Джордж Оруэлл – Kataloniyanı Xatırlarkən (страница 10)
Günlər soyuq və işıqlı keçirdi. Bəzən günortalar səmada günəş görünürdü. Amma şaxta sınmaq bilmirdi. Təpənin yamacında yabanı zəfəran və süsənotunun pardaxlanmış ləçəkləri gözə dəyirdi. Bahar gəlirdi. Amma gəlişi çox ləng, asta idi. Gecələr qışdakından da soyuq olurdu. Səhərə yaxın qarovuldan qayıdanda mətbəxdə sönməkdə olan tonqalın külünü eşələyir, öləzimiş qırmızımtıl kömürün üstündə dayanırdıq. Düzdür, ayaqqabımızın altı yanırdı, amma ayaqlarımız qızınırdı. Bəzən səhərlər dağların arxasından elə gözəl sübh şəfəqləri parıldayırdı ki, bu gözəlliyi görmək üçün çox ertədən oyanmaq da adamı təəssüfləndirmirdi. Dağları o qədər də sevmirəm. Onlara tamaşa etməkdən də xoşlanmıram. Amma bəzən arxamızdakı zirvələrin rasından doğan sübh şəfəqlərini, onların qaranlığı ülgüc kimi kəsən, sonra isə ətrafı nura boyayan şüalarını görəndə bütün gecəni yatmadığıma, ayaqlarımın keyiyib daşa döndüyünə, tez oyandığımdan səhər yeməyi verilənə qədər azı üç saat gözləyəcəyimə hayıfsılanmırdım. Bu bir neçə ay ərzində bütün ömrüm boyu gördüyündən daha çox sübh şəfəqlərinə tamaşa etmişdim. Onlar həyatımın sonuna qədər mənə bəs edəcək.
Sayca o qədər də çox deyildik. Deməli, qarovul növbəsinə daha tez-tez çıxmalı, nəticədə daha çox yorulmalı idik. Mən cəbhənin hətta ən sakit yerlərində də döyüşçünün formada qalması üçün zəruri olan yuxunun çatışmamasından əziyyət çəkirdim. Qarovul və partul növbələrindən başqa gecələr bəzən həyəcan siqnalları və “Qalx!” komandası da verilirdi. Hələ onu demirəm ki, adamın ayaqlarının daim donduğu lənətə gəlmiş torpaq çalada yuxuya getməyin özü də asan məsələ deyildi. Cəbhədə keçirdiyim ilk üç-dörd ayında bəlkə də on-on iki sutka yerli-dibli yata bilməmişdim. O biri tərəfdən səhərə qədər yata bildiyim gecələrin sayı da on-on ikidən artıq olmazdı. Həftədə iyirmi-otuz saat yuxu norma sayılırdı. Əslinə qalsa, yuxusuzluq mənə o qədər də dəhşətli təsir etmirdi. Sadəcə, gündüzlər adam dəli kimi gəzirdi. Bir də dağa dırmaşmaq çətin olurdu. Bütövlükdə isə ümumi əhvali-ruhiyyə pis sayılacaq dərəcədə deyildi. Amma aclıq hissi adamı bir an da rahat buraxmırdı. Aman allah, deməli aclıq belə olurmuş! Belə dəqiqələrdə hər cür yemək, hətta İspaniyaya bir dəfə yolu düşən hər kəsin həyatının sonuna qədər bütün varlığı ilə nifrət etdiyi lobya da çox ləzzətli görünürdü. Suyu (təbii ki, əgər bizə gəlib çatsa!) bir neçə kilometrlik məsafədən qatırların, yaxud arıqlıqdan üzülüb əldən düşmüş uzunqulaqların belində daşıyırdılar. Hansı səbəbdənsə, Araqon kəndliləri qatıra xoş münasibət bəsləyir, uzunqulaqları isə heç sevmirdilər. Eşşək bir balaca inadkarlıq eləyən kimi dərhal xayasını təpikləməyə başlayırdılar.
Daha bizə şam vermirdilər. Kibritlər də çox az qalmışdı. İspanların köməyi ilə zeytun yağı, tənəkə süd qutusu, giliz və bir parça əskidən lampa düzəltməyi öyrənmişdik. Bir az zeytun yağı tapan kimi belə əldəqayırma lampaya doldurub yandırırdıq. Amma ətrafa möhkəm his yayılırdı. Hər belə lampa bir şamın işığının dörddə birini verirdi. Bu işıqda sadəcə qaranlıqda tüfəngimizi tapa bilirdik.
