Abdulla Şaiq – Kiçik qəhrəman (страница 6)
– Albert, səndə şeytan ağlı var, bu qabaq haradan sənin fikrinə gəldi? Bu dəfə Xuanı heç faşistlərin babası da tapa bilməz.
Xuan qabağı başından çıxarıb:
– Bunun içində nəfəsim darıxar, – dedi.
Albert qabağın bir neçə deşilmiş yerini göstərib:
– Bax buradan hava alacaqsan, bunu mən öz quşum üçün qayırmışdım, – deyə Xuanı sakit etdi.
Bu əsnada həyətdə səs-küy qopdu. Xuan tez Mariyanın mətbəxinə qaçdı. Jandarmların yaxınlaşdığını görüncə hovuza girib qabağı da başına keçirdi.
Jandarmlar bu dəfə çox ağzıdolu gəlmişdi. İçəri girincə Albaressaya qəzəbli səslə bağırdılar:
– Ey qoca, qalx o adamı ver, yoxsa səni də, bu uşağı da aparıb öldürəcəyik!
Albaressa dedi:
– Mən onu haradan verim? Yerdən çıxartmaya-cağam ki!.. Bu otaq, bu da siz, əgər mənim evimdə tapsanız, nə istəyirsiniz edin!
Qısaboylu, yoğun jandarm zorla öz qəzəbini boğdu.
– Ver bura açarı!
Albaressa açarı verdi. Jandarm sandığı açdı. İçində heç bir şey yox idi. Hər ikisi bir-birinin üzünə baxdı. Albert irəli gəlib öz şirin dili ilə onları sakit etməyə çalışdı:
– Vətəndaşlar, bu bizim otaq, bu da siz, biz onu harada gizləyəcəyik? Həm də nə üçün gizləyək? Siz o Mariyanın sözünə inanmayın. O, həmişə babam Albaressa ilə dalaşır. Nə deyirsə, hamısı yalandır.
Albertin şirin dili də onları sakit etmədi. Mariya faşistləri elə inandırmışdı ki, əl çəkmirdilər. Alberti və Albaressanı tüfəng qundağı ilə xeyli döydülər. Bir fayda olmadı. Qısaboylu, yoğun jandarm gedirkən:
– O adamı verməsəniz, eviniz topa tutulacaq. Bu artıq qərara alınmışdır, – dedi.
Jandarmlar getdilər. Albert və qoca Albaressanın yedikləri tüfəng qundaqlarından bədənləri qapqara qaralmışdı. Hər ikisi bir-birinə təsəlli vermək üçün zor-güc özlərini saxlaya bilirdi. Albaressa yerə oturub səssizcə düşünürdü. Xuan onların yadından çıxmışdı. Bu zaman Mariya daş dəymiş ayı kimi donquldana-donquldana evə gəldi. Görünürdü ki, xəbərlər yalan çıxdığından jandarmlar onu incitmişdilər. Nə isə bir şey almaq üçün koridordan o, birbaş mətbəxə girdi. Jandarmların getdiyini duymuş Xuan da bu zaman başından qabaq hovuzdan çıxdı. Mariya onu görüncə qorxa-qorxa geri çəkildi və səsi gəldikcə bağırıb yerə yıxıldı. Onun bu qorxunc səsinə Albert və Albaressa da gəldi. Mariya ölü kimi yerə sərilmiş, qorxusundan gözləri kəlləsinə çıxmışdı. Xuan da onun başı üstündə durub heyrətlə ona baxırdı.
– Qonşu, Xuanın başına qabaq keçirib hovuzda gizləyirsən, sonra da bizdən xəbərçiliyə gedirsən.
Mariya cavab vermədi.
Döyüş şiddətlənirdi. İrəliləməkdə olan respublikaçıların pulemyotları altından faşist ordusu dəstə-dəstə geri çəkilirdi. Xuan Albaressanın otağındakı pəncərənin deşiyindən çəkilməkdə olan faşist dəstələrinə baxıb sevinirdi. Birdən qapıya yüyürüb bağırdı:
– Albert, gəl bir bax, faşistlər qaçırlar.
Albert Albaressanın əlindən tutub sevinə-sevinə qaçdı. Mariya ilan vurmuş kimi acığından qovrulurdu. Kinindən dil-dodağını çeynəyirdi. Qonşuların getməsindən istifadə edərək cəld qalxdı, otağın və mətbəxin qapısını bağlayıb getdi. Albert birdən Mariyanı xatırladı. Onun yenə xəbər üçün gedəcəyin-dən qorxurdu. Nə yapdığını bilmək üçün artırmaya çıxdı. Mariya otaq və mətbəx qapısını da bağlayıb getmişdi. Albert tez geri qayıtdı. Barmağı ağzında durub düşünürdü. Xuan onu görüb soruşdu:
– Kələkbaz, daha nə düşünürsən. Bir saat sonra bizim müzəffər ordunu salamlayacağıq. Sən gəl çiçək hazırla!
Albert başını qaldırıb düşüncəli vəziyyətdə dedi:
– O bəxtiyar günü görmək üçün səni qurtarmaq lazımdır. Mariya qapısını, mətbəxini, bağlayıb xəbərə getmişdir. Jandarmlar bu saat gələcək. Buna bir çarə düşünürəm.
Xuan ona gülə-gülə cavab verdi:
– İspan xalqının aslan balaları kaş bu azğınlara qalib gəlsin, mən ölümdən qorxmuram.
Albert ona cavab vermədi; düşüncəli bir halda otaqdan çıxdı. Bir az sonra əlində iri bir zənbil gülə-gülə içəri girdi. Albaressa və Xuan ona baxıb gülürdülər. Albaressa dedi:
– Ağıllı bala, indi fikrin nədir?
Albert zənbili yerə qoyub dedi:
– Xuan dayı, bu dəfə səni bu zənbilin içində tavandan asacağam.
Xuan bir Albertə baxdı, bir də köhnə, bu böyük zənbilə. Üzünü Albaressaya tutub cavab verdi:
– Bizim zənbil məni saxlamaz, oradan başı üstündə yerə gələrəm.
Albert əlini Xuanın çiyninə qoyub onu sakit etdi:
– Mən elə bir iş yapacağam ki, yıxılsan da, ziyan dəyməyəcək.
Bunu deyib Albert tez dışarı çıxdı. Pəncərədən həyətə baxanda gördü ki, iki jandarm aşağıda pilləkəndə astadan danışır; yuxarı çıxmaqda tərəddüd göstərirlər. Albert gözlərini onlardan ayırmırdı. Onlar bir-biriylə çox məsləhət etdilər. Nəhayət, ucaboylu kök jandarm yavaş-yavaş pilləkənləri çıxmağa başladı. Albert tez otağına girib “gəldilər!” deyə bağırdı. Albaressanın köməyi ilə Xuanı zənbilin içinə qoyub ip ilə yuxarı çəkdilər və ipi tavanın orta mismarına möhkəm bağladılar. Sonra ayaqları altına qoyduqları masanı və iskəmləni götürüb bir tərəfə çəkildilər. Albert qapıya çıxdı. Onlara tərəf gələn jandarmı qarşılayaraq:
– Bax, vətəndaş, sən bizi boş yerə bu qədər incitdin, o kişini Mariya mətbəxdə, hovuzun içində gizlətmişdi. Başına böyük bir qabaq keçirmişdi, – dedi.
Jandarm gülümsəyərək soruşdu:
– Bəs o hara getdi, harada gizləndi?
– Mən artırmadan keçəndə hovuzdan çıxdığını gördüm. Əvvəlcə qorxdum, sonra qabağı başından çıxaranda tanıdım. Babama xəbər vermək üçün otağa qaçdım, bu gülməli əhvalatı ona danışdım. Biz artırmaya çıxınca o yox olmuşdu. Nə oldu, hara soxuldu, bilmədik. Bax mətbəxi bağlayıb getmiş, bəlkə də, yenə oradadır?
Jandarm acı-acı güldü.
– Bilirəm, onu siz gizlədirsiniz. Bu dəfə sizi aparmağa gəlmişəm.
Bunu deyib jandarm Albaressanın otağına girmək istədi. Albert gördü ki, Xuanın ayağı zənbilin deşiyindən görünür. Jandarm onu görməsin deyə Albert bir fənd işlətdi. İçəri girincə onun başını qarışdırıb tam zənbilin altında bir kürsü qoydu. Jandarmın qolundan tutub:
– Sən bu kürsüdə otur, mən sənə əhvalatı söyləyim, – dedi.
Jandarm pilləkənləri çıxıb enməkdən onsuz da yorulmuşdu. Özünü kürsünün üstünə salıb oturdu. Albert ona dedi:
– Vətəndaş jandarm, mən Xuanı, əgər bilmək istəyirsinizsə, əvvəldən sevmirəm. O da məni heç sevməz; məni görən kimi qaçır. Çünki ona mən belə bir mahnı qoşmuşam.
Bunu deyib Albert oxumağa başladı:
Xuan anladı ki, Albert bu sözlərlə ona işarə edir. Çünki onun ayağı zənbilin dəliyindən xeyli bayıra çıxmışdı. Jandarm başını qalxızsaydı, onu dərhal görə bilərdi. Odur ki Xuan zənbilin içində özünü toplayıb, ayağını deşikdən çəkmək istəyirdi ki, zənbilin qulpu qırılıb jandarmın başına düşdü. Jandarm ağzı üstündə yerə sərildi. Onun boynu içinə batmışdı. Xuan yerə düşüncə özünü toplayıb birbaş öz evinə qaçdı, qapını içəridən bağlayıb oturdu. Jandarm yerdə ufuldayırdı. Albert pəncərəyə yanaşıb, birdən bağırdı:
– Vay, faşistlər qaçmışlar, respublikaçı atlılar küçədə dolaşır; jandarmları öldürürlər.
Bu sözləri eşidən jandarm boynunu əyə-əyə başını qaldırdı, cəld ayağa qalxdı, vəziyyətin çətinliyini görüb həyəcanla: “Vay, mən neyləyəcəyəm?” – deyə Albertin üzünə baxdı. Albert sandığın ağzını açıb:
– Gəl bura, burada səni tapmazlar, – dedi.
Albert ilə Albaressa onun qolundan tutub çəkə-çəkə gətirib sandığa soxdular, Albert sandığın ağzını bağlayıb açarı cibinə qoydu və gülə-gülə Albaressaya baxıb yavaşca:
– Bundan qurtardıq, – dedi.
Bu ara küçədə səs-küy çoxaldı. Doğrudan da, respublikaçılar qaçan faşist əsgərlərini təqib edir, əllərinə düşən jandarm nəfərlərini öldürürdülər. Jandarmlar can qorxusundan özlərini həyətlərə soxub gizlənirdilər. Albaressa ucadan bağırdı:
– Ay, bizimkilər gəldi, bizimkilər gəldi!
Albert Xuana xəbər vermək üçün otaqdan çıxdı. Artırmada iki jandarm ilə üzləşdi. Onlardan biri:
– Balaca, bizi gizləyə bilərsinizmi? – deyə ondan kömək istədi.
Bunların birisi haman qısaboylu yoğun jandarm idi. Albert hərifləri otağa apardı. Qısaboylu jandarm əlini Albertin çiyninə qoyub dedi:
– Sənə mən çox əziyyət vermişəm. Vaxt olar, xəcalətindən çıxaram.
Albert ona cavab vermədi. Albaressanın köməyi ilə birisini palazın arasında gizlətdilər. Qısaboylu jandarmı da zənbilin içinə qoyub tavandan asdılar. Uzun kəndirin ucunu da qapı yanında vurulmuş mismardan bağladılar. Bu yerdə Mariya ağlaya-ağlaya içəri girdi:
– Bax mən sizi saxladım, indi də siz məni saxlayın, düşmən gəlir.