Джордж Оруэлл – Kataloniyanı Xatırlarkən (страница 12)
Bu arada fəhlələr silah almışdılar və onu əldən buraxmaq istəmirdilər. (Bir il sonra Kataloniyadakı anarxist-sindikalistlərin əlində 30 min tüfəng olduğu aşkara çıxmışdı). Bir çox yerlərdə kəndlilər faşistpərəst mövqe tutan mülkədarların torpaqlarını əllərindən almışdılar.. Sənaye və nəqliyyatın kollektivləşdirilməsi ilə yanaşı fəhlə hakimiyyətinin ilkin orqanlarının yaradılmasına səy göstərilirdi. Yerli komitələr qurulur, fəhlə patrulları köhnə burjua polisini əvəz edir, həmkarlar təşkilatları fəhlələrdən ibarət könüllü dəstələr formalaşdırırdı. Əlbəttə, bu proses hər yerdə eyni şəkildə getmirdi. Hakimiyyətə nəzarət Kataloniyada ölkənin başqa rayonları ilə müqayisədə daha geniş yayılmışdı. Yerli hakimiyyət orqanlarının heç bir dəyişikliyə uğramadan fəaliyyətlərini sürdürdükləri rayonlar da vardı. Başqa ərazilərdə yerli hakimiyyət inqilab komitələri ilə birgə fəaliyyət göstərirdi. Üçüncü qisim yerlərdə müxtəlif anarxist kommunaları qurulmuşdu. Onlardan bəziləri bir ilə qədər fəaliyyət göstərmiş, yalnız bundan sonra hökumətin səyi ilə qovulmuşdular. Kataloniyada hakimiyyət bir neçə ay ərzində sənayenin əsas sahələrinə tam nəzarət edən anarxo-sindikalistlərin əlində olmuşdu. Beləliklə, İspaniyada baş verənlər vətəndaş müharibəsi alovu deyil, inqilabın başlanğıcı idi. Antifaşist mətbuat İspaniya hüdudlarından kənarda məhz bu faktı hər vasitə ilə gizlətməyə çalışırdı. Ölkədəki vəziyyət faşizmin “demokratiyaya qarşı mübarizəsi” kimi təsvir olunurdu. Hadisələrin inqilabi mahiyyəti məhasrətlə ört-basdır edilirdi. Mətbuatın daha çox mərkəzləşdiyi, ictimai fikri aldatmağın isə başqa yerlərlə müqayisədə daha asan olduğu İngiltərədə ispan müharibəsinin yalnız iki versiyası mövcud idi. Sağlar xristian vətənpərvərlə qaniçən bolşeviklərin, sollar isə hərbi qiyamı yatıran centlmen-respublikaçıların mübarizəsi haqqında məlumat yayırdılar. Nəticədə hadisələrin əsl mahiyyətini pərdələmək mümkün olmuşdu.
Bəs bunun səbəbi nə idi? İlk növbədə faşistyönlü mətbuatın respublikaçıların vəhşiliyi haqda vicdansız yalanlarından başlayaq. İspaniyanın artıq “qırmızı ölkə” olduğunu inkar edən xoşniyyətli təblğatçılar, şübhəsiz, bu yolla hökümətin yardımına tələsirdilər. Lakin əsas səbəb başqa idi. Bütün ölkələrdə mövcud olan kiçik inqilabi qrupları çıxmaq şərti ilə dünya İspaniya inqilabının qarşısını almaqda çox qətiyyətli idi. Ələlxüsus Sovet Rusiyasının yardımı ilə Kommunist partiyası inqilabı yatırtmaq üçün əlindən gələni edirdi. Kommunistlər inqilabın indiki mərhələsində məhvedici təsir göstrəcəyini iddia edirdilər. Ona görə də hakimiyyətin fəhlələrin deyil, burjua demokratlarının əlinə keçməsində maraqlı olduqlarını gizlətmirdilər. Kapitalist ölkələrindəki “liberalların“ da oxşar mövqe tutduqlarını şərh etməyə zərurət yoxdur. Xarici maliyyə yatırımları ispan iqtisadiyyatında çox mühüm rol oynayırdı. Məsələn, Barselonadakı nəqliyyat şirkətinə on milyon ingilis funt-sterlinqi həçmində yatırım qoyulmuşdu. Həmkarlar ittifaqları isə bütün nəqliyyat şirkətlərini müsadirə etmişdi. Kapitalist respublikasının qələbəsi xarici kapitalın xilacı demək idi. İnqilabı boğmaq zərurəti yarandığından ən asan yol onun mövcudluğunu yerli-dibli inkar etmək idi. Bu xüsusi çətinlik çəkmədən hər bir hadisənin həqiqi mahiyyətini pərdələməyə imkan verirdi. Həmkarlar ittifaqının hakimiyyəti mərkəzi hökümətə təslim etməsi istiqamətində istənilən addımı hərbi baxımdan yenidən təşkilatlanmanın zəruri tələbi kimi qiymətləndirmək olardı. Beləliklə, olduqca maraqlı mənzərə yaranmışdı. İspaniyadan kənarda çox az adam inqilab baş verdiyini anlayırdı. İspaniyanın özündə isə heç kəsin buna şübhəsi yox idi. Hətta P.S.U.C.