реклама
Бургер менюБургер меню

Агата Кристи – Mavi Qatarın sirri (страница 2)

18

– Səncə, boşanmaqdan başqa yol yoxdur? – Rut soruşdu.

– Yox, qızım, təəssüf ki, yoxdur, – van Aldin başını bulayaraq cavab verdi.

– Bəs o buna razılıq verməsə? – qız xəbər aldı.

– Bunu mənim öhdəmə burax, qızım, – ata özünə arxayın şəkildə cavab verdi, – o nəyi əsas gətirib boşanmaqdan imtina edə bilər ki?

Rut heç nə demədi. Amma van Aldin qızının tərəddüd içində olduğunu anladı.

– Düzünü de, qızım, – milyonçu ata soruşdu, – səni narahat edən nə isə varmı?

– Yox, ata, yox, – Rut tez cavab verdi.

– Elə isə sən narahat olma. Qoca atan bu problemi yoluna qoyacaq. İndi isə mənim sənə gözəl bir hədiyyəm var. Gəl göstərim, – van Aldin gülümsəyərək dedi.

– Nə hədiyyə? – Rut təəccüblə soruşdu.

– Hə, özü də bahalı, ürəyin istəyən bir hədiyyə almışam sənə, – bunu deyib van Aldin əlini paltosunun döş cibinə uzatdı. Oradan çıxardığı kiçik mücrünü Ruta verdi. Qız mücrünü həvəslə açdı. Mücrüdəki yaqutu görəndə sevincindən qışqırdı:

– Ata, ata, bu nə aləmdir!

– Xoşuna gəldimi? – milyonçu soruşdu.

– Hələ bir soruşursan da! Misilsizdir, – Rut dilləndi. – Bunu haradan almısan?

– Bu, sirdir, – van Aldin güldü. – Belə qiymətli şeyi yalnız əlaltından almaq olar. Bəlkə də, sən bu yaqut haqqında eşitmisən. Onun adı «Ürəklərə od salan – yandırıb yaxan» dır.

– Sağ ol, ata, sən mənə həmişə ən yaxşı hədiyyəni almısan! – Rut yenidən van Aldinin boynuna sarıldı.

– Başqa cür ola da bilməz, – ata qızının şabalıdı saçlarını sığallayıb dedi, – bilirsən ki, mənim dünyada səndən başqa heç kimim yoxdur.

– Sənə hədiyyə etdiyim bu məşhur yaqutun adı «Ürəklərə od salan – yandırıb-yaxamdır.

Ata-bala yenidən bir-birinə sarıldılar. Nəhayət, van Aldin dedi ki, işləri çox olduğundan getməlidir. Rut atasından xahiş elədi ki, qalsın, birgə nahar etsinlər. Amma van Aldin vaxtının olmadığını dedi. Qapıdan çıxanda Rut atasına dedi:

– Yəqin ki, bu boşanma məsələsi mənim Fransaya getməyimə mane olmayacaq.

– Sən Fransaya gedirsən? – ata təəccübləndi.

– Hə, ayın 14-də.

– Yaxşı, get. Amma o yaqutları özünlə aparma.

Rut razılıq əlaməti olaraq başını tərpətdi. Van Aldin zarafatla dedi:

– Mən istəmirəm ki, yaqutun ucbatından qızımı ya soysunlar, ya da həyatına qəsd eləsinlər.

Rut da ona sataşdı:

– Bəs onda niyə sən onu elə beləcə, cibində gətirmisən?

Van Aldin duruxdu. Qızı hiss etdi ki, nəsə baş verib.

– Ata, niyə fikrə getdin?

– Heç, qızım, mən bu yaqutları alan günün axşamı Parisdə başıma gələn bir hadisəni xatırladım. Yaqutları alıb küçəyə çıxanda iki nəfər mənə hücum elədi. Tapançamı çıxarıb onlara tərəf atəş açan kimi qaçdılar.

– Afərin, ata, – Rut əlini əlinə vurub onu alqışladı, – sən əsl qəhrəmansan!

QARŞILIQLI XƏYANƏT

Van Aldin qızıgildən ayrılıb birbaşa işə gəldi. Yolboyu Rutun boşanma məsələsini düşündü. Ürəyinə dammışdı ki, bu məsələdə qızının tərəddüd keçirməsinin bir səbəbi var. Milyonçu elə hey öz-özünə deyirdi: «Rut məndən nə isə gizlədir! Rut məndən nə isə gizlədir!» Van Aldin ha fikirləşirdi, qızının ondan nəyi gizlədə biləcəyi ağlına gəlmirdi.

İşə çatan kimi van Aldin Naytona tapşırdı ki, Dereki onun yanına çağırsın. Üstəlik, Naytona kürəkəninin indiki maddi vəziyyəti haqqında məlumat öyrənməyi də tapşırdı. Nayton «baş üstə!» deyib otaqdan çıxdı. Van Aldin günorta yeməyini yenicə yeyib qurtarmışdı ki, köməkçisi ona Derekin gəldiyini xəbər verdi. Van Aldin «burax içəri» dedi.

Çox keçmədi ki, Derek içəri girdi. Onun 30 yaşı vardı. Sifəti arıq və qaraşın idi. Van Aldin ona əyləşmək üçün yer göstərdi. Derek qayınatası ilə üzbəüz oturdu. Qoca milyonçu birbaşa mətləbə keçdi:

– Mənim uzun-uzadı danışmaqdan xoşum gəlmir. Qısası, qızımla qərara gəlmişik ki, o səndən boşansın.

Derek özünü elə apardı ki, guya van Aldinin bu qəfil dediklərindən qətiyyən narahat deyil. Amma ürəyində narahat idi. Siqaret yandırmaq üçün qayınatasından icazə istədi. Sonra van Aldinin düz gözünün içinə baxıb dedi:

– Siz necə böyük səhvə yol verdiyinizi bilirsinizmi?

– Sən buna görə narahat olma, – van Aldin cavab verdi. – Mən səni bura çağırdım ki, məsələdən xəbərin olsun.

– Yaxşısı budur, siz qızınıza deyin, uzağı bir il də dözsün. Ona qədər atam vəfat edəcək və lord Lekənbəri titulu mənə keçəcək.

– Bunun qızıma nə dəxli var? – qoca milyonçu təəccübləndi.

– Lekənbəri nəslinin varisi olacağım təqdirdə o bu nəslin birinci xanımı olacaq! – Derek bu sözləri deyərkən xısın-xısın gülməyindən də qalmırdı. Bu isə van Aldini əsəbiləşdirirdi. Nəhayət, tamam özündən çıxan qoca ata qeyzlə dilləndi:

– Sözlərinə sərhəd qoy, axmaq! Sırtıq-sırtıq danışma. Sənə elə gəlir ki, qızım ad-sana görə sənə ərə gedib?

Derek qayınatasının əsəbiləşməyinə məhəl qoymayıb bir az da ucadan güldü. Sonra ciddiləşdi:

– Doğrudanmı, cənab van Aldin, siz elə bilirsiniz ki, qızınız mənimlə yalnız məhəbbət üzərində ailə qurub?

– Mən bir onu bilirəm ki, on il bundan qabaq qızıma elçi düşəndə başqa cür danışırdın, – milyonçu əsəbini boğmağa çalışaraq dedi.

– Hə, onda sizin qızınız da başqa cür idi: tərtəmiz, mələk kimi pak. Mən onu, doğrudan da, sevirdim.

– Yalan danışma, sən qızımla var-dövlətimə görə evlənmisən. İndi isə onu incidirsən. Sən Rutu tək görmüsən? Bil ki, onun arxasında atası van Aldin durub! Mənim qızıma əzab-əziyyət verməyə haqqın yoxdur!

– Bəlkə, fikirləşirsiniz ki, qızınızın heç bir günahı yoxdur, o hələ də pak bir mələkdir? Yox, qızınız sizdən də qəddardır. Onun ürəyindəki əzazillik üzündəki xeyirxahlıqdan daha güclüdür.

– Boş-boş danışma. Mən sözümü dedim. Qızım səndən boşanır. Yaxşısı budur, sən də sakitcə bununla razılaş.

Derek oturduğu kürsüdən ayağa qalxdı. Əlindəki siqaret kötüyünü buxarıya atdı. Sakit və təmkinli səslə soruşdu:

– Birdən razılaşmasam, onda nə olacaq?

– Razılaşmamaq üçün dəlil-sübutun var? – van Aldin kürəkəninin sualına sualla cavab verdi.

– Görürəm, sizin heç nədən xəbəriniz yoxdur, cənab van Aldin! Yaxşısı budur, boşanma ərizəsini məhkəməyə göndərməmişdən əvvəl qızınızla söhbət edin. Ona deyin ki, hər şeyi olduğu kimi danışsın, sizinlə səmimi olsun.

Bu sözləri eşidəndə van Aldin «nə demək istəyirsən?» deyə qışqıraraq yerindən dik atılsa da, artıq gec idi. Derek cəld addımlarla otaqdan çıxmışdı. Qoca milyonçu ağır-ağır kürsüyə çökdü. Öz-özünə düşünməyə başladı: «Əvvəldən ürəyimə dammışdı ki, qızım məndən nə isə gizlədir. Derek də buna işarə etdi. Ah, Rut, əlaltdan nə işlər görürsən, Allah bilir».

Van Aldin qarşısındakı soyumuş çaydan bir qurtum içdi. Rutgilə zəng elədi. Dəstəyi qulluqçu qaldırdı. O, Rutun nahar etmək üçün restorana getdiyini söylədi. Qoca milyonçu qeyzlə dəstəyi yerinə çırpdı. Otaqda var-gəl etməyə başladı. Bu vaxt Nayton içəri girdi. O, Derek haqqında bəzi məlumatlar verdi. Dedi ki, Derekin işləri pis gedir, borc içində üzür. Borclular hər gün onu boğaza yığırlar. Derek onların qorxusundan küçəyə çıxmağa da ürək eləmir. Naytonun məlumatları van Aldinin kefini açdı. Deməli, Derekin pula ehtiyacı var. Ona pul təklif etməklə boşanmaya razı salmaq olardı. Bu, milyonçu ataya bayaqkı qəzəbini tamam unutdurdu.

Bir saatdan sonra van Aldin artıq qızıgilin küçəsində idi. Rutun evinə yaxınlaşanda oradan bir nəfərin çıxdığını gördü. Əvvəlcə elə bildi Derekdir. Amma onun lap yanına çatanda yanıldığını başa düşdü. Bir-birinin üzünə ötəri baxıb keçdilər. Qoca milyonçu onu haradasa gördüyünü hiss etdi. Çünki bu yad adamın sifəti çox tanış idi. Amma nə qədər çalışsa da, onu harada gördüyünü xatırlamadı. Əsəbiliklə başını bulayıb Rutun qapısının zəngini basdı. Qapını Rut özü açdı. Sanki atasının gəlişini gözləyirmiş.

Onlar içəri keçib elə ayaq üstəcə söhbətləşdilər.

– Bu gün ərin Dereklə görüşdüm, – van Aldin sözə başladı, – o, çox şey danışdı. Danışdıqları ədəbsizlikdən başqa bir şey deyildi. Amma Derek otaqdan çıxanda bir söz dedi. Düzü, başa düşmədim. O, məsləhət gördü ki, əvvəlcə nəyisə məndən gizlədib-gizlətmədiyini soruşum. Qızım, Derek bununla nə demək istəyir?

Rutun sifət cizgiləri bir anda dəyişdi. Van Aldin qızının həyəcanlandığını, narahatlıq keçirdiyini hiss etdi.

– Mən bilmirəm, – Rut titrək səslə dedi.

– Belə olmaz, qızım, – van Aldin alnını ovuşduraraq dedi, – mən bu işlə gözübağlı məşğul olmaq istəmirəm. Onun əlində ciddi dəlil olsa, biz peşmançılıq çəkə bilərik. Yaxşısı budur, sən heç nəyi məndən gizlətmə. Düzünü de, Derek o sözlərlə nəyə işarə edirdi?

– Dedim ki, bilmirəm! – Rut əvvəlki sözünün üstündə durdu.

– Yaxşı, onda mənə burdan çıxan kişinin kim olduğunu söylə! – van Aldin dodaqları əsə-əsə dedi.

– Hansı kişi? – Rut bunu elə soruşdu ki, guya heç nə başa düşmür.

– Mənim qabağımca sizdən çıxan kişini deyirəm. Mən onu əvvəllər də görmüşəm. Amma harada? Bax bunu xatırlamıram, – birdən qoca milyonçu dayandı, gözləri qəzəbdən parladı, əlləri titrəməyə başladı. Sanki onu ildırım vurmuşdu. – Lənət şeytana, yadıma düşdü. Qızım, o sənin sevdiyin, amma mənim səni vermək istəmədiyim adam idi!