Джордж Оруэлл – Kataloniyanı Xatırlarkən (страница 7)
Həm haqqında danışdığım, həm də sonrakı dövrlərdə Kataloniya könüllüləri mütəşəkkillik baxımından müharibənin başlanğıc mərhələsindəkindən fərqlənmirdilər. Frankist qiyamının ilk günləriundə bütün həmkarlar ittifaqı təşkilatları və partiyalar könüllü dəstələrini yaratmışdılar. Həmin dəstələrin hər biri əslində öz partiyasına mərkəzi hökumətdən heç də az bağlı olmayan siyasi təşkilat idi. 1937-ci ilin əvvəllərində “qeyri-siyasi” qurum kimi təsəvvür olunan Xalq ordusu qurulanda nəzəri baxımdan bütün partiyaların siyasi qüvvələri onun sıralarında birləşdilər. Lakin bu dəyişikliklər uzun müddət yalnız kağız üzərində qaldı. Yeni Xalq ordusunun birləşmələri Araqon cəbhəsinə yalnız iyun ayında gəldilər. Həmin vaxta qədər isə yerlərdəki xalq könüllüləri hərəkatı heç bir dəyişikliyi yaxın buraxmadan fəaliyyətini davam etdirmişdi. Yeni sistemin əsl mahiyyəti özünü əsgər və zabitlərin sosial bərabərliyində göstərirdi. Generaldan tutmuş sıraviyə qədər hamı eyni maaş alırdı, eyni yeməyi yeyir, eyni paltarı geyinirdi. Tam bərabərlik hissi bütün qarşılıqlı münasibətlərin əsasında dayanırdı. Siz çəkimədən generalın çiynini şasppıldada, yaxud diviziya komandirindən siqaret istəyə bilərdiniz və bir kimsə də bunda nə isə qəribə bir şey görmürdü. İstənilən halda, nəzəri baxımdan hər könüllər dəstəsi aşağıların yuxarılara tabeçiliyi əsasında formalaşan ierarxik şəkildə deyil, tam sərbəst və demokratik prinsiplə qurulmuşdu. Əmrlərin yerinə yetirilməsi ilə bağlı sanki gizli bir razılaşma vardı. Lakin əmr rəisin tabeçiliyində olan şəxsə hökmü, göstərişi kimi deyil, yoldaşın yoldağa xahişi kimi başa düşülürdü. Zabitlər və kiçik komandirlər vardı, amma sözün həqiqi mənasında hərbi rütbələr, paqonlar, ayaqlarını biri-birinə vurub təzim etmə, əli papağın günlüyünə aparıb salamlama yox idi. Könüllü dəstələrin timsalında sinifsiz cəmiyyətin müvəqqəti fəaliyyət modelini yaratmaq istyəyirdilər. Əlbəttə, ideal bərabərlik mümkün olan şey deyildi. Digər tərəfdən, əvvəllər heç vaxt oxşar vəziyyətlə üzləşməmişdim. Ona görə də müharibə şəraitində hamının bərabər olması fikrini heç cür ağlıma gətirə bilmirdim.
Etiraf edim ki, ilk dəfə cəbhədəki vəziyyəti görəndə məni dəhşət bürüdü. Belə ordu müharibədə necə qalib gələ bilərdi? Həmin vaxt hamı bu sualı verirdi. Əslində isə sual yersiz idi. Mövcud şəraitidə könüllülər dəstəsinin indikindən daha yaxşı olması sadəcə mümkün deyildi. Mexanikləşdirilmiş müasir ordu boş yerdə yaranmır. Hökumət dayanıb günün birində nizami ordu formalaşmasını gözləsəydi, Franko heç bir müqavimətlə üzləşmədən sürətlə irəliləyə bilərdi. Sonradan könüllü dəstələri söyüb qaralamaq dəbə çevrildi. Əsas qüsurlarını isə silah və təlim çatışmazlığı ilə deyil, bəhs etdiyim bərabərlik sistemi ilə əlaqələndirməyə başladılar. Əslində isə könüllü dəstələrdəki başıpozuqluq zabitlərin əsgərləri “yoldaş” deyə çağırmalarına görə deyil, bütünlüklə kütləyə xas olan intizamsızlıqla bağlı idi. Demokratik “nizam-intizam” təcrübədə gözlənildiyindən daha möhkəmdir. Fəhlə ordusunda intizamın