Альбер Камю – Taun (страница 2)
– Aha! – Ramber səsləndi. – Doğrudan da, maraqlı fikirdir.
Həkim saat beşdə yenə xəstələrə baş çəkmək üçün evdən çıxanda pilləkəndə orta yaşlı, ağır gövdəli, yastısifət, pırpızqaşlı bir kişi ilə rastlaşdı. Həkim həmin kişini əvvəllər, evin axırıncı mərtəbəsində yaşayan ispan rəqqasların mənzilində görmüşdü. Jan Taru pilləkəndə ayağı altında çapalayıb can verən siçovula baxırdı.
– Bu get-gedə adamı bezdirir, – həkim dedi.
– Elədir, həkim, adamı bezdirir. Çünki indiyə qədər belə şey görməmişik. Amma maraqlı faktdır… çox maraqlıdır. – Taru siçovula bir də baxıb gülümsədi: –Bir yana qalanda, bu artıq dalandarın işidir.
Həkim dalandarla evin girişində rastlaşdı. O, divara söykənmişdi. Sifətindən yorğunluq tökülürdü.
– İndi siçovul ölülərini iki-iki, üç-üç tapıram, – qoca Mişel dedi. – Başqa binalarda da vəziyyət eyni cürdür.
Qoca yorğun və qayğılı idi. Dedi ki, son günlər bir az halsızlaşıb; siçovul ölüləri onun əhvalını lap korlayıb, yəqin, onlar yoxa çıxandan sonra işlər qaydasına düşəcək.
Amma ertəsi gün, aprelin 18-də səhər anasını vağzaldan gətirmək üçün aşağı düşəndə gördü ki, dalandar Mişelin əhvalı bir az da korlanıb: zirzəmidən dama qalxan pilləkənin üstündə bir yığın siçovul ölüsü vardı. Qonşu evlərin zibil qabları da siçovul cəsədləri ilə dolu idi. Həkimin anası siçovullar haqqında söhbəti eşidəndə heç təəccüblənmədi:
– Belə işlər olan şeydir, – dedi.
Həkimin anası ağsaç, qaragöz, mülayim bir qadındı.
– Səni görməyimə şadam, Bernar, – o dedi. –Siçovul-zad sevincimə xələl gətirə bilməz.
Həkim başını tərpətdi; anası yanında olanda, doğrudan da, hər iş ona asan görünürdü.
Amma hər ehtimala qarşı sanitariya idarəsinə zəng etdi. İdarənin müdiri ilə tanış idi. Soruşdu ki, siçovulların yuvalarından çıxıb öldüklərindən xəbəri varmı? Müdir Mersye cavab verdi ki, elə onun idarəsinin yanından əlliyə yaxın siçovul ölüsü tapıblar. Bu məsələnin nə dərəcədə ciddi olduğunu heç o özü də bilmir. Ryö dedi ki, sanitariya idarəsi nəsə bir iş görməlidir.
– Hə, elədir, – Mersye dedi. – Ancaq gərək göstəriş olsun. Əgər məsləhət görürsənsə, çalışıb rəhbərlikdən rəsmi göstəriş alaram.
– Mən məsləhət görürəm, – deyə Ryö dəstəyi asdı.
Bu vaxt onların qulluqçusu xəbər verdi ki, ərinin işlədiyi zavoddan yüzlərlə siçovul ölüsü yığıblar.
Təxminən elə həmin vaxtdan şəhər camaatının narahatçılığı başladı. Çünki təxminən aprelin 18-dən başlayaraq zavodlardan, böyük anbarlardan yüzlərlə siçovul ölüsü tapılırdı. Həkim ətraf məhəllələrdən tutmuş şəhərin mərkəzinə qədər, hər yerdə siçovul cəsədləri görürdü. Həmin gündən axşam qəzetləri də işə qarışdı. Yazırdılar ki, prefektura1 təcili ölçü götürmək fikrindədir, ya yox? Prefektura isə heç bir tədbir görmədi, yalnız yaranmış vəziyyəti müzakirə etmək üçün yığıncaq keçirməklə kifayətləndi. Sanitariya idarəsinə göstəriş verildi ki, ölü siçovulları səhər ertədən toplayıb zibilyandırma zavoduna aparsınlar.
4
Sonrakı günlərdə vəziyyət daha da ağırlaşdı. Ölü gəmiricilərin sayı artırdı. Əhali onları şəhərin ən mərkəzi yerlərində görüb qorxuya düşürdü.
Radioda məlumat verildi ki, təkcə aprel ayının 25-də altı min iki yüz otuz bir siçovul ölüsü toplanaraq yandırılıb. Bu rəqəm əhalinin həyəcanını bir az da artırdı. Astması olan qoca ispan isə əllərini ovuşdura-ovuşdura, sevincək səslə elə hey deyirdi: “Hə, gəbərirlər, gəbərirlər!”
