Абдурагим-бек Ахвердов – Seçilmiş əsərləri (страница 10)
Əhvalatı başdan deyim: Məşədi Həsənlə Çeralov hamamından gəldik mənim mənzilimə. Bir yerdə çay içdik, çaydan sonra mən yatdım. Məşədi Həsən də getdi evinə.
Axşam durub üzümü yuyub çıxdım yola. Faytonçudan soruşdum ki, Hacı Ağa Balanın evini tanıyırsanmı?
Dedi:
– Çox gözəl tanıyıram, buyur əyləş.
Əyləşdim, gəldim hacının qulluğuna. Hacı mənə həqiqət artıq iltifat eylədi: özü qapıya – qabağa çıxıb, məni otağına apardı, əyləşdik.
Əhval-pürsanlıqdan sonra hacı üzünü mənə tutub buyurdu:
– Bağışlayın, sizi tanıya bilməyirəm.
Mən ərz eylədim ki, mən tiflisliyəm, adım da Mozalanbəydir.
Dedi:
– Bəli, bəli, eşitmişəm, Məşədi Mozalanbəy sizsiniz?
Ürəyim əvvəl bir gupp elədi. Dedim:
– Bağışlayın, ağa, mən məşədi deyiləm.
Buyurdu:
– İnşallah məşədi olarsınız, bəs Gəncəyə nə əcəb buyurubsunuz?
Dedim:
– Mən Qafqazı səyahət edirəm və bu niyyət ilə Gəncəyə gəlmişəm.
Hacı buyurdu:
– Dəxi gözəl, indi ki səyahətdir, bir Xorasana da səyahət edin, İranı da görün, həm də öz müsəlmanlıq təklifinizdən çıxın, mən özüm sizi gərək yola salam.
Mən istədim bir az danışam, hacı durdu çıxdı, bir azdan sonra genə qayıtdı. Dalınca bir oğlan iki stəkan lətif çay gətirdi, yanında neçə növ mürəbbə. Çay içəndən sonra hacı xahiş etdi ki, mən ona keçmiş səyahətlərimdən nəql edim və buyurdu ki, mən səyahətnamə oxumağa çox bəndəm, ancaq “Molla Nəsrəddin”nin yazısını gözüm əməlli seçməyir, ona görə oxuya bilmirəm.
Bir az söhbət elədik, durdum ayağa, mənzilə gedim. Hacı qoymadı, plova saxladı. Plovdan sonra durdum xudahafiz elədim. Hacı qapıyadək məni ötürüb soruşdu:
– Haraya düşübsünüz?
Dedim:
– “Tehran” nömrələrinə.
Gəldim soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Sübh durub çay içirdim, qapını döydülər. Mən güman etdim ki, Məşədi Həsəndir, dedim: “Məşədi, gəl”. Qapı açıldı. Hacı Seyid Ağa
Bala daxil oldu.
– Salam, Məşədi Mozalanbəy.
– Əleykəssalam, hacı.
Əyləşdi, bir stəkan çay içdi və sonra dedi:
– Sabah saat xoşdur, inşallah günorta maşını ilə yola düşərsiniz.
Dedim:
– Ay ağa, axır bu bir günün işi deyil, gərək zaqraniçni paşpurt çıxardım, bu da bir-iki həftə möhlət istəyir. Mən necə sabah gedə bilərəm?
Bu növ istədim ağanın əlindən yaxamı qurtaram, olmadı. Cibindən bir İran paşpurtu çıxarıb dedi:
– Buyur, zaqraniçni paşpurtun biri iyirmi manata düzəlir, amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Dörd manat verib özünüz ilə apararsınız, ancaq qayıdanda gətirib mənə verərsiniz. Mən də sahibinə verrəm.
Paşpurtda yazılmışdı: “Mazandaran vilayətində, Qarğadolanmaz kəndinin sakini Səftər Qulu oğlu”. Paşpurt da mənim dilimi kəsdi. Ələlxüsus, ağanın buyurmağı ki, mənim tək seyidin sözündən heç kəs çıxa bilməz.
Paşpurtu qoydum cibimə. Ağa getdi. Məşədi Həsən gəldi gördü çamadanı qablayıram. Soruşdu:
– Nə işdir?
Dedim:
– Dinmə, Xorasana gedirəm.
Dedi:
– Evin yıxılmasın, yoxsa Hacı Ağa Bala səni tapdı?
Dedim:
– Lazım deyil, danışma. Söz müxtəsər yaxşıdır.
Sabahdan Hacı Seyid Ağa Bala və Məşədi Həsən gəldilər. Bala seyidi çağırıb hesabını çəkdim. Bir fayton tutub getdik vağzala. Hacı Seyid Ağa Bala yol uzunu minacat oxuyurdu. Gəldik vağzala. Saat dördə on bir dəqiqə işləmiş maşın gəldi. Hacı Seyid Ağa Bala məndən iyirmi beş manat səlaməti alıb, “iltimasi-dua” deyib qayıtdı şəhərə. Məşədi Həsən maşın yola düşüncə dayandı. Maşın üç dəfə fışka29 verdi. Məşədi Həsənlə öpüşüb ayrıldıq. İndi, necə ki ərz elədim, Bakıda “İslamiyyə” nömrələrindəyəm. Bakını səyahət etməyə macal yoxdur, çünki bu axşam saat onun yarısında gərək paraxoda minəm. İnşallah, qayıdanbaş bir neçə gün Bakıda qalıb, oradan da əhvalat yazaram. Hələ ki, xudahafiz.
Qarabağa on manat göndərin, seyid qəbrinin üstündə Yıxılqo əmiyə bir gün təkiyə edin. Bəlkə mənə İranda Mədəli30 tərəfdarlarından bir xəta toxunmasın.
Dilinin ucundan avara düşən:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.