əsasında sinfi sədaqət hissi dayandığından hər şey könüllülük yolu ilə həyata keçirilir. Burjua ordusunda isə intizam qorxu üzərində bərqərar olur. (Könüllülər dəstəsini əvəz edən Xalq ordusu bu baxımdan silahlı qüvvələrin iki modeli arasında orta mövqe tuturdu). Könüllülər adi ordu üçün səciyyəvi olan kobud münasibət və təhqirlə heç zaman barışmazdılar. Doğrudur, ənənəvi hərbi tənbehlər var idi. Lakin yalnız cox ciddi intizam pozuntuları zamanı tətbiq edilirdi. Əgər döyüşçü əmri yerinə yetirməkdən boyun qaçırırdısa, onu dərhal cəzalandırmırdılar. Əvvəlcə sinfi duyğusunu, yoldaşlıq hissini hərəkətə gətirməyə çalışırdılar. Könüllülərlə ünsiyyət təcrübəsinə malik olmayanlar dərhal “bundan heç bir şey çıxmayacağını” deyirdilər. Real həyatda isə həmişə mütləq “bir şey çıxırdı”. Günlər keçdikcə hətta dəlisovluqda ad qazanmış dəstələrdə də intizam tədricən möhkəmlənirdi. Yanvarda mən yeni könüllülər dəstəsini ortabab əsgərə çevirənə qədər, necə deyərlər, saç-saqqal ağartmalı oldum. May ayında qısa müddətdə leytenantın əvəzinə ingilislərdən və ispanlardan ibarət otuz nəfərlik dəstəyə komandirlik edirdim. Biz artıq bir neçə ay idi ki, cəbhə xəttində idik. Bəlkə buna görə də əmrlərin icrası, yaxud təhlükəli tapşırıq üçün könüllü tapılması elə ciddi çətinlik doğurmurdu. İnqilabi “nizam-intizamın” əsasında sinfi şüurluluq dayanır. Əsgər verilən əmrin nə üçün yerinə yetirilməli olduğunu başa düşür. Təbii ki, bu şüurluluğu tərbiyə etmək üçün də vaxt lazımdır. Kazarmanın həyətində ardı-arası kəsilməyən təlimlər vasitəsi ilə insanı mexaniki canlıya çevirməkdən ötrü də zaman tələb olunur. Könüllülərü məsxərəyə qoyub ələ salan jurnalistlər arxada Xalq ordusunun hissələri hazirlanana qədər cəbhə xəttini məhz onların qoruyub-saxladıqlarını nədənsə unudurlar. Könüllü dəstələr alnız “inqilabi” nizam-intizama sayəsində cəbhədə qalırdı. Mübaliğəsiz demək olar ki, 1937-ci ilin iyununa qədər onları səngərlərdə saxlayan sadəcə sinfi şüur idi. Tək-tük fərariləri güllələmək olardı. Ara-sıra belə hallar baş verirdi. Amma eyni anda minlərlə könüllü cəbhə xəttini tərk etmək qərarına gəlsəydi, onların qarşısını heç bir qüvvə ala bilməzdi. Belə şəraitdə arxasında xüsusi cəza dəstələri dayanmayan nizami ordu mütləq qaçıb dağılardı. Könüllülər isə cəbhəni saxlamışdılar. Üstəlik, hesablarına diqqətəlayiq qələbələr yazmışdılar. Fərarilik hallarına demək olar ki, yol verilməmişdi. P.O.U.M.-da keçirdiyim dörd, yaxud beş ay ərzində mən fərarilərlə bağlı yalnız dörd təsadüf haqqında eşitmişdim. Sonradan döyüş səngərini qoyub qaçan dörd nəfərdən ikisinin casus olduğu aşkara çıxmışdı. İlk vaxtlar könüllülər dəstəsində hökm sürən xaos, özbaşınalıq, əmrin icrası üçün döyüşçünü beş-altı dəqiqə dilə tutmaq zərurəti məni əsəbiləşdirib hövcələdən çıxarırdı. Çünki hələ də ingilis silahlı qüvvələri haqqındakı təsəvvürlərlə yaşayırdım. İspan könüllüləri isə heç bir cəhətdən ingilis ordusunun əsgərlərinə bənzəmirdilər. Lakin əvvəldə də göstərdiyim kimi, şəraiti nəzərə aldıqda, könüllülərin gözlənildiyindən qat-qat yaxşı vuruşduqlarını etiraf etmək lazımdır.
