реклама
Бургер менюБургер меню

Алиага Вахид – Mənə naz et (страница 2)

18
Meyli-yaqut eyləməz, ləli-bədəxşandan keçər.

«Gözəlim, gözlərinin söhbəti hər yanda olur…»

Gözəlim, gözlərinin söhbəti hər yanda olur, Bu məlahətli baxışlar quzu ceyranda olur. Bir əlac et mənə, istəkli təbibim sənsən, Aşiqin çarəsi öz sevdiyi cananda olur. Bülbül istər gülü, tuti şəkəri, mən də səni, Eşq sevdası bu üç aşiqi-nalanda olur. Nə təbiət görüb ömründə, nə dünya yetirib, O gözəllər ki, bizim Azərbaycanda olur. Gül əgər bülbülü incitsə, vəfasız deməyin, Qızların taqsırı olmaz, günah oğlanda olur. Bu gözəllik ki, sənin var, gözəlim, insafən, Nə mələkdə, nə pəridə, nə bir insanda olur. Mübtəla könlümə bilməm, nə olub, hər gün itir, Axtarırkən yenə ol zülfi-pərişanda olur. Vahidin bəlli deyil məskəni pərvanə kimi, Gah şəmə dolanır, gahi gülüstanda olur.

«Bülbül gülü sevirsə də, gül xarə yar olur…»

Bülbül gülü sevirsə də, gül xarə yar olur, İstəklin əhli-hüsn ola, bietibar olur. Layiq deyildir hər gözələ aşiq olmağın, Qanuni-eşqi kim ki, bilər, bəxtiyar olur. Etmək gərəkdir təcrübə eşqin bəlaların, Səhv eyləyən bu işdə inan, qəmküsar olur. Mən bir rəqibə mail olan yarə mailəm, Gahi mənimlə, gahi rəqibə, düçar olur. Lazımdır indi, səbr eləsin əhli-eşq olan, İbrətlə baxmayan bu işə biqərar olur. Kaş, eylə nazənin gözəli sevməyəydim heç, Vahid, bu fikirdən ürəyim tarimar olur.

«Qiyamə gəlsə qəddin, həşrdən əlamət olur…»

Qiyamə gəlsə qəddin, həşrdən əlamət olur, Zəmanə əhli dəyər bir-birə, qiyamət olur. Zəkati-hüsnün ilə al təsəddüq aşiqdən, Həmişə fikrü xəyal eyləmə, vəcahət olur. Gədayi-kuyinə zülm etməyi rəva görmə, Cəfanı tərk elə, şahlarda ki, ədalət olur. Qılırsa aləmi rövşən göy üzrə mah, vəli Üzün şüasını hər kim görə, xəcalət olur. Nə göydə şəmsü qəmər hüsnünə olur həmta, Nə yerdə qönçədə ləlin kimi lətafət olur. Həmişə mən sənə meylü məhəbbət eyləyirəm, Və leyk səndən, əzizim, mənə ədavət olur. Bu beş gün ömürdə təni-rəqibə döz, Vahid, Kim ki, səbr edə, billəh, başı səlamət olur.

«Bilməm, bu nazənin kimin istəkli yarıdır…»

Bilməm, bu nazənin kimin istəkli yarıdır? Ya hansı bəxtiyarların bəxtiyarıdır! Açdıqca gül cəmalını, ellər fərəhlənir, Guya, gözəllik aləminin novbaharıdır. Dünya bu nazənin mələkin həsrətin çəkir, Xəlqin sevimli afəti, həm şəhriyarıdır. Yüz dəfə yansaq eşq oduna, qorxu bilmərik, Çünki diyarımız bizim odlar diyarıdır. Bir vaxt səcdəgah idi atəşpərəstlərə, Şəhri-Səba ki, mərkəzi dərya kənarıdır. Qan etmə, saqi, bağrımızı, badə tez gətir, Doldur qədəhləri, gecəmiz keçdi, yarıdır. Hər kim deyirsə, sevmə bu rəna gözəlləri, Bilmir ki, sevgi aləmi biixtiyarıdır. Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər: – Biçarə Vahidin bu qəzəl yadigarıdır.

«Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim…»

Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!