Джордж Оруэлл – Kataloniyanı Xatırlarkən (страница 8)
Soyuqla müqayisədə digər rahatsızlıqlar çox əhəmiyyətsiz görünürdü. Aydındır ki, həmişə çirk – pas içində gəzirdik. Digər ərzaqlar kimi suyu da qatırlarla Alkuberredən gətirirdilər. Adam başına gündə təxminmən bir litr su düşürdü. Su dediyimiz əslində boz-bulanıq maye idi. Rəngi təzə sağılmış süddən o qədər də seçilmirdi. Onu bizə yalnız içmək üçün verirdilər. Amma mən həmişə yuyunmaqdan ötrü də az qala bir dolu parç su çırpışdıra bilirdim. Bu su ilə bir gün yuyunur, ertəsi gün üzümü qırxırdım. Dediyim işlərin ikisini də eynu gündə görməyə heç vaxt su çatmırdı. Mövqe dəhşətli üfunət iyi verirdi. Balaca barrikadamızın arxasında isə insan nəcisindən ayaq basmağa yer yox idi. Bəzi könüllülər ehtiyaclarını hətta səngərdə rəf edirdilər. Bundan daha iyrənc bir şey təsəvvürə gətirmək mümkün deyil. Xüsusən, gecələr kiminsə nəcisinə batmaq təhlükəsindən hec cür qoruna bilmirsən. Əslinə baxanda, çirk məni heç vaxt o qədər də narahat etmirdi. Düzdür, bu barədə çox danışırlar. Amma bir məsələ də var ki, burun dəsmalı olmadan keçinməyə çox tez öyrəşirsən, bir az əvvəl yuyunduğun kasadan sonra yemək qabı kimi isdtifadə edə bilirsən. İki-üç gündən sonra pal – paltarda yatmaq da ciddi çətinlik törətmir. Gecələr, aydın məsələdir ki, nə paltarı, nə də ayaqqabını soyunmaq mümkündür. Çünki düşmənin hər an baş verə biləcək gözlənilməz həmləsinə hazır olmalısan. Səksən gündə paltarımı yalnız üç dəfə əynimdən çıxarmışdım. Doğrudur, gündüzlər də bir neçə dəfə geyimimi dəyişə bilmişdim. Soyuq olduğundan heç birimizi bit basmamışdı. Səngərdəki siçanlarla siçovulların isə sayı-hesabı yox idi. Bəzən onların bir yerdə yaşamadıqlarını deyirlər. Əslində isə tör-töküntü bol olanda bu yaramaz məxluqlar öz aralarında çox asanlıqla dil tapırlar.
Qalan məsələlərdə vəziyyətimiz pis deyildi. Yemək keyfiyyətli idi. Ürəyimiz istəyən qədər şərab verirdilər. Günə bir qutu siqaret, iki günə isə bir qutu kibrit ayrılmışdı. Hətta gecələr yandırmaq üçün şam da alırdıq. Onlar çox nazik idi, bayram şirnisini bəzəmək üçün istifadə olunan şamlara bənzəyirdi. Hamı hasısa kilsədən oğurlandığını güman edirdi. Hər səngər gündə üç ədəd yeddi santimetrlik şam alırdı. Hər biri təxminən iyirmi dəqiqə yanırdı. O vaxtlar satışda hələ şam tapmaq mümkün idi. Mən özümlə bir neçəsini götürmüşdüm. Şam çatışmazlığını bir müddət sonra daha kəskin şəkildə hiss etməyə başladıq. Adi halda xırda görünən belə şeylərin əhəmiyyətini günün birində onlar yoxa çıxanda daha yaxşı anlayırsan. Məsələn, gecələr həyəcan siqnalı veriləndə, hərə dərhal tüfəngindən yapışıb ayağı altında qalan hər şeyi və hər kəsi tapdalayaraq irəli atılanda, ani şam işığı bəzən insanın həyatını xilas edə bilər. Hər könüllünün əlinin altında mütləq çaxmaq daşı və yarım metrlik sarı fitil olurdu. Tüfəngi çıxmaq şərti ilə bunlar döyüşçünün ən qiymətli müxəlləfatı idi. Çaxmaq daşının üstünlüyü küləkli havalarda da ondan istifadə etməyin mümkünlüyündə idi. Amma tonqal yandırmaq baxımından bir şeyə yaramırdı. Kibrit yerli-dibli yoxa çıxandan sonra tonqal yandırmaq üçün yeganə vasitəmiz barıt idi. Gilizləri açıb barıtını tonqalın altına tökür, çaxmaqdaşının qığılcamı ilə yandırırdıq.
