18+
реклама
18+
Бургер менюБургер меню

Алиага Вахид – Mənə naz et (страница 12)

18
Məxsusi, gəlin, zövq alaq əğyar gəlincə. Şövq ilə, məhəbbətlə keçirdik bu büsatı, Məclisdən iraq, bəzi dilazar gəlincə! Gəzdir qədəh, ey dost, xərab olmadan ömrün, Sərməst olaq, ol gözləri xumar gəlincə! Sən indi bu gülşəndəsən, ey bülbüli-şeyda. Fövt eyləmə bu fürsəti, ta xar gəlincə! Vahid, bizə bir şer oxu bu məclisə dair, Bir zövqə yetək çəngü dəfü tar gəlincə!

«Könül mürğü düşübdür seydvəş bir dami-səyyadə…»

Könül mürğü düşübdür seydvəş bir dami-səyyadə, Salıbdır boynuma zənciri-zülfün misli-qülladə. Səri-zülfi-nigarə dil verib, yüz min bəla çəkdim, Yox imiş etibar heç kimsəyə bu dar dünyadə. Mənimtək eşqdə olmazdı kimsə zarü sərgərdan, Vəfa görsəydi gər Sənan ki, bir mucan o tərsadə. Olur qan bu dili-zarim meyi-gülfamtək hər dəm, Düşəndə, ey güli-qönçə, o ləli-ləblərin yadə. Baş əyməz zahidi-kəcbin hərgiz taqi-mehrabə, Xəmidə qaşların taqin görə bir dəfə röyadə, Dalınca sayəvəş, cana, dolannam, bir budur qəsdim, O yer kim sən durursan, can edim təslim o məvadə. Nə müddətdir, könül, cana, təmənnayi-vüsal eylər, Rizayəm can verim hicrində, ey məh, bu təmənnadə. Mənə vəsf eyləmə, zahid, bu qədri Yusifin vəsfin Ki, haşa Yusifi-Kənan ola bu hüsnü zibadə. Salıbdır Vahidi ayrı vətəndən el şəmatətlə, Odur, Məcnun kimi tutmuş məkan bir kuhü səhradə.

«Bəzmi-şərabxanədə durdum ayağidə…»

Bəzmi-şərabxanədə durdum ayağidə, Verdi şərab saqi mənə bir ayaqidə. Şəmi-şüai-hüsnünə yandırdı könlümü. Pərvanə rəsmdir ki, yanar şəbçirağidə. Görmüş məgər o qönçə ləbin gülşən içrə gül, Olmuş şüküftə gülşən əra gül budağidə. Ətri-gülab zülfünü hər kimsə iyləsə, Getməz ölüncə ətri qalar ol dəmağidə. Sərvim ki naz ilə qədəmin qoydu gülşənə, Qıldı şikəst sərvi-qədi sərvi-bağidə. Zülfü içində məskən edib könlümün quşu, Dil riştəsini incidib ol məh dərağidə. Hər kim yetişdi dəhrdə vəsli-nigarinə, Vahid həmişə can verir rahi-fəraqidə.

«Olur şüküftə könül zülfi-yarə şanə dəyəndə…»

Olur şüküftə könül zülfi-yarə şanə dəyəndə, Necə ki, ovçu olur şad oxu nişanə dəyəndə. Fərəhlənir ürəyim hər zaman ki, ol gözəlin, Xədəngi-qəmzəsi bu çeşmi-xunfişanə dəyəndə. Zəmanə əhli olur cəm xalinin nəzarəsinə, Bahar zamanı çıxar xəlq seyrə danə dəyəndə. Sitarələr yanar, ol mahə zərrəcə əsər etməz, Haçan ki, ahim odu taqi-asimanə dəyəndə. Gələndə gərdişə əldən alır ünani-taqətimi O şəhsəvarın əli hər zaman ünanə dəyəndə. Dübarə can verir insanə, Vahid, ol pəri, guya Bir özgə nəşəsi var tiri-nazi canə dəyəndə.

«Narazıyam, ey gül, mənə imdad eləsən də…»

Narazıyam, ey gül, mənə imdad eləsən də, Naşad eləyən könlümü dilşad eləsən də. Öz səhvinə bir vaxt peşiman olacaqsan, Olmaz yetişən dadına, min dad eləsən də. Sındırmısan, əl vurma sınıq könlümə, zalım, Viranə düzəlməz, necə abad eləsən də. Vəslin həvəsi indi başımdan necə çıxsın, Zülfündə əsirəm, əgər azad eləsən də.