реклама
Бургер менюБургер меню

Алан Милн – Vinni-Puh (страница 2)

18

– O qədər də yox.

– Eybi yox, ola bilsin, buradan baxanda oxşayıram. Həm də arıların işini bilmək olmaz!

Bədbəxtlikdən külək də əsmirdi; hərəkətsiz Puh havadan asılı qalmışdı. O, balı görür, qoxusunu hiss edir, amma pəncəsini uzadıb götürə bilmirdi. Bir müddət sonra yenidən sükutu pozdu.

– Kristofer Robin! – Vinni-Puh sakit danışmağa çalışırdı. – Arılar özlərini şübhəli aparır!

– Bəlkə, duyuq düşüblər, səndən şübhələnirlər?

– Bəlkə də! Arılardan baş açmaq olur ki?!

Ortalığa sükut çökdü. Bir azdan yenə Puhun səsi eşidildi:

– Kristofer Robin! Evində çətir var?

– Deyəsən, var.

– Get onu gətir; çətiri əlində tutub oyana-buyana qaçarsan və tez-tez göyə baxıb belə deyərsən: «Deyəsən, yağış yağacaq!» Fikirləşirəm ki, onda bizə daha çox inanarlar.

Kristofer Robin ürəyində ona gülüb öz-özünə fikirləşdi: «Ay səni, səfeh ayı!» – amma bu sözləri ucadan demədi, çünki Puhu çox istəyirdi. O istər-istəməz çətiri gətirmək üçün evə yollandı.

– Axır ki, gəlib çıxdın! – Vinni-Puh Kristofer Robini görən kimi qışqırdı. – Narahat olmağa başlamışdım. Yaxşı, çətiri aç, oyana-buyana qaça-qaça belə de: «Deyəsən, yağış yağacaq! Deyəsən, yağış yağacaq!» Mən isə buludların mahnısını oxuyacağam. Yəqin, buludların hamısı belə mahnı oxuyur… Başla!

Kristofer Robin ağacın altında «Deyəsən, yağış yağacaq!» deyə-deyə dövrə vurmağa, Vinni-Puh isə buludların mahnısını oxumağa başladı.

Mən buludam, buludam, Balaca qara bulud. Yox, ayı deyiləm mən. Buludlarsa, bəllidir, Göylərdə uçmalıdır! Ah, mavi səmalarda Süzmək necə gözəldir – Ona görə buludlar Hey mahnı oxuyurlar!

Maraqlıdır, nə qədər qəribə də olsa, arılar get-gedə özlərini daha şübhəli aparır, lap bərkdən vızıldaşırdılar. Hətta bəziləri yuvadan çıxıb Buludun ətrafında uçuşmağa başladılar; onlardan biri Buludun burnuna qondu və o dəqiqə də uçub-getdi.

– Kristofer – of! – Robin! – Bulud qışqırdı. – Başa düşdüm. Bunlar düzgün arılar deyillər!

– Nə danışırsan?

– Qətiyyən düzgün arılar deyillər! Ona görə, yəqin ki, düzgün bal düzəltmirlər!

– Doğrudan?

– Hə. Odur ki aşağı ensəm yaxşıdır.

– Bəs necə enəcəksən? – Kristofer Robin soruşdu.

Hm, Vinni-Puh heç bu barədə fikirləşməmişdi. Kəndiri pəncəsindən buraxsa, guppultuyla yerə dəyəcəkdi. Odur ki bu fikir xoşuna gəlmədi. Yaxşı-yaxşı götür-qoy edəndən sonra dedi:

– Kristofer Robin, şarı tüfənglə vurmalısan. Tüfəng yanındadır?

– Əlbəttə, yanımdadır, – Kristofer Robin dedi. – Amma atəş açsam, şar xarab olar axı!

– Atəş açmasan, mən xarab olacağam, – Puh dedi.

Onda Kristofer Robin şarı nişan alıb atəş açdı.

