Ариф Алиев – Yalama (страница 2)
Qoşun hissələri növbə ilə nazirlik binasının qarşısından keçib üzüyuxarı Bazarnaya[3] küçəsinə çıxır və Salyan kazarmalarına doğru hərəkət edirdi. Yol kənarına düzülmüş insanlar bizi alqışlarla, təbriklərlə qarşılayırdılar. Xalq öz ordusuna məhəbbət və minnətdarlığını izhar edirdi, əsgərlərin başına gül-çiçək səpələyirdi. Cavanlar qucaqlaşıb öpüşür, yaşlılar əllərini cütləyib dua oxuyurdular. Uşaqlarsa səf bağlayıb qollarını yelləyə-yelləyə arxamızca gəlirdilər.
Birdən mənə elə gəldi ki, səkidə kimsə adımı çəkdi:
– Yaşasın qəhrəman Ağaəli Babazadə!
Başımı səsə döndərəndə qıraqları xəzlə bəzədilmiş uzun, məxmər arxalıqda gənc bir qadının gülə-gülə mənə əl etdiyini gördüm.
Bu arxalığı hamilə olduğunu biləndə həmin qadına özüm hədiyyə almışdım.
Onu paradda görməyim elə gözlənilməz oldu ki, bir anlığa çaşdım, ayağım büdrədi, amma tez özümü düzəltdim.
Kazarmada işlərimi bitirən kimi buraxılış vərəqəmi imzalatdırıb Bazarnaya küçəsinə – Səftər müəllimgilə qaçdım. Növbətçi təyin olunanlardan başqa, bütün zabitlərə Novruz bayramı münasibətilə birgünlük istirahət vermişdilər. Kim istəsə evinə, yaxud qohumlarının yanına bayramı qeyd etməyə gedə bilərdi.
Səftər müəllim məndən 8 yaş böyük dayım qızını almışdı, Bakıda ən yaxın qohumlarımız onlar idilər. Bizimkilər şəhərə gələndə həmişə bu mehriban müəllim ailəsində məskən salırdılar.
İndi də Nərgiz Bakıya, yəqin, dayımla gəlmişdi və heç şübhəsiz, Səftər müəllimgildə oturub yolumu gözləyirdi.
Dayım haqqında ayrıca danışmaq istəyirəm. O, Quba qəzasının ən hörmətli kişilərindəndir, mənim üçünsə ata da olub, böyük qardaş da, müəllim də, dost da. 1905-ci ildə ermənilər axşamqabağı dükanı bağlayıb evə qayıdan atamla böyük qardaşımı qapımızın ağzındaca güllə ilə vurub öldürdülər. Yaxşı yadımdadı, avqust ayı idi, ertəsi gün mənim 9 yaşım tamam olacaqdı, səhər tezdən hamımız ailəliklə bulaq başına çıxacaqdıq, atam kabab bişirəcəkdi, biz yeyəcəkdik. O vaxtdan bəri bir dəfə də olsun yaşımı qeyd etməmişəm. Gecəynən dayım və mərdliyi ilə bütün qəzada ad çıxarmış dostu Həmdulla əfəndi[4] Qubaya gəldilər. Yası özləri yola verdilər. Atamın ad günümə aldığı quzu yasa kəsildi. Dəfndən sonra evimizin qapısına qıfıl vurduq, dayım anamla məni götürüb Xaçmaza, öz yanına apardı. Həyətində bizə təzə ev tikdi, məni böyütdü, oxutdu, küçəmizdə yaşayan başqa bir dostunun qızı ilə evləndirdi. Evləndirdi deyəndə ki, seçimi özüm etdim, amma dayımın da ürəyindən oldu. Hərçənd Nərgiz əmindir ki, onu mənim beynimə məhz dayım salıb.
Yolboyu özümü hazırlayırdım ki, içəri girən kimi əriməyim, üzümə ciddi ifadə verim və mənə demədən Bakıya gəldiyi üçün arvadımla sərt danışım. «Hələ bir bunun çıxardığı oyuna bax! «Yaşasın qəhrəman Ağaəli Babazadə…» Göstərərəm sənə qəhrəmanlığımı!»
Qapını üzümə anam açdı. Onu görəndə dərhal sifətimin ifadəsini dəyişməli oldum. Gülümsəyib mızıldandım:
– Bunu xəbər eləyə bilməzdiniz?
Anam cavab vermədən boynuma sarıldı. Uşaqlıqdakı kimi, iyimi çəkdi. Səsi çıxmırdı, yüngülcə çiyinləri titrəyirdi. Məni də qəhər boğdu.
– Di bəsdir. Bəsdir, ağlamaq nəyə lazımdır? Yaxşı eləyib gəlmisiniz, əcəb eləyib xəbər verməmisiniz.
Anam, nəhayət, toxtayıb məni özündən araladı. Üzümü, saçlarımı sığallayan əlindən öpdüm.
– Buna bax, beş aydır evdən çıxıb, gör mənə birinci sözü nə olur? Yox bir, səndən icazə alacaqdım!
– İcazə niyə, ay ana? Sadəcə, gözlənilməz oldu…
– Şikayətini arvadına eləyərsən. Qoymadı dayın ismarlasın.
Anam heç vaxt Nərgizi adı ilə çağırmazdı, şəraitdən asılı olaraq ya «qızım» deyərdi, ya da «arvadın».
Nərgizsə anamın arxasında dayanıb növbə gözləyirdi. Bilmirəm, çoxdandır görüşmədiyimiz üçün darıxmışdım, ya hamiləlik qadınları doğrudan belə gözəlləşdirir, o mənə həmişəkindən daha cazibədar göründü. Könlümdən Nərgizi bərk-bərk qucaqlamaq keçdi. Hislərimi cilovlayıb tələsik onun əllərindən tutdum: anamın yanında bundan artığını edə bilməzdim.
– Nərgiz, istəyirəm elə bir hərəkət edim ki, məni, doğrudan, qəhrəman sayasan.
– Sən, həqiqətən, bizim qəhrəmanımızsan.
Yəqin, anam elə bildi, «bizim» deyəndə Nərgiz onunla özünü nəzərdə tutur. Amma mən başa düşürdüm ki, bu «biz» əslində kimə aiddir.
Sonra anam məni sual atəşinə tutdu. Artıq o, oğlunun həsrətini çəkməkdən üzülmüş bayaqkı kövrək qadın deyildi, həmişəki amiranə bəy qızı idi. Mən qısa cavablarla «atəş»dən yayınmağa çalışırdım: «Əvvəl Zəngəzurda vuruşduq, sonra üç aya yaxın Qarabağda olduq», «Yox, heç bir cızığım da yoxdur, vallah, yanımdan bir güllə də ötməyib», «Kim mənim xətrimə dəyə bilər ki!?», «Hə, göndərdiklərini aldım, çox sağ ol, corablar və əlcəklər lap yerinə düşdü» (əlcəkləri başqasına verdiyimi deməyə cəsarətim çatmadı), «Narahat olma, ay ana, yeməyimiz də yaxşıdır, geyməyimiz də», «Hələ bilmirik, yəqin, Novruzdan sonra öz yerimizə qaytararlar».
Nəhayət, anamın sualları tükəndi və o susdu. Bu o demək idi ki, sual növbəsi mənimdir.
– Səhər gəlmisiniz?
– Hə. Neçə gün idi ki, arvadın dəng eləmişdi: «Gedək, Ağaəlinı görək, gedək, bayramı bir yerdə keçirək, gedək, parada da baxaq…» Axır, saqqızımı oğurladı, boğçamı yığdım…
Anam belədir: dilinə gətirməz ki, özünün də ürəyindən olub.
– …Dayın axşam vağzaldan yola saldı. Dedi, Səftərə zəng vurub tapşıracam, qarşılasın. Arvadın and-aman elədi ki, bircə Ağaəli bilməsin, sürprizdi-nədi, ondan hazırlamışam. Bütün gecəni qatarın taqqa-tukundan yata bilmədim. Səhər tezdən də Səftər bizi vağzaldan götürüb evə gətirdi… Nə idi o sürpriz, a qızım?
Nərgiz başını aşağı salıb kəlağayısının saçaqlarını didişdirdi. Mən masanın altından onun ayağını basdım və mövzunu dəyişdim:
– Dayım necədir? Mənə sözü-zadı olmadı?
– Yox, dedi, arada özümüz telefonla danışırıq. Dayın, maşallah, yaxşıdır. Yaşı 55-i ötüb, ancaq çox qıvraqdır. O yazığın da arvadı ağır xəstədir, illərdir, müalicəyə aparıb-gətirir, xeyri yoxdur. Özü də gəlmək istəyirdi, mən gəldim deyə qalası oldu. Eşidirsən məni, a bala? Elə bil fikrin başqa yerdədir?
Yenə söhbəti çevirdim:
– Səftər müəllimgil hanı?
– Uşaqları da götürüb məktəbə gediblər. Novruz bayramı keçirirlər. Gələrlər indilərdə. Sənin fikrin hardadır, ay oğul?
Anam gəlininə baxdı (Nərgiz qızarıb üzünü çevirdi) və ayağa qalxdı:
– Yaxşı, mən bir az yatım. Qatarın səsi başıma düşüb, beynim küyüldəyir. Səni görməmiş gözümə yuxu getmədi. Sizsə, istəyirsiniz, gedin, gəzin. Əsl yaz havasıdır. Arvadına bu saat təmiz havada çox olmaq lazımdır.
Biz səssizcə evdən çıxdıq və yolu keçdik. Bayaqdan tək qalmaq istəyirdik, indisə sanki danışmağa söz tapmırdıq. Mehmanxanalarla, çayxana və restoranlarla əhatələnmiş Quru bağda[5] həyat qaynayırdı. Paradın əhvali-ruhiyyəsi hələ duyulurdu, hərbi geyimdə olduğum üçün qarşıma çıxanlardan çoxu məni salamlayırdı. Bundan açıq-aşkar qürur duyan Nərgiz qoluma sığındı:
– Təsəvvür edirəm, hamilə qadınla yol gedən zabit kənardan necə qəribə görsənir.
– Nə demək istəyirsən?
– Demək istəyirəm, yəqin, planlarını pozmuşam ki, belə qaşqabaqlısan. Mən gəlməsəydim, sən də onlar kimi indi birini tapıb kefdə idin.
Nisbətən xəlvət yerdəki skamyada iki zabit iki sarışın qızla şirin-şirin söhbət edirdi.
– Buna deyərlər ki, qara məni basınca, mən qaranı basım. O nə hoqqa idi?
– Əslində, başqa şey qışqıracaqdım, Ağam, dilimdən bu çıxdı.
Təklikdə Nərgiz mənə «Ağam» deyirdi. Bir dəfə anam eşitmişdi, adımı qısaltması acığına gəlmişdi.
– Nə qışqıracaqdın?
– Gələn paradda bilərsən.
Hirslə qolumu Nərgizin əlindən çəkdim:
– Bu vəziyyətdə yola çıxırsan, məsləhətləşmirsən də!
Nərgiz təzədən qoluma girdi.
– Niyə məsləhətləşmirəm? Məsələn, mən faytonla gəlməyin tərəfdarı idim. Bilirəm ki, anan qatarın nə səsini, nə iyini götürür. Özü razı olmadı, dedi, bu boyda yolu sənə silkələnmək olmaz, mən də qulaq asdım. Narahat olma, özümü quş kimi hiss edirəm. Səni görmək üçün lap qaça-qaça da gələrdim, Ağam.
– Bəs o?
– O da mənimlə qaçacaqdı.
Səsimi azca qaldırdım:
– Hər şeyi zarafata salma! İki ildir, uşaq həsrətindəyik.
– Yavaş, eşidir. Böyüyəndə anasının üstünə qışqırdığın üçün səndən heyfini çıxacaq.
– Qələt eləyəcək, dartıb qulaqlarını uzadaram, – dedim. Papağının altından uzun qulaqları görsənən, bir əlini bələkdən çıxarıb mənə barmaq silkələyən uşağı təsəvvürümə gətirdim və güldüm.
Nərgiz də güldü:
– Bax bu, başqa məsələ. Yığışdır qaşqabağını.
Biz parkda gəzir, yorulanda oturur, sonra yenə gəzirdik, gələcək övladımız (Nərgiz üçün fərqi yox idi, mənsə oğlan istəyirdim) haqqında danışırdıq. Onu necə sevəcəyimizi, bəsləyəcəyimizi təsəvvürümüzə gətirirdik. Mən hətta oğlumuza ad fikirləşməyi təklif etdim. Nərgiz qəti razı olmadı:
– Uşağa doğulmamış ad qoymazlar, düşər-düşməzi olar.
Biz müsəlman kişiləri niyə beləyik? Arvadımıza məhəbbətimizi, nəvazişimizi uşaq vasitəsilə bildiririk, birbaşa deməyə utanırıq. Hətta başqasının yanında onun adını da çəkmirik, «uşaqların anası» deyirik. Bax indi də mənim içim sevgi sözləri ilə dolu idi. Nərgizlə yanaşı addımlaya-addımlaya onları ürəyimdə təkrar edirdim. Amma birini də dilimə gətirə bilmirdim. Sadəcə, tez-tez qolunu sıxırdım.
Ertəsi gün anamla və Nərgizlə sağollaşıb Salyan kazarmasına qayıtdım. Yolüstü poçtdan dayıma zəng etdim, dedim ki, Səftər müəllim onları yola salacaq, səhər qatar ağzına bir adam göndərsin.
Axşam 5-ci Bakı alayı Novruz bayramı münasibətilə banket təşkil etmişdi. Paradda iştirak edən bütün zabitlər oraya dəvət almışdı. Hərbiyyə nazirinin, ümumi qərargah rəisinin, 2-ci diviziya komandirinin, xarici qonaqların da gəlişi gözlənirdi.