реклама
Бургер менюБургер меню

Агата Кристи – On zənci balası (страница 2)

18

Qəflətən eşidilən siqnal səsinə diksindi, son model bir avtomobil yanından sürətlə ötüb-keçdi. Həkim az qala maşını hasara çırpacaqdı.

– Bu uşaq-muşağın əlindən yolda maşın sürmək də olmur! – o, əsəbi halda deyinməyə başladı. – Özlərinə yazıqları gəlmir, bizi də işə salacaqlar!

O biri maşındakı cavan oğlan – Entoni Marston da bərk əsəbiləşmişdi:

– Yolun ortasında lap tısbağa kimi sürünür, siqnal verəndə qırağa çəkil də! İngiltərədə maşın sürmək olmur ki… Heyif deyil Fransa!

Marston avtomobilini yolun kənarına verib saxladı.

– İstidən boğazım quruyub, bu havada bir parç soyuq pivə pis olmazdı. Hara tələsirəm ki?! Onsuz da Zənci adasına çatmağıma az qalıb, – o öz-özünə mızıldandı.

Sonra fikrə getdi:

«Görəsən, bu Onimlər kimdir belə? Yəqin, varlı adamlardır. Görəsən, adada içki boldur? Yəqin, qəşəng qızlar da çoxdur».

Entoni maşından düşüb yolun qırağındakı pivəxanaya girdi. İçkisini içib bayıra çıxanda qapının ağzında dayanmış qadınlar onu heyranlıqla başdan-ayağa süzdülər. Qəşəng oğlan idi: hündürboy, enlikürək… Uzun saçlarını külək vurub yellədirdi, parlaq mavi gözləri günəşdən yanıb-qaralmış sifətinə xüsusi cazibə verirdi. Maşına oturub ayağını qaza basdı, avtomobil qəfil yerindən elə sürətlə sıçradı ki, yolda oynayan uşaqlar çığırışıb kənara atıldılar.

3

Cənab Blor Plimutdan[11] yola düşən qatarla gəlirdi. Kupedə bir özü idi, bir də, içkidən gözləri dumanlanmış qoca dənizçi. Qoca mürgü döyürdü. Blor cib dəftərçəsini çıxarıb yazmağa başladı. Yaza-yaza da öz-özünə mızıldanırdı:

– Hə, deməli, hamısı gəlir. Emili Brent, Vera Kleytorn, həkim Armstronq, Entoni Marston, qoca hakim Uorqreyv, Filip Lombard, general Makartur, bir də, Rocerslər – ər-arvad qulluqçular…

O, dəftərçəsini cibinə qoydu. Ayağa durub divara vurulmuş balaca güzgüdə özünə baxdı.

– Üst-başım qaydasındadır, yəqin, bir problem çıxmaz, – öz-özünə mızıldandı. – Özümü mayor kimi qələmə verə bilərəm. Lakin yox! General o dəqiqə hərbçi olmadığımı anlayar, paxırım üzə çıxar. Bildim! Cənubi Afrikadan gəlmiş iş adamı! Hə, əlbəttə, onların heç biri orada olmayıb.

Cənubi Afrika haqqında səyahət kitabını yenicə oxuyub qurtarmışdı. Bu haqda bütün gün durmadan danışa bilərdi.

Birdən yadına nəsə düşdü, qaşlarını çatdı.

– Deməli, Zənci adası… Uşaq vaxtı orada olmuşam. Sahildən haradasa iki kilometr aralıdadır. Adaya qıraqdan baxanda iridodaqlı zənci sifətini andırır. Elə ona görə də adına Zənci adası deyirlər. Görəsən, orada ev tikmək kimin ağlına gəlib? Axı qış aylarında adada yaşamaq mümkün deyil! Niyə təəccüblənirəm ki?! Bu milyonçulardan nə desən, gözləmək olar!

Bayaqdan bir küncdə büzüşüb mürgü döyən sərxoş dənizçi qəfildən oyandı. Yan-yörəsinə boylanıb yarıyuxulu halda dilləndi:

– Dənizdə heç nəyi qabaqcadan bilmək olmaz! Deyirəm ki, ol-maz! Vəssalam!

– Düz deyirsiniz! – Blor başını tərpətdi.

– Qasırğa olacaq! – qoca bir-iki dəfə hıçqırandan sonra yenidən dilləndi.

– Nə danışırsınız! Hava çox gözəldir!

– Deyirəm ki, birazdan tufan qopacaq!

– Bəlkə də, siz haqlısınız… – Blor fikirli-fikirli dedi.

Elə bu vaxt qatar dayandı.

– Hə, gəlib çatdım! – qoca bunu deyib ləngər vura-vura qapıya tərəf getdi, birdən ayaq saxlayıb başını geri çevirdi:

– Dua elə, Allaha yalvar! Qiyamət günü yaxınlaşır!

Sonra o bu sözləri bir də deyib vaqondan çıxdı.

