Алибала Гаджизаде – Təyyarə kölgəsi (страница 2)
– Gündüzlər də! – Əqdəm azca düşünüb dedi. – Sanırdım ki, qara buludlar sənin hörüklərindir…
– Sən lap romantik imişsən ki, Əqdəm! – Gülmirə güldü. – Belə getsə, təzədən şair olmaq fikrinə düşəcəksən.
İKİNCİ FƏSİL
Gecə keçirdi…
Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. Ipək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı…
Onlar yanaşı uzanmışdılar. Gecə sakitdi. Dənizdə səfərəmi çıxan, səfərdənmi qayıdan gəmi üç dəfə fit verib susdu.
Sanki danışmağa söz tapmırdılar. Əslində, içəridə – öz dünyalarında danışırdılar. Əqdəm düşünürdü ki, sabah tezdən iş yerinə qayıdacağını Gülmirəyə necə desin?! “Çətindi, çox çətindi. Iki ay yol gözləyib. Qonaq kimi gəl get… Bir ay deyil, bir il deyil. Kim bilir, nə vaxta qədər belə olacaq… Mənim kimi adam gərək evlənməsin. Burada, şəhərin kənarında işləməyim məni aldatdı. Hökumət adamıyam, əsgərəm. Hara desələr, ora da getməliyəm. Gülmirəni özümlə aparardım, ancaq yapışıb elmi işin qulpundan, elmindən də ağlım bir şey kəsmir. O biri yandan da Xatun arvad… “Getmə gözümdən, gedərəm özümdən” – deyir. Anadır, onu da başa düşürəm.”
Gülmirə isə: – “haçan gedəcəksən?” soruşmaqdan çəkinirdi, daha doğrusu, qorxurdu. Ona görə də getmək, yenə də ayrılmaq məsələsini fikrinə gətirməməyə çalışaraq bu az vaxtı, – neçə gün olsaydı da, fərqi yox idi, yenə az idi – qorxusuz yaşamaq istəyirdi.
Gəlinin arzusu baş tutmurdu. Evləndiklərindən il yarım adlamışdı. Əqdəm hələ onu bir dəfə də gümüş təyyarəsinə mindirib göylərə qaldırmamışdı. Gülmirəyə bu ancaq xəyal aləmində nəsib oldu. Əqdəm deyirdi ki, icazə yoxdur. Gəlin arzulayırdı ki, heç olmasa istirahət günləri, bayramlarda Əqdəmlə şəhəri gəzməyə çıxsın, kinoya, teatra getsin, əylənsin… Bu fürsət də çox az-az ələ düşürdü. O yandan da anası onun gününü göy əskiyə düymüşdü: “Gördün mən deyən oldu, ya yox? Böyük sözünə baxmayan axırda böyürə-böyürə qalar” – deyir, azca keçməmiş qızını danlayıb-dansadığına görə peşman olur, uşaq təki kövrəlirdi.
Gülmirə də: “Özü yıxılan ağlamaz!” – deyib, giley-güzar eləməz, fıkir-qüssəni içəri verib susar, kitab-dəftərlə, elmi işlə başını qarışdırmağa çalışardı.
Sükut çox cansıxıcı idi.
– Gülmirə…
– …Gülü?!
– Nədi, Əqdəm?!
Əqdəm söz tapmırmış kimi, duruxa-duruxa danışdı:
– Deyirəm. Birdən hissəmizdən indi zəng vursalar, məni tələsik çağırsalar, neylərsən? Məni buraxarsan?
Gülmirə yerində qurcalandı, çarpayı cırıldadı.
– Niyə cavab vermirsən?
– Icazə verib-verməməyimin əhəmiyyəti olmaz, elə bilirəm.
– Niyə?
– Mən bu fikrə gəlmişəm ki, ümumiyyətlə, müharibələrdə, döyüşlərdə ən cəsur olan adamlar eyni zamanda ən qorxaq adamlardır.
– Oho.. Sən lap filosofluq eləyirsən, Gülü.
– Əvvəllər etməzdim.
– Amma indi edirsən, hə?
– Bəli, həyat insanı düşündürür.
Əqdəm bayaqdan hiss eləyirdi ki, Gülmirənin ürəyi doludur, söz-sözü çəkəcək, qəlbindəkiləri açıb Əqdəmə deyəcək. Əqdəm isə bunu istəmirdi. Gülmirənin nə deyəcəyini o özü yaxşıca bilir və eyni nigarançılıq hissi ilə yaşayırdı. Gülmirəni düşündürən, ona eyhamlı, atmacalı sözlər dedirdən şeyləri sözsüz duyub anlayırdı. Onları çılpaq şəkildə dilə gətirmək, açıq-saçıq demək nəyə lazımdı ki?
Əqdəm sözü dəyişmək məqsədi ilə söhbəti Gülmirənin iki-üç dəqiqə irəli dediyi qorxaqlıq məsələsinin üstünə gətirdi:
– Nizam-intizama tabe olmaq, qayda-qanunu gözləmək, səncə, qorxaqlıqdır?
– Ona bənzər bir şeydir.
– Yox Gülü, düz demirsən!…
Gülmirə dikəlib sol qolu üstə dirsəkləndi. Bayaqdan süst-yorğun kimi danışan gəlin elə bil cana gəldi, dirçəldi:
– Müharibə vaxtı qəribə bir əhvalat olub. Bunu mənə atam danışıb. Bir əsgər hərbi hissədə keşik çəkirmiş. Əlində avtomat, sinəsində durbin. Doğulub böyüdüyü şəhər yaxınmış, anası eşidir ki, oğlu filan yerdədir, getsə görə bilər. Üç ildir ayrılıblarmış. Ana ürəyidir, dözmür, ayından-oyundan bir zənbil hazırlayıb götürür, yola düşür. Soraqlaşa-soraqlaşa gəlib oğlu qulluq eləyən hissəyə çatır. Deyirlər bax, oğlun odur, keşikçi məntəqəsində növbədədir, gözlə, iki saatdan sonra gələr. Üç ilin intizarını çəkmiş anada iki saat gözləməyə səbir hardaydı, dözüm hardaydı? Qollarını açıb: “Mənim əzizim, gözümün işığı!” – deyə-deyə oğlunun keşik çəkdiyi məntəqəyə üz tutur. Oğlan görür ki bir arvad ona sarı gəlir. Baxır, tanıyır ki, anasıdır: “Buraya gəlməyə icazə yoxdur, o bura niyə gəlir?” – deyə oğul yan-yörəsinə baxa-baxa fikirləşir. “İndi komandirimiz görsə, bir şiddətli töhmət yapışdıracaq böyrümə.”
– Ana, gəlmə!
– Mənəm, Seryoja, ananam.
– Gəlmə, gəlmə. İki saata görüşərik.
Ana sözə qulaq asmır, gedir. Lap yaxınlaşır.
– Canım-ciyərim, Seryojam mənim!…
– Ay arvad, qayıt geri. Ana yenə eşitmək istəmir.
– Vuracağam, qayıt geri! – Oğlan avtomatı sinəsinə qaldırır.
– Qırışmal müharibələrdə də zarafatından qalmır ha! – deyə ana bir gözündən ağlayıb, bir gözündən gülə-gülə irəliləyir. Oğlan görür ki, iş ayrı cürdü, arvad heç nəyə baxmadan gəlir, sonra bunun altından çıxa bilməyəcək – şart arvadın başının üstündən, ayağının altından iki-üç güllə vızıldadır. Arvadın ürəyi bayaq gedir, tir-tap uzanır yerə. Səsə yığışıb gəlirlər. Məsələ məlum olur. Sonra Seryojaya əsgəri sayıqlığına görə bir orden verirlər. Anası isə ondan bərk incimişmiş. Hətta, küsüb geri qayıtmaq istəyirmiş. Əsgərlər – yığışıb qarını birtəhər başa salıblar…
Əhvalatı danışıb qurtarandan sonra Gülmirə Əqdəmdən soruşdu:
– Sən bilən bu qorxaqlıq deyil?
– Yox, hərbi qanun-qaydanı bilsəydin, belə fikirləşməzdin.
– Qanunlar göydən düşmür ki, onları da insanlar yaratmırmı? Qanunlar gərək insan ürəyinin, insan ağlının min bir halını nəzərə alsın!…
Gəlin ürəyini boşaldıb toxdadı: ona elə gəlirdi ki, neçə vaxtdan bəri ürəyini deşən sözlərinin hamısını demişdir. Axı Əqdəm həssas adamdır, o, hər şeyi kiçicik bir eyhamdan, baxışdan başa düşür. Gülmirə ağır yük altından xilas olmuş kimi, nəfəsini dərib ağrıyan dirsəyini yanına uzatdı, başını balışa qoyub, gözlərini tavanın ortasından asılmış üç lampalı çilçırağa zillədi.
Ağ divarda bir baş kölgəsi göründü. Əqdəm dikəldi. Gülmirənin sifətinə baxdı. Ay işığında gözlərinin bulaqlarında titrəşən ağ damcılar mirvari təki parıldayırdı.
Əqdəm Gülmirənin çiynindən yapışıb, ehmal bir hərəkətlə onu özünə sarı çəkdi. Sağ divardakı kölgə aşağı enib çarpayıda görünməz oldu.
Telefon səsləndi. Əqdəm başını döndərib narazılıqla telefon qoyulan küncə baxdı. Gülmirənin o dəqiqə ürəyinə gəldi ki, gecənin bu vaxtı ona zəng eləyən ancaq Orxan ola bilər, səsini eşitmək üçün! Əqdəmin gəlməyindən xəbəri yoxdur, yəqin! Yoxsa zəng eləməzdi. Bu Orxan qəribə oğlandır, çox qəribə. Əqdəm dikəlib telefona cavab vermək istədi. Gülmirə gözlərini açmadan zarıltıya bənzər bir səslə:
– Durma, lazım deyil! – dedi.
– Eh, göylər elə gözəldi, elə təmizdi ki, hər dəfə uçanda şair ola bilmədiyimə təəssüflənirəm, Gülü!..
– Sən göylər şairisən, Əqdəm!.. Ulduzlar, gözlər, hörüklər…
– Onlar mənim sözüm deyil, Gülü. Bir hekayədə oxumuşam.
– Hansı hekayədə?
– Sən ədəbiyyatçısan, belə şeyləri gərək beş barmağın kimi biləsən.
– Gözlərin ulduz, saçların bulud… – Düşündü. – Yox yadıma gəlmir.
– Əgər səhv etmirəmsə, Əbdürrəhimbəyin “Röya” hekayəsindəndir. On il qabaq oxumuşam, amma heç yadımdan çıxmır… dadlı, qəmli bir röya kimi…
Bu ara Əqdəmin gözü küçənin o tayındakı evin pəncərəsini silən Xatın arvada sataşdı:
– Mənim qaynanam necədi, Gülü? Yenə kölgəmi qılınclayır?
Gülmirə boylandı:
– Hə, sənin kölgəni yaman qılınclayır. – Ay mə!.. – Gülmirə ərinin gəldiyini anasına xəbər vermək istəyəndə Əqdəm qoymadı.
– Hələ demə, Gülü, qoy işini görsün.
Gülmirə ərinin par-par parıldayıb yanan gözlərinə baxdı. Qalxıb pəncərənin pərdəsini saldı…
ÜÇÜNCÜ FƏSİL
Gülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimı yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.
Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.