Biz qeyri-adi həyat yaşayırdıq. Qatıldığımız işə müharibə demək mümkün idisə, üstəlik həm də vuruşurduq. Könüllülər uzun müddətli hərəkətsizlikdən şikayətçi idilər. Səs-küy salıb nə üçün hücum əmrinin verilməməsi ilə bağlı izahat tələb edirdilər. Hamı bilirdi ki, düşmən birinci hücuma keçməsə döyüşü hələ çox gözləmək lazım gələcək. Mütəmadi yoxlamalar zamanı Jorj Kopp bizimlə açıq danışırdı. “İştirak etdiyimiz müharibə arabir ölüm hallarının baş verdiyi komik operadan başqa bir şey deyil”– nitqinə adətən bu sözlərlə yekun vururdu. Əslində isə Araqon cəbhəsindəki fəaliyyətsizliyin siyasi səbəbləri vardı. Lakin o zaman hamı kimi mən də məsələdən xəbərsiz idim. Canlı qüvvənin çatışmamasını bir tərəfə buraxsaq hərbi çətinliklərin mövcudluğu da heç kimə sirr deyildi.
Çətinliklər ilk növbədə mövqemizin təbii xüsusiyyətləri ilə bağlı idi. İstər biz, istərsə də faşistlər tərəfdən cəbhə xətti çox güclü təbii maniələrlə qorunurdu. Onları həndəvərinə dolaşıb keçmək mümkün deyildi. Düz üstünə getmək tələb olunurdu. Belə mövqeni düşmən piyadaları üçün əlçatmaz etməkdən ötrü vur-tut bir neçə səngər qazmaq kifayət idi. Yalnız qarşı tərəfin qüvvə baxımından qat-qat üstün olması vəziyyəti dəyişə bilərdi. İki pulemyot və on-on iki döyüşçü düşmənin hətta bütöv batalyonu qarşısında mövqemizi asanlıqla qoruyub saxlaya bilərdi. Qonşu mövqelərdə də təxminən oxşar vəziyyət idi. Təpənin yamacında olduğumuzdan faşist artilleriyası üçün əla hədəf idik. Lakin xoşbəxtlikdən onların top-topxanası yox idi. Eyni sözü özümüz haqda da deyə bilərəm. Bəzən təbii şəraiti gözdən keçirib bir neçə topun vəziyyət necə dəyişəcəyi haqda danışırdıq. Çəkiclə qozu əzən kimi artilleriyanın köməyi ilə də düşmənin səngərlərinin altını üstünə çevirmək mümkün idi. Amma dediyim kimi bizim də topumuz yox idi. Faşistlər bəzən Saraqosadan bir-iki yüngül top gətirib mövqelərimizə bir neçə mərmi atırdılar. Lakin onlar hədəfə çatmadan dərəyə düşüb partlayır, heç bir ziyan vurmurdu. Faşistlər hədəfi düzgün nişan ala bilmədiklərini görüb atəşi dayandırdılar. Artilleriyanın olmadığı, bütün ümidlərin yalnız pulemyota bağlandığı şəraitdə yalnız üç çıxış yolu vardı: ya təhlükəsiz məsafədə, məsələn, təxminən dörd yüz metrlikdə səngər qurub gözləmək, ya açıq yerdə hücuma atılıb özünü düşmən güllələrinin hədəf etmək, ya da vəziyyəti gecə hücumları ilə dəyişdirmək. Amma sonuncu variant da yetərli görünmürdü. Əslində seçimi yalnız intiharla tam fəaliyyətsizlik arasında etmək mümkün idi.
Əlimizin altında heç bir hərbi avadanlığın olmadığını da dediklərimə əlavə etməliyəm. Həmin günlərdə könüllülərin nə qədər pis təchiz edildiklərini təsəvvürə gətirmək üçün yaddaşı çox da gücə salmaq lazım deyildi. Məsələn, samballı bir ingilis məktəbinin hərbi kabinetində bizdə olduğundan daha çox müasir silah tapılardı. O qədər pis silahlanmışdıq ki, bu barədə ayrıca söhbət açmağa dəyər.
