Антон Чехов – Hekayələr (страница 8)
Bərbəzəkli kütlə dağılmışdı, heç kəs gözə dəymirdi, külək tamam yatmışdı, Qurovla Anna Sergeyevna hələ də durub gözləyirdilər, elə bil, gəmidən yenə də sərnişin düşüb-düşməyəcəyini bilmək istəyirdilər. Anna Sergeyevna artıq susurdu, Qurova baxmadan gülləri qoxulayırdı.
Qurov dilləndi:
– Axşamtərəfi hava yaxşılaşıb. İndi hara gedəcəyik? Bir yana getməyək?
Qadın cavab vermədi. Bu vaxt Qurov sınayıcı nəzərlərlə ona baxdı və qəflətən qucaqlayıb dodaqlarından öpdü, güllərin ətri və şehi onu bürüdü, həmin andaca ürkək-ürkək yan-yörəsinə baxdı: görən olmadı ki?
Sonra sakitcə:
– Gedək sizə… – dedi.
Onlar tələsik yola düzəldilər. Qadının nömrəsi boğanaqdı, yapon mağazasından alınmış ətir iyi otağı bürümüşdü. Qurov ona baxıb yenidən fikrə getdi: “Həyat müxtəlif görüşlərlə doludur”. Keçmişdə Qurovun yadında müxtəlif qadınlarla bağlı xatirələr qalmışdı: qayğısız, mərhəmətli, sevildiklərinə görə sevinən, ani xoşbəxtlik üçün minnətdarlığını gizləməyən qadınlar, arvadı kimi artıq söz-söhbətlə, ədayla, haray-qışqırıqla sevən qeyri-səmimi qadınlar, yaşadığı anın sevgi, ehtiras yox, daha əhəmiyyətli nəsə olduğunu üz-gözünün ifadəsi ilə büruzə verən qadınlar və bir də olduqca gözəl, soyuq, üzlərində həyatdan onun verə biləcəyindən çox almaq, qoparmaq kimi vəhşi, inadkar bir arzu ilə yaşayan qadınlar; bunların hamısı cavanlığı keçmiş, höcət, düşüncəsiz, hökmlü, ağılsız qadınlardı. Qurov onlardan soyuyanda bu qadınların gözəllikləri onda nifrət oyadırdı və bu zaman ona elə gəlirdi ki, qadınların alt paltarlarındakı haşiyələr xalıya bənzəyir.
Yenə həmin cəsarətsizlik, təcrübəsiz gəncliyin yenə həmin yöndəmsiz, yenə həmin narahat duyğuları; qəribə bir çaşqınlıq əhval-ruhiyyəsi vardı, sanki kimsə qəflətən qapını döymüşdü. Anna Sergeyevna, bu “it gəzdirən xanım” baş verənlərə nəsə qeyri-adi, olduqca ciddi yanaşırdı. Elə bil, bu hadisədə özünün məhvini görürdü, bu isə həm qəribə idi, həm də yerinə düşmürdü. Onun üzü ifadəliliyini itirmişdi, saralıb-solmuşdu, uzun, pərişan saçları üzünə dağılmışdı; o, qədim şəkillərdəki günahkarlar kimi oturub fikrə getmişdi.
Qadın dilləndi:
– Heç yaxşı olmadı. İndi mənə hörmət eləməyənlərdən birincisi elə siz olacaqsınız.
Nömrədəki stolun üstündə qarpız vardı. Qurov bir dilim kəsib, tələsmədən yeməyə başladı. Sükut ən azı yarım saata qədər uzandı.
Anna Sergeyevna zərifdir, ondan təmiz, sadəlövh, görüb-götürməmiş qadın ətri gəlirdi; stolun üstündə yanan tək şamın işığı onun sifətini zorla işıqlandırırdı, amma hiss olunurdu ki, Anna Sergeyevna əzab çəkir.
Qurov soruşdu:
– Mən sənə niyə hörmət eləməməliyəm? Nə danışdığını heç özün də bilmirsən.
O:
– Qoy Allah günahımdan keçsin! – dedi və gözləri doldu. – Dəhşətdir.
– Sən, elə bil, özünü təmizə çıxarmağa çalışırsan.
