Агата Кристи – Şərq ekpresində qətl (страница 2)
Saat 14:30-da qatar qəfildən dayandı. Sərnişinlər pəncərədən boylandılar. Bir dəstə adam qatarın yanında durub hündürdən danışır, əlləri ilə vaqon-restoranın altındakı relsləri göstərirdi. Puaro başını pəncərədən çıxarıb nə baş verdiyini soruşdu. Geri çevriləndə az qala Meri Debenhemlə toqquşacaqdı.
– Orada nə olub? – qız təşvişlə fransızca soruşdu. – Niyə dayanmışıq?
– Boş şeydir, madamuazel. Vaqon-restoranın altında nəsə yanıb. Narahat olmayın, yanğını artıq söndürüblər.
– Amma vaxt gedir! Biz gecikəcəyik!
– Hə, yəqin ki…
– Mən yubana bilmərəm! Qatar İstanbula 18:55-də çatmalıdır. Dərhal Bosfor boğazını keçib saat 21:00-da yola düşən «Şərq ekspresi» nə yetişməliyəm. Əgər burada 1-2 saat vaxt itirsək, bu, mümkün olmayacaq!
– Tamamilə doğrudur, – Puaro dedi. Sonra diqqətlə qızı süzməyə başladı. Meri Debenhemin vaqonun qapısına söykədiyi əli həyəcandan titrəyirdi.
– Bu sizin üçün belə vacibdir?
– Bəli, çox vacibdir! Mən mütləq o qatara çatmalıyam!
Amma qız əbəs yerə təşvişə düşmüşdü. On dəqiqə keçməmiş qatar yerindən tərpəndi və sürətlə irəliləyərək tezliklə İstanbulun Heydərpaşa vağzalına çatdı. Qatar beşcə dəqiqə gecikmişdi.
Puaro gəmi ilə Bosfor boğazını keçərkən ingilisləri gözdən qaçırdı. Sonra o, Qalata körpüsünü adlayıb «Tokatliyan» mehmanxanasına gəlib çatdı.
«Tokatliyan» mehmanxanası
Mehmanxanada Puaro özünə vanna otağı olan nömrə sifariş verdi. Sonra da ona məktub gəlib-gəlmədiyini soruşdu. Onu üç məktub və bir teleqram gözləyirdi. Teleqramı görüb təəccüblə qaşlarını qaldırdı. Sonra tələsmədən səliqə ilə kağızı açıb oxumağa başladı:
«Təxmin etdiyiniz kimi, Kassner məsələsində çətinliklər yarandı, dərhal gəlməyinizi xahiş edirik».
– Bu heç yaxşı olmadı, – Puaro öz-özünə mızıldandı.
Sonra başını qaldırıb saata baxdı.
– Mən burada qala bilməyəcəyəm, – o, mehmanxana işçisinə dedi. – «Şərq ekspresi» nə vaxt yola düşür?
– 9 tamamda, müsyö.
– Mənə bilet ala bilərsiniz?
– Əlbəttə. Bu mövsümdə bilet tapmaq çətin deyil. Qatar, demək olar ki, boş gedir. Birinci dərəcəli vaqona bilet istəyirsiniz, yoxsa ikinci?
– Birinci.
– Əla! Bəs müsyö hara gedir?
– Londona.
– Oldu, müsyö. Mən sizə Londona bilet alaram.
Puaro yenə saata baxdı. 8-ə 5 dəqiqə qalmışdı.
– Sizcə, şam eləməyə vaxtım çatar?
– Əlbəttə, müsyö.
Puaro mehmanxananın restoranında yemək sifariş elədiyi vaxt kimsə əlini onun çiyninə qoydu.
– Əziz dostum! İnanmazdım ki, sənə burada rast gələ bilərəm!
Çevrilib baxdı. Bəstəboy, dolubədənli, saçları biz-biz duran yaşlı bir adam ona baxıb gülümsəyirdi.
– Müsyö Buk! – Puaro onu tanıyıb qışqırdı.
– Müsyö Puaro!
Cənab Buk da belçikalı idi, Beynəlxalq Dəmiryolu Şirkətinin direktoru idi, Puaronu isə çoxdan tanıyırdı.
– Siz hara, bura hara?!
– Suriyada balaca bir təhqiqat işi vardı.
– Bəs nə vaxt qayıdırsınız?