Cəbhənin bizim qoruduğumuz hissəsində bütün artilleriya cəmisi dörd minaatandan ibarət idi. Onların da hərəsinə orta hesabla on beş mərmi düşürdü. Minaatanlar çox qiymətli silah sayıldığından onlardan hər təsadüfdə istifadəni ümumiyyətlə rəva görmürdülər, Alkuberredə, hərbi anbarda saxlayırdılar. Təxminən hər əlli döyüşçüyə bir pulemyot düşürdü. Hamısı köhnə markalı idi. Onlardan isə yalnız üç yüz-dörd yüz metr məsafəyə sərrast atəş aşmaq olurdu. Qalan silahımız tüfəng idi. Bu tüfənglərin çoxunun əsl yeri ordu yox, zibil qalaqları olmalı idi. Bizə üç markadan olan tüfəng verilmişdi. Birincisi uzun mauzer idi. İstifadə müddəti iyirmi il əvvəl bitmişdi. Nişangah qurğusunun faydası sınmış spidometrin xeyrindən çox deyildi. Əksəriyyətinin lüləsi pas atmışdı. Sadəcə, hər on tüfəngdən biri işə yararlı sayıla bilərdi. İxtiyarımızdakı ikinci tüfəng markası qısa mauzer, yaxud süvari karabini idi. Bu silah yüngüllüyü və səngər şəraiti baxımından ölçülərinin çox da böyük olmaması ilə döyüşçülər arasında populyarlıq qazanmışdı. Bəzən muşketon da adlandırılan həmin karabinlər nisbətən təzə idilər, görünüşləri daha abırlı təsir bağışlayırdı. Silah kimi isə heç bir şeyə yaramırdılar. Çünki köhnə hissələrdən yığılırdı. Çaxmaqların heç biri tüfəngə uyğun gəlmirdi. İlk beş atəşdən sonra lülələr şişirdi. Nəhayət, senturionumuzda bir neçə ədəd vinçester də vardı. Onlardan atmaq rahat idi. Amma güllələrin hara uçduğunu bir allah bilirdi. Digər tərəfdən, güllə darağı olmadığından hər yeni atəşdən sonra tüfəngi doldurmaq lazım gəlirdi. Sursat çatışmadığından hər yeni döyüşçüyə yalnız əlli patron verilirdi. Onların keyfiyyəti barəsində danışmağa dəyməzdi. İspaniya istehsalı olan patronlar artıq bir dəfə istifadə edilmiş gilizlərə doldurulurdu. Ona görə aradan bir müddət keçəndən sonra ən yaxşı tüfəngin lüləsi də yeyilib sıradan çıxırdı. Meksika patronları daha keyfiyyətli idilər. Biz onları pulemyot üçün saxlayırdıq. Alman istehsalı olan yaxşı sursat isə nadir hallarda ələ düşürdü. Belə sursatı bir qayda olaraq hərbi əsirlərdən, ya da fərarilərdən qənimət kimi qoparırdıq. Gözlənilməz vəziyyətlərlər üçün cibimdə həmişə alman, yaxud Meksika patronları ilə doldurulmuş güllə darağını hazır saxlayırdım. Amma belə vəziyyət yarananda da tüfəngimdən çox az hallarda atəş açırdım. Çünki lülənin yeyiləcəyindən və tam yararsız vəziyyətə düşəcəyindən qorxurdum.
Dəbilqə və süngümüz yox idi. Pistolet və revolverləri də yox kimi saymaq olardı. Hər adama bir qumbara düşürdü. Biz F.A.İ.9 qumbarası adlı dəhşətli bir şeydən istifadə edirdik. Onu müharibənin ilk günlərində anarxistlər hazırlamışdılar. Mills qumbarasının prinsipləri əsasında düzəldilmişdi. Lakin mili şpilka yox, qaytan saxlayırdı. Siz qaytanı çəkirdiniz və əl bombasından mümkün qədər tez xilas olmağa çalışırdınız. Onlara “bitərəf” bomba deyirdik. Çünki o, eyni həvəslə atanın özünü də, hədəfi də öldürürdü. Başqa, quruluşca daha bəsit, lakin həm də daha təhlükəsiz (təbii ki, istifadə edən üçün) qumbaralar da vardı. Yalnız martın sonlarında ilk dəfə adına və təyinatına uyğun həqiqi qumbara görə bildim.