Hələlik isə hamının fikrini məşğul edən yanacaq – odun, odun və yalnız odun idi. Bu aylar ərzində apardığım gündəlikdə elə bir qeyd yoxdur ki, orada odun haqda, daha doğrusu, onun olmaması haqda söz açılmasın. Biz dəniz səviyyəsindən 700-1000 metr yüksəklikdə mövqe tutmuşduq. Necə deyərlər, qışın oğlan çağı idi, təsəvvürə-gəlməz soyuq vardı. Doğrudur, temperatur çox aşağı deyildi, əksər vaxtlar gecələr hətta sıfırdan aşağı düşmürdü, günortalar isə səmada bir saatlığına da olsa, qış günəşi görünürdü. Bəlkə də normal həyat şərtləri daxilində elə də soyuq deyildi. Amma soyuq haqqında təsəvvürün özü gözümüzü qırmışdı, canımıza və qanımıza işləmişdi. Bəzən papaqlarımızı başımızdan alıb atan, saçlarımızı havaya qaldıran ani və güclü külək qopurdu. Bəzən səngərlərdə bir neçə addımlıq məsafədən adamların biri-birini görməsinə imkan verməyən qatı duman çökürdü. Tez-tez yaşız yağırdı. Həyatımızın cəhənnəmə çevrilməsi üçüm on beş dəqiqəlik yağış kifayət idi. Əhəngdaşının üstünü örtmüş nazik torpaq təbəqəsi dərhal sürüşkən palçıq horrasına çevrilirdi. Səngərlər yamacda yerləşdiyindən dəqiqəbaşı sürüşüb yıxılırdıq. Xüsusən qaranlıq gecələrdə iyirmi addım yol keçənə qədər azı beş-altı dəfə yerlə qucaqlaşmalı olurdun. İslanma, palçığa batmaq bir yana qalsın, bu həm də təhlükəli idi. Çünki içərisinə suyun dolması nəticəsində tüfəngin çaxmağı islanıb yararsız hala düşürdü. Yağışdan sonra hələ neçə gün paltarlarımız, ayaqqabılarımız, odeyallarımız, tüfənglərimiz palçıq içərisində olurdu. Mən özümlə daşıya biləcəyim qədər isti paltar götürmüşdüm. Lakin çoxunun əyninə geydiklərindən başqa dəyişməyə heç nəyi yox idi. Yüz nəfərlik qarnizon yalnız on iki şinelin ümidinə qalmışdı. Onları da qarovula çıxanlara verirdilər. Döyüşçülərin çoxunun tək bir odeyalı vardı. Qarşı-şaxtalı gecələrin birində əynimdəki paltarların hamısı adbaad gündəliyimə yazmışdım. Çox maraqlı qeyddir. Çünki insanın üst-üstə nə qədər paltar geyə biləcəyinin sənədli göstəricisidir. Beləliklə sayım: qalın alt köynəyi və uzun alt tuman, flanel köynək, iki sviter, yun pencək, dəri gödəkcə, məxmər şalvar, sarıq, qalın corab, uzunboğaz çəkmə, yağışdan qorunmaq üçün brezent plaş, şarf, içi yunlu dəri əlcək, yun papaq. Amma altdan – üstdən bu cür geyinib qıfıllanmağıma baxmayaraq yenə də külək qabağında qalmış yarpaq kimi titrəyirdim. Doğrudur, gərək təbiət etibarı ilə soyuğa davamsız olduğumu da ayrıca qeyd edim.
Belə şəraitdə hər kəs üçün çörək qədər qiymətli sayılan yaşayış vasitəsi odun idi. Əsas məsələ isə onun yerli-dibli tapılmamasında idi. Səngərimizin qazıldığı təpə hətta ən yaxşı vaxtlarında da bitki örtüyünün zənginliyi ilə öyünə bilməzdi. Burada soyuqdan titrəyən könüllülər dəstəsinin dayandığını göz önünə gətirəndə isə hətta barmaq yoğunluğunda çubuq tapmağın da nə qədər müşkül iş olduğunu göz önünə gətirmək çətin deyildi. Yemək, yuxu və qarovul saatlarından başqa bütün qalan vaxtları mövqe tutduğumuz təpənin arxasındakı vadidə dolaşıb odun, çır-çırpı axtarırdıq. İndi o vaxtları yada salanda balaca bir kolu qoparmaq üçün çəkmələrimin zədələnməsindən də qorxmayıb bıçaq kimi düz, sərt qayalara necə dırmandığıma təəccüblənirəm. Üç əsgər az qala yarım gün ərzində yalnız bir saat qızınmağa imkan verən çırpı yığa bilmişdi. Bitib-tükənmək bilməyən odun axtarışları hamımızı əməlli-başlı botanika mütəxəssisinə çevirmişdi. Yamacda gözümüzə dəyən bütün bitkilər yalnız “istilik vermə” xüsusiyyətinə görə təsnif edilirdi. Bəzi ot və süpürgə kolları sadəcə sobanı yandırmaq işinə yaraya bilərdi. Çünki yanmağı cəmisi bir neçə dəqiqə çəkirdi. Yabanı rozmarin və nazik drok kollarından tonqal alışandan sonra istifadə etmək olurdı. Cırtdan palıd isə (qarağat kolundan da kiçik ağac növü idi) oda davamlı olduğundan yanmaq bilmirdi. Bizim mövqenin sol tərəfində, yamacın yuxarısında əla yanan quru qamış vardı. Lakin onu faşist güllələrinin atəşi altında biçmək lazımdı. Düşmən pulemyotçuları qamışlığa yaxınlaşdığımızı görən kimi gülləyə hayıfları gəlmədən yağış kimi atəş yağdırırdılar. Amma bir qayda olaraq çox yuxarını nişan aldıqlarından güllələr başımızın üstündə quş kimi ötür, bəzən isə bir neçə addımlığımızda vıyıltı ilə torpağa sancılıb əhəngdaşı parçalarını havaya sovururdular. Belə hallarda dərhal yerə uzanıb özünü torpağa sıxmalı idin. Amma heç nəyə baxmadan yenə qamış yığmağa gedirdik. Çünki qızınmaq hər şeydən vacib idi.