– Nəylə özümü təmizə çıxarım? Mən ağılsız, rəzil qadınam, özüm özümə nifrət edirəm və bəraət haqqında fikirləşmirəm. Mən ərimi aldatmadım, mən özümü aldatdım. Özü də indi yox, xeyli vaxtdı aldadıram. Ərim, bəlkə də, yaxşı, namuslu adamdır, amma, di gəl, lakeydir. Bilmirəm, orada nəylə məşğuldur, necə qulluq edir, bircə onu bilirəm ki, lakeydi! Ərə gedəndə iyirmi yaşım vardı, maraq məni haldan salmışdı, daha yaxşı ömür arzusunda idim; özüm-özümə: “axı var, başqa bir həyat var”, deyirdim. Yaşamaq istəyirdim! Yaşamaq və yaşamaq… Maraq məni yandırıb-yaxırdı… Siz bunu başa düşməzsiniz, amma Allaha and olsun ki, mən özümü ələ ala bilmirdim, içimdə nəsə dəyişirdi, qarşımı almaq çətindi. Ərimə xəstələndiyimi dedim və bura gəldim… Buradasa məstlik içərisində, dəli kimi gəzib-dolanırdım. İndisə budur, hər bir adamın nifrət edə biləcəyi iyrənc, murdar bir qadına çevrildim.
Söhbət Qurovu darıxdırırdı, qadının sadəlövh tonu, gözlənilməz və yersiz tövbəsi onu əsəbiləşdirirdi; gözlərindəki yaş olmasaydı, güman etmək olardı ki, qadın ya zarafat edir, ya da rola girir.
– Başa düşə bilmirəm? – deyə o soruşdu. – Sən nə istəyirsən?
Qadın üzünü onun sinəsində gizlədi, ona sıxılıb dedi:
– İnanın, inanın mənə, yalvarıram… Mən təmiz, namuslu həyatı sevirəm, günah işlər məni iyrəndirir, nə elədiyimi heç özüm də bilmirəm. El arasında deyirlər ki, şeytan yoldan çıxarıb. İndi özüm haqqında da deyə bilərəm ki, məni şeytan yolumdan azdırıb.
– Bəsdir, bəsdir, – deyə o mızıldandı.
Qurov onun hərəkətsiz, qorxaq gözlərinə baxdı, onu öpdü, astadan, mehriban-mehriban söhbətə başladı, tədricən qadın sakitləşdi və şənləndi; hər ikisi gülüşməyə başladılar.
Sonra onlar gəzməyə çıxdılar, sahildə kimsə gözə dəymirdi, şəhər sərv ağaclarıyla ölü görkəmi almışdı, amma dəniz hələ də səsli-küylü idi, hələ də sahilə çırpılırdı; dalğalar qoynunda bir barkas yırğalanırdı və barkasın yuxulu fənəri dörd tərəfə titrək işıq salırdı.
Fayton tutub Oreandaya getdilər.
– Mən bayaq giriş qapısına diqqət yetirəndə bildim ki, sənin familiyan fon Dideritsdir. Ərin almandır? – deyə Qurov soruşdu.
– Yox, deyəsən, onun babası alman olub, özü isə pravoslavdır.
Oreandada, kilsənin yaxınlığındakı skamyada oturub sakitcə dənizə baxırdılar. Səhər dumanında Yalta zorla görünürdü, dağların zirvəsində ağappaq buludlar donub qalmışdı. Ağacların yarpaqları tərpəşirdi, cırcıramalar cırıldaşırdı. Dənizin dərədən eşidilən yeknəsəq, küt gurultusu qabaqda bizi gözləyən rahatlıqdan, əbədi yuxudan söhbət açırdı. Yalta, Oreanda olmayanda da dəniz bu cür gurultu salıb, indi də salır, biz olmayanda da beləcə laqeyd-laqeyd, küt-küt guruldayacaqdır. Bu sabitlikdə, hər birimizin həyatımıza və ölümümüzə qarşı olan bu laqeydlikdə, bəlkə də, bizim əbədi xilasımızın, həyatın işıqlı dünyada fasiləsiz davamının və fasiləsiz kamilləşməsinin rəhni gizlənir. Səhər ala-toranında olduqca nəhəng görünən və sehrli aləmdən – dənizdən, dağdan, buludlardan, geniş səmadan sakitləşmiş, vəcdə gəlmiş cavan qadınla yanaşı oturan Qurov fikirləşdi ki, əslində, dərinə gedəndə, işıqlı dünyada hər şey, mövcudluğun ali məqsədini, özümüzün insanlıq ləyaqətimizi unudaraq fikirləşdiyimiz və gördüyümüz işlərdən başqa, hər şey gözəldir.
