реклама
Бургер менюБургер меню

Агата Кристи – Şərq ekpresində qətl (страница 5)

18

– Amerikalı… Görüm, onun adı nə idi… – Buk əlindəki siyahıya baxıb dedi. – Hə, cənab Retçett…

– Bu, ciddi məsələdir, – Puaro mızıldandı.

– Əlbəttə, ciddidir! Qətl hadisəsi böyük bədbəxtlikdir. Üstəlik, qatar hava şəraiti ucbatından hərəkət eləyə bilmir. Bəlkə, saatlarla, hətta günlərlə burada ləngidik. Demək olar ki, bütün ölkələr ehtiyac yarananda öz ərazilərindən keçən qatarlara yerli polis nümayəndələri göndərirlər, amma Yuqoslaviya istisnadır! Başa düşürsünüz ki, bu, vəziyyəti necə çətinləşdirir?

– Təsəvvür eləyirəm, – Puaro dedi.

– İş bununla da bitmir. Həkim Konstantines, – Buk bunu deyib pəncərənin yanında oturmuş qarabuğdayı kişini göstərdi, – belə hesab eləyir ki, ölüm hadisəsi gecə saat 1 radələrində baş verib.

– Əslində, bu cür hallarda dəqiq vaxtı müəyyənləşdirmək çətindir, – həkim dilləndi. – Ancaq deyə bilərəm ki, mərhum gecə saat 12 ilə 2 arasında öldürülüb.

– Cənab Retçetti axırıncı dəfə saat neçədə sağ görüblər? – Puaro soruşdu.

– Gecə 1-ə 20 dəqiqə qalmış o, bələdçi ilə danışıb, – Buk cavab verdi.

– Doğrudur, – Puaro dedi. – Onların söhbətini mən də eşitmişdim, – sonra üzünü həkimə tutub soruşdu:

– Sizə başqa nə məlumdur?

– Retçettin kupesinin pəncərəsi açıq idi. Qatilin oradan çıxıb qaçdığını güman eləmək olar. Amma, məncə, qatil pəncərəni qəsdən açıq qoyub ki, fikri yayındırsın. Əgər o, pəncərədən qaçsaydı, qarın üstündə ayaq izləri qalardı, ancaq iz-filan yoxdur.

– Bəs cəsədi nə vaxt tapıblar?

– Mişel! – cənab Buk bələdçini çağırdı. – Baş verənləri bu cənaba yerli-yataqlı danışın.

– Cənab Retçettin lakeyi bu səhər kupenin qapısını bir neçə dəfə döysə də, cavab verən olmadı, – Mişel danışmağa başladı. – Bir saat əvvəl isə ofisiant onun kupesinə gəldi ki, soruşsun, səhər yeməyi yeyəcək, ya yox? Yenə cavab gəlmədi. Artıq saat 11 olmuşdu. Qapını ehtiyat açarla açmağa çalışdım, açılmadı. Məlum oldu ki, içəridən zəncirlə də bağlayıblar. Fikirləşdim ki, yəqin, gecə sərnişinin beyninə qan sızıb. Qatar rəisini çağırdım, zənciri qırıb kupeyə girdik. Gördük ki, o artıq… İlahi, bu çox dəhşətli idi!

Bələdçi əlləri ilə üzünü qapadı.

– Deməli, qapı içəridən həm açarla, həm də zəncirlə bağlanıb… – Puaro fikrə getdi. – Bu, intihar hadisəsi ola bilməz…

– Harada görünüb ki, intihar edən adam özünə bu qədər bıçaq zərbəsi endirsin? – yunan həkim istehza ilə dedi.

Puaronun gözləri kəlləsinə çıxdı.

– Vəhşilikdir!

Bu vaxt qatar rəisi, nəhayət, söhbətə qatıldı:

– Məncə, bu cinayəti törədən qadındır. Özü də güclü qadın!

– Mən sizin topladığınız dəlillərə bir neçə şey də əlavə eləyə bilərəm, – Puaro dedi. – Dünən cənab Retçettlə danışanda demişdi ki, həyatı təhlükədədir.

– Onda qatil qadın deyil, qatı cinayətkardır! Yəqin, hər şeyi əvvəlcədən planlaşdırıb, – cənab Buk dilləndi.

– Hər halda, onu peşəkar adlandırmaq olmaz, – Puaro dilləndi.

– Əziz dostum, – cənab Buk üzünü Puaroya tutaraq dedi, – mən sizdən xahiş eləyirəm ki, bu işi öz üzərinizə götürəsiniz! Bu bizim şirkət üçün çox vacibdir! Polislər gəlib çıxanacan əlimizdə bir nəticə olar. Əks halda bizi saysız-hesabsız problemlər gözləyir. Ən əsası qatardakı digər sərnişinlər də ziyan çəkə bilər. Amma siz məsələni aydınlaşdırsanız, polislər gələndə deyərik ki, qatarda qətl hadisəsi törədilib, qatil də filankəsdir.

– Yaxşı, bəs məsələyə aydınlıq gətirə bilməsəm, necə?

– Əzizim, mən sizin qabiliyyətinizə yaxşı bələdəm. Biz sizə güvənirik!

– Düzünü desəm, bu iş mənim özümə də maraqlı gəlir, – Puaro mızıldandı. – Üstəlik, qatarda bikarçılıqdan darıxırdım. Amma indi ortada cavabını tapmalı olduğum bir tapmaca var.

– Deməli, təklifi qəbul eləyirsiniz?

– Bəli, işi boynuma götürürəm.

– Əla! Biz hamımız sizin qulluğunuzdayıq!

– İlk növbədə mənə cinayətin baş verdiyi vaqonun planı lazım olacaq. Hansı sərnişinin hansı kupedə qaldığını bilməliyəm. Sərnişinlərin biletlərinə və pasportlarına da baxmaq istəyirəm.

– Bu dəqiqə Mişel hamısını gətirər.

Bələdçi kupedən çıxdı.

– Qatardakı o biri vaqonlarda kim var? – Puaro soruşdu.

– Bu vaqonda bir mən, bir də həkim Konstantines, – Buk cavab verdi. – «Buxarest – Paris» vaqonunda bir axsaq qoca var. Bələdçinin köhnə tanışıdır. Qatarın axırına bir neçə vaqon da qoşulub, amma onları hesaba qatmağa dəyməz. Dünən şam yeməyindən sonra həmin vaqonlarla ara qapını bağlayıblar. Bir də vaqon-restoran, vəssalam.

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «ЛитРес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.