реклама
Бургер менюБургер меню

Александр Беляев – Amfibiya adam (страница 2)

18

Qəflətən qaya arxasından gələn şeypur səsi Zuritanı düşüncədən ayırdı. Bu səsi eşidən «Meduza»nın heyətini sanki ildırım vurdu. Bütün danışıqlar o saat kəsildi, sifətlər ağardı. Ovçular şeypur səsi gələn qayaya dəhşətlə baxırdılar.

Qayanın yaxınlığında, okeanın səthində delfin sürüsü oynaşırdı. Delfinlərdən biri sürüdən ayrıldı, şeypurun çağırış səsinə cavab verirmiş kimi bərkdən fınxırdı, qayaya tərəf sürətlə üzüb onun arxasında gözdən itdi. Gərgin intizarla dolu olan bir neçə an da keçdi. Birdən ovçular qayanın arxasından çıxan delfini gördülər. İblis onun kürəyində oturmuşdu. Bədheybətin bədəni insan bədəni idi, gözləri isə günəş şüaları altında avtomobil fənəri kimi parıldayırdı. Dərisi zərif mavi-gümüşü rəngə çalırdı, əlləri qurbağa əllərinə oxşayırdı, tünd-yaşıl idi. O, əlində burulmuş uzun balıqqulağı tutmuşdu. Balıqqulağını bir da çaldı, şən qəhqəhə ilə güldü və qəflətən təmiz ispan dilində qışqırdı:

– Tez ol, Lidinq, irəli! – deyə «iblis» əli ilə delfinin kürəyini şappıldatdı və böyürlərini ayaqları ilə mahmızladı. Delfin yaxşı at kimi sürətini artırdı.

Ovçular ixtiyarsız qışqırdılar.

Naməlum məxluq döndü, adamları görüb kərtənkələ cəldliyi ilə delfinin kürəyindən sürüşərək suyun təkinə endi.

Bütün bu qeyri-adi səhnə bir dəqiqədən artıq davam etmədi. Onu izləyən tamaşaçılar heyrətdən uzun zaman özlərinə gələ bilmədilər. Hindular diz üstə çökərək dəniz ilahından aman diləyirdilər. Zəncilər anbara enib küncə sıxılmışdılar.

Ov barədə düşünmək də olmazdı. Pedro və Baltazar çətinliklə heyəti sakitləşdirdilər. «Meduza» lövbərini qaldırıb şimala yönəldi.

ZURİTANIN UĞURSUZLUĞU

«Meduza»nın kapitanı olub-keçənləri götür-qoy etmək üçün öz kayutuna endi.

– Adam lap dəli olar! – Zurita başına kuzədən su tökə-tökə deyinirdi. – Dəniz iblisi təmiz Kastiliya ləhcəsində danışır! Onu hamımız gördük. Buna şəkk-şübhə yoxdur. Deməli, o mövcuddur. Görünür, suda da, quruda da özünü eyni dərəcədə yaxşı hiss edir. İspanca danışa bilir, deməli, onunla dil tapmaq mümkündür. Əgər birdən… Əgər həmin bədheybəti tutub əhliləşdirmək və mirvari yığmağa məcbur etmək mümkün olsaydı! O, iyirmi-otuz molyusk ovçusunu əvəz edə bilər. Onun vasitəsilə Argentinanın, hətta bütün Amerikanın ən varlı adamına çevrilmək olar!

Zurita göyərtəyə qalxdı və bütün heyəti toplayıb dedi:

– Polis idarəsi dəniz iblisi haqqında şayiə yayanları həbs etmişdir. Xəbərdarlıq etməliyəm ki, əgər gördükləriniz barədə ağzınızdan bircə kəlmə qaçırsanız, sizin də aqibətiniz belə olacaq. Sizi həbsxanada çürüdəcəklər. Buna görə də məsləhət görürəm ki, iblis haqqında heç kəsə bircə kəlmə də deməyin.

«Əslində, onlara inanmazlar da, – deyə fikirləşirdi, – çünki gördüklərimiz nağıla daha çox oxşayır».

Zurita Baltazarı öz kayutuna çağırıb planını yalnız ona danışdı. Baltazar ağasına diqqətlə qulaq asdı, bir qədər susduqdan sonra cavab verdi:

– Hə, yaxşı fikirdir. Dəniz iblisi yüz ovçuya dəyər. O bizim üçün işləsəydi, əla olardı! Yaxşı, bəs onu necə tutaq?

– Torla, – deyə Zurita cavab verdi.

– O, köpəkbalığının qarnını yırtdığı kimi toru da kəsər.

