Абдурагим-бек Ахвердов – Bomba (страница 6)
– Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.
Qatar yola düşdü və mən də məhbut82 onun, gözdən itənədək, dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:
BOMBA
Qorodovoy84 Kərbəlayi Zal 25 ildən artıq idi, polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
– A kişi, sənin saqqalına nə şaşka85 yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
Kərbəlayi Zal cavab verərdi:
– Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də mən 25 ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
– Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav86 çağırıb demişdi:
– Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünyagörmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
– Nə var?
Dedi:
– Heç, bir az başım ağrıyır.
Arvad abgüşt87 bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdur” deyib yatmaq istədi. Nə qədər etdisə, gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.
Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecəyarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
– Vot Patap, bomba rabatay!
– Qde88?
– Dom Feyzulla bomba pirnesom.
Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qalabəyinə, qalabəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, soldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
– Kimsən?
Dedilər:
– Aç qapını.
Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki: “Bəs niyə buyurubsunuz?”
Dedilər:
– Danışma, gərək sənin evin axtarılsın!
Gecəyarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.
Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:
– Barin, vot, vot bomba!89
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzullanı da qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:
– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin, qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi. Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.
MOZALANBƏYİN SƏYAHƏTNAMƏSİ
Bizim möhtərəm mühərririmiz90 Mozalan91 bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy”92 kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir93 edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin donoslarından94, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, İrəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın… nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən,
Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti?
Hərçənd bu məsələ çətin bir məsələdir, axırda Mozalanın yadına düşdü ki, Qarabağda bir nəfər şəxs var ki, keçmişdə bəy komissiyasında katib olub və cəmi bəy yazılanların siyahısını saxlayıb və indiyədək Qarabağda nə qədər keçəl-küçəl, dana otaran, quş ovladan var, hamısını bəy edib.
Lazım gəldi həmin şəxsə pul göndərib ondan çarə istəmək. Biz də bu məsləhəti bəyənib kağızı yazdıq və zəhmət haqqını göndərdik. Bəy dəftərə baxıb orada Mozalanbəyin babası Qozqıranbəyin adını yalandan tapıb sübut etdi ki, həqiqətdə Mozalan elə bəydir ki, bəydir və Tiflisə də bir ərizə yazıb göndərdi ki, Mozalana bəylik şəhadətnaməsi versinlər. Mozalanbəy şəhadətnaməni alan kimi bu həftə yola düşəcək və səyahətnamənin əvvəlinci məktubu 12-ci nömrəmiz çıxanadək Gəncədən gələcək və həmin nömrədə çap olunacaq.
Mart ayının 14-də Gəncəyə getmək niyyəti ilə gecə saat 11-də faytona minib gəldim Tiflis vağzalına. Hava soyuq idi və yağış yağırdı. Faytondan enib şeyləri verdim “nasilşikə”96 və daxil oldum əvvəlinci klasın zalına. Gözəl-gözəl xanımlar əfsərlərlə qol-qola verib gəzirdilər və söhbət edirdilər. Qeyriləri, kimi oturub çay içib çörək yeyirdi, kimi şeylərinin yanında əyləşib maşını gözləyirdi. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı:
bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Şeylərini zalın küncünə yığıb və özləri də şeylərin üstündə oturub, mat-mat baxırdılar camaata. Bunların biri məni müsəlman görüb ucadan çağırdı:
− Ay müsəlman qardaş, sən Allah, bir gəl bizim yanımıza.
Mən yavuğa gedib salam verdim. Məni çağıran 50, ya 55 yaşında bir qoca kişi idi. Qalan üç nəfər molla da bu sinnə yavuq idilər. Məni çağıran, əlində papiros, məndən soruşdu:
− Bakıya maşın nə vaxt yola düşür?
Mən cavab verdim:
− Gərək indilərdə gedə.
Bu hində bir zəng səsi gəldi və adamlar başladılar qaçışmağa. Məlum oldu ki, bilet almaq vaxtıdır. Camaat hücum çəkdi kassanın qabağına. Mollalar da Bakıya getmək istəyirdilər və xahiş elədilər ki, barı Gəncəyə kimi bir yerdə oturub yoldaş olaq. Mən xoşhallıqla razı oldum. Bunların biri yoldaşlarının tərəfindən və mən özüm üçün yavuqlaşdıq kassaya tərəf ki, bilet alaq. Hələ növbət bizə çatmamışdı. Mənim əmmaməli yoldaşım birdən ucadan müsəlmanca səsləndi:
− Allah xatiri üçün bizi məəttəl eləməyin, yoxsa maşın çıxıb gedər.
Mən buna yavaşca dedim:
− Ağa, səbir eylə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər.
Jandarma molladan narazı olub, gəlib yapışdı çiynindən və ədəblə rusca bir söz dedi. Mən elə qandım ki, deyir: “Çığırma”.
Növbət az qalmışdı çatsın bizə. Qabaqda ancaq bir qoca rus arvadı pullarını sayırdı ki, versin biletinə. Gördüm ki, rəfiqim molla rus arvadının şlyapasının üstündən 2 dənə qırmızı onluğu kassaya uzadıb səbirsizliklə deyir:
− Tez ol, Bakıya 4 bilet ver.
Kassadan bir cavab olmadı. Axır rus övrəti də rədd oldu. Kassada bilet satan 35-40 yaşında bir rus arvadı mollaya dedi:
− Dvadsat rubley çetır bilet Baku nelzya.
Elə qandım ki, deyir: “Bakıya 20 manata dörd bilet olmaz, gərək 28 manat verəsən”. Molla istədi, acıqlansın, bilet satan mollanı qoyub, əlini uzatdı mənə. Bir beşlik verib biletimi və pulun qalanını aldım və istədim, mollanın əhvalını yoxlayam, amma bir tərəfdən jandarmanın bizləməyi və bir tərəfdən də dalda duran camaatın basmağı bizi vadar elədi ki, adamların içindən çıxaq.
Genə zəng çalındı və genə qaçışma düşdü və bu qışqırıqda mollaları, doğrusu, itirdim və şeylərimi nasilşikə verib çox zəhmətlə dəmiryol qatarının ikiminci97 klaslarının birində özümə bir yer tapdım.
Bir balaca daxmaya 9, bəlkə də, 10 adam dolmuşdu. Nasilşik şeylərimi bir küncə qoyub məndən yarım manat alıb getdi, amma oturmağa mənə yer olmadı. Vaqonun dalanından bir az ayaq üstə durub, axırda adamlar yatıb səslərini kəsəndən sonra bir qoca rusun ayaqlarının bir tərəfinə yanımı qoyub oturdum.
Bizim daxmamızda danışan yox idi. Amma dalanda iki kişi rusca danışırdılar. Mən belə qandım ki, bunlar palitkadan98 danışırlar. Çünki hərdənbir sözlərinin arasında “fransuz”, “Anqliya” ləfzlərini eşidirdim.