-un kommunistlərin nəzarətində olan, müəyyən qədər antiinqilabi xətt yeridən qəzetləri də “bizim şanlı inqilabdan” yazırdılar. Elə bu arada xaricdəki kommunist mətbuatı İspaniyada inqilabın ən kiçik nişanələrinin də gözə dəyməməsi barədə cığır-bağır salır, zavodların ələ keçirilməsini, fəhlə komitələrinin yaradılmasını yerli-dibli inkar edir, ayrı-ayrı təsadüflərə isə “siyasi əhəmiyyət verməyin lüzumsuz olduğunu” göstərirdilər. “Deyli Uorker” qəzeti 6 avqust 1936-cı il sayında bildirirdi ki, yalnız “alçaq yalançılar” ispan xalqının burjua demokratiyası deyil, sosial inqilab uğrunda mübarizə apardıqlarını iddia edə bilər. Digər tərəfdən Xuan Lopezin Valensiya hökumətinin başqa bir üzvü 1937-ci ildə bəyan etmişdi ki, “ispan xalqı öz qanını demokratik respublika və kağız üzərində konstitutsiya üçün deyil, inqilab yolunda axıdır”. Beləliklə “alçaq yalançıların” bizə uğrunda mübarizəyə səslədikləri hökumətin tərkibində qaldıqları aşkara çıxırdı. Xaricdəki antifaşist qəzetlərin bəziləri yalnız faşistlərin möhkəmləndirilmiş istehkama çevirdikləri kilsələrin dağıdılması kimi miskin yalan söyləməkdən çəkinmirdilər. Əslində isə kilsələrin dağıdılması kütləvi xarakter daşıyırdı və hamıya məlum məsələ idi. Çünki ispanların təsəvvüründə kilsə də xalqa qarşı çıxan quldur dəstəsinin tərkib hissəsi idi. İspaniyada olduğum altı ay ərzində cəmisi iki salamat kilsə görə bildim. Madriddəki bir-iki protestant kilsəsini çıxmaq şərti ilə təxminən 1937-ci ilin iyul ayına kimi ümumiyyətlə heç yerdə dini ayin icra edilmirdi.
Əslində, bu inqilabın sonu yox, başlanğıcı idi. Fəhlələr hətta hökuməti devirmək, yaxud funksiyalarına nəzarəti əllərinə almaq (ilk nöbvədə Kataloniyaya, habelə bəzi digər regionlara da aid idi) imkanlarının yarandığı yerlərdə də bunu etmirdilər. Çünki, Frankonun az qala kandarda dayandığı, orta təbəqənin müəyyən hissəsinin diktatorun tərəfini saxladığı bir şəraitdə belə addım ata bilməzdilər. Ölkə keçid vəziyyətində idi. O, ya sosializmə doğru kurs götürə, ya da adi kapitalist respublikası vəziyyətinə qayıda bilərdi. Kəndlilər mülkədar torpaqlarının çoxunu tutmuşdular. Əgər Franko qələbə çalmasa, onu əllərində saxlamaq niyyətində idilər. Bütün əsas istehsal sahələri ümumiləşdirilmişdi. Lakin mövcud vəziyyətin olduğu kimi saxlanması, yaxud kapitalist üsuli-idarəsinə qayıdılması son nəticədə hansı qrupun qalib gəlməsindən asılı idi. İlkin vaxtlarda həm mərkəzi hökumət, həm də yarım-muxtar Kataloniya hökuməti fəhlə sinfinin mövqelərini müdafiə edirdi. Bunu tam əminliklə söyləmək mümkündür. Sol sosialist Kabaleronun hökumətinin tərkibində U.G.T.-nin və C.N.T.-nin təmsil edən nazirlər vardı. Kataloniya hökuməti müəyyən dövr ərzində Antifaşist Müdafiə Komitəsi23 tərəfindən tamamilə sıxışdırılıb sıradan çıxarılmışdı. Komitə özü isə əsasən həmkarlar ittifaqları nümayəndələrindən təşkil olunmuşdu. Bir müddət sonra Komitə buraxıldı, Kataloniya hökuməti yenidən təşkil edildi. Bu zaman onun tərkibinə həmkarlar ittifaqlarının və müxtəlif sol partiyaların nümayəndələri də daxil oldu. Lakin bundan sonra hökumətdəki hər yeni dəyişiklik onu sağa doğru daha çox çəkirdi. Əvvəlcə hökumətin tərkibindən P.O.U.M.-u qovdular. Altı ay sonra Kabalyeronu sağ sosialist Neqrinlə əvəz etdilər. Bunun ardınca C.N.T., sonra isə U.G.T. mərkəzi hökumətdən çıxarıldı. Sonda C.N.T. Kataloniya hökumətini də tərk etməli oldu. Nəhayət, müharibə və inqilabın başlanmasından bir il sonra hökumət yalnız sağ sosialistlərdən, liberallardan və kommunistlərdən ibarət idi.