Əsl döyüşə bəslədiyimiz ümidlər hələ də doğrulmasmışdı. Monte Poçeronu tərk edərkən patronlarımı hesablamışdım. Üç həftə ərzində düşmənə cəmisi üç güllə atdığım aşkara çıxmışdı. Adətən deyirlər ki, bir adamı öldürmək üçün gərək min güllə sıxasan. Deməli, ilk faşisti öldürənə qədər hələ gərək iyirmi il də gözləyəydim. Monte Okurada düşmən daha yaxında idi. Tez-tez tüfəngə əl atmalı oluduq. Lakin gülləmin hələ də bir adama dəymədiyinə əmin idim. Həmin dövrdə cəbhənin bu hissəsində həqiqi silah tüfəng yox, meqafon idi. Düşməni öldürmək imkanı olmadığından üstünə qışqırırdıq. Müharibə aparmağın bu üsulu o qədər qeyri-adidir ki, onun üzərində yəqin ki, daha ətraflı dayanmaq lazımdır.
Əgər düşmən səngəri çox yaxın məsafədə idisə, hər iki tərəf qara – qışqırıqla biri-birinin səsini batırmağa çalışırdı. Biz bağırırdıq:
Fevral ayında bir dəfə yaxınlığımızda uçan faşist təyyarəsi gördük. Həmişə belə hallarda olduğu kimi pulemyotu açıq yerə çıxardıq, lüləsini yuxarı qaldırıb daha yaxşı nişan almaq üçün arxası üstdə uzandıq. Yamacdakı mövqeyimiz düşmənə o qədər də əhəmiyyətli görünmürdü. Yəqin həmin səbəbdən də səmada az-az gözə dəyən faşist təyyarələri pulemyot atəşinə hədəf olmamaq üçün kənardan uçmağa çalışırdılar. Amma bu dəfə təyyarə düz üstümüzə gəlirdi. Həm də elə ucadan uçurdu ki, atəşə tutmaq mümkün deyildi. Təyyarədən atılan isə bomba deyil, havada uçuşan vərəqlər idi. Bir neçə vərəq də bizim səngərə düşmüşdü. Bu, Malaqanın süqutu haqda xəbər verən
Həmin gecə faşistlər səngərimizə uğursuz hücuma cəhd göstərmişdilər. Yorğunluqdan ayaq üstə güclə dayandığımdan yatmağa hazırlaşırdım. Birdən yuxarıda, başımızın üstündə açılan atəş səslərini eşitdim. Kimsə səngərin içərisinə əyilib “Düşmən hücuma keçib!”-deyə qışqırdı. Tüfəngi götürüb təpəyə, pulemyot bölüyünün yanındakı postuma qaçdım. Göz – gözü görmürdü. Dəhşətli səs-küy qopmuşdu. Yəqin bizi ən azı beş pulemyotdan atəşə tutmuşdular. Faşistlərin axmaqcasına az qala öz səngərlərinə tulladıqları qumbaralar boğuq səslə partlayırdı. Hər tərəfə zülmət qaranlıq çökmüşdü. Aşağıda, bizdən sol tərəfdəki dərədə düşmənin güllə yağışının yaşılımtıl işığı diqqətimi çəkdi. Deyəsən, hansısa faşist patrulu döyüşə girişmişdi. Qaranlıqda güllə parıltıları işıldayırdı. Başımızın üstündən keçən bir neçə mərminin vıyıltısı eşidildi. Amma bizim müharibədə tez-tez təsadüf etdiyimiz kimi atılan mərmilər də partlamadı. Arxadan pulemyot şaqqıltısı eşidiləndə əməlli-başı qorxuya düşdüm. İlk anda mühasirəyə alındığımızı fikirləşdim. Amma bir an sonra öz pulemyotumuz olduğunu anladım. Deməli, biz də atmağa başladıq. Lakin həmişəki kimi patronların keyfiyyətsizliyi üzündən güllə pulemyotun lüləsində ilişib qaldı. Şompol harasa yoxa çıxmışdı. Əlacımız dayanıb üstümüzə gələn düşməni gözləməyə qalmışdı. İspan pulemyotçuları heç vaxt gizlənmək haqda fikirləşmirlər. Əksinə, bəzən bilərəkdən özlərini güllə qabağına qoyurlar. İndi mən də onlar kimi hərəkət etməyə məcbur idim. İlk dəfə idi ki, sözün həqiqi mənasında atəş altında dayanmışdım. hərəkətim özümə alçaldıcı görünsə də, bərk qorxmuşdum. Atəş yağışına düşəndə həmişə belə olur. Səni vuracaqlarından daha çox güllənin haradan dəyəcəyindən qorxursan. Hər an növbəti güllənin hədəfinə çevriləcəyini düşünürsən, əzələlərin gərilir, bədənin ilan kimi qıvrılıb həssas vəziyyət alır.