– Biz metal tor sifariş verə bilərik.

– Bəs kim tutacaq? Ovçuların yanında iblis adını çəkəndə dizləri əsir. Mən də indiyədək dəniz iblisi ovuna çıxmamışam. Əgər bədəni sümük və ətdəndirsə, onu öldürmək çətin deyil. Lakin sizə diri iblis lazımdır.

– Səni qızıla tutaram. Bu işin nə qədər az iştirakçısı olsa, o qədər yaxşıdır. Beş adam seç, çox olmasın. Özümüzünkülər razılaşmasalar, kənardan tap. İblis sahilə yaxın yerlərdə üzür. Hər şeydən əvvəl onun yuvasını tapmaq lazımdır.

Zurita ilə Baltazar dərhal işə başladılar. Pedronun sifarişi ilə məftil tor hazırlandı. Baltazar «Meduza»nın heyətindən arauka qəbiləsindən olan yalnız iki hindunu iblis ovunda iştirak etməyə razı sala bildi. Difər üç nəfəri isə Buenos-Ayresdən tapdı. Qalan ovçuların haqq-hesabını verib yola saldılar.

İblisdə şübhə doğurmamaq üçün gəmi kiçik körfəzin bir neçə kilometrliyində lövbər saldı. «Meduza» gözdən pərdə asmaq üçün balıq ovu ilə məşğul olub iki həftə burada qaldı. İki həftə Zurita, Baltazar və muzdlu hindular gözlərini qırpmadan okeanın səthinə baxdılar, amma dəniz iblisi görünmürdü. Zurita iblisi birinci görən adama mükafat verəcəyini bildirdi və dedi:

– Biz sahilə yaxın yerdə, qayaların yanında körfəzin dibini yoxlamalıyıq. «İblis»in yuvası oralarda olmalıdır. Bu işi kim boynuna götürür?

Baltazardan başqa heç kim bu işə razı olmadı.

Onlar sahilə çıxıb dik qayanın yanına getdilər. Baltazar belinə kəndir bağladı ki, yaralanıb eləsə, onu çıxara bilsinlər, sonra bıçaq götürdü, ayaqları arasında daş tutaraq okeanın dibinə endi.

Araukalılar Baltazarın qayıtmasını səbirsizliklə gözləyirdilər. Qırx, əlli saniyə, bir dəqiqə keçdi. Baltazar qayıtmırdı. Nəhayət, ipi dartdı, onu yuxarı qaldırdılar. Özünə gələndən sonra Baltazar dedi:

– Orada dar keçid var, yeraltı mağaraya aparır. «Dəniz iblisi» yalnız orada gizlənə bilər. Mağara zil qaranlıqdır.

– Lap yaxşı, – Zurita səsləndi. – Nə qədər qaranlıq olsa, o qədər yaxşıdır. Biz torlarımızı onun girəcəyində qurarıq.

Günəş batan kimi hindular möhkəm kəndir bağlanmış məftil torları mağaranın girişinə buraxdılar. Kəndirlərin ucunu sahilə bağladılar. Baltazar kəndirlərdən zınqırov asdı. Tor azacıq tərpənən kimi həmin zınqırovlar səs salacaqdı.

Zurita, Baltazar və beş nəfər araukalı sahildə əyləşib səssiz-səmirsiz gözləməyə başladılar.

Ay çıxdı. Onun işığı okeanın səthində əks olunurdu. Sakitlik idi. Hamını qeyri-adi həyəcan bürümüşdü. Bir azdan adamlar mürgüləməyə başladılar.

Qəflətən zınqırovlar cingildədi. Hamı dik atıldı, kəndirlərə tərəf cumub toru qaldırmağa başladılar. Tor ağır idi. Kəndirlər titrəyirdi. Torda kimsə çapalayırdı.

Budur, tor okeanın səthinə qalxdı, ayın zəif işığında görünürdü ki, torda yarıadam, yarıheyvan bədənli məxluq çapalayır. İri gözləri və gümüşü pulları ay işığında parıldayırdı. İblis tora ilişmiş qolunu azad etmək üçün çox böyük səy göstərirdi. O buna nail ola bildi. Belindəki ensiz qayışdan asılmış bıçağını çıxararaq toru kəsməyə başladı.

– Ay kəsdin ha! – Baltazar pıçıldadı.

Lakin bıçaq məftil toru kəsdi. İblis deşiyi cəld hərəkətlərlə genişləndirir, ovçular isə toru sahilə tez çıxarmağa tələsirdilər.