4

Bir dəstə adam Oukbric qatar stansiyasının qarşısında dayanmışdı. Onların çamadanlarını daşıyıb gətirən hamballar da bir kənarda çömbəlmişdilər.

– Ey, Cim! Bura gəl, – hamballardan biri taksi sürücüsünə səsləndi.

Sürücü maşından düşüb gəldi.

– Zənci adasına gedirsiniz? – deyə toplaşanlardan soruşdu.

Adamların hamısı bir anda başını ona tərəf çevirdi.

Taksi sürücüsü üzünü hakim Uorqreyvə tutub (deyəsən, onu bu kiçik qrupun başçısı zənn etmişdi) dedi:

– Bizim cəmi iki taksimiz var, cənab. Amma onlardan biri Ekseter qatarıyla gələn sərnişini gözləməlidir. Qatar beş dəqiqəyə stansiyaya çatacaq. Sizdən kimsə taksidə oturub onu gözləsə, daha rahat gedərdik.

– Mən gözləyərəm, – Vera Kleytorn cəld dilləndi.

Miss Brent səssizcə qabaqdakı taksiyə tərəf getdi. Hakim Uorqreyv də onun arxasınca yollandı.

– Mən xanımla birlikdə qalaram, – kapitan Lombard dedi.

Hamballar çamadanları baqaja yüklədilər. Birinci taksi yerindən tərpəndi.

– Bəlkə, maşında gözləyəsiniz, – ikinci taksinin sürücüsü üzünü Vera Kleytorna tutub dedi.

– Yox, elə bura yaxşıdır, – qız cavab verdi.

– Təklif eləyirəm ki, stansiyada bir az gəzişək, – bu dəfə kapitan Lombard dilləndi.

– Yox, yox, hava çox gözəldir, stansiyada nə işimiz var?! – qız etiraz elədi.

– Bu yerlərə yaxşı bələdsiniz? – kapitan söhbətə körpü salmağa çalışdı.

– Xeyr, birinci dəfədir gəlirəm, hələ heç evin sahibəsi ilə də tanış olmamışam.

– Evin sahibəsi?

– Mən missis Onimin şəxsi katibəsiyəm.

– Belə de! – kapitan Lombard mənalı-mənalı gülümsündü. – Ev sahibini görmədən bu işə razılıq vermək qəribədir.

– Burada qəribə nə var ki?! Missis Onimin katibəsi qəfildən xəstələnib, işədüzəltmə agentliyinə teleqram göndərib ki, təcili ona katibə tapsınlar. Onlar da məni tövsiyə eləyiblər.

– Yaxşı, birdən missis Onim xoşunuza gəlmədi, onda necə olacaq?

– Onsuz da bu, mövsümi işdir, əslində, qız məktəbində bədən tərbiyəsi müəllimi işləyirəm, – qızın üzü bir anda dəyişdi, gözləri parıldamağa başladı. – Zənci adasını elə görmək istəyirəm ki! Qəzetlər hər gün bu adadan yazır. Görəsən, qəşəng yerdir?

– Bilmirəm, – kapitan çiyinlərini çəkdi. – Orada heç vaxt olmamışam.

– Doğrudan? – qız təəccübləndi. – Yaxşı, bəs Onimlər necə adamlardır?

«Hə, indi gəl, cavab ver! Guya mən onları tanıyıram?!» – Lombard öz-özünə mızıldandı. Sonra söhbəti dəyişmək üçün cəld dilləndi:

– Xanım, çiyninizdə hörümçək var! Bircə dəqiqə tərpənməyin! – yaxına gəlib elə hərəkət elədi ki, guya qızın çiynindəki hörümçəyi götürür.

– Vəssalam!

– Çox sağ olun! – qız dilləndi. – Hörümçəklərdən yaman qorxuram!

Elə bu vaxt stansiyaya yaxınlaşan qatarın fit səsi eşidildi.

– Deyəsən, gözlədiyimiz qatar gəldi, – cənab Lombard dedi.

Qatardan hündürboy, görünüşündən hərbçiyə oxşayan, çal bığlarının ucları səliqə ilə vurulmuş yaşlı bir kişi düşüb onlara tərəf gəlməyə başladı. Bu, general Makartur idi. Arxasınca gələn hambal onun qəhvəyi rəngli ağır çamadanını daşıyırdı. Vera cəld generala tərəf addımlayaraq özünü təqdim elədi:

– Mən missis Onimin katibəsiyəm. Bu isə cənab Lombarddır. Maşın bizi gözləyir.

Onlar taksiyə mindilər. Oukbricin boş küçələrindən keçib şose ilə bir neçə kilometr gedəndən sonra ensiz qəsəbə yoluna çıxdılar.

– Buralara bələd deyiləm, – general Makartur dilləndi.

– Məncə, çox darıxdırıcı yerlərdir, – cənab Lombard dedi. – Yəqin, siz çox gəzib-görmüsünüz?