реклама
Бургер менюБургер меню

Антуан де Сент-Экзюпери – Balaca şahzadə (страница 2)

18

O, xəyal içində bir müddət susub sonra dedi:

‒ Mənə yeşik verməkdə çox yaxşı iş gördün. Quzu gecələr orda yatacaq.

‒ Əlbəttə. Əgər sən ağıllı olsan, mən sənə ip verərəm, gündüzlər onu bağlayarsan. Çomaq da verərəm.

Balaca şahzadə qaşqabağını tökdü:

‒ Bağlamaq? O nə üçün?

‒ Sən onu bağlamasan, baş götürüb gedər, azar.

Bu zaman dostum yenə qəhqəhə çəkib güldü:

‒ O hara gedə bilər?

‒ Getməyə az yer var? Yolu qatıb qabağına hara gəldi gedər.

Onda Balaca şahzadə ciddi dedi:

‒ Burası qorxulu deyil, mənim yerim çox balacadır.

Sonra məyus-məyus əlavə elədi:

‒ Əgər düz getsə, çox uzaq gedə bilməz…

IV

Beləliklə, mən daha bir mühüm şeyi öyrəndim: onun doğma planeti vur-tut bir ev böyüklükdədir.

Həm də bu məni bir elə heyrətləndirmədi. Mən bilirdim ki, Yer, Yupiter, Mars, Venera kimi böyük planetlərdən savayı, yüzlərlə başqaları da var; bunların içində elə xırdaları var ki, onları teleskopla da seçmək olmur. Astronom belə kiçik planetləri kəşf edəndə ona ad deyil, adicə nömrə verir, məsələn: 3251-ci asteroid.

Balaca şahzadənin “V-612 asteroidi” planetindən gəldiyini ehtimal etməyə xeyli əsasım vardı. Bu asteroidi yalnız bir dəfə, 1909-cu ildə türk astronomu teleskopdan görmüşdü. Astronom o zaman öz gözəl kəşfi haqqında beynəlxalq astronomiya konqresində məlumat vermiş, ancaq heç kəs ona inanmamışdı, özü də ona görə ki, əynində türk libası vardı. Bu yaşlı camaat belədir.

V-612 asteroidinin bəxtindən Türkiyə sultanı öz təbəələrini ölüm cəzası ilə qorxudaraq onlara Avropa paltarı geymək əmri verdi. Astronom öz kəşfi haqqında 1920-ci ildə yenidən məlumat verdi. Bu dəfə o, son moda ilə geyinmişdi, ona görə də hamı onunla razılaşdı.

Mən ancaq yaşlılara görə V-612 asteroidi haqqında belə müfəssəl danışdım, hətta onun nömrəsini də bildirdim. Yaşlılar rəqəmi çox sevirlər. Onlara mənim təzə bir dostum barəsində danışanda heç vaxt əsas məsələ haqqında bir şey soruşmazlar. Heç vaxt deməzlər: “Onun səsi necədir? O hansı oyunları xoşlayır? O, kəpənək tuturmu?” Soruşarlar: “Neçə yaşı var? Çəkisi nə qədərdir? Atası nə qədər qazanır?” Bundan sonra elə bilərlər ki, adamı tanıdılar. Yaşlılara deyəndə ki, “Mən çəhrayı kərpicdən tikilmiş gözəl bir ev gördüm, pəncərələrində ətirşah, damında göyərçin vardı”, onlar heç vəchlə bu evi təsəvvürlərinə gətirə bilmirlər. Onlara demək lazımdır: “Mən yüz min franka başa gəlmiş bir ev gördüm”, bu zaman onlar heyrətlə çığırırlar: “Nə qiyamət evdir!”

Əgər onlara desən ki: “Balaca şahzadənin varlığını sübut edən dəlillər bunlardır: o, çox, çox qəşəng idi, o gülürdü, istəyirdi quzusu olsun. Kim quzu istəyirsə, deməli, o, sözsüz, yaşayır”. Əgər belə desən, yenə onlar çiyinlərini atıb sənə fərasətsiz uşağa baxdıqları kimi baxacaqlar. Əgər onlara “O, V-612 asteroid planetindən gəlmişdi” desən, bu onları inandırar, sənin də yaxan sual-cavabdan qurtarar. Bu yaşlılar belə adamlardır. Onlardan inciməyə dəyməz. Uşaqlar böyüklərə güzəştə getməlidirlər.