Aprelin 28-də radioda xəbər verildi ki, təxminən səkkiz min siçovul ölüsü yığılıb. Çaşqınlıq şəhəri bürüdü. Camaat ciddi tədbir görülməsini tələb edir, şəhər rəhbərliyini günahlandırırdı. Amma ertəsi günkü məlumata görə, vəziyyət qəfildən dəyişmişdi: sanitariya idarəsi gün ərzində xeyli az cəsəd toplamışdı. Şəhər rahat nəfəs aldı.
Di gəl, elə həmin gün günorta çağı Ryö maşınını evin qarşısında saxlayanda dalandarın ağır addımlarla gəldiyini gördü. Kişinin taqəti yox idi, başı sinəsinə düşmüşdü. Keşiş Panelu onun qoluna girmişdi. Panelu elmli, mübariz bir din xadimi kimi hörmət qazanmışdı. Dinə biganə olanlar da ona rəğbət bəsləyirdilər. Həkim dayanıb onları gözlədi. Qoca Mişelin nəfəsi xışıldayırdı. Özünü pis hiss elədiyindən havaya çıxmış, ancaq geri qayıtmalı olmuşdu.
– Limfa vəzilərim şişib, – qoca dilləndi. – Yəqin, nə vaxtsa gücə düşmüşəm.
Həkim əlini maşının qapısından uzadıb Mişelin boynunu yoxladı. Barmaqları ağac düyününə oxşayan şişə toxundu.
– Gedin yatın, hərarətinizi ölçün, günortadan sonra sizə baş çəkərəm.
Nahardan sonra Ryö arvadının sanatoriyadan göndərdiyi teleqramı oxuyurdu ki, telefon zəng çaldı. Zəng edən keçmiş xəstələrindən biri, prefekturanın işçisi idi. Bu kişi uzun müddət ürək damarının sıxılmasından əziyyət çəkmişdi və kasıb olduğuna görə Ryö onu pulsuz müalicə eləmişdi.
– Bəli, yaxşı ki yadınızda qalmışam, – o dedi. – İndi söhbət başqa adam haqqındadır. Tez gəlin, qonşuma nəsə olub.
Kişi tövşüyə-tövşüyə danışırdı. Ryönün yadına dalandar düşdü, fikirləşdi ki, sonra ona da baş çəkər. Bir neçə dəqiqə sonra təzə rənglənmiş və boya iyi verən pilləkənin ortasında onu qarşılamağa düşən prefektura işçisi Jozef Qranla görüşdü. Qran təxminən əlli yaşlı, sarıbığ, ucaboy, belibükük, arıq bir kişi idi.
– İndi vəziyyət yaxşıdır, – o dedi, – bir az əvvəl elə bilirdim ki, can verir.
Qapının üstünə qırmızı tabaşirlə yazılmışdı: “Buyurun içəri, mən özümü asmışam”. Onlar içəri girdilər. Aşmış stulun üstündən kəndir sallanırdı. Masa otağın küncünə çəkilmişdi. Kəndir havada yellənirdi.
– Onu kəndirdən vaxtında qurtardım, – Qran dedi.
Onlar qonşu otağa keçdilər. Qısaboy, gonbul bir kişi dəmir çarpayıda uzanmışdı. Nə çox hündürdən yıxılmış, nə də ağır zədə almışdı, boğaz damarları kəndirə tab gətirmişdi. Amma hər halda, boğulma qalmışdı. Kardioqramma çıxarmaq lazım idi. Həkim kamfora iynəsini vurub dedi ki, bir neçə günə hər şey qaydasına düşəcək.
Ryö polisə xəbər verilib-verilmədiyini soruşdu. Bu vaxt xəstə dirsəklənib oturdu, dedi ki, xəbər verməyinizə dəyməz.
– Narahat olmayın, – Ryö onu sakitləşdirmək istədi, – burada elə bir şey yoxdur. Mən, sadəcə, xəbər verməyə borcluyam.
Kotar göz yaşı tökə-tökə dedi ki, daha belə iş görməyəcək, bu da bir ağılsızlıq idi. İndi isə istəyir ki, ondan əl çəksinlər. Ryö ona dərman yazıb dedi:
– Yaxşı, razılaşdıq, xəbər vermərəm. İki-üç gündən sonra sizə baş çəkəcəyəm. Bir də belə səfehlik etməyin.
Pilləkəni düşəndə həkim Qrana dedi ki, polisə xəbər verəcək, amma rəisdən xahiş edəcək, istintaq üçün iki gün sonra gəlsin. Ardınca əlavə etdi:
– Bu gecə onu nəzarətdə saxlamaq lazımdır. Ailəsi varmı?