– Elə bu gün.
– Çox gözəl! Mən də bu gün yola düşürəm. Daha doğrusu, Lozannaya qədər gedəcəyəm, orada bir işim var. Yəqin ki, «Şərq ekspresi» ilə gedirsiniz?
– Elədir. Əslində, İstanbulda bir neçə gün qalmaq istəyirdim, amma vacib işim çıxdı.
– O zaman hələlik sizi rahat buraxım. Sonra görüşərik.
Puaro yeməyə başladı. Restoranda beş-altı adam var idi, onlardan ikisi xəfiyyənin diqqətini daha çox cəlb eləmişdi. Yaxınlıqdakı masanın arxasında oturmuşdular. Biri 30-35 yaşlı yaraşıqlı oğlan idi. Baxan kimi amerikalı olduğu bilinirdi. Həmsöhbəti isə təxminən 65-70 yaşlarında, başının ortası dazlaşmış, genişalınlı kişi idi, ağappaq taxma dişləri dərhal diqqəti cəlb eləyirdi. İlk baxışdan alicənab insan təsiri bağışlasa da, çuxura düşmüş xırda göy gözlərindən qəddarlıq yağırdı. Birdən qocanın gözü Puaroya sataşdı. Dərhal oğlana «Hektor, hesabı ödəyin» – deyib ayağa durdu.
Puaro da yeməyini bitirib qalxdı və vestibülə tərəf addımladı. Orada yenidən müsyö Bukla qarşılaşdı. Təzəcə söhbət etməyə başlamışdılar ki, bayaqkı mehmanxana işçisi Puaroya yaxınlaşdı. Günahkarcasına gülümsəyirdi.
– Bu, ağlasığmazdır, müsyö! Birinci dərəcəli vaqondakı bütün yerlər satılıb!
– Nə danışırsan! – müsyö Buk qışqırdı. – Bu mövsümdə bilet tapılmır?
Sonra üzünü Puaroya tutub dedi:
– Darıxma, dostum, bir şey fikirləşərik. 16-cı kupeni hər ehtimala qarşı həmişə boş saxlayırıq. Bələdçi sənə elə həmin kupeni verər. Vaxtdır, gedək.
Stansiyada qəhvəyi rəngli forma geyinmiş qatar bələdçisi cənab Buku gülərüzlə qarşıladı:
– Axşamınız xeyir, müsyö. Buyurun, sizin yeriniz birinci kupedədir.
– Eşitmişəm ki, birinci dərəcəli vaqondakı bütün yerlər tutulub. Bu, doğrudur? – Buk bələdçidən soruşdu.
– Ah, müsyö, bu, doğrudan da, çox qəribədir! Elə bil bütün dünya səyahətə çıxmaq üçün bu günü gözləyirmiş!
– Hər halda, ümidvaram ki, bu hörmətli cənaba bir yer təşkil eləyərsiniz. Müsyö Puaro yaxın dostumdur, 16-cı yeri ona verin.
– O yer tutulub, müsyö.
– Necə? 16-nı da tutublar?
– Dediyim kimi, müsyö. Birinci dərəcəli vaqonda bircə boş yerimiz belə qalmayıb!
– Deməli belə, Belqradda qatara «Afina» vaqonu, bir də «Buxarest-Paris» vaqonu qoşulacaq. Orada sizə yer tapılar, – Buk Puaroya dedi. – Amma biz Belqrada sabah axşam çatacağıq. Bugecəlik sizi harasa yerləşdirməliyik.
Sonra üzünü bələdçiyə tutub soruşdu:
– İkinci dərəcəli vaqonda da boş yerimiz yoxdur?
– Bir yer boşdur, müsyö, amma…
– Nədir, problem var?
– Məsələ burasındadır ki, həmin kupedə bir alman xanım var.
– Əcəb işdir! – cənab Buk qəzəblə donquldandı. – Bu boyda qatarda ən hörmətli qonağa yer tapılmır!
– Müsyö, əslində, ikinci dərəcəli vaqondakı 7-ci yer də boşdur…
– Bəs bunu niyə bayaqdan demirsiniz? – Buk bələdçinin üstünə çımxırdı.
– Bilirsiniz, o yerin sahibi var, ancaq hələ gəlib çıxmayıb. Qatar isə 4 dəqiqədən sonra yola düşür.
– Sahibi kimdir ki?