– Oy-oy-oy! – Puh bağırdı.

– Vura bilmədim? – Kristofer Robin soruşdu.

– Vurmağına vurdun, – Puh dedi, – amma şarı yox!

– Bağışla, üzr istəyirəm, – Kristofer Robin yenidən nişan alıb atəş açdı. Bu dəfə gülləsi hədəfə dəydi; şar yavaş-yavaş boşalmağa başladı və Vinni-Puh yerə endi.

Doğrudur, kəndirdən bərk-bərk yapışdığı üçün pəncələri keyimişdi, amma neyləmək olar?!

Bu əhvalatdan sonra Puh düz bir həftə pəncələrini tərpədə bilmədi. Belə ki, burnuna milçək qonanda onu üfürüb qovalamağa çalışırdı: «Puhh! Puhhh!» Bəlkə də, məhz buna görə onu «Puh» adlandırıblar. Amma, doğrusu, buna çox da əmin deyiləm.

– Nağıl qurtardı? – Kristofer Robin soruşdu.

– Bu nağıl qurtardı. Amma başqaları da var.

– Puh ilə mənim haqqımda?

– Hə, üstəlik, Dovşan, Piqlet və başqaları haqqında; məsələn, bir dəfə Puh ilə Piqlet Efilantı tutmaq fikrinə düşdülər.

– Tuta bildilər?

– Yox.

– Təəccüblü deyil! Axı Puh səfehin biridir. Bəs mən onu tutdum?

– Darıxma, bunu növbəti nağıllara qulaq asandan sonra biləcəksən.

– Yaxşı, – deyə Kristofer Robin ayağa qalxdı, sakitcə ayı balasının dal ayağından tutub arxasınca sürüyə-sürüyə qapıya sarı getdi. Qapıya çatanda arxaya çevrilib soruşdu:

– Bəs mənim gülləm ona dəyəndə çox ağrıtmayıb?

– Heç ağrıtmayıb, – atası dedi.

Oğlan başıyla sağollaşıb otaqdan çıxdı. Atası oğlunun ardınca pillələri qalxan Vinni-Puhun çıxardığı səsləri eşitdi: bum-bum-bum.

Atasının Kristoferə sonrakı günlərdə danışdığı nağıllar sizə də maraqlı gəlirsə, onda gəlin onları birlikdə oxuyaq.

İA-İA QUYRUĞUNU İTİRİR, PUH TAPIR

Qoca boz eşşək İa-İa meşə kənarında, qanqal basmış otluqda tək-tənha dayanıb ciddi məsələlər barədə düşünürdü. Bəzən kədərli-kədərli «Niyə?», bəzən də «Buradan hansı nəticə çıxır?» kimi suallara cavab axtarırdı. Ona görə də Vinni-Puhun addım səslərini eşidəndə çox sevindi: axır ki, fikirlərdən ayrılıb kiminləsə söhbətləşmək olardı.

– Nə var, nə yox? – o, həmişəki qaydada kədərli-kədərli soruşdu.

– Belə də! Sən necəsən? – Puh soruşdu.

İa-İa başını yellədi.

– Deyə bilmərəm, – o dedi. – Bilmirəm necəyəm. Mənə elə gəlir, çoxdandır necə olduğumu bilmirəm.

– Oy, quyruğuna nə olub? – Puh təəccüblə soruşdu.

– Nə olub ki? – İa-İa suala sualla cavab verdi.

– Quyruğun yoxdur!

– Baxaq görək! – İa-İa dedi.

O, yavaş-yavaş quyruğuna tərəf döndü, amma onu görmədi; sonra əks tərəfə döndü, yenə də quyruğunu tapa bilmədi. Onda başını əyib aşağıdan baxdı və nəhayət, kədərli səslə dedi:

– Hər şey aydındır. Təəccüblü deyil, yəqin, kimsə oğurlayıb…