– Ailəsini tanımıram. Amma özüm ona keşik çəkərəm. – Sonra çiyinlərini çəkdi.– Düzünə qalsa, onu elə də yaxşı tanımıram. Amma gərək dar ayaqda bir-birimizə kömək edək.
Ryö prefektura işçisinin əlini sıxdı. Həkim arvadına məktub yazmazdan əvvəl dalandara baş çəkməyə tələsirdi.
Axşam qəzetlərini satanlar qışqırırdılar ki, siçovulların hücumu dayanıb. Ryö dalandarın evinə girəndə gördü ki, kişi qarnını tutub çarpayıdan aşağı əyilərək, gücənə-gücənə yerdəki ləyənə qırmızı maye qusur. Hərarəti otuz doqquz yarım idi, boynundakı limfa vəziləri, oynaqları xeyli şişmiş, yanlarında iki qara ləkə əmələ gəlmişdi. Dalandarın arvadı yaxınlaşıb kədərli səslə soruşdu:
–Həkim, ona nə olub?
–Hər şey ola bilər. Hələ bir söz deyə bilmərəm. Axşama qədər pəhriz saxlasın, mədəsini yuyun. Çoxlu su verin.
Evə qayıdan kimi şəhərin ən tanınmış həkimlərindən olan Rişara zəng vurub soruşdu:
– Yüksək hərarətli, qızdırmalı xəstəniz yoxdur?
– Var, limfa düyünləri iltihab eləmiş iki xəstəm var.
– Normadan artıq?
– Hm… Bilirsiniz, norma deyəndə…
Axşamüstü dalandarın hərarəti qırx dərəcəyə qalxdı; o zarıyır, siçovullardan şikayətlənirdi.
– Onu gözdən qoymayın, – həkim xəstənin arvadına dedi, – vəziyyəti ağırlaşsa, mənə xəbər verin.
Ertəsi gün, aprelin 30-da yaza xas ilıq meh əsirdi. Külək şəhər ətrafından gül-çiçək ətri gətirirdi. Dalandarın mənzilinə düşdü, məlum oldu ki, xəstənin hərarəti səhər otuz səkkiz dərəcəyə enib. Ryö bir az rahatlaşdı.
– Həkim, vəziyyət düzəlir? – dalandarın arvadı soruşdu.
– Gözləyək, görək nə olur.
Lakin günorta xəstənin hərarəti qəfil qırx dərəcəyə qalxdı, ara vermədən sayıqlamağa və qusmağa başladı. Ağrıları daha da artmışdı. Həkim dedi:
– Onu mütləq təcrid eləmək lazımdır. İndi xəstəxanaya zəng edərəm, təcili yardım maşını ilə apararıq.
İki saat sonra təcili yardım maşınında həkimlə dalandarın arvadı xəstənin üstünə əyilmişdilər. Xəstənin uçuqlamış, şişmiş dodaqlarından kəsik-kəsik “Siçovullar! Siçovullar” sözü qopurdu. Ev xidmətçisi sanki gözəgörünməz, ağır bir yükün altında boğulurdu.
– Deməli, daha ümid yoxdur, həkim? – arvadı ağladı.
– O öldü, –həkim cavab verdi.
5
Dalandarın ölümü, demək olar, anlaşılmaz bir dövrə son qoydu və daha çətin dövr başladı. Bu yeni dövrdə təəccüb və anlaşılmazlıqlar yavaş-yavaş həyəcana, qorxuya çevrildi. Sakinlərin çoxu cənab Mişelin açdığı yolla həyatdan getməyə başladılar.
Sonrakı əhvalatların ətraflı təsvirinə başlamazdan əvvəl, hekayəçi həmin dövr haqqında başqa bir şahidin fikirlərini bölüşməyi də məsləhət bilir. Söhbətin əvvəlində adını çəkdiyimiz Jan Taru Oran şəhərinə fövqəladə hadisələrdən bir neçə həftə əvvəl gəlmişdi. Elə o vaxtdan da mərkəzdəki iri mehmanxanalardan birində yaşayırdı. Davranışından hiss olunurdu ki, öz qazancı ilə sərbəst dolanmaq imkanı var. Şəhər camaatı ona yavaş-yavaş öyrəşdi, heç kimin ağlına gəlmədi ki, haradan və nə üçün gəldiyi ilə maraqlansın. Ona şəhərin bütün ictimai yerlərində rast gəlmək olardı. Yazın əvvəlindən tez-tez çimərliyə gedir, üzməkdən ləzzət alırdı. Bu gülərüz adam hər cür əyləncəyə qoşulsa da, onun aludəçisi olmurdu… Onun bircə vərdişi vardı: şəhərimizdə çox olan ispan rəqqas və musiqiçilərinə tez-tez baş çəkirdi.