– Var gücünüzlə dartın! Hə-hə! – deyə Baltazar qışqırırdı.

Lakin ov onların az qala əllərində olduğu anda iblis açdığı deşikdən çıxıb suya düşdü, bir andaca dərinlikdə gözdən itdi.

Ovçular toru ümidsizliklə buraxdılar. Baltazar heyran qalaraq:

– Yaxşı bıçaqdır! Məftili kəsir! – dedi —Sualtı dəmirçilər bizimkilərdən yaxşıdır.

Başını aşağı salan Zurita suya elə baxırdı ki, sanki bütün var-dövləti orada batmışdı. Sonra başını qaldırdı, pırpız bığlarını dartışdıraraq təpiyini yerə vurdu.

– Səndən əl çəkən deyiləm. Pul əsirgəməyəcəyəm, ən təcrübəli dalğıcları çağıracağam, bütün körfəzi torlara bürüyəcəyəm, sən mənim əlimdən qurtarmayacaqsan!

Pedro Zuritanın damarlarında İspaniya qəsbkarlarının qanı axırdı. O, cəsarətli və inadkar adam idi. Həm də mübarizə aparmağa dəyərdi.

DOKTOR SALVATOR

Zurita körfəzin dibində xeyli məftil hasar çəkdi, bütün istiqamətlərdə tor qurdu. Lakin tora yalnız balıq düşürdü. Dəniz iblisi isə elə bil yoxa çıxmışdı. Zurita saatlarla sahildə dayanıb sıra ilə gələn ləpələrə baxırdı. Nəhayət, o, Baltazara müraciət edərək dedi:

– Yox, bunun faydası yoxdur. Başqa bir şey fikirləşib tapmaq lazımdır. İblis öz yuvasından çıxmaq istəmir. Deməli, ovu ələ keçirmək üçün onun yanına getmək lazımdır. Dərhal Buenos-Ayresə gedib oradan oksigen balışlı iki dalğıc paltarı gətir. Sualtı səyahətə çıxmalı olacağıq. Özünlə elektrik fənəri götürməyi də unutma.

– Siz iblisin yanına qonaq getmək istəyirsiniz? – deyə Baltazar soruşdu.

– Əlbəttə, səninlə birlikdə, qoca dostum.

Baltazar şəhərə gedib özü ilə nəinki yalnız dalğıc paltarları və fənər, həm də bir cüt uzun bürünc bıçaq gətirdi. Dedi:

– Bu, araukalıların qədim bıçağıdır. Xətrinizə dəyməsin, mənim ulu babalarım vaxtilə ağ adamların qarınlarını bu cür bıçaqlarla yırtırdılar.

Bu tarixi məlumat Zuritanın xoşuna gəlmədi, bıçaqları isə bəyəndi.

– Sən çox tədbirli adamsan, Baltazar.

Ertəsi gün sübhçağı Zurita və Baltazar dalğıc paltarlarını geyinib dənizin dibinə endilər. Yeraltı mağaranın girəcəyində dar keçidə girdilər. Hər tərəf zülmət qaranlıq idi. Onlar fənərlə işıq saldılar. Bu, hündürlüyü azı dörd metr, eni beş-altı metr olan böyük mağara idi.

Zurita və Baltazar ehtiyatla addımlaya-addımlaya irəli getdilər. Mağara getdikcə daralırdı. Qəflətən Zurita heyrətindən donub-qaldı. Fənər yolun qabağını kəsən qalın dəmir çərçivəni işıqlandırırdı. Dəmir qapını açmağa çalışdı. Lakin qapı açılmırdı. Fənərlə işıq saldıqdan sonra gördü ki, çərçivə mağaranın divarlarına möhkəm geydirilmişdir, qapının içəridən qıfılı var idi.

Bütün bunlar ağlabatan şey deyildi! «Dəniz iblisi» suyun altında bütün bunları düzəldə bilməzdi. Deməli, o lazım gəldikdə uzun müddətə sudan quruya çıxır.

Zurita Baltazara işarə verdi. Onlar sualtı mağaradan çıxdılar, sahilə qalxdılar. Başlığını çıxarıb nəfəsini dərdikdən sonra Zurita dedi:

– Hə, nə deyə bilərsən, Baltazar?

– Onu deyə bilərəm ki, iblisi burada çox gözləməli olacağıq. Görünür, iblis balıqla qidalanır, orada isə nə qədər istəsən balıq var. Onu ac saxlamaqla mağaradan çıxara bilməyəcəyik. Ancaq bu qalır ki, qapını dinamitlə partladaq.