat neçədə gəlmək fikrindədir. Ona görə də dübarə soruşdu, Karlson cavabında dedi:

– Hər halda, yeddidən gec gəlməyəcəyəm, ancaq səkkizdən tez olmayacaq… Məni saat doqquz radələrində görə bilərsən, təqribən saat onu vuranda.

Balaca Karlsonu uzun müddət gözlədi, lap gözünün kökü saraldı. Axırda ona elə gəldi ki, Karlson elə, doğrudan da, uydurmadır. Bu vaxt vızıltı eşidildi, şən və qıvraq Karlson uçub otağa girdi.

Balaca dedi:

– Gözləməkdən gözümün kökü saraldı. Saat neçədə gəlməyə söz vermişdin?

Karlson cavab verdi:

– Mən təqribən demişdim. Elə də oldu, mən elə təqribən də gəldim.

O, Balacanın akvariumuna yanaşdı. Akvariumda rəngbərəng balıqlar üzüşürdülər. Karlson başını akvariuma salıb iri qurtumlarla su içməyə başladı.

Balaca çığırdı: