18+
реклама
18+
Бургер менюБургер меню

Ариф Алиев – Elmi yanlışlıqlar-təbiət və insan (страница 2)

18

Oksigenin 80%-ni isə yosunlar, dəniz və okean bitkiləri verir

Kartofu Avropaya kim gətirib?

Çox geniş yayılmış əfsanəyə görə, ikinci çörək sayılan kartofu Cənubi Amerikadan Avropaya Kolumb gətirib. Amma Avropada kartofun dadına ilk dəfə Kolumbun Amerikaya son səfərindən təxminən 60 il sonra baxıblar.

Kolumbun səfərində iştirak edən bioqrafının qeydlərində, həqiqətən də, bu qiymətli bitkinin təsviri var: “Kolumbun kəşf etdiyi İspanyola (Haiti) adasının sakinləri bitki kökündən hazırlanmış çörəklə qidalanırlar. Balaca kolun dibində armud, ya kiçik balqabaq boyda meyvə bitir. Meyvələr yetişəndə biz turpu qazıb çıxardığımız kimi, ada sakinləri də onları yerdən çıxarırlar, gündə qurudurlar, doğrayırlar, üyüdürlər və çörək bişirirlər…”

Amma bu qeydlər həmin vaxt heç kimi maraqlandırmayıb və kartof haqqında ilk məlumat dərc olunmamış qalıb.

Qədim inklərin kartof ilahəsi – Akso-mama

İspan konkistadoru Fransisko Pissaro da XVI əsrin 30-cu illərində Peruda olanda kartofu görüb və ona əhəmiyyət verməyib. Pissaroya inklərin qızılı lazım idi. Lakin dəstəsinin üzvlərindən birini – gənc əsgər Pedro Syeza de Leonu yerli əhalinin həyat tərzi heyrətə gətirib. Leon bundan sonra daha altı dəfə Cənubi Amerikaya səfər edib və 1553-cü ildə “Peru xronikası” kitabını yazıb. Avropalılar ananas, avokado, kokain kolu kimi bitkilərin, alpaka, lama, quanako, anakonda, iquana, puma kimi heyvanların nə olduğunu bu kitabdan öyrəniblər, Naska heroqlifləri, möcüzəvi Tiuanako tikililəri haqqında bilgilər əldə ediblər. Kartof barədə də ilk dəfə həmin əsərdən xəbər tutublar. Peru hinduları ona “papa” deyiblər. Leon yazıb: “Papa – yer qozunun xüsusi növüdür, qabığı donbalanın qabığından qalın deyil, bişirəndə isə qaynadılmış şabalıd kimi yumşaq olur”.

Kartofun nə olduğunu avropalılar Pedro Leonun 1553-cü ildə nəşr olunmuş “Peru xronikası” kitabından öyrəniblər.

Kartofun özünün isə Avropaya kim tərəfindən gətirildiyi dəqiq müəyyən edilməyib. Güman olunur ki, bunu 1560-cı illərin ortalarında Amerikadan qayıdarkən özləri ilə yola ərzaq götürən ispan konkistadorları ediblər. Amma tarixdə “Kraliça Yelizavetanın piratı” kimi tanınmış ingilis kapitanı Frensis Dreykin adı daha çox çəkilir. Dreyk təkcə dəniz döyüşü ustası olmayıb, bir sıra çoğrafi kəşflər edib, Amerikadan İngiltərəyə xeyli flora və fauna nümunəsi gətirib.

Prussiya kralı II Fridrix (1712-1786) kartof əkininə şəxsən nəzarət edir. (Robert Vartmüllerin rəsm əsəri)

Əvvəllər Avropada kartof yalnız botanika bağlarında yetişdirilib. Ərzaq problemini həll etməyə çalışan hökumətlərin cəhdlərinə baxmayaraq, adamlar onu əkib-becərməkdən imtina ediblər, “şeytan yeməyi” adlandırıblar. “Vəhşi insanların yaşadığı yerlərdən gətirilmiş” kartofun müxtəlif xəstəliklər törətdiyi barədə şayiələrə inanıblar. Hökumətlər bu problemi müxtəlif yollarla həll etməyə çalışıblar. Prussiya kralı I Vilhelm, məsələn, kartof becərməkdən imtina edən kəndlilərin burun-qulaqlarını kəsmək əmri verib, oğlu II Vilhelm onları buna məcbur etmək üçün kəndlərə əsgər göndərib. İngilislər kartof becərənlər üçün xüsusi medal təsis ediblər.

Fransızlar isə kartofun “kəşfi” üçün əczaçı Antuan Parmantyeyə minnətdardırlar. Parmantye 1757-ci ildə almanlara əsir düşəndə katrof onu aclıqdan ölməyə qoymayıb. Parmantyenin vətəninə döndüyü il Fransada böyük qıtlıq baş verib. Paris Akademiyası yeni qida mənbələri tapmaq üçün müsabiqə elan edib. Əczaçı kartof haqqında məqaləsi ilə müsabiqədə qalib gəlib.

Fransa kraliçası Mariya Antuanetta (1755-1793) saçlarına, şlyapasına, paltarının yaxasına kartof gülü taxırdı. (Vije-Lebrenin rəsm əsəri)

Parmantye kartof becərməyin perspektivli olduğuna kral XVI Lüdoviki və kraliça Mariya Antuanettanı da inandıra bilib. Bu bitkini populyar laşdırmaq üçün Mariya Antuanetta saçlarında kartof çiçəyi gəzdirib. Yüksək cəmiyyətdə “yer alması” (kartofu Fransada belə adlandırırdılar) dəbi yaranıb. Parmantye Paris yaxınlığında böyük kartof sahəsi əkib və biclik işlədib. Gündüzlər bu sahə möhkəm qorunur, gecələr isə gözətçilər evlərinə göndərilirdilər. Bu qədər ciddi mühafizə olunan bitkinin qiymətli olduğunu düşünən kəndlilər gecələr oğurluğa gəlir, kartof kollarını çıxarıb öz sahələrinə aparırdılar. Parmantyenin ilk kartof sahəsi saldığı yerdə indi ona heykəl ucaldılıb. Heykəlin postamentində “Bəşəriyyətin xeyirxahı” ifadəsi və bir vaxtlar kral XVI Lüdovikin əczaçıya dediyi sözlər yazılıb: “İnanın, zaman yetişəcək, aclıq keçirən insanlara çörək verdiyiniz üçün bütün Fransa sizə minnətdar olacaq”.

İtaliyaya kartof Fransadan Roma Papasına hədiyyə kimi göndərilib. Yer altında yetişdiyi və formaca donbalanı (trüfel) xatırlatdığı üçün italyanlar “yer alması”nın adını dəyişiblər, ona tartufolli deyiblər. “Kartof” sözünün buradan yarandığını başa düşmək çətin deyil.

Fransada ilk kartof sahəsi salınan yerdə Parmantyeyə qoyulmuş heykəl

Rusiyaya ilk dəfə kartofu 1700-cü ildə I Pyotr Hollandiyadan göndərib. Peterburq ballarında kartof delikates kimi verilib: onu həm duza batırıb, həm də üstünə şəkər tozu səpib yeyirdilər. Ancaq katrofun Rusiyada geniş yayılması XVIII əsrin ortalarına təsadüf edir. Yeddiillik müharibə zamanı (1756-1763) ruslar Prussiyada kartof sahələrinə rast gəliblər. 1765-ci ildə II Yekaterina “Potetes” adlandırılan yer almasının yetişdirilməsi haqqında fərman imzalayıb. Prussiyadan, İngiltərədən toxumluq kartof gətirilərək quberniyalara göndərilib. Azərbaycana da kartof Rusiyadan gəlib çıxıb.

Zəfəran qızıldan qiymətlidir?

Tez-tez eşidə, yaxud oxuya bilərsiniz ki, zəfəran qızıldan qiymətli yeganə ədviyyatdır.

Qızıldan bahalı daşlar və maddələr var, amma ədviyyat yoxdur. 2014-cü ilin əvvəlində 1 qram qızılın qiyməti 35-50 dollar, 1 qram zəfəranın qiyməti isə 8-11 dollar idi.

Zəfəran, həqiqətən, çox dəyərli bitkidir və onun qızıldan qiymətli olması barədə deyilənləri məcazi mənada qəbul etmək mümkündür. Zəfərandan təkcə kulinariyada istifadə olunmur. Bu təbii dərman bitkisi psixi pozuntulardan tutmuş ürək xəstəliklərinə qədər bir çox mərəzlərin müalicəsində olduqca səmərəlidir.

Bilirsinizmi, zəfəran niyə belə bahadır? Çünki bütün dünyada ildə cəmi 300 ton zəfəran istehsal olunur. Bircə kiloqram məhsul almaq üçün 140 minədək zəfəran çiçəyi toplamaq, hər birinin ləçəklərini aralayıb ortasındakı üç qırmızımtıl teli çıxarmaq lazımdır. Həm də zəfəran qulluq sevən bitkidir. Üç ildən bir onun soğanlarını qazıb çıxarmaq, təmizləmək və yenidən əkmək məsləhətdir.

Bu bitkinin vətəni İran, Kiçik Asiya və Hindistan hesab edilir. Hələ şumer sivilizasiyasına aid mənbələrdə zə fəranın adı çəkilir. Amma Avropada da onu qədim zamanlardan becərirlər. Egey dənizində yerləşən Santorini adasında e.ə. XVI əsrdə zəfəran çi çəklərinin yığılmasını təsvir edən freskanın qalıqları durur. Rəvayətə görə, Makedoniyalı İskəndər saçlarına pa rıltı vermək üçün onları zəfəran məhlulu ilə yuyurmuş.

Zəfəran yığan qızlar. Santorini adasında və Knossos sarayında (Krit adası) aşkar edilmiş qədim freskaların qalıqlarından parçalar

Orta əsrlərdə Almaniyada zəfəranı bənzər bitkilərlə qarışdırıb satanlara ölüm hökmü çıxarırlarmış. Hətta bəzi cinayətkarların saxta malları ilə birgə diri-diri basdırılması halları da olub.

Azərbaycanda zəfəran sovxozunda ildə 150 kiloqramadək məhsul alırdılar. Bunun üçün 20 milyondan artıq zəfəran gülü yığırdılar.

İngiltərənin Esseks qraflığında Saffron-Valden şəhəri var (saffron – ingilis dilində zəfəran deməkdir). Bura bir zamanlar Böyük Britaniyanın “zəfəran paytaxtı” imiş.

İspaniya və Yunanıstanda zəfəran istehsalı xüsusilə geniş yayılıb. İspan zəfəranı bu gün də dünyada ən bahalı zəfərandır.

Əvvəllər zəfəran çayı da çox içilirdi. İlk baxışdan adama elə gəlir ki, bu bahalıqda malı “suya atmaq” böyük bədxərclikdir. Amma 1 qram zəfəranın 100 litr suya rəng qatmağa bəs etdiyini biləndə bunun heç də belə olmadığını görərik. Əvəzində insanın sağlamlığı möhkəmlənir, əhval-ruhiyyəsi yax şılaşır. Lakin çay, kofe, şokolad içkiləri geniş yayıldıqdan sonra zəfəran suyuna ehtiyac azaldı.

Zəfəran Azərbaycanda da qədim vaxtlardan becərilir. XVIII əsrdə Bakı şəhərinin gerbində zəfəran təsvir olunurdu. Gerbdə yüklü dəvə, yükün üstündə isə çiçək açmış zəfəran çəkilmişdi. 1927-ci ildə Abşeronda (Bilgəh) SSRİ-də ilk və yeganə Zəfəran sovxozu yaradıldı. 1990-cı ildə ölkədə siyasi və iqtisadi hərc-mərclik dövründə sovxoz dağıldı.

Adam balinanın qarnından sağ çıxa bilərmi?

“Kapitan Vrungelin sərgüzəştləri” cizgi filmində balinanın dəniz quldurlarını udması yadınızdadırmı? Nəinki multiplikasiyalarda, yaddaşımızda dərin iz qoymuş onlarla bədii filmdə, əsərdə, gəmi qəzaları haqqında hesabatlardakı şahid ifadələrində balinanın adamı udması barədə danışılır. Hətta dini rəvayətlərdə də Yunis peyğəmbərin üç gün balinanın qarnında yaşaması, sonra isə sağ-salamat sahilə çıxmasından bəhs edilir.

Bu nəhəng balinanın ağzına qaya da sığar, ancaq boğazından bilyard şarı boyda daş keçir.

Bu heyvanlar iki böyük dəstəyə bölünürlər: bığlı balinalar və dişli balinalar. Bığlı balinalar, ümumiyyətlə, adam yemirlər. Ona görə yox ki, xoşları gəlmir, sadəcə bunu bacarmazlar. Çəkisi 160 tona, uzunluğu 33 metrə çatan ən böyük bığlı balinanın boğazı gö bəyindən böyük deyil, yəni nəlbəki boydadır. Onun dar boğazından xırda dəniz heyvanlarından başqa heç nə keçmir.