Sağa doğru ümumi meyl SSRİ-nin hökumətə silah verməyə başladığı, hakimiyyətin isə anarxistlərdən kommunistlərə keçdiyi 1936-cı ilin oktyabr-noyabr aylarında baş verdi. Rusiya və Meksikadan başqa heç bir dövlət İspaniyanın köməyinə gəlməyə lazım bilmədi. Meksika bəlli səbəblərə görə böyük miqdarda silah göndərə bilmirdi. Nəticədə ruslar öz şərtlərini diqtə etmək imkanı qazandılar. Həmin şərtlərin əsas məzmunu isə çox güman ki, belə ifadə olunmuşdu: “İnqilaba imkan verməyin. Yoxsa silah almayacaqsınız”. İnqilab tərəfdarlarına qarşı çevrilmiş ilk addımın – P.O.U.M.-un Kataloniya hökumətinin tərkibindən qovulmasının SSRİ-nin əmri ilə ediilməsi heç bir şübhə doğurmamalıdır. Bəzən Sovet hökumətinin açıq təzyiq göstərməsi fikrini inkar edirlər. Lakin bunun elə bir əhəmiyyəti yoxdur. Bütün ölkələrdəki kommunist partiyalarının sovet siyasətini həyata keçirdikləri hamıya aydındır. Heç kəs məhz kommunist partiyasının əvvəlcə P.O.U.M.-a, sonra isə anarxistlərə və Kabalyeronun başçılığı altındakı sosialistlər qanadına, yəni bütünlükdə inqilabi siyasətə qarşı çevrilmiş mübarizənin ilhamvericisi olduğu inkar edə bilməz. SSRİ müharibəyə qoşulan kimi kommunist partiyasının qələbəsi təmin edildi. Əvvəla, silah-sursat göndərdiyinə görə Rusiyaya minnətdarlıq və beynəlmiləl briqadaların gəlişindən sonra kommunist partiyasının müharibəni udmaq imkanlarının reallaşması Moskvanın nüfuzunu da əhəmiyyətli dərəcədə artırdı. İkincisi, sovet silahları kommunistlər və müttəfiq partiyalar tərəfindən bölüşdürülürdü. Kommunistlər isə çox üzi miqdarda silahın öz siyasi əleyhdarlarının əlinə düşməsinə xüsusi diqqət yetirirdilər24. Üçüncüsü, kommunistlər qeyri-inqilabi proqramlarını elan etməklə ekstremistlərin qorxutduqları bütün qüvvələri öz tərəflərinə çəkə bildilər. Məsələn, nisbətən varlı kəndliləri anarxistlərin can atdıqları kollektivləşmənin əleyhinə qaldırmaq asan məsələ idi. Kommunist partiyası üzvlərinin sayı inanılmaz dərəcədə artdı. Bu ilk növbədə orta təbəqədən çıxanların-dükançıların, məmurların, zabitlərin, ortabab kəndlilərin hesabına baş verdi. Əslində, müharibə iki cəbhədə aparılırdı. Franko ilə mübarizə davam edirdi. Lakin hökumət başqa niyyət də güdürdü – bu da həmkarlar ittifaqlarının əlinə keçmiş hakimiyyəti onlardan geri almaq idi. Bu diqqəti çəkməyən manevrlər (kimsə onu "ehmalca iynə batırmaq" siyasəti adlandırmışdı) və hiyləgər üsullar vasitəsi ilə həyata keçirilirdi. Açıq-aşkar əksinqilabi tədbirlər sərf-nəzər edilirdi. 1937-ci ilin may ayına qədər gücə əl atmaq üçün zərurət də yaranmamışdı. Fəhlələri ən sadə dəlillərlə itaətə məcbur etmək mümkün idi. Məsələn, “Filan-filan işləri görməsəniz müharibəni uduzacağıq”. Aydın məsələdir ki, fəhlələrdən mütəmadi şəkildə hərbi mülahizələr naminə 1936-cı ildə qazandıqlarından imtina etmək tələb olunurdu. Həmin tələb heç vaxt etiraz doğurmurdu. Çünki müharibəni uduzmağı ən az istəyən inqilabçı partiyalar idi. Məğlubiyyət demokratiya və inqilab, sosializm və anarxiya anlayışlarını tamamilə mənasız söz yığınına çevirə bilərdi. Digər siyasi qüvvələri özü ilə hesablaşmağa məcbur edə bilən yeganə nüfuzlu inqilabi partiya – anarxistlər addım-addın geri çəkilməyə məcbur idilər. Nəticədə mülikyyətin ümumiləşdirilməsi prosesi dayandı, yerli komitələr buraxıldı, fəhlə patrulları tərxis olundu. Onların yerini isə qat-qat gücləndirilmiş və daha yaxşı silahlan-dırılmış köhnə polis tutdu. Həmkarlar ittifaqlarının nəzarətindəki iri müəssisələr hökumətin əlinə keçdi. (May döyüşlərinə səbəb olan Barselona telefon stansiyasının tutulması həmin prosesin epizodlarından biri idi). Nəhayət, prosesin əsas göstəricilərindən biri kimi həmkarlar ittifaqlarının yaratdıqları könüllü fəhlə dəstələri tədricən xalq ordusuna, öz maaş sistemi, müxtəlif imtiyazlara malik zabitləri olan yarımburjua tipli silahlı qüvvələrə çevrildi. Dövrün şərtləri daxilində bu ən əsas, həlledici addım idi. Kataloniyada başqa əyalətlərlə müqayisədə könüllülər dəstəsinin ləğvi nisbətən gec baş verdi. Çünki burada siyasi partiyaların mövqeyi daha güclü idi. Fəhlələrin yalnız silahlı qüvvələrin bir hissəsini nəzarəti altında saxladıqları təqdirdə nailiyyətlərini qoruya biləcəkləri gün kimi aydın idi. Bir qayda olaraq könüllü dəstələrinin yenidən formalaşdırılması onların döyüş qabiliyyətlərinin artırılması üçün edilirdi. Köklü hərbi dəyişikliklərin zəruriliyi fikri heç kimdə etiraz doğurmurdu. Təbii ki, könüllü dəstələri həmkarlar təşkilatlarının nəzarəti altında saxlamaqla da yenidən formalaşdırmaq və döyüş qabiliyyətini yüksəltmək olardı. Həyata keçirilən tədbirlərin məqsədi isə başqa idi. İlk növbədə anarxistləri silahlı qüvvələrindən məhrum etmək istəyirdilər. Digər tərəfdən, fəhlələrdən ibarət könüllü dəstələrdəki ruh inqilabi ideyalar doğururdu. Bu məsələdə kommunistlər özlərinə tam aydın hesabat verməyi bacarırdılar. Ona görə də P.O.UM. və anarxistlərin rütbələrinə baxmadan bütün döyüşçülərə eyni miqdarda maaş verilməsi təklifinə münasibətdə sərt mövqelərindən bir addım da geri çəkilmək istəmirdilər. Ümumi bir “burjualaşdırma”, inqilabın ilk aylarındakı bərabərlik ruhunun planlı şəkildə məhv edilməsi prosesi gedirdi. Hər şey elə sürətlə dəyişirdi ki, bir neçə aylıq fasilədən sonra yenidən bura qayıdan adam ölkəni tanıya bilmədiyini deyirdi. İlk baxışdan fəhlə dövləti təsiri bağışlayan İspaniya hamının gözü qarşısında cəmiyyətin varlı və kasıblara bölündüyü burjua respublikasına çevrilirdi. 1937-ci ilin payızında baş nazir vəzifəsini tutan sosialist Neqrin açıq şəkildə “biz xüsusi mülkiyyətə hörmətlə yanaşırıq” demişdi. Müharibə başlananda faşistpərəst baxışlarına görə təqibdən qorxub İspaniyadan qaçan kortes- parlament deputatları isə tədricən geri qayıdırdılar.