18+
реклама
18+
Бургер менюБургер меню

Абдурагим-бек Ахвердов – Hekayələr (страница 1)

18

Əbdürrəhim bəy Haqverdiyev

Seçmə hekayələr

ATA VƏ OĞUL

Hacı Xəlil, müsinn1 şəxs həştad beş il dünyada ömür edəndən sonra xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında Hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti-Quran2 etməyə məşğul idi. Sağ tərəfdən Hacının övrəti əyləşib, əlində dəsmal həzin-həzin Hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə Hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli, iranlı qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü Hacının üzündə idi.

Hacı Xəlili böht aparmışdı3 və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa, bu uşağı oxudaq, bəlkə, savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub: “Oğul, Allah özü sənə yar olsun”, – deyib məktəbə yola saldı.

Hacının mollası və yoldaşları bir-bir onun gözünün qabağından keçirdilər. Budur, Mirzə Nəsib, iranlı qoca kişi yuxarı başda əyləşib, qabağında bir dəstə çubuq, gözlərində eynək, uşaqlara məşq başı yazmağa məşğuldur və uşaqlar divarın dibində cərgə ilə düzülüb oturublar. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının papaqlarından yun qopardıb manqala salır ki, bəlkə, gün çıxa. Amma Xəlil özü bir küncdə əyləşib, əlində çərəkəsi4, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ələlxüsus yadına gəlir Quran çıxdığı gün ki, atası ona bir dəst təzə libas tikdirib dedi: “Bala, Allahdan arzu edirdim sənin qazancından bir çörək yeyib ondan sonra öləydim”. Atasının bu sözləri Xəlilin ürəyində bir nisgil olub ölənədək qalmışdı, çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi.

Biçarə Xəlil on beş yaşında yetim qalıb, bir xırda savadla məktəbi tərk edib anasına və bacısına çörək qazanmaq fikrinə düşdü.

Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və iyirmi iki manat kağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb-vuruşdu, amma heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb ki, kişidən qalan pulun çox yarısı xərclənib və halət bu günə keçsə, pulun qalanı da qurtarsa, elə acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun dəstpərvərdəsidir5. Neçə il buna dərs verib, savad sahibi eləyib, indi də axundun özünə məlumdur ki, bunun atası ölüb, heç bir şey də özündən sonra qoymayıb. Bir külfət gözünü dikib bir balaca yetimə. Bu bir cüt corabı qoy axundun qabağına, mənim dilimcə ona yalvar, degilən, Allah xatirinə indiyədək bu uşağa ata olub, indi buna rəhm edib bunu bir yerə nökərçiliyə də olsa versin ki, bəlkə, ayda beş-altı manat məvacib alıb onunla özünü və yetim bacısını saxlasın”.

Anasının bu sözləri heç Hacı Xəlilin yadından çıxmazdı, tez-tez bu sözləri övrətinə və aşnalarına deyərdi və həmişə də Mirzə Nəsibə rəhmət oxuyardı və deyərdi ki, mənim bir parça çörəyimin səbəbi o mərhum olub.

Mirzə Nəsib Xəlilin anasının danışığını o biri otaqdan eşidirdi, qoca mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Hövlnak yerindən qalxıb övrətin otağına keçdi. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Mirzə Nəsib corabı qəbul etməyib, Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xüşkəbarfüruşun6 yanına apardı.

Ağa Hüseyn bir dövlətmənd7 şəxs idi. İranla böyük xüşkəbər alış-verişi edirdi. Amma bisavad olmağına görə həmişə bir yazı bilən adama möhtac idi. Mirzə Nəsib o qədri ki bacarırdı, Xəlili Ağa Hüseynə tərif edib təvəqqe etdi ki, onu öz yanında saxlasın. Ağa Hüseyn öz dostunun təvəqqesini qəbul edib ayda altı manat məvacibə Xəlili dükanda qulluq etməyə qəbul etdi. Hətta ona çörək və ildə də bir libas verməyi həm boynuna götürdü.

Xəlil şadlığından bilmədi ki, nə tövr gəldi evə çıxdı. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi və bu hiss onun üçün bir mayeyi-iftixar olmuşdu. Altı manat o vədə böyük pul idi: ətin beş girvənkəsi bir abbasıya, yağın pudunu üç manata verirdilər və Hacı Xəlilin yadındadır ki, altı manatla onun anası və bacısı mürəffəülhal8 dolanırdılar.

Xəlil başladı Ağa Hüseynə qulluq etməyə və əvvəl gündən ixlas, çapıqlıq və doğruluq göstərdi və bunun bu sifətləri Ağa Hüseynin məhəbbətini günü-gündən ona artırdı. Hər bir vaxt Mirzə Nəsibi görəndə Ağa Hüseyn rizaməndlik9 edib deyirdi ki, mən əlli ildir alış-veriş edirəm, bu cür qoçaq oğlan görməmişəm.

Bir il qulluq edəndən sonra Ağa Hüseyn Xəlilin məvacibini on manat etdi. Xəlil ağasının qulluğa qədr və qiymət qoymağını görüb bir az da ixlas və iradətini ona artırdı.

Dörd il bu növlə Xəlil Ağa Hüseynə qulluq etdi və bu dörd ilin müddətində məvacibi otuz manata yetişmişdi. Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı, hətta bir-iki yüz manatadək də pul cəm edib Ağa Hüseynə tapşırığa vermişdi və Ağa Hüseyn hər mal alanda Xəlilin puluna əlahiddə mal alıb, satıb mənfəətini onun pulunun üstünə qoyurdu.

Bir gün Xəlil anasına xəbər gətirdi ki, bəs Ağa Hüseyn istəyir bunu özü ilə İran səfərinə aparsın və iki gündən sonra yola düşəsidilər. Bu xəbər anasına və bacısına nə tövr təsir elədi, heç Hacı Xəlilin yadından çıxmaz idi. İki gün balasını gözündən qoymayan ana və qardaşından ayrılmaq istəməyən bacı xəlvətdə ağlayırdılar, amma Xəlilin yanında toxtaqlıq göstərib ona tədarük görürdülər.

Səfər günü Xəlil əmisi kəlləpəz10 İmanı gətirib, evlərində həyan qoyub anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Biçarə övrət Quran götürüb, əziz oğlunu Quranın altından keçirib, dalınca bir qab su atıb ağlaya-ağlaya mənzilə qayıtdı.

Xəlil Ağa Hüseynlə bahəm varid oldular İran torpağına. Ağa Hüseyn cəmi xüşkbərə mərkəzlərini və alış-veriş yollarını ona göstərdi və axırda üzün ona tutub dedi:

– Bala, mən səni buraya özüm üçün kömək gətirmişəm. Mən, budur, neçə ildir İrana səfər edirəm. Heç bir səfərdə köməyə ehtiyacım olmayıb, ancaq çünki sən həmişə qulluqçuluq etməyib axırda özün üçün bir alış-veriş etmək fikrinə düşəcəksən, ona görə mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini11 sənə öyrədim.

Xəlil Ağa Hüseynin bu sözlərinə bilmədi nə tövr rizaməndlik etsin. İrana əvvəl viruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ağa Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini görüb, artıq xoşhal olub fəxr edirdi.

Lazım olan qədər xüşkəbər alıb, ulaqlara yükləyib yola saldılar. Xəlil Ağa Hüseyndən soruşdu ki, nə üçün ulaqları kirayəsinə tutursan?

Ağa Hüseyn soruşdu ki, bəs necə olsun?

Dedi:

– Yaxşı olar ki, ulaqları da pulla alaq, tainki vətəndə həm xüşkəbəri, həm də ulaqları qazancına sataq.

Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir az böhtə gedib dedi:

– Bala, bu maddə ki səndə var, inşallah gələcəkdə çox böyük sövdəgər olarsan. Gələn il dəxi mən gəlməyib səni İrana tək alış-verişə göndərəcəyəm.

O il Ağa Hüseyn çox böyük nəf elədi12 və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi. İkinci il Ağa Hüseyn Xəlilin əlinə böyük məbləğ verib tək İrana göndərdi və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb qayıtdı və o il Ağa Hüseynin nəfi keçən ildən artıq oldu. Xəlilin bu zəhmətinə görə Ağa Hüseyn o ilin mənfəətinin yarısını ona bağışladı. Bu ildən də sonra yenə Xəlil üç dəfə İran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı.

Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi:

– Oğul, budur, neçə ildir mənim yanımda qulluq edirsən və mən də bu müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alış-veriş etmişəm. Bu gecə hesaba baxıb görürəm ki, sənin məndə səkkiz min manata qədər pulun var. Bu pulla sən özün üçün məxsus bir alış-veriş aça bilərsən. Özün də qabil oğlansan, demək olar ki, anadan dünyaya tacir gəlibsən. Mənim borcumdur sənə təklif edim, istəsən, mənim yanımda qalarsan, ya ayrı iş başlamaq xahiş edərsən.

Xəlil cavab verdi ki, əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona əmi deyirdi), o yaxşılıq ki indiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək.

Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi:

– Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək. Başqa adam səkkiz min adı eşitsə idi, o saat azıb yolundan çıxardı.