Bir qaraltı yaxınlaşdı – deyəsən, keşikçi idi, – onlara baxıb uzaqlaşdı. Qaraltının gəlməsində, onlara baxıb uzaqlaşmasında da sehr vardı, gözəllik vardı. Feodosiyadan gələn, fənərləri söndürülmüş, səhər şəfəqinin işıqlandırdığı gəminin bəndə yan alması aydın görünürdü.
Sükutdan sonra Anna Sergeyevna:
– Otlara şeh düşüb, – dedi.
– Elədir. Tərpənmək vaxtıdı.
Onlar şəhərə qayıtdılar.
Beləliklə, onlar hər günorta sahildə görüşür, birlikdə yemək yeyir, nahar edir, gəzir, dənizin gözəlliyindən ləzzət alırdılar. Qadın gecələr pis yatmasından, ürəyinin şıltaqlığından şikayətlənirdi, həmişə eyni suallar verirdi – qısqanclığındanmı, qorxusundanmı həyəcanlanaraq Qurovun ona hörmət edib-etməməsi ilə maraqlanırdı. Ətrafda adam olmayanda Qurov tez-tez onu qucaqlayır və ehtirasla öpürdü. Bayram əhvali-ruhiyyəsi, günün günorta çağı ehtiraslı və gizli öpüşlər, isti, dənizin iyi, geyimli-kecimli, tox adamların orda-burda görünməsi sanki onu yenidən həyata qaytarırdı; o, Anna Sergeyevnaya qəşəng, şirin qadın olduğunu deyirdi. Dözümsüz dərəcədə ehtiraslı idi, yanından bir addım uzaqlaşmırdı, qadınsa tez-tez fikrə gedir və Qurovdan xahiş edirdi ki, etiraf eləsin, etiraf eləsin ki, ona hörmət eləmir, onu qətiyyən sevmir, onu pozğun sayır. Demək olar, hər gecə şəhərdən çıxır, ya Oreandaya gedir, ya da şəlaləyə baş çəkirdilər; gəzintiyə söz ola bilməzdi, təəssürat, bir qayda olaraq, həmişə qəşəng, həmişə yüksək olurdu.
Anna Sergeyevnanın ərinin gəlməsini gözləyirdilər. Amma ondan məktub gəldi, o, gözünün ağrıdığını yazır və yalvarırdı ki, arvadı tez evə qayıtsın. Anna Sergeyevna əl-ayağa düşmüşdü, Qurova deyirdi:
– Yaxşı oldu, getməyim çox yaxşıdı. Bu, taleyin özüdür.
Qadın vağzala qədər atla getdi və Qurov onu yola saldı. Bütün günü yol getdilər. Anna Sergeyevna kuryer qatarının vaqonuna keçib oturanda və ikinci zəng vurulanda dedi:
– Dayanın, qoyun sizə bir də baxım… Bir də baxım. Bax, belə.
O ağlamadı, amma kədərli idi, elə bil, xəstələnmişdi, üzü əsim-əsim əsirdi.
– Sizin haqqınızda fikirləşəcəyəm… sizi xatırlayacağam, – deyə qadın dilləndi. – Allah sizə yar olsun, siz qalın. Haqqımda pis fikirləşməyin. Biz həmişəlik vidalaşırıq, belə lazımdır, çünki biz heç görüşməməliydik. Di yaxşı, Allah amanatı.
Qatar tərpəndi, bir azdan onun işıqları gözdən itdi və taqqıltı tamam kəsildi, sanki qəsdən danışılmışdı ki, bu şirin unutqanlığa, bu ağılsızlığa tələsik son qoyulsun. Platformada tək qalan Qurov cırcıramaların harayına və telefon məftillərinin uğultusuna elə qulaq asırdı ki, sanki yuxudan indicə durub. O fikirləşdi ki, budur, həyatında yeni bir sərgüzəşt, yeni bir macəra da başa çatdı, qalan ancaq xatirələr oldu. Qurov riqqətə gəlmişdi, kədərli idi və yüngül bir peşmançılıq keçirirdi; axı bir daha görüşməyəcəyi bu cavan qadın onunla xoşbəxt deyildi; o, qadına qarşı mehribandı, səmimi idi, amma bununla belə qadınla münasibətində, tonunda və əzizləmələrində yüngül kinayə, iki dəfə yaşlı bir kişinin kobud yekəxanalığı nəzərə çarpırdı. Anna Sergeyevna isə onu bütün tanışlıq vaxtı mərhəmətli, qeyri-adi, nəcib adlandırırdı; ehtimal ki, o, qadına əslində olduğu kimi görünmürdü, deməli, istər-istəməz onu aldadırmış…
Stansiyadan artıq payız ətri gəlirdi, sərin axşam idi.