Ancaq biz, həyatın nə olduğunu başa düşən adamlar, əlbəttə, nömrələrə də, rəqəmlərə də gülürük! Mən bu povesti həvəslə sehrli nağıl kimi başlardım. Mən belə başlamaq istərdim:

“Biri vardı, biri yoxdu, balaca bir şahzadə vardı. O özündən bir balaca iri olan planetdə yaşayırdı, dosta çox ehtiyac duyurdu…” Həyatın nə olduğunu başa düşənlər dərhal görərdilər ki, bunların hamısı həqiqətdir.

Mən qətiyyən istəmirəm ki, kitabımı sadəcə əyləncə xatirinə oxusunlar. Mən öz balaca dostumu xatırlayanda ürəyim yaman sıxılır, onun haqqında danışanda da çətinlik çəkirəm. Onun öz quzusu ilə birlikdə məni tərk elədiyi vaxtdan altı il keçib. Mən onu unutmamaq üçün haqqında danışmağa çalışıram. Dostları unutmaq çox pis əməldir. Hər adamın dostu olmur. Mən rəqəmdən başqa bir şeylə maraqlanmayan yaşlılar kimi olmaqdan qorxuram. Mən həm də buna görə bir yeşik boya və rəngli karandaş almışam. Əgər bütün həyatım boyu, həm də altı yaşımda, içdən və çöldən bir əfi şəkli çəkmişəmsə, bu yaşda yenidən şəkil çəkməyə qayıtmaq o qədər də asan məsələ deyil! Əlbəttə, mən bacardıqca bənzətməyə çalışacağam. Ancaq buna nail olacağıma əmin deyiləm. Şəklin biri yaxşı olur, o biri isə zərrə qədər də oxşamır. Boy məsələsində həmçinin: şəklin birində şahzadə çox böyük, digərində isə hədsiz kiçik çıxır. Mən onun paltarının rəngini də pis xatırlayıram. Mən onu həm belə, həm elə, zənlə, birtəhər çəkmək istəyirəm. Nəhayət, hansısa başqa mühüm xırdalıqda da səhv eləyə bilərəm. Ancaq siz irad tutmayın. Dostum heç vaxt mənə bir şey deməmişdi. Bəlkə, o elə bilirmiş ki, mən də onun kimiyəm. Amma mən təəssüf ki, yeşiyin taxtaları arasından quzunu görməyi bacarmıram. Bəlkə, mən bir az yaşlılara bənzəyirəm. Yəqin, qocalıram.

V

Mən hər gün onun planeti, o planeti necə tərk etməsi və səyahəti haqqında yeni bir şey öyrənirdim. O, yeri gələndə bu barədə az-az danışırdı. Üçüncü gün mən baobab faciəsini bu yolla bildim.

Bu da quzunun ucbatından oldu. Sanki Balaca şahzadə birdən dərin şübhələrə daldı. O soruşdu:

‒ Doğrudanmı, quzular kolları yeyirlər?

‒ Bəli, yeyirlər.

‒ Yaxşı oldu!

Mən quzuların kolları yeməsinin nə üçün belə mühüm məsələ olduğunu başa düşmədim. Balaca şahzadə isə əlavə elədi:

‒ Deməli, onlar baobab da yeyirlər?

Mən etiraz elədim ki, aobab kol deyil, nəhəng ağacdır, boyu zəng qülləsinə çatır. Əgər o, bir sürü fil də gətirsə, onlar bir baobabı yeyib qurtara bilməzlər.

Fil sözünü eşidəndə Balaca şahzadə güldü:

‒ Onları bir-birinin üstünə çıxarmaq lazım gələrdi.

Sonra isə düşüncəli-düşüncəli dedi:

‒ Baobablar əvvəl-əvvəl, hələ boy atmamışdan balaca olurlar.

‒ Düzdür. Amma nə üçün sənin quzun kiçik baobabları yeməlidir?

‒ Bəs necə! ‒ dedi, sanki söhbət ən adi, hamıya məlum həqiqətdən gedirdi. İşin nə yerdə olduğunu dərk edənə qədər mən xeyli fikirləşməli oldum.

Hər bir başqa planetdə olduğu kimi, Balaca şahzadənin də planetində faydalı və zərərli otlar bitir. Deməli, orada yaxşı faydalı otların yaxşı toxumu, pis alaq otlarının ziyanlı toxumu var. Axı toxum gözə görünmür. Toxumlar yerin dərinliklərində yatır, birdən görürsən ki, biri ayıldı. Oyanan toxum zoğ atır, qəddini düzəldib günəşə doğru boylanır, əvvəlcə qəşəng, sakit, zərərsiz görünür. Əgər bu, gələcəyin qırmızı turpu, ya qızılgül koludursa, qoy boy atsın. Ancaq pis, zərərli otdursa, tanıyan kimi onu kökündən çıxarıb atmaq lazımdır. Balaca şahzadənin planetində dəhşətli, çox ziyanlı toxum var… Bu, baobab toxumudur. Planetin torpağı baobab toxumu ilə doludur. Əgər baobabı vaxtında tanımasan, sonra ondan yaxanı qurtara bilməzsən. O, bütün planeti tutar. Kökləri ilə torpağı deşik-deşik eləyər. Əgər planet çox kiçikdirsə, baobab çoxdursa, onlar planeti parçalayıb dağıdarlar.

Sonralar Balaca şahzadə mənə dedi:

‒ Belə bir dəyişməz qayda var… Səhər durdun, əl-üzünü yudun, özünü qaydaya saldın, dərhal planetini qaydaya sal. Baobabları qızılgül kolundan ayırmaq mümkün olan kimi ‒ onlar təzə çıxanda bir-birinə çox oxşayırlar ‒ hər səhər mütləq onları dartıb çıxarmaq lazımdır. Bu, çox bezikdirici işdir, amma qətiyyən çətin deyil.

Bir dəfə o mənə məsləhət verdi ki, çalışım elə şəkil çəkim, bizim uşaqlar da onu yaxşı başa düşsünlər.

O dedi:

‒ Əgər bir zaman səyahətə çıxsalar, bu onlara gərək olar. Bəzi işlər bir az gözləyə də bilər, ziyanı yoxdur. Ancaq baobabları özbaşına buraxsan, başın ağrıyacaq. Mən bir planet tanıyırdım, orada bir tənbəl yaşayırdı. O, üç kolu vaxtında çıxartmamışdı…

Balaca şahzadə hər şeyi müfəssəl təsvir elədi. Mən bu planetin şəklini çəkdim. Mənim adamlara öyüd-nəsihət verməkdən zəhləm gedir. Hərçənd baobabın nə cür zərər verdiyini bilən az tapılar, amma asteroidə düşən hər kəsin məruz qalacağı təhlükə çox böyükdür. Buna görə də mən bu dəfə həmişəki təmkinimi pozmağı qərara aldım. “Uşaqlar, ‒ deyirəm, ‒ baobabdan özünüzü gözləyin!” Mən öz dostlarıma çoxdan onları izləyən təhlükə haqqında xəbərdarlıq etmək istəyirəm, onlar bunu, əvvəllər mən ağlıma gətirmədiyim kimi, ağıllarına belə gətirmirlər. Bax elə bunun üçün mən bu şəklin üstündə bu qədər zəhmət çəkmişəm, sərf elədiyim əməyə də heyfim gəlmir. Ola bilər, siz soruşasınız: nə üçün bu kitabda baobab qədər təsirli başqa bir şəkil yoxdur? Cavab sadədir: mən çalışmışam, amma bir şey çıxmayıb. Baobabları çəkəndə isə məni bunun çox vacib və təxirəsalınmaz olması fikri ilhamlandırıb.

VI

Ey Balaca şahzadə! Mən sənin həyatının necə hüznlü, necə yeknəsəq olduğunu da yavaş-yavaş anladım. Uzun müddət sənin təkcə bir əyləncən olub: qüruba tamaşa eləmisən. Mən bunu dördüncü günün səhəri öyrəndim, özü də sənin:

‒ Mən qürubu çox sevirəm. Gedək günün batmasına baxaq, ‒ deməyindən bildim.

‒ Gözləmək lazım gələcək.

‒ Nəyi gözləmək?

‒ Günəşin batmasını.

Əvvəlcə sən çox heyrət elədin, sonra isə özün özünə gülüb dedin:

‒ Mənə hələ də elə gəlir ki, öz evimdəyəm.

Əslində də belə idi. Hamı bilir ki, Amerikada günorta olanda Fransada günəş qüruba gedir. Əgər bu zaman bir anlığa Fransaya düşsən, günəşin qürubuna tamaşa eləyə bilərsən. Bədbəxtlikdən Fransa çox, çox uzaqdır. Sənin balaca planetində isə stulu bir neçə addım qabağa çəkmək kifayətdir. Sən dönə-dönə qürub səmasına baxarsan, təki kefin istəsin…

‒ Bir dəfə mən günəşin batmasını bir gün ərzində qırx üç dəfə gördüm.

Bir az fasilədən sonra sən əlavə etdin: