Джордж Оруэлл – Kataloniyanı Xatırlarkən (страница 9)
Yalnız silah deyil, müharibə üçün zəruri olan digər şeylər də çatışmırdı. Məsələn, nə xətirəmiz, nə sxemlərimiz vardı. İspaniyanın tam topoqrafik xəritəsi haqda isə danışmağa dəyməzdi. Ərazi ilə bağlı dəqiq məlumatlar yalnız köhnə hərbi xəritələrdə əks olunmuşdu. Hamısı da faşistlərin əlində idi. Bizim nə ölçü cihazlarımız, nə periskopumuz, bir neçə şəxsi binoklu çıxmaq şərti ilə nə səhra binokllarımız, nə siqnal raketlərimiz, nə tikanlı məftilləri kəsmək üçün istehkamçı qayçılarımız, nə xırda təmir üçün alətlərimiz vardı. Hətta tüfəngləri təmizləmək üçün şompol, yaxud bir parça mahud da ərşə çəkilmişdi. İspanlar görünür, heç vaxt silahı sürtüb cilalamaq haqda eşitməmişdilər. İlk dəfə bunu əyani şəkildə könüllülərə göstərəndə xeyli təəccübləndilər. Adətən, tüfəngi təmizləmək lazım gələndə onlar serjantın yanına gedirdilər. Serjandakı uzun və əyri şompol isə lülənin içini təmizləməkdənsə cızıb sıradan çıxarırdı. Aydın məsələdir ki, tüfəng yağı da yox idi. Zeytun yağı ilə silirdilər. Amma bundan ötrü ilk növbədə həmin zeytun yağının özünü tapmaq lazım idi. Müxtəlif vaxtlarda tüfəngimi vazelinlə, əl kremi, hətta donuz piyi ilə təmizlədiyim yadıma gəlir. Nəhayət, lampa və elektrik fanarı da tapılmırdı. Məncə, bütün ərazimizdə bir ədəd də olsun elektrik fanarı yox idi. Barselona həndəvərində isə belə fanarları çətinliklə də olsa, tapmaq olurdu.
Vaxt keçirdi. Təpələrin arasında gurultu salan nizamsız atəşlər altında günü-gündən daha da artan şübhə ilə qatıldığımız səfeh müharibəyə bir az canlılıq, bəlkə də ölüm gətirəcək hadisənin baş verməsni gözləyirdim. Biz əslində düşmənlə deyil, sətəlcəmlə mübarizə aparırdıq. Əgər səngərlər arasındakı məsafə beş yüz metrdən çoxdursa, o zaman güllə payını yalnız axmaq təsadüf nəticəsində ala bilərsən. Yaddaşım məni aldatmırsa, İspaniyada gördüyüm ilk beş yaralı sadəcə özləri özlərini vuranlar olmuşdu. Bunu qəsdən etdikləri iddiasında deyiləm. Hadisə ya təsadüf, ya da ehtiyatsızlıq üzündən baş vermişdi Çünki əslsl təhlükə mənbəyi düşmən atəşi deyil, istifadə müddəti keçmiş tüfənglərimniz idi. Onlardan bəzilərinin qundağı zərblə yerə dəyəndə atəş açmaq kimi yaramaz xəstəlikləri vardı. Bu yolla döyüşçülərimizdən biri əlini yaralamışdı. Bir dəfə axşam üstü, hələ şər qovuşmamış qarovulda dayanan əsgər təxminən iyirmi metrlik məsafədən mənə atəş açdı. Xoşbəxtlikdən güllə aralı keçdi. İspanların sərrast ata bilməmələri dəfələrlə həyatımı qurtarmışdı. Başqa bir gün isə komandiri qabaqcadan niyyətim haqqında xəbərdar edib dumanlı havada kəşfiyyata getmişdim. Geri qayıdanda təsadüfən ayağım kola ilişdi. Qorxuya düşmüş qarovul nəfəri yəqin , faşistlərin hücuma keçdiyini düşünüb var səsi ilə qışqırdı. Komandirin səs gələn tərəfə fasiləsiz yaylım atəşi açmaq əmrini eşitdim. Dərhal üzü üstə yerə uzandım. Güllələr başımın üstündən vıyıltı ilə uçub gedirdi. Heç bir şey ispanı, xüsusən də gənc, təcrübəsiz ispanı odlu silahın təhlükəli oyuncaq olduğuna inandıra bilməz. Yadımdadır ki, həmin hadisədən bir neçə gün sonra pulemyotun arxasında mövqe tutmuş pulemyotçular bölüyünün foto-şəklini çəkirdim.
– Amma atəş açmayın!-deyə fotoaparatı onların üstünə tuşlayıb hər ehtimala qarşı yarızarafat xəbərdarlıq etdim.
– Yox, yox! Atmaq fikrimiz yoxdur.
Elə həmin saniyə də pulemyot şaqqıldamağa başladı. Güllələr o qədər yaxından keçdi ki, hətta barıt qığılclmlarının yanağımı isindirdiyini hiss etdim. Pulemyotdan bilmədən atəş açmışdılar. Amma etdikləri hərəkəti əla zarafat sayırdılar. Özü də bunu o vaxt edirdilər ki, cəmisi beş gün əvvəl komissar gözləri qarşısında avtomatik tapança ilə oynayarkən gözzlənilmədən daraqdakı bütün güllələri yaxınlıqda dayanıb baxan qatırçının qarnına doldurmuşdu.
O zaman cəbhədə işlətdiyimiz parollar da təhlükə mənbəyi idi. Parolun həm özünü, həm də cavabını əzbərləmək tələb olunurdu. Parollar adətən bəlağətli inqilabi şüarlardan quraşdırılırdı. Məsələn,
Mən
–Alto! Cataluna!12
–Valiente!-deyə cavab sözünün məhz belə olduğuna inanan Xaim qışqırdı.
Dərhal atəş səsi eşidildi.
Amma əsgərin gülləsi yan keçmişdi. Əslində bu müharibədə hamı əlindən gələni edirdi ki, güllə hədəfə dəyməsin.
IV
Cəbhəni bu hissəsində üç həftə qaldım. Sonra Alkuberreyə İngiltərədən Müstəqil Leyborist partiyasının göndərdiyi əlavə 20, yaxud 30 nəfər gəldi. İngilis könüllülərinin hamısının bir yerə toplanması məqsədi ilə Vilyamsla məni də onlara qoşdular. Yeni mövqeyimiz əvvəlkindən bir qüədər qərb tərəfdə, Monte Oskuro yaxınlığında yerləşirdi. Buradan Saraqosaya gözəl mənzərə açılırdı.
Mövge ülgüc kimi sivri əhəngdaşı qayalarının üstündə qərar tutmuşdu. Qayalığın içində göyərçin yuvasını xatırladan hərəkət cığırları qazılmışdı. Cığır nəhəg qayanın dərinliyinə qədər gedib çıxırdı. Orada isə daşların altından keçdiyindən elə alçaq idi ki, ayaq üstə dayanmaq bir yana qalsın, hətta başın tavana toxunmadan dizi üstə durmaq da mükün deyildi. Bizdən sol tərəfdə, yenə də qayalıqda P.O.U.M.-un daha iki dəstəsi mövqe tutmuşdu. Mövqelərdən biri bütün döyüşçülərinin diqqət mərkəzində idi. Çünki oradakı mətbəxdə üç qadın çalışırdı. Gözəl olduqlarını demək çətindi. Amma komandanlıq işini ehtiyatlı tutub döyüşçülərin digər mövqelərdən bura gəlməsini qadağan etmişdi. Sağda, bizdən təxminən beş yüz metrik məsafədə, Alkuberreyə dönən yolda P.S.U.C. döyüşçülərinin mühafizə postu yerləşirdi. Cəbhə xətti həmin postun yanından keçirdi. Gecələr Alkuberredən bizə, Saraqosadan isə faşistlərə ərzaq və sursat daşıyan yük maşınlarının faraları qaranlığı işıqlandırırdı. Olduğumuz yerdən Saraqosanı da görmək mümkün idi. Gəmi illüminatorlarının şüasını xatırladan nazik işıq zolağı bizdən təxminən iyirmi kilometr cənub-qərbdə bərq vururdu. Hökumət qoşunları hələ 1936-cı ilin avqustunda burada dayanıb Saraqosanın işıqlarına tamaşa edirdilər. İndi də eyni yerdədirlər.
Bir nəfər ispanı-Vilyamsın qaynı Romanı və on iki ispan pulemyotçusunu əlavə etmək şərti ilə otuz nəfər idik. Müharibə adətən həmişə yaramaz, dələduz adamları özünə çəkir. Lakin ingilislər hamısı əla uşaqlar idilər. Dözümlü və üzüyola xasiyyətləri ilə seçilirdilər. Aralarında ən yaxşısı isə Bob Smayli – sonralar Valensiyada mənasız ölümlə həyatına son qoyulan məşhur şaxtaçı rəhbərinin nəvəsi idi. Dil maneəsinə baxmayaraq ingilislərlə ispanlar həmişə asanlıqla bir-birlərinə uyğunlaşa bilirdirlər. Məncə, burada ispanların rolu daha böyük idi. Doğrudur, onlar cəmi-cümlətanı iki ingilis sözü bilirdilər. Biri “O`key, bebi”13 idi. O birisi isə Barselona fahişələrinin ingilis dənizçiləri ilə danışarkən istifadə etdikləri ifadəydi. Ancaq naşirlərin həmin ifadəni kitaba salmayacaqlarını əvvəlcədən bildiyimdən burada yazmıram.
Yenə cəbhədə heç bir hadisə baş vermirdi. Arabir məqsədsiz atılan güllənin vıyıltısı eşidilir, nadir hallarda isə ətrafda faşist minası partlayırdı. Bizimkilər dərhal dağın zirvəsindəki səngərdən başlarını qaldırıb minanın hara düşdüyünü öyrənməyə çalışıırdılar. Burada düşmən bizə yaxın məsafədə idi – təxminən üç yüz-dörd yüz metr aralıda yerləşirdi. Ən yaxın mövqe isə bizimlə üzbəüz idi. Ambrazuradakı düşmən pulemyotlarının yuvaları daim döyüşçülərimizi şirnikləndirirdi. Ara yerdə isə havayı xərclənən patronlar hayıf olurdu. Faşistlər nadir hallarda tüfəngə əl agtırdılar. Başını səngərdən azacıq çıxarmaq istəyən hər kəsi isə sərrast pulemyot atəşinə tuturdular. Amma yenə də dəstəmizdə ilk yaralı yalnız on gündən sonra peyda oldu. Fərarilərin məlumatına görə önümüzdəki ispan qüvvələrinin sırasında bir neçə nəfər alman kiçk zabiti də vardı. Orada mavrlar da vuruşurmuş. İsti iqlimə öyrəşmiş zavallıların soyuqdan necə əziyyət çəkdiklərini təsəvvür eləmək çətin deyildi. Düşmənlə aramızdakı neytral ərazidə düşüb qalmış mavr meyitini on gün götürən olmamışdı. Bizim mövqemizdən sol tərəfdə, iki-üç kilometrlik məsafədə qarşı-qarşıya dayanan təmas xətti başa çatır, heç kimin nəzarət etmədiyi meşəli dərə başlayırdı. Faşistlər də, biz də gündüzlər ora patrul göndərirdik. Bu əsl boyskaut14 ruhunda olan yaxşı oyun idi. Amma heç vaxt faşist partulunu bir neçə yüz metrlik məsafədən yaxında görə bilməmişdim. Qarnı üstə sürünə-sürünə xeyli məsafə qət edəndən sonra biz cəbhə xəttini keçir, damında monarxist bayrağı dalğalanan kəndli evinin tuşuna çatırsdıq. Müəyyən fasilələrlə evə atəş açır, pulemyot güllələrinə hədəf olmamaq üçün dərhal da gizlənirdik. Burada faşistlərin qərargahı yerləşirdi. Ən azı bir neçə pəncərənin şüşəsini sındıra bildiyimizə ümidim çox idi. Pusquda dayandığımız yerlə qərargahın arası azı səkkiz yüz metr olardı. Bizim tüfənglərlə belə məsafədən atılan güllələrin gedib evə çatmağının